Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-2179/2025 19.06.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X5 Tahir oğlunun sədrliyi, Əlizadə Ümid Maqsud oğlunun katibliyi, iddiaçı "xxxx" QSC-nin etibarnamə üzrə nümayəndəsi X1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı "xxxx" QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi : İddiaçı "xxxx" QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 006R********** saylı kredit razılaşması üzrə 2360,22 manat məbləğində kredit borcu, 1667,69 manat məbləğində faiz borcu və 1299,59 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 5327,50 manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 73,28 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" QSC-nin etibarnamə üzrə nümayəndəsi X2 məhkəməyə ərizə təqdim edərək, müqavilə müddətinin bitdiyi tarixə cavabdehlərin faiz borcunun 450,60 manat təşkil etməsinin nəzərə alınmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Qocayev Aydın Nazim oğluna İddiaçı QSC ilə bağladığı xx.xx.2019-cu il tarixli, 006L**********55 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 100000 manat məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunmuşdur. Uzunmüddətli kredit müqaviləsi üzrə Qocayev Aydın Nazim oğlu İddiaçı QSC ilə bağladığı xx.xx.2019-cu il tarixli, 006R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2,1667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 5000 manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2020-ci il tarixli, 006R**********S saylı, xx.xx.2021-ci il tarixli 006R**********SA saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Qocayev Aydın Nazim oğlu kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2021-ci il tarixdən banka qaytarmamışdır. Qocayev Aydın Nazim oğlu götürdüyü kredit borcundan 2639,78 manat ödəmiş, onun 2360,22 manat məbləğində kredit borcu qalmışdır. Qocayev Aydın Nazim oğlu kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 1324 gün üçün hesablanmış faiz borcu 1667,69 manat təşkil etmişdir. xx.xx.2024-cü il tarixə 1324 gün üçün hesablanmış cərimə 1299,59 manat təşkil etmişdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Qocayev Aydın Nazim oğlunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında cavabdeh Qocayev Aydın Nazim oğlu ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Məhkəməyə təqdim olunmuş iş materiallarından Qocayev Aydın Nazim oğlunun vəfat etdiyi İddiaçı QSC-yə məlum olmuşdur. Vəkil sorğularına verilən cavab məktublarından Qocayev Aydın Nazim adına vərəsəlik işinin açılmadığı, adında hər hansı daşınar və ya daşınmaz əmlakın olmadığı müəyyən edilmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" QSC-nin etibarnamə üzrə nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verib əlavə olaraq göstərdi ki, kredit müqaviləsinin müddətinin bitdiyi tarixə cavabdehlərin faiz borcu 450,60 manat təşkil etmişdir. Faiz borcunun tutulması hissəsində iddianın qismən təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul edərək, borcu birdəfəyə ödəmək imkanı olmadığını, ancaq hissə-hissə ödəyə biləcəyini göstərdi. Digər cavabdehlər Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada bildiriş verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- xx.xx.2019-cu il tarixli, 006L**********55 nömrəli uzunmüddətli kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı QSC tərəfindən Qocayev Aydın Nazim oğluna 120 ay müddətinə, illik maksimum 28% olmaqla, 100000 manat məbləğində kredit xətti ayrılmış, kreditin verilməsi həmin müqavilə çərçivəsində kredit razılaşması və digər ayrıca razılaşmalar bağlanılması ilə şərtləndirilmişdir. xx.xx.2019-cu il tarixli, 006L**********55 nömrəli uzunmüddətli kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixli, 006R********** nömrəli kredit razılaşmasının surətindən görünür ki, iddiaçı "xxxx" QSC tərəfindən Qocayev Aydın Nazim oğluna aylıq faiz dərəcəsi 2.1667% olmaqla, 24 ay müddətinə kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 5000 manat məbləğində kredit verilmiş, aylıq ödənilməli məbləğ hər ay 270 manat, sonuncu ayda isə 284,27 manat olmaqla, son ödəniş tarixi xx.xx.2021-ci il olaraq müəyyən edilmişdir. xx.xx.2019-cu il tarixli, 006S**********03 nömrəli, xx.xx.2019-cu il tarixli, 006S**********01 nömrəli və xx.xx.2019-cu il tarixli, 006S**********02 nömrəli zaminlik müqavilələrinin surətlərindən görünür ki, xx.xx.2019-cu il tarixli, 006L**********55 nömrəli uzunmüddətli kredit müqaviləsi və onun ayrılmaz tərkib hissəsi olan kredit razılaşması və digər ayrıca razılaşmalar üzrə borclunun öhdəliklərinin icrasının təminatı kimi zaminlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 X4 Nazim oğlu ilə eyni həcmdə məsuliyyəti öz üzərlərinə götürmüşdürlər. xx.xx.2019-cu il tarixli kreditin verilməsi-köçürmə qəbzinin surətindən görünür ki, "xxxx" QSC tərəfindən 5000 manat məbləğində vəsait Qocayev Aydın Nazim oğluna məxsus hesaba köçürülmüşdür. xx.xx.2024-cü il tarixli arayışın surətindən görünür ki, Qocayev Aydın Nazim oğlunun xx.xx.2019-cu il tarixli, 006R********** saylı kredit razılaşması üzrə "xxxx" QSC-yə 2360,22 manat əsas borcu qalmış, 1667,69 manat faiz və 1299,59 manat cərimə hesablanmışdır. xx.xx.2024-cü il tarixli xəbərdarlıqların surətlərindən görünür ki, cavabdehlərə kredit borcunun könüllü ödənilməsi barədə xəbərdarlıq edilmişdir. 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində notariat ofisi, Gəncə şəhəri 2 saylı notariat ofisi, Gəncə şəhəri 3 saylı notariat ofisi, Gəncə şəhəri 5 saylı notariat ofisi və Gəncə şəhəri 6 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 789 nömrəli, xx.xx.2022-ci il tarixli, 483 nömrəli, xx.xx.2022-ci il tarixli, 44 nömrəli, xx.xx.2022-ci il tarixli, 306 nömrəli və xx.xx.2022-ci il tarixli, 189 nömrəli məktubların surətlərindən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş Qocayev Aydın Nazim oğlunun adına heç bir vərəsəlik işi açılmamışdır. xx.xx.2021-ci il tarixli, 006R**********SA saylı Sazişin surətindən görünür ki, iddiaçı "xxxx" QSC ilə Qocayev Aydın Nazim oğlunun vərəsəsi Cavabdeh2 arasında saziş bağlanaraq sonuncu xx.xx.2019-cu il tarixli, 006L**********55 nömrəli uzunmüddətli kredit müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2019-cu il tarixli, 006R********** nömrəli kredit razılaşması üzrə qalıq borcun ödənilməsini öhdəsinə götürmüşdür. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, tədqiq olunmuş sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra edilməlidir. MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 448.2-ci maddəsinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. MM-in 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-in 449.1-ci maddəsinə əsasən özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank faizinin uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. MM-in 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. MM-in 472.2-ci maddəsinin tələbinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. MM-in 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Göründüyü kimi, iddiaçı "xxxx" QSC ilə mərhum Qocayev Aydın Nazim oğlu arasında zaminliklə təmin olunmuş kredit müqaviləsi bağlanaraq tərəflər müqavilə üzrə üzərlərinə öhdəlik götürmüşlər. X4 Nazim oğlu öldüyü üçün iddiaçı borcun ödənilməsini zaminlərdən tələb etmiş, lakin zaminlər, habelə zamin, eyni zamanda borcalan Qocayev Aydın Nazim oğlunun vərəsəsi Cavabdeh2 ilə iddiaçı arasında qalıq borcun ödənilməsi barədə saziş bağlanmış, lakin sonuncular müqavilədə nəzərdə tutulmuş müddətdə aldıqları pulu vaxtında qaytarmayaraq müqavilənin şərtlərini pozmuşdurlar. Halbuki, müqavilənin şərtlərinə görə iddiaçı tərəfindən kredit, zaminlərə kreditin tam qaytarılmasında iştirak etməyə borclu edən şəkildə verilmişdir. Ona görə də zaminlər iddiaçı qarşısında birgə borclu olduqlarından iddiaçı qalan borcun ödənilməsini onların hər birindən tələb etmək hüququna malikdir. Məhkəmə iddia tələbinin cərimənin tutulması hissəsinə qiymət verərək hesab edir ki, həmin hissədə iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair 09 iyul 2009-cu il tarixli Plenum qərarında göstərilmişdir: «Digər tərəfdən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Məhkəmə cavabdehlərin yüksək məbləğdə cərimə ödəməyə məcbur edilməsini əmlak mənafelərinə mənfi təsir edə biləcəyini nəzərə alaraq hesab edir ki, tələb olunan 1299,59 manat cərimə məbləği azaldılaraq 129,9 manat həddində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə iş üzrə araşdırılmış sübutlarla müəyyən edildi ki, cavabdehlər kredit müqaviləsi üzrə öhdəliyi vaxtında icra etmədikləri üçün iddiaçıya borcları yaranmışdır. Belə olan halda iddia qismən təmin edilməli, xx.xx.2019-cu il tarixli, 006R********** nömrəli kredit razılaşması üzrə 2360,22 manat məbləğində əsas, 450,60 manat faiz borcu və 129,9 manat cərimə olmaqla, cəmi 2940,72 manat məbləğində kredit borcu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınaraq "xxxx" QSC-yə ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 49,4 manat dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi : İddia qismən təmin olunsun. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada xx.xx.2019cu il tarixli, 006R********** nömrəli kredit razılaşması üzrə 2360,22 manat məbləğində əsas, 450,60 manat faiz borcu və 129,9 manat cərimə olmaqla, cəmi 2940,72 (iki min doqquz yüz qırx manat 72 qəpik) manat məbləğində kredit borcu və 49,4 manat məbləğində dövlət rüsumu tutularaq "xxxx" QSC-in xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №e-2(125)-2179/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-2179/2025
19.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver