Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-2133/2023 31.03.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 İddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı BOKT ASC-yə olan 459,68 manat əsas, 365,62 manat faiz və 130,90 manat cərimə borcu olmaqla, cəmi 956,20 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bank Olmayan Kredit Təşkilatı İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 2021/00066-EGN nömrəli müqaviləsinə əsasən illik 36 faizlə 24 ay müddətinə 1700 manat kredit verilmişdir. Borcun təminatı olaraq Cavabdeh2 ilə xx.xx.2021-ci il tarixli, 2021/00066-EGN-Z1/1 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh tərəfindən kredit üzrə ödənişlər mütəmadi olaraq gecikdirilmiş, kredit borcunun ödənilməsində pozuntulara yol verilmişdir. Dəfərlərlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh kredit borcunu qaytarmaqdan imtina etmişdir. xx.xx.2021-ci il tarixə cavabdehin Bank Olmayan Kredit Təşkilatı İddiaçı ASC-nə 459,68 manat əsas, 365,62 manat faiz və 130,90 manat cərimə borcu olmaqla, cəmi 956,20 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehlərə bildiriş göndərməklə ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehlərdən iddiaya dair etiraz daxil olmamışdır. Məhkəmə mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qimən təmin olunmalıdır. İş materiallarında olan Bank Olmayan Kredit Təşkilatı İddiaçı ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 2021/00066-EGN saylı kredit müqaviləsinə əsasən, borcverən tərəfindən borcalana 24 ay müddətinə, illik 36 faiz dərəcəsi ilə 1700 manat kredit verilmişdir. Müqavilənin 3.1.4-cü bəndinə əsasən, borcalan üzərinə götürdüyü öhdəliyi yerinə yetirməzsə və ya lazımınca yerinə yetirməzsə, borcverənin müqavilə ilə nəzərdə tutulan kreditin verilməsini dayandırmaq və ya verilmiş kreditin vaxtından əvvəl qaytarılmasını tələb etmək, həmçinin cərimə faizi və dəbbə pulu daxil olmaqla kredit və faiz borcu üzrə kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı (girov, ipoteka, zaminlik və s.) və borcalanın digər daşınar və daşınmaz əmlakları hesabına ödənilməsini tələb etmək hüququ vardır. Müqavilənin 4.2-ci bəndinə əsasən borcalan ödəniş qrafikinə əsasən ödənişi gecikdirərsə hər gecikdirilmiş günə görə müqavilə məbləğinin 0,1 faizi qədər dəbbə pulunu borcverən tuta bilər. İş materiallarına əlavə edilmiş müqavilənin tərkib hissəsi olan ödəniş qrafikindən görünür ki, xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə ödənişlər xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək hər ay 100,38 manat müəyyən edilmişdir. İş materiallarında olan Bank Olmayan Kredit Təşkilatı İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 2021/00055-EGN -Z nömrəli zaminlik müqaviləsindən görünür ki, S.X3 Kredit Təşkilatı İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 2021/00055-EGN-Z1/1 saylı kredit müqaviləsi üzrə öhdəliyinin tam həcmdə icra edilməsi üçün məsuliyyəti üzərinə götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixinə olan hesabdan çıxarışdan görünür ki, Cavabdeh1 tərəfindən xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarix də daxil olmaqla həmin tarixədək kredit müqaviləsi üzrə 1240,32 manat əsas borc, 655,01 manat faiz borcu olmaqla, cəmi 1895,33 manat ödəniş edilmişdir. İş materiallarında olan 16 fevral 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə borcu 459,68 manat əsas borc, 365,62 manat faiz borcu və 130,90 manat cərimə olmaqla, cəmi 956,20 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Məhkəmə ilk növbədə tələbin kredit müqaviləsinin ləğv edilməsi tələbinə dair hissəsinə qiymət verərək qeyd edir ki, kredit müqaviləsinin müddəti xx.xx.2023-cü il tarixdə başa çatdığından onun ləğv edilməsi tələbi təmin edilə bilməz. Mülki işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına əsasən, tərəflər arasında kredit və zaminlik müqavilələri bağlanmış, iddiaçı kredit müqaviləsi üzrə öz öhdəliklərini lazımi qaydada icra etsə də Cavabdeh1 öhdəliklərini vaxtında icra etməmiş və öhdəliyi pozmuşdur. Öhdəlik Cavabdeh1 tərəfindən icra edilmədiyindən iddiaçının həm ondan, həm də zamin Cavabdeh2 əsas borcun qalığının və hesablanmış faiz borcunun, habelə dəbbə pulunun ödənilməsini tələb etmək hüququ yaranmışdır. Lakin, qeyd edilməlidir ki, iddiaçı tərəfindən kredit məbləği üçün tələb edilən faizlərin miqdarı düzgün hesablanmamışdır. Belə ki, cavabdehin iddiaçıya xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək hər ay faizlərlə birlikdə cəmi 100,38 manat olmaqla, 24 ay müddətində borcunu ödəməsi nəzərdə tutulmuşdur. İddiaçının təqdim etdiyi hesabdan çıxarışdan və maliyyə arayışından müəyyən olunur ki, cavabdeh xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək əsas borc üzrə 1240,32 manat, faiz borcu üzrə 655,01 manat, ümumilikdə 1895,33 manat ödəniş etmişdir. Cavabdehin qalıq əsas borc məbləği 459,68 manat təşkil edir. Ödəniş qrafiki ilə müqayisə etdikdə cavabdehin qrafik üzrə 19 ay ərzində, yəni xx.xx.2022-ci il tarixə ödənilməli olan əsas borc da daxil olmaqla bütün ödənişləri həyata keçirdiyi məlum olur. Lakin cavabdehin həmin tarixə ödəniş qrafiki üzrə ödəməli olduğu faizlərin cəmi 666,95 manat təşkil etməsinə baxmayaraq o, xx.xx.2023-cü il tarixədək hesablanmış faiz borcundan 655,01 manat ödəmiş, 11,94 manat ödənilməmiş faiz borcu qalmışdır (666,95- 655,01=11,94). Cavabdeh xx.xx.2022-ci il tarix də daxil olmaqla həmin tarixdən kredit müddətinin başa çatdığı xx.xx.2023-cü il tarixədək ödənilməmiş faiz borcu isə 68,95 manat təşkil edir. Belə ki, cavabdehin qalıq əsas borcu 459,68 manat olduğundan və həmin borcdan heç bir ödəniş aparılmadığından cavabdeh hər ay həmin məbləğin illik 36 faizinin 1 aya düşən hissəsi qədər (459,68 x 36% /12 = 13,79) faizlər ödəmək vəzifəsi daşımışdır. Cavabdehin qrafik üzrə daha 5 ay faizlər ödəməli olduğu nəzərə alındıqda onun həmin dövr üçün faiz borcunun 68,95 manat, əvvəlki dövrdən qalıq faiz borcu ilə birlikdə ümumilikdə faiz borcunun isə 80,89 (68,95+11,94) manat təşkil etdiyi müəyyən olunur. Faiz borcunun iddiaçının tələb etdiyi miqdarda müəyyən olunması üçün heç bir əsas müəyyən olunmamışdır. Kredit müqaviləsinin şərtlərinə görə iddiaçı ödənişlərin gecikdirildiyi hər gün üçün borcludan müqavilə məbləğinin 0,1 faizi miqdarında dəbbə pulu tələb edə bilər. Gecikdirilmiş məbləğ və gecikdirmə müddəti nəzərə alındıqda iddiaçının dəbbə pulu tələbinin müqavilə şərtlərinə uyğun olduğu müəyyən olunsa da, məhkəmə 130,90 manat dəbbə pulunu əsas və faiz borcunun məbləğinə münasibətdə tənasübsüz surətdə yüksək hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə işin hallarını, gecikdirilmiş borcun məbləğini və tələbkarın əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, tətbiq edilmiş dəbbə pulu tənasübsüz dərəcədə yüksək olduğundan azaldılmalı və 15 manat müəyyən edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə borclu Cavabdeh1 və eyni tarixli zaminlik müqaviləsinə əsasən kredit müqaviləsi üzrə öhdəliyin icra edilməsi üçün borclu ilə birgə məsuliyyəti öz üzərinə götürmüş zamin Cavabdeh2 müştərək qaydada 459,68 manat əsas borc, 80,89 manat faiz borcu, 15 manat dəbbə pulu alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Dəbbə pulunun azaldılması məhkəmənin təşəbbüsü ilə baş verdiyindən məhkəmə ödənilmiş tələblərin həcminin müəyyən edilməsi zamanı dəbbə pulu tələbini nəzərə almır. İddiaçının əsas və faiz borcu üzrə tələbinin 65,5 faizi təmin edildiyindən məhkəmə xərci kimi iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 19,65 manat hissəsi cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-222, 284-6 və 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. xx.xx.2021-ci il tarixli, 2021/00066-EGN saylı kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 459,68 manat əsas borc, 80,89 manat faiz borcu və 15 manat dəbbə pulu olmaqla, cəmi 555,57 manat (beş yüz əlli beş manat, əlli yeddi qəpik) pul və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 19,65 manat (on doqquz manat, altmış beş qəpik) pul tutularaq iddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Tural Qocayev
Məhkəmə qərarları › İş №e-2(125)-2133/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-2133/2023
31.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver