Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-2119/2023 03.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, cavabdehin iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun tutulması, tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi və açıq hərracdan satılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh bankın xeyrinə 51341,16 manat əsas, 189,68 manat faiz borcu olmaqla, cəmi 51530,84 manat, iddia ərizəsinə görə ödənilmiş 245 manat dövlət rüsumunun əvəzi və bildirişin dövlət reyestrində qeydiyyatı ilə bağlı ödənişin əvəzi olaraq 45 manat məbləğində pul vəsaitinin tutulması, ipoteka predmeti olan Cavabdeh məxsus ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 0.0281 ha olan torpaq sahəsinin və ümumi sahəsi 88.3 kv.m olan fərdi yaşayış evinin ilkin satış qiymətinin müəyyən edilməsi, tutmanın həmin torpaq sahəsinə və fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin açıq hərrac vasitəsilə satılması və bankın kredit tələbinin satılmış əmlakın hesabına ödənilməsi, həmin torpaq sahəsinə və fərdi yaşayış evinə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan Cavabdeh və digər şəxslər bir ay ərzində həmin evi tərk etmədikləri halda onların məcburi qaydada çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki hallarına görə İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – Bank və ya iddiaçı) ilə Cavabdeh (bundan sonra – borcalan və ya cavabdeh) arasında bağlanmış xx.xx.2018-ci il tarixli, GEN270418 nömrəli kredit müqaviləsinə əsasən Bank tərəfindən borcalana məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə, faizlər ödənilmək və təminatlılıq əsasında 300 ay müddətinə illik 7 faiz dərəcəsi ilə 56000 manat məbləğində ipoteka krediti verilmişdir. Bank ilə satıcı X2 və borcalan arasında bağlanmış xx.xx.2018-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsinə əsasən borcalan, X1 (ümumi dəyəri 80000 manat olan əmlakın 24000 manat hissəsi borcalan və 56000 manat hissəsi Bank tərəfindən ödənilmişdir) aldığı ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 0.0281 ha olan torpaq sahəsini və ümumi sahəsi 88.3 kv.m olan fərdi yaşayış evini (bundan sonra – ipoteka predmeti) xx.xx.2018-ci il tarixli, GEN270418 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliyin təminatı olaraq Bank qarşısında ipoteka ilə yüklü etmiş, yüklülük dövlət qeydiyyatına alınmışdır. Ödəniş cədvəli əsasında borcalan birinci ay 439,35 manat, hər ay 395,80 manat və sonuncu ay isə 392,97 manat ödəməlidir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, borcalan tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər vaxtlı-vaxtında yerinə yetirilmədiyi üçün ona pretenziya məktubu göndərilmiş və bunun heç bir nəticəsi olmamışdır. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalanın xx.xx.2023-cü il tarixinə əsas borcu 51341.16 manat, faiz borcu 189,68 manat təşkil edir. Bundan başqa, kredit müqaviləsinin 3.1.6-cı bəndinə əsasən bu müqavilədən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra edilməməsi ilə nəticələnə bilən hallarda, yəni borcalan davam edən 60 gün ərzində ona verilmiş kredt üzrə əsas borc hissəsini və onun faizini ödəniş cədvəli üzrə ödəmədikdə (3.1.6.1-ci bənd); borcalan tərəfindən annuitet ödənişlər 12 ay ərzində 3 və ya ardıcıl olaraq 2 dəfədən çox gecikdirildikdə (3.1.6.2-ci bənd) və borcalan kreditdən bu müqavilənin 1.3-cü bəndində göstərilmiş məqsədli təyinatına uyğun istifadə etmədikdə (3.1.6.3-cü bənd) Bank bu müqaviləyə vaxtından əvvəl birtərəfli qaydada xitam verə və kredit üzrə əsas borc qalığının bu müddətə qədər hesablanmış faizi ilə birlikdə qaytarılmasını və bu müqavilənin 4.2-ci bəndinə uyğun olaraq hesablanan dəbbə pulunun ödənilməsini borcalandan tələb edə bilər. Həmçinin, kredit müqaviləsinin 4.1-ci bəndinə əsasən bu müqavilənin şərtlərinin pozulmasında təqsirli olan tərəf öz hərəkəti ilə digər tərəfə vurduğu zərəri ödəməlidir. Bundan başqa, iddia ərizəsində qeyd edilmişdir ki, Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditinin qiymətləndirilməsi, rəsmiləşdirilməsi və xidmət olunması qaydalarının 4.2-ci bəndinə əsasən ipoteka krediti hesabına alınan yaşayış sahəsinin satıcısı borcalan (borcalanlar) yaxın qohum ola bilməz. Burada yaxın qohum dedikdə, borcalanın (borcalanların) yaxın ailə üzvləri - əri/arvadı, bacı və qardaşı, övlad və valideynləri, baba və nənələri, o cümlədən satıcı və ya borcalanın ərinin/arvadının valideynləri, övladları, bacı və qardaşları, baba və nənələri, bacı və qardaşlarının əri/arvadı nəzərdə tutulur. Həmin alqı-satqı və ipoteka müqaviləsindən və nikah haqqında şəhadətnamədən görünür ki, ipoteka ilə yüklü edilmiş əmlakın satıcısı X2 alıcının, yəni borcalanın bacısı Məhərrəmova (Mirzəyeva) Leyla Yaşar qızının əridir. İddia tələbinə görə borcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət olunmasına, bank tərəfindən məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, cavabdeh borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Cavabdehə göndərilmiş pretenziya (xəbərdarlıq) məktubu, o cümlədən, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildiriş də cavabsız qalmışdır. Bununla da cavabdeh, kredit müqaviləsində nəzərdə tutulmuş öhdəliklərini yerinə yetirmədiyindən kredit müqaviləsi üzrə yaranmış borcun məhkəmə qaydasında tələb edilməsi zərurəti yaranmışdır. İddiaçının nümayəndəsi məhkəməyə ərizələr ünvanlayaraq, mülki işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbinə qarşı etiraz təqdim edərək tələbin təmin edilməməsini məhkəmədən xahiş etdi və göstərdi ki, onun sözügedən kredit müqaviləsi üzrə gecikməsi olmamışdır. İddia ərizəsində göstərilən əsaslar həqiqəti əks etdirmir. Bankla kredit müqaviləsi bağladığı gündən ipotekanı qrafik üzrə tam şəkildə ödəmişdir. Məhkəmə, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, hazırki iş üzrə iddiaçı kredit borcunun tutulması, tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi və açıq hərracdan satılması tələbini irəli sürməklə cavabdehdən aralarında bağlanmış kredit, eləcə də alqı-satqı və ipoteka müqavilələrindən irəli gələn öhdəliyinin yerinə yetirilməsini tələb edir. İddiaçı tələbinin əsası kimi borcalan tərəfindən kredit müqaviləsi üzrə öhdəliklərin vaxtlı-vaxtında yerinə yetirilmədiyinə və nəticədə kredit müqaviləsinin şərtlərinə əsasən borcalanın xx.xx.2023-cü il tarixinə 51341.16 manat əsas, 189,68 manat faiz borcunun yarandığına istinad edir. Həmçinin, bank məhkəməyə müraciət etməmişdən əvvəl borcalana bildiriş göndərməklə kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməyi tələb etmiş, əks halda qanunamüvafiq tədbirlərin görüləcəyi barədə xəbərdarlıq etmiş, başqa sözlə sözügedən kredit müqaviləsinin birtərəfli qaydada ləğvini tələb etmişdir. İddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421, 739cu və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 34-cü maddələri təşkil edir. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məcəllənin 421.1 və 421.2-ci maddələrinin tələbinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Mülki Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. “İpoteka haqqında” Qanunun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin qanunun 34-cü maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. Həmin maddələrdə ifadə edilmiş dispozisiya şərtlərinə əsasən hazırkı iddianın təmin olunması üçün cavabdehin iddiaçı ilə bağlanmış kredit müqaviləsinin şərtini əhəmiyyətli dərəcədə pozduğu, yəni müqavilədə nəzərdə tutulan pul məbləğini borcalana vermək öhdəliyini yerinə yetirmədiyi sübut olunmalıdır. Məhkəmə tədqiq olunmuş sübutlara mülki qanunvericiliyin normaları baxımından qiymət verərək hesab edir ki, iddiaçı ilə cavabdeh arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, kredit müqaviləsində göstərilən pul məbləğini cavabdehə vermişdir. Cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuş, hazırki vaxtadək, 5 il müddətində aylıq ödənişləri mütəmadi olaraq etmişdir. İddiaçının maliyyə arayışına görə cavabdehin qrafik üzrə ödəniş tarixlərində cüzi gecikməsi olmuş, xx.xx.2023-cü il tarixə 189,68 manat borcu qalmışdır. Lakin cavabdehin təqdim etdiyi etiraz ərizəsindən, ona əlavə edilmiş, xx.xx.2023-ci il tarixli iddiaçı Bankın hesabdan çıxarışından görünür ki, 65 aydır ki, cavabdeh tərəfindən sözügedən kredit borcu tam şəkildə gecikmə olmadan ödənilir. Bu günədək kredit qrafiki üzrə 25784 manat kredit ödəmişdir. Həmçinin, cavabdehin təqdim etdiyi, Mərkəzləşdirilmiş Kredit Reyestrindən xx.xx.2023-cü il tarixli çıxarışdan da görünür ki, cavabdehin sözügedən kredit üzrə gecikdirməsi olmamışdır. Məhkəmə qeyd edir ki, əvvəla iş materiallarından göründüyü kimi, cavabdeh tərəfindən kredit öhdəliyi tam şəkildə icra edilmiş və kredit vaxtlı vaxtında ödənilmişdir. Tələb olunan kredit məbləği qrafik üzrə ödənilməli olan əsas kredit məbləğidir. Başqa sözlə, hazırda cavabdehin həmin kredit müqaviləsi və qrafik üzrə bank qarşısında icra edilməmiş borcunun olması iş materiallarından görünmür. Digər tərəfdən, iddiaçının özünün də təqdim etdiyi sübutlardan da görünür ki, cavabdeh aylıq ödənişləri gecikdirmiş olsa belə indiyədək bütün aylar üzrə ödənişləri etmiş, hazırki tarixə heç bir borcu yoxdur. Mülki Məcəllənin 421.2-ci maddəsinə uyğun olaraq müqavilənin vaxtından əvvəl ləğv edilməsi üçün müqavilənin hər hansı pozulması yox, məhz əhəmiyyətli pozuntunun baş verməsi zəruridir. Müqavilənin pozulması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Hazırkı halda isə tələb edilən (faiz borcu) məbləğdə gecikdirmə olmuş olsa belə cavabdehin yol verdiyi pozulma iddiaçıya mühüm zərər vurulmasına səbəb olmadığından əhəmiyyətli pozuntu hesab edilə bilməz. Buna görə də məhkəmə müqavilənin vaxtından əvvəl ləğv edilməsi və kredit borcunun vaxtından qabaq qaytarılması barədə iddia tələbini əsaslı hesab etmir. Məhkəmə qeyd edir ki, iddiaçının tələbinin ikinci hissəsi, yəni tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi və açıq hərracdan satılması barədə tələb ilk tələbin, əsas öhdəliyin icrasından asılı olduğundan tələbin birinci hissəsi təmin edilmədiyi halda iddia tələbi bu hissədə də təmin oluna bilməz. Həmçinin, nəzərə alınmalıdır ki, borcalanın kreditdən həmin müqavilənin 1.3-cü bəndində göstərilmiş məqsədli təyinatına uyğun istifadə etməməsi barədə qeyd etdiyi dəlil də hazırki iş üzrə öz təsdiqini tapmamış, bu barədə məhkəməyə iddiaçı tərəfindən hər hansı sübut təqdim edilməmişdir. Bunun əksinə, cavabdeh izahatında bildirmişdir ki, 2018-ci ildən hazırki vaxtadək ünvan 2 ünvanda iki qızı və arvadı ilə yaşayır. Cavabdeh bu barədə iş materiallarına Gəncə şəhəri İcra Hakimiyyəti başçısının 2 nömrəli SİƏD üzrə nümayəndəsinin müvafiq arayışını da əlavə etmiş, lakin bu arayış məhkəmə baxışında təqdim edildiyindən sübut kimi qiymət verilməmişdir. Bundan başqa, iddia ərizəsində qeyd edilmişdir ki, Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditinin qiymətləndirilməsi, rəsmiləşdirilməsi və xidmət olunması qaydalarının 4.2-ci bəndinə əsasən ipoteka krediti hesabına alınan yaşayış sahəsinin satıcısı borcalan (borcalanlar) yaxın qohum ola bilməz. Məhkəmə sözügedən kredit, eləcə də 2018-ci ildə bağlanmış həmin ipoteka və alqı-satqı müqaviləsi üzrə müqavilə öhdəliyinin icrasını tələb etməsi, yəni həmin müqavilələri əsas götürüb borcun tutulmasını, tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsini və açıq hərracdan satılmasını tələb etməsi ilə yanaşı iddiaçının həm də bu dəlilə istinad etməsini anlaşılan hal saymır və bu cür tələbə baxılarkən tələblə dəlilin ziddiyyət təşkil etməsi baxımından həmin dəlilə hazırki iş üzrə qiymət verilməsini lüzumsuz sayır. Beləliklə, iddiaçı kredit, ipoteka və alqı-satqı müqavilələrinin şərtlərinə istinad edərək cavabdehdən əsas borcun, ona hesablanmış faiz borcunun ödənilməsini, tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsini və açıq hərracdan satılmasını tələb etməkdə haqlı deyil. Həmçinin, MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia təmin edilmədiyindən iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun tutulması, tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi və açıq hərracdan satılması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №e-2(125)-2119/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-2119/2023
03.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver