Məhkəmə qərarları › İş №e-2(125)-2318/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-2318/2023

19.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-2318/2023 19.04.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, Ləğv prosesində olan «AG bank» açıq səhmdar cəmiyyətinin Cavabdeh qarşı «pul tələbi» barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ləğv prosesində olan «AG bank» açıq səhmdar cəmiyyəti Cavabdeh qarşı 27 sentyabr 2019-cu il tarixli, 109.LN.1675.270919.00001 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 8.100 manat 12 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 130 manat 19 qəpik, cəmi 8.230 manat 01 qəpik və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 103 manat 01 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi E.M.Əliyev məhkəmədə iddianı müdafiə edərək göstərdi ki, «AG bank» açıq səhmdar cəmiyyəti ilə Cavabdeh arasında 27 sentyabr 2019-cu il tarixdə bağlanmış 109.LN.1675.270919.00001 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh 60 ay müddətinə illik 1 faiz dərəcəsi ilə 8.100 manat 12 qəpik məbləğində kredit verilmişdir. Cavabdeh isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə «AG bank» açıq səhmdar cəmiyyətinə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin iddiaçı Bank tərəflər arasında bağlanmış müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, Cavabdeh həmin müqavilə üzrə öz öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə 25 iyul 2022ci il tarixə Cavabdeh ləğv prosesində olan «AG bank» açıq səhmdar cəmiyyətinə 8.100 manat 12 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 130 manat 19 qəpik məbləğində borcu yaranmışdır. Sonda E.M.Əliyev iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 27 sentyabr 2019-cu il tarixli, 109.LN.1675.270919.00001 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, «AG bank» açıq səhmdar cəmiyyəti tərəfindən Cavabdeh 60 ay müddətinə illik 1% dərəcəsi ilə 8.100 manat 12 qəpik məbləğində kredit verilmişdir. İş materiallarında olan ləğv prosesində olan «AG bank» açıq səhmdar cəmiyyətinin 01 avqust 2022-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh ilə «AG bank» açıq səhmdar cəmiyyəti arasında bağlanmış 27 sentyabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh borcu əsas borc qismində 8.100 manat 12 qəpik, 01 avqust 2022-ci il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 130 manat 19 qəpik, cəmi 8.230 manat 01 qəpik məbləğində təşkil edir. Beləliklə, işdə olan sübutlarla Cavabdeh ləğv prosesində olan «AG bank» açıq səhmdar cəmiyyəti ilə bağladığı kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsi və nəticədə kredit müqaviləsinin şərtlərinə uyğun olaraq iddiaçıya əsas borc qismində 8.100 manat 12 qəpik, 01 avqust 2022-ci il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 130 manat 19 qəpik məbləğində borcunun yarandığı təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3 maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Buna görə də məhkəmə hesab edir ki, Cavabdeh 27 sentyabr 2019-cu il tarixli, 109.LN.1675.270919.00001 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiklərinə görə ödənilməmiş əsas borcun əvəzi qismində 8.100 manat 12 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 130 manat 19 qəpik, cəmi 8.230 manat 01 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia tam təmin edildiyinə görə məhkəməyə ərizə verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 103 manat 01 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı ləğv prosesində olan «AG bank» açıq səhmdar cəmiyyətinin iddiası təmin edilsin. Cavabdeh iddiaçı ləğv prosesində olan «AG bank» açıq səhmdar cəmiyyətinin xeyrinə 27 sentyabr 2019-cu il tarixli, 109.LN.1675.270919.00001 saylı kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 8.100 (səkkiz min yüz) manat 12 (on iki) qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 130 (bir yüz otuz) manat 19 (on doqquz) qəpik, dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 103 (bir yüz üç) manat 01 (bir) qəpik, cəmi 8.333 (səkkiz min üç yüz otuz üç) manat 32 (otuz iki) qəpik məbləğində pul vəsaiti tutulsun. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar