Məhkəmə qərarları › İş №e-2(125)-2348/2022

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-2348/2022

02.12.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-2348/2022 02.12.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X13 Şakir oğlunun sədrliyi, X4 iclas katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “K@tv1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma nəticəsində 53 manat 10 qəpik məbləğində vurulmuş zərərin, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanması üçün 100 manat, iddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumunun və 40 qəpik bank xidməti haqqının, ümumilikdə 183 manat 50 qəpik məbləğində pulun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “K@tv1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC Bakı şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətləri göstərilməsi məqsədilə “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq Milli Televiziya və Radio Şurasından 22 avqust 2005-ci il tarixli, TR 057 saylı və 22 avqust 2011-ci il tarixli, TR 066 saylı teleradio yayımı üçün lisenziyalar alınmışdır. Bu məqsədlə İddiaçı MMC kabel şəbəkəsini qurmaqla kabel televiziyasının yayımlanması üçün müqavilə əsasında yaşayış və qeyri-yaşayış sahələrinə kabel xətləri çəkir. Lakin bir çox vətəndaşlar İddiaçı MMC ilə müqavilə bağlamadan qanunsuz olaraq şirkətin kabel şəbəkəsinə qoşulurlar. Bu qanunsuzluqların qarşısının alınması məqsədilə İddiaçı MMC ilə “Ədalət-A” hüquq firması arasında xx.xx.2008-ci il, xx.xx.2011-ci il, xx.xx.2014-cü il, xx.xx.2015-ci il, xx.xx.2018-ci il və xx.xx.2019-cu il tarixlərdə hüquqi xidmətlərin göstərilməsinə dair müqavilələr imzalanmışdır. DİN BPQMİnin MAPS Şöbəsinin arayışına əsasən cavabdeh Gəncə şəhəri, Sadıllı qəsəbəsi, KV.D-1 Sahə-4 ünvanında qeydiyyatdadır. 115 saylı MKİS tərəfindən verilmiş arayışa əsasən ünvan 1 ünvanda yerləşən yaşayış sahəsi avqust 2011-ci il-dekabr 2012-ci illərdə cavabdehə məxsus olmuşdur. Belə ki, xx.xx.2010-cu il tarixdə həmin ünvanda yaşayan Salmanova Gülçöhrə ilə İddiaçı MMC arasında bağlanmış müqaviləyə əsasən mənzil “K@tv1” xidmətlərinin göstərilməsi üçün Kabel Televiziyasının şəbəkəsinə qoşulmuş, son ödəməsini xx.xx.2011-ci il tarixinədək etmiş və həmin ünvan xx.xx.2011-ci il tarixdə, 7,20 manat borc ilə şəbəkədən ayrılmışdır. xx.xx.2012-ci il tarixdə “Ədalət-A” hüquq firmasının və “K@tv1” kabel televiziyasının əməkdaşları Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mütəxəssisinin iştirakı ilə sözügedən ünvanda kabel şəbəkəsinə baxış keçirilən zaman, həmin mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmiş, bu barədə 0515 KA saylı akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. 015 KA saylı akt tərtib edilənədək həmin ünvanda yerləşən binaya sonuncu dəfə xx.xx.2012-ci il tarixdə baxış keçirilmişdir. Əvvəllər də həmin ünvana xx.xx.2011-ci il tarixdə keçirilən nəzarət baxışı zamanı cavabdehin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmiş, mənzil sakini özünü təqdim etməkdən və aktı imzalamaqdan imtina etmiş, bu barədə müvafiq olaraq 0918 D saylı akt tərtib edilmişdir. Qanunsuz qoşulma nəticəsində İddiaçı MMC-yə maddi ziyan vurulmuşdur. Kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı 31 avqust 2015-ci il tarixədək 9 (doqquz) manat, 01 sentyabr 2015-ci il tarixdən isə 10 (on) manat təşkil edir. Eyni zamanda qanun pozuntusu vətəndaşın iradəsindən asılı olmayaraq aşkar edilmişdir. Yəni kabel şəbəkəsinə baxış keçirilməsə idi, cavabdeh bu xidmətlərdən qanunsuz olaraq istifadə etməkdə davam edəcəkdi. Sözügedən ünvanın kabel şəbəkəsindən ayrıldığı xx.xx.2012-ci il tarixdən qanunsuz qoşulma barədə faktın aşkar edildiyi xx.xx.2012-ci il tarixədək olan müddət 177 gün təşkil edir. Bu isə həmin dövrdə hər gün üçün 30 qəpik maddi ziyan hesablamaq şərtilə müvafiq müqavilə bağlamadan kabel şəbəkəsinə qanunsuz olaraq qoşulma nəticəsində iddiaçıya vurulmuş zərərin məbləği 53 manat 10 qəpik təşkil edir. Bundan əlavə, İddiaçı MMC “Ədalət-A” hüquq firması ilə bağlanmış hüquqi xidmətlərin göstərilməsinə dair müqavilənin 4.1-ci bəndinə əsasən hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanması üçün 100 (bir yüz) manat pul ödəyir. Dəymiş zərərin əvəzinin könüllü ödənilməsi üçün cavabdehə pretenziya məktubları göndərilmiş, lakin bugünədək cavabdeh tərəfindən dəymiş zərərin əvəzi ödənilməmişdir. İddiaçı nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə baxış iclasına iştirakı olmadan baxılmasını və iddialarının tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsaslanmaqla işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, məhkəmə tərəfindən bildiriş cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına göndərilmiş və həmin orqan tərəfindən məhkəmə bildirişinin üzərində müvafiq qeydlər olunmaqla bildirişin kötüyü məhkəməyə qaytarılmışdır. Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş; DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh xx.xx.1955-ci il tarixdə Daşkəsən rayonunda anadan olmuşdur. Gəncə şəhəri, Sadıllı qəsəbəsi, KV.D-1 Sahə-4 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil Kommunal Təsərrüfatı Departamentinin 2 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin 115 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 62 nömrəli arayışdan görünür ki, Niyazova X1 21 saylı evin 10 nömrəli mənzilin avqust 2011dekabr 2012-ci illərdə sahibi olmuşdur. 05 noyabr 2011-ci il tarixli, 0918 D nömrəli “Ədalət-A” hüquq firmasının əməkdaşı X8, “KATV-1” kabel televiziyasının əməkdaşı X5 və Rabitə Nazirliyinin nümayəndəsi Məmmədov Sabir tərəfindən tərtib olunaraq imzalanmış aktdan görünür ki, 05 noyabr 2011-ci il tarixdə Nərimanov rayonu, Həsənoğlu 21 ünvanında kabel şəbəkəsinə baxış keçirilən zaman həmin binanın 10 saylı mənzilin sakini tərəfindən “KATV-1” kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulduğu aşkar edilmişdir. Mənzilin sakini özünü təqdim etməkdən və aktı imzalamaqdan imtina etmişdir. Kabel konnektorsuz halda şəbəkəyə qoşulmuşdur. Şəbəkədən çıxan kabel 1 mərtəbə aşağı düşərək mənzilin qapısının üst tərəfindən daxil olmuşdur. Mənzilin qapısı döyülmüş və qapını cavan xanım açmışdır. Ondan “KATV-1” televiziyasına baxırsınız soruşduqda bildirmişdir ki, bəli: ona bildirilmişdir ki, sizdə qeyri-qanuni qoşulmadır. Xanım demişdir ki, o, zəng edib ofisə bildirmişdir ki, gəlib qoşsunlar, çünki evdə olmamış və söndürmüşlər. “KATV-1”-dən gələn olmamış aşağıdakı oğlana demişdir ki, “Qoşsun”, oda qoşmuşdur. Akt yazılıb xanıma verilmiş, xanım xahiş etmişdir ki, kabeli söndürsünlər. Bunun mümkün olmadığı bildirilmişdir. 05 dekabr 2012-ci il tarixli, 0515 KA nömrəli “Ədalət-A” hüquq firmasının əməkdaşı X3, “KATV-1” kabel televiziyasının əməkdaşı X6 və RİTV-nin mütəxəssisi Məmmədov Sabir tərəfindən tərtib olunaraq imzalanmış aktdan görünür ki, 05 dekabr 2012-ci il tarixdə Nərimanov rayonu, Həsənoğlu 21 ünvanında nəzarət baxışı keçirilən zaman, həmin binanın 10 saylı mənzilinin sakini tərəfindən “KATV-1” kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulduğu aşkar edilmişdir. Bununla əlaqədar aktın tərtib olunmasında mənzil sakininin iştirakını təmin etmək məqsədi ilə həmin mənzilin qapısını döyərkən qapını açan olmamış, qonşulardan da məlumat alınmamışdır. Aşkar edilmişdir ki, mənzil 10 qanunsuz olaraq “KATV-1” şəbəkəsinə qoşulmuşdur. Kabel şəbəkəyə konnektorsuz qoşulmuş və söndürülmə nişanı üzərində mövcud olmuşdur. Kabel şəbəkə qutusundan çıxaraq üzü aşağı borunun içinə doğru istiqamətlənmişdir. Kabel aşağı mərtəbədən borunun içindən çıxıb, sola dönüb, divarın küncü ilə üzü aşağı mənzilə doğru istiqamətlənərək mənzilin qapısının sol yuxarı küncündən içəri daxil olmuşdur. 22 iyun 2022-ci il tarixli İddiaçı MMC tərəfindən Gəncə Şəhər Məhkəməsinə təqdim edilmiş arayışdan görünür ki, ünvan 5 ünvanında 0515 KA saylı akt tərtib olunana qədər sonuncu dəfə xx.xx.2012-ci il tarixində həmin binaya baxış keçirilmişdir. 22 iyun 2022-ci il tarixli İddiaçı MMC tərəfindən Gəncə Şəhər Məhkəməsinə təqdim edilmiş arayışdan görünür ki, İddiaçı MMC ilə ünvan 5 ünvanında yaşayan Salmanova Gülçöhrə arasında bağlanmış “KATV-1” kabel televiziyası xidmətlərinin göstərilməsinə dair müqaviləyə əsasən xx.xx.2010-cu il tarixində bu ünvan “KATV-1” Kabel Televiziyasının şəbəkəsinə qoşulmuşdur. xx.xx.2011-ci il tarixinədək isə son ödəməsini etmişdir. xx.xx.2011-ci il tarixində 7 manat 20 qəpik borc ilə şəbəkədən ayrılmışdır. Belə ki, məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, “K@TV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı Bakı şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətləri göstərilməsi məqsədilə “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq Milli Televiziya və Radio Şurasından 22 avqust 2005-ci il tarixli, TR 057 saylı və 22 avqust 2011-ci il tarixli, TR 066 saylı teleradio yayımı üçün lisenziyalar almışdır. Bu məqsədlə İddiaçı MMC kabel şəbəkəsini qurmaqla kabel televiziyasının yayımlanması üçün müqavilə əsasında yaşayış və qeyri yaşayış sahələrinə kabel xətləri çəkir. Lakin bir çox vətəndaşlar İddiaçı MMC ilə müqavilə bağlamadan qanunsuz olaraq şirkətin kabel şəbəkəsinə qoşulurlar. Bu qanunsuzluqların qarşısının alınması məqsədilə İddiaçı MMC ilə “Ədalət-A” hüquq firması arasında xx.xx.2008-ci il, xx.xx.2011-ci il, xx.xx.2014-cü il, xx.xx.2015-ci il, xx.xx.2018-ci il və xx.xx.2019-cu il tarixlərdə hüquqi xidmətlərin göstərilməsinə dair müqavilələr imzalanmışdır. xx.xx.2010-cu il tarixdə ünvan 1 ünvanda yaşayan Salmanova Gülçöhrə ilə İddiaçı MMC arasında bağlanmış müqaviləyə əsasən mənzil “K@tv1” xidmətlərinin göstərilməsi üçün Kabel Televiziyasının şəbəkəsinə qoşulmuş, son ödəməsini xx.xx.2011ci il tarixinədək etmiş və həmin ünvan xx.xx.2011-ci il tarixdə, 7,20 manat borc ilə şəbəkədən ayrılmışdır. xx.xx.2012-ci il tarixdə “Ədalət-A” hüquq firmasının və “K@tv1” kabel televiziyasının əməkdaşları Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mütəxəssisinin iştirakı ilə sözügedən ünvanda kabel şəbəkəsinə baxış keçirilən zaman, həmin mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmiş, bu barədə 0515 KA saylı akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. 015 KA Saylı akt tərtib edilənədək həmin ünvanda yerləşən binaya sonuncu dəfə xx.xx.2012-ci il tarixdə baxış keçirilmişdir. Əvvəllər də həmin ünvana xx.xx.2011-ci il tarixdə keçirilən nəzarət baxışı zamanı kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmiş, mənzil sakini özünü təqdim etməkdən və aktı imzalamaqdan imtina etmiş, bu barədə müvafiq olaraq 0918 D saylı akt tərtib edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüququ zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir. (hərəkət və ya hərəkətsizlikdir) Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu delikt nəticəsində fikizi şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə iş materiallarında olan sübutlara əsasən hesab edir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddiaçı tərəfindən Mənzil Kommunal Təsərrüfatı Departamentinin 2 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin 115 saylı Mənzil Kommunal İstismar sahəsi tərəfindən verilmiş arayışda avqust 2011-dekabr 2012-ci illərdə ünvan 6 ünvanına Cavabdeh sahibi olması qeyd olunmuşdur. Lakin, iş materiallarına əlavə edilmiş 05 noyabr 2011-ci il tarixli, 0918 D nömrəli aktdan aydın olmuşdur ki, aktı tərtib edənlər ünvan 6 ünvanında kabel şəbəkəsinə baxış keçirilən zaman həmin mənzilin qapısını cavan xanım açdığını və xanımın özünü təqdim etməkdən imtina etdiyini qeyd etmişlər. DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışdan da görünür ki, Cavabdeh xx.xx.1955-ci il təvəllüddür. Yəni cavabdeh cavan şəxs deyildir. Eyni zamanda 05 dekabr 2012-ci il tarixli, 0515 KA nömrəli aktda qeyd edilmişdir ki, 05 dekabr 2012-ci il tarixdə sözügedən mənzilə yenidən baxış keçirilmiş qapını açan olmamış, qonşulardan da məlumat əldə edilməmişdir. Bununla da ünvan 6 ünvanı avqust 2011-dekabr 2012-ci illərdə Cavabdeh məxsus olması və cavabdeh tərəfindən kabel şəbəkəsinə qanunsuz qoşulma faktı sübut olunmamışdır. Belə ki, iddiaçı Cavabdeh həmin mənzildə yaşaması və Cavabdeh tərəfindən qanunsuz qoşulma faktının mövcud olması barədə məhkəməyə sübut təqdim edə bilməmişdir. Bu baxımdan məhkəmə belə qənaətə gəlir ki, iddiaçının hazırki iddiası Cavabdeh münasibətdə əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən “Mahmudov Rusiyaya qarşı” iş üzrə qəbul etdiyi xx.xx.2007-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, nəzərə alınmalıdır ki, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Qeyd edilən prosessual hüquq normalarının tələblərinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən qərarında təsbit olunmuş hüquqi mövqenin mövcud tələbin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, iddia tələbinin əsasını sübut etmək vəzifəsi cavabdehin deyil, iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmənin gəldiyi qənaətə görə ki, İddiaçı MMC-nin Cavabdeh qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası, əsassız olduğundan rədd edilməli, iddia tələbi isə təmin edilmədiyindən məhkəmədə iddia qaldırılması məqsədilə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı MMC-nin Cavabdeh qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. Məhkəmədə iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar