Məhkəmə qərarları › İş №e-2(125)-214/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-214/2024

02.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-214/2024 02.05.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı LPO "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «borcun tutulması» tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Hazırkı işin mübahisəsiz halları ondan ibarətdir ki, LPO "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış 06 avqust 2013-cü il tarixli 1xx/xx/4710/13 saylı kredit müqaviləsinə əsasən Bank borcalana illik 26 faiz dərəcəsiylə 24 ay müddətinə 2000 manat kredit vermiş, borcalan isə krediti və ona hesablanacaq faizləri ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı LPO "xxxx" QSC Cavabdeh qarşı iddia ərizəsiylə məhkəməyə müraciət edərək Cavabdeh LPO "xxxx" QSC-nin xeyrinə 06 avqust 2013-cü il tarixli kredit müqaviləsi üzrə 1371.86 manat əsas, 282.72 manat gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği, ümumilikdə 1654.58 manat məbləğində pulun və 36.93 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, borcalan müqavilə öhdəliklərini pozmuşdur. Cavabdeh tərəf məhkəməyə ərizə təqdim edərək, iddiaçı QSC “Bank Standart" kommersiya bankı (ləğv prosesində olan) tərfindən qanunvericiliyə uyğun olaraq iddia müddəti ötürüldüyü ücün 2(125)-6225/2023 saylı iş üzrə iddianın rədd olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iş üzrə iddidçı QSC "Bank Standart” kommersiya bankı Cavabdeh arasında xx.xx.2013-cü il tarixdə 1xx/xx/4710/13 saylı kredit müqaviləsinə əsasən 24 ay müddətinə 26 faizlə kredit verilmişdir Sonradan əlavə sazişə əsasən xx.xx.2016-cı il tarixdə 01 saylı əlavə saziş bağlanaraq 24 ay müddətinə uzadılmışdır. Müqavilənin son tarixi xx.xx.2018-ci il tarixə qeyd edilmişdir. Yəni kreditin müqaviləsinin müddəti xx.xx.2018-ci ildə bitmişdir. Bununla da iddiaçı tərəf iddia müddətini ötürmüşdür. Belə ki, kredit müqaviləsinə əlavə ilə kreditin son müddəti xx.xx.2018-ci il tarixdə bitmişdir. Nəzərinizə çatdırım ki, kreditin müddəti 2018-ci ilin iyun ayında bitsə belə yəni 2021-ci ilin iyun ayına kimi məhkəməyə verməli olduğu halda məhkəməyə iddia verməmiş valnız 2023-cü ilin avqust ayında ərizə ilə məhkəməyə müraciət etmişdir. Bununla da iddia müddətini ötürmüşdür. Bundan əlavə ikinci sazişə belə cavabdeh özü imza etməmişdir. Sadəcə iddia müddəti bitdiyi üçün həmin məsələyə toxunmur. Bank iddia müddəti bitdikdən iki il müddət keçdikdən sonra sənədləri hazırlayaraq məhkəməyə vermişdir. Bununla da iddiaçı QSC "Bank Standart" kommersiya bankı iddia müddətini ötürmüşdür. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək müddət tətbiq edilməklə rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin nümayəndəsini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) müvafiq olaraq borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (739.1). Məhkəmə hesab edir ki, aralarında qanunvericiliyə uyğun olaraq bağlanmış kredit müqaviləsinə Bank krediti versə də, borcalan müqavilə öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Bu səbəbdən iddiaçı müqavilə şərtlərinə istinad edərək cavabdehdən müqavilə üzrə yaranmış borcun ödənilməsini tələb etmişdir. Lakin, iş materiallarına əlavə edilən Cavabdeh tərəfdən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, o, QSC “Bank Standart" kommersiya bankı (ləğv prosesində olan) tərfindən qanunvericiliyə uyğun olaraq iddia müddəti ötürüldüyü üçün iddianın rədd olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki Məcəlləyə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır (372.1, 372.2.). Müqavilə tələbləri üzrə iddia müddəti üç ildir (373.2.). Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (375.2.). Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir (380.1). Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir (380.2). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2013-cü il tarixli qərarında göstərilir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2018-ci il tarixli qərarında göstərilir ki, İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Məhkəmə hesab edir ki, tərəflər arasında 24 ay müddətinə bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsinin müddəti xx.xx.2015-ci il tarixində bitmiş, iddiaçı həmin tarixdən 8 ildən artıq müddət keçdikdən sonra xx.xx.2023-cü il tarixdə iddia müddətini ötürərək hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışı zamanı iddia müddətinin dayanması və ya kəsilməsinə əsas olacaq hallar aşkar edilməmişdir. Bundan başqa, Cavabdeh LPO "xxxx" QSC-yə ünvanladığı ərizənin surətindən görünür ki, "xxxx" ödəniş sistemi ilə LPO QSC “Bank Standard” KB-də 21 dekabr 2019-cu il tarixli LM111900990 saytı olan kredit borcuna ödəniş edərkən, səhvən xx.xx.2022-ci il tarixində 40 AZN, xx.xx.2022-ei il tarixində 40 AZN, xx.xx.2022-ci il tarixində 40 AZN, ümumi 120 AZN ödəniş məbləğimi səhvən LPO QSC “Bank Standard” KB-də olan 06 avqust 2013-cü il tarixli 1xx/xx/4710/13/1 saylı kredit borcu olan hesabına köçürmüşdür. Bununla əlaqədar LPO QSC “Bank Standard” KB-də olan 06 avqust 2013-cü il tarixli 1xx/xx/4710/13/1 saylı kredit borcuna ödədiyi 120 AZN ödəniş məbləğinin LPO QSC “Bank Standard” KB-də olan 21 dekabr 2019-cu il tarixli LM111900990 saylı kredit borcuna köçürülməsinə göstəriş verilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfdən xx.xx.2022, xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərdə xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə ödənişlər edilməsi artıq bitmiş iddia müddətinin dayanması və ya kəsilməsi üçün əsas hesab edilmir. Bundan başqa, iddiaçı tələbinin faktiki əsasları qismində qeyd etmişdir ki, xx.xx.2013cü il tarixli 1xx/xx/4710/13 saylı kredit müqaviləsinə xx.xx.2016-cı il tarixdə 01 saylı əlavə sazişə əsasən xx.xx.2013-cü il tarixli 1xx/xx/4710/13 saylı kredit müqaviləsinin 1.1-ci bəndi dəyişdirilərək kreditin müddəti 24 ay uzadılmış ödənilməli olduğu son tarix xx.xx.2018-ci il tarixə qeyd edilmiş, cərimə məbləği illik 36 faiz dərəcəsi olmaqla tətbiq olunmuşdur. Lakin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-16/2-4/2023 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 51-ci vərəqində xx.xx.2016-cı il tarixli, 06 avqust 2013-cü il tarixli 1xx/xx/4710/13 saylı kredit müqaviləsinə 01 saylı əlavə sazişin aşağı sağ hissəsində “Borcalan” qrafasında olan imza-Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Belə olan halda, Bank həmin Sazişə əsaslanaraq cavabdehə qarşı tələb irəli sürə bilməz, subyektiv hüquq yaranmadığından onun pozulması halı və iddia müddətinin başlanması, dolayısıyla Sazişə əsasən iddia müddətinin tətbiqi mümkün deyil. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı LPO "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar