Məhkəmə qərarları › İş №e-2(125)-2311/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-2311/2024

20.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-2311/2024 20.06.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X12 Şakir oğlunun sədrliyi, X4 iclas katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 və Cavabdeh3 iştirakları ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra ASC) cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 vərəsələri Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 iddiaçı "xxxx" ASC-nin xeyrinə 871,65 manat əsas borc və 3,77 manat faiz borcu olmaqla, cəmi 875,42 (səkkiz yüz yetmiş beş manat qırx iki qəpik) manat kredit borcunun, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və 0,40 (qırx qəpik) manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, borc alan X6 "xxxx" ASC ilə bağladığı BPM**********323 saylı, xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən 1050 manat məbləğdə pul vəsaiti götürmüşdür. Əldə olunmuş məlumata görə borclu X6 xx.xx.2021-ci il tarixində vəfat etmişdir. 1 saylı Gəncə Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin xx.xx.2023-cü il tarixli, 3251 nömrəli məktubuna əsasən məlum olmuşdur ki, 1 saylı Gəncə Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən X3 miras əmlakına dair ünvan 1 ünvanında qeydiyyatda olan arvadı - Cavabdeh4, ünvan 2 ünvanında qeydiyyatda olan oğlu - Cavabdeh3, ünvan 2 ünvanında qeydiyyatda olan qızı - Cavabdeh1, Goranboy rayonu, Aşağı Ağcakənd qəsəbəsi ünvanında qeydiyyatda olan qızı - Cavabdeh2 ərizəsinə əsasən vərəsəlik işi açılmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən, X3 Banka ödənilməmiş 871,65 AZN əsas və 3,77 AZN faiz borcu qalmışdır. Cavabdehlər - Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qalmış mirası qəbul etməsinə baxmayaraq, ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X7 iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh3 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki mərhum atası Dilbazi Əliyev ilə "xxxx" ASC arasında BPM**********323 saylı, xx.xx.2020-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Mərhum atası X6 10 fevral 2021-ci il tarixdə vəfat etmişdir. Ondan miras qalmış əmlakı o və digər cavabdehlər olan anası Cavabdeh4 və bacıları Cavabdeh1 və Cavabdeh2 qəbul etmişlər. Hal-hazırda iddiaçı olan banka olan borcu ödəməyə maddi imkanı yoxdur. Həmçinin, özü İİ qrup əlildir. Odur ki, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, digər cavabdehlər Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehlər Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; "xxxx" ASC ilə X6 arasında bağlanmış BPM**********323 saylı, xx.xx.2020-ci il tarixli kredit müqaviləsindən görünür ki, bu müqaviləyə əsasən borcverən borcalana 11 ay müddətinə 1050 AZN məbləğində, kreditdən istifadəyə görə illik 18 faiz ödəmək şərti ilə kredit verməyi, borcalan isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri borcverənə ödəməyi, habelə kreditdən 1.2-ci bənddə göstərilmiş təyinatı üzrə istifadə etməyi öhdəsinə götürür. Maliyyə arayışından görünür ki, X3 "xxxx" ASC-yə 871,65 (səkkiz yüz yetmiş bir manat altmış beş qəpik) AZN əsas, 3,77 (üç manat yetmiş yeddi qəpik) AZN faiz borcu, 0 AZN cərimə borcu olmaqla, cəmi 875,42 (səkkiz yüz yetmiş beş manat qırx iki qəpik) AZN borcu vardır. AZ-İİ seriyalı, 148509 nömrəli, 11 fevral 2021-ci il tarixli, Gəncə “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2021-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 91 nömrə ilə qeyd edilmişdir. Ölümün səbəbi ağciyərin ikinci bədxassəli yenitörəməsi qeyd edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Gəncə Regional “ASAN xidmət” Mərkəzində Notariat Ofisinin 1184 nömrəli, 01 may 2023-cü il tarixli məktubunda bildirilmişdir ki, xx.xx.2021-ci il tarixdə ölmüş X3 adına ünvan 1 ünvanında qeydiyyatda olan xx.xx.1965-ci il təvəllüdlü arvadı-Cavabdeh4 xx.xx.2021-ci il tarixli ərizəsinə əsasən 1 saylı Gəncə Regional “ASAN xidmət” Mərkəzində Notariat Ofisində vərəsəlik işi açılmışdır, lakin vərəsəlik şəhadətnaməsi verilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Gəncə Regional “ASAN xidmət” Mərkəzində Notariat Ofisinin 21 noyabr 2023-cü il tarixli, 3251 nömrəli məktubunda bildirilmişdir ki, xx.xx.2021-ci il tarixdə ölmüş X2 irs qalmış mirasa dair vərəsələri – ünvan 1 ünvanında qeydiyyatda olan arvadı – Cavabdeh4, ünvan 2 ünvanında qeydiyyatda olan oğlu – Cavabdeh3, Goranboy rayonu, Aşağı Ağcakənd qəsəbə Ə/D, Aşağı Ağcakənd qəsəbəsi ünvanında qeydiyyatda olan qızı – Cavabdeh2 və ünvan 2 ünvanında qeydiyyatda olan qızı – Cavabdeh1 ərizələrinə əsasən 1 saylı Gəncə Regional “ASAN xidmət” Mərkəzində Notariat Ofisində reyestrdə 8V-365 nömrə ilə qeyd olunmuş vərəsəlik işi açılmışdır, lakin vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. "xxxx" ASC tərəfindən Cavabdeh4 ünvanlanmış 31 may 2023-cü il tarixli, 150/2023 nömrəli bildirişdən görünür ki, öhdəlik yerinə yetirilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi və qanunvericilikdə nəzərdə tutulmuş qaydada digər hüquqi tədbirlər görüləcəyi bildirilmişdir. "xxxx" ASC tərəfindən Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış 15 dekabr 2023-cü il tarixli, 150/2023 nömrəli bildirişdən görünür ki, öhdəlik yerinə yetirilmədiyi təqdirdə tərəflərindən məhkəməyə müraciət ediləcəyi və qanunvericilikdə nəzərdə tutulmuş qaydada digər hüquqi tədbirlər görüləcəyi bildirilmişdir. 12 aprel 2021-ci il tarixli, 8İ-7258 reyestr nömrəli, **********258 nömrəli Cavabdeh3 tərəfindən Gəncə “ASAN xidmət” Mərkəzində Notariat Ofisinə ünvanlanmış ərizəsindən görünür ki, 10 fevral 2021-ci ildə onun ünvan 2 ünvanında yaşayan atası X6 ölmüşdür. Mirasın tərkibi: ünvan 6i ünvanında yerləşən kənd təsərrüfatı təyinatlı 4,05 ha torpaq sahəsindən miras qoyana məxsus hissədən ibarət ondan irs qalmış mirası qəbul edir. Ondan başqa aşağıdakı vərəsələr vardır: Cavabdeh4 – ünvan 1 – arvadı. Mirasın tərkibinə daxil olan: ünvan 6i ünvanında yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən ona çatası hissəyə dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. 13 aprel 2021-ci il tarixli, 8İ-7359 reyestr nömrəli, **********359 nömrəli Cavabdeh1 tərəfindən Gəncə “ASAN xidmət” Mərkəzində Notariat Ofisinə ünvanlanmış ərizəsindən görünür ki, 10 fevral 2021-ci ildə onun ünvan 2 ünvanında yaşayan atası X6 ölmüşdür. Mirasın tərkibi: ünvan 6i ünvanında yerləşən kənd təsərrüfatı təyinatlı 4,05 ha torpaq sahəsindən miras qoyana məxsus hissədən ibarət ondan irs qalmış mirası qəbul edir. Ondan başqa aşağıdakı vərəsələr vardır: Cavabdeh4 – ünvan 1 - arvadı; Cavabdeh3 ünvan 2 – oğlu; Cavabdeh2 - Goranboy rayonu, Aşağı Ağcakənd qəsəbəsi – qızı. Mirasın tərkibinə daxil olan: ünvan 6i ünvanında yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən ona çatası hissəyə dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. 13 aprel 2021-ci il tarixli, 8İ-7358 reyestr nömrəli, **********358 nömrəli Cavabdeh2 tərəfindən Gəncə “ASAN xidmət” Mərkəzində Notariat Ofisinə ünvanlanmış ərizəsindən görünür ki, 10 fevral 2021-ci ildə onun ünvan 2 ünvanında yaşayan atası X6 ölmüşdür. Mirasın tərkibi: ünvan 6i ünvanında yerləşən kənd təsərrüfatı təyinatlı 4,05 ha torpaq sahəsindən miras qoyana məxsus hissədən ibarət ondan irs qalmış mirası qəbul edir. Ondan başqa aşağıdakı vərəsələr vardır: Cavabdeh4 – ünvan 1 - arvadı; Cavabdeh3 ünvan 2 – oğlu; Cavabdeh1 - qızı. Mirasın tərkibinə daxil olan: ünvan 6i ünvanında yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən ona çatası hissəyə dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixli, 8İ-11933 reyestr nömrəli, **********933 nömrəli Cavabdeh4 tərəfindən Gəncə “ASAN xidmət” Mərkəzində Notariat Ofisinə ünvanlanmış ərizəsindən görünür ki, xx.xx.2021-ci il tarixində vərəsəlik işinin məhkəmədə həll olunması üçün Notariat Ofisindən məktub almışdır. Sonradan vərəsələr arasında barışıq yarandığı üçün məktubu məhkəməyə təqdim etməmişdir. Həmin məktubu geri təqdim edərək, vərəsələr arasında mübahisə olmadığı üçün, onlara Notariat qaydasında miras əmlaka dair vərəsəlik şəhadətnaməsi verilməsini xahiş etmişdir. Məhkəmə, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 1309-cu maddəsinə əsasən vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi plenumunun 16 oktyabr 2020-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243 və 1306.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.4 və 307.2.9-cu maddələrinə əsasən, vərəsələrin vərəsəlik şəhadətnaməsi almaması miras qoyanın kreditorlarının öhdəliklərin icrasının miras qalmış əmlak hesabına təmin edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququnu məhdudlaşdırmır və kreditorların bu cür tələblərinə iddia icraatı qaydasında baxılmalıdır. Məhkəmə qeyd edir ki, X3 "xxxx" ASC-yə BPM**********323 saylı, xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə borcu onun mirasını qəbul etmiş vərəsələrindən tutulmalıdır. Belə ki, miras, miras aktivindən və passivindən ibarət olmaqla mirası qəbul etmiş vərəsələrə mirasın aktivindən pay əldə etmək hüququ verdiyi kimi eyni zamanda mirasın passivi üzrə miras qoyanın öhdəliklərini icra etmək vəzifəsini də yaradır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından bəlli olur ki, iddiaçı bankla X1 arasında kredit müqaviləsi bağlanmış və bununla da onlar arasında kredit hüquq münasibətləri yaranmışdır. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, X6 isə həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. X1 vəfat etdiyindən və onun vəfatından sonra miras qalmış əmlak cavabdehlər tərəfindən qəbul edildiyindən yuxarıda qeyd edilən mülki qanunvericiliyin tələbləri baxımından məhkəmə hesab edir ki, sözügedən borc vərəsə olan cavabdehlərin miras payına mütənasib olaraq onlardan bərabər qaydada tutulmalı və iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin olunmalı, X1nun vərəsələri cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 bərabər qaydada 871,65 (səkkiz yüz yetmiş bir manat altmış beş qəpik) manat əsas, 3,77 (üç manat yetmiş yeddi qəpik) manat faiz borcu olmaqla, cəmi 875,42 (səkkiz yüz yetmiş beş manat qırx iki qəpik) manat borc tutulub iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Bundan başqa, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107 və 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İddia tam təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 0,40 (qırx qəpik) manat bank xidmət haqqının və 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehlərdən bərabər qaydada alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 bərabər qaydada 871,65 (səkkiz yüz yetmiş bir manat altmış beş qəpik) manat əsas, 3,77 (üç manat yetmiş yeddi qəpik) manat faiz borcu olmaqla, cəmi 875,42 (səkkiz yüz yetmiş beş manat qırx iki qəpik) manat borc və 0,40 (qırx qəpik) manat xidmət haqqı və 30 (otuz) manat dövlət rüsumu tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar