Məhkəmə qərarları › İş №e-2(125)-2365/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-2365/2024

20.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-2365/2024 20.06.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X3 Şakir oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «kredit müqaviləsi üzrə yaranmış borcun tutulması» tələbi barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı «kredit müqaviləsi üzrə yaranmış borcun tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 06 may 2022-ci il tarixli, 800804-401864/1 nömrəli kredit müqaviləsi üzrə 14928,49 manat məbləğində əsas borc və 1624,98 manat faiz borcu olmaqla, cəmi 16553,47 (on altı min beş yüz əlli üç manat qırx yeddi qəpik) manat borcun və 140,06 (bir yüz qırx manat altı qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq, İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 06 may 2022-ci il tariхli, 800804-401864/1 nömrəli krеdit müqaviləsinə əsasən borcluya 48 ay müddətinə, illik 18 faiz dərəcəsi ilə 20000,00 (iyirmi min) manat məbləğində krеdit vеrilmişdir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və krеditin təsdiq оlunmuş hissə-hissə ödəmə qrafikini pоzmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı хəbərdarlıq olunsa da, o Banka olan borcunu ödəməmişdir. 05 mart 2024-cü il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 14928,49 manat məbləğində əsas bоrc və 1624,98 manat faiz borcu оlmaqla, cəmi 16553,47 (on altı min beş yüz əlli üç manat qırx yeddi qəpik) manat məbləğində kredit bоrcu yaranmışdır. Krеdit müqaviləsinin şərtlərinə əsasən Borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Belə ki, Borcalan krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. Məhkəmə iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında bildirdi ki, iddiaçı olan bankla onun arasında bağlanmış 06 may 2022-ci il tariхli, 800804-401864/1 nömrəli krеdit müqaviləsinə əsasən ona 48 ay müddətinə, illik 18 faiz dərəcəsi ilə 20000 manat məbləğində krеdit vеrilmişdir. Hal-hazırda gözündə olan problem səbəbindən işləyə bilmir. Yalnız 800 manat pensiya alır. Bundan başqa digər banklardan da kredit götürmüşdür. Bir sözlə, maddi vəziyyəti də yaxşı deyildir. İddiaçıya olan borcunu yalnız hissə-hissə ödəyə bilər. Bundan başqa faiz borcunun azaldılmasını istəyir. Odur ki, iddia tələbinin qismən təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə, iddiaçının nümayəndəsi və cavabdehin izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 06 may 2022-ci il tariхli, 800804-401864/1 nömrəli kredit müqaviləsindən görünür ki, Cavabdeh 48 ay müddətinə, illik 18 faiz dərəcəsi ilə 20000 manat məbləğində krеdit vеrilmişdir. 06 may 2022-ci il tariхli kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh 20000 (iyirmi min) manat pulu imza edərək İddiaçı ASC-dən götürmüşdür. 05 mart 2024-cü il tarixli, 001/007/1257/2024 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh ilə bağlanmış 06 may 2022-ci il tariхli, 800804-401864/1 nömrəli kredit müqaviləsinə əsasən 18 faiz dərəcəsi ilə 48 ay müddətinə 20000 manat məbləğində kredit götürmüşdür. 05 mart 2024-cü il tarixə Borcalanın Banka 14928,49 manat əsas borc və 1624,98 manat faiz borcu olmaqla, cəmi 16553,47 (on altı min beş yüz əlli üç manat qırx yeddi qəpik) manat borcu mövcuddur və kredit müqaviləsi üzrə gecikmə 120 gün təşkil edir. 19 fevral 2024-cü il tarixli, 001/007/0912/2024 nömrəli xəbərdarlıqdan görünür ki, Cavabdeh ödəniş cədvəli ilə nəzərdə tutulmuş tarixə ödəməli olduğu aylıq ödənişi ödəməyərək kredit müqaviləsinin şərtlərini pozduğu, borclu olduğu 14928,49 AZN əsas borc və 1393,1 AZN faiz borcu olmaqla, cəmi 16321,59 AZN məbləğində vəsaiti xəbərdarlığı aldığı günün növbəti iş günündən başlayaraq, 7 gün müddətindən gec olmayaraq Banka ödəməsi tələb edilmişdir. Borcunu ödəmədiyi təqdirdə barəsində qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görüləcəyi bildirilmişdir. Beləliklə, mülki iş materiallarından görünür ki, tərəflər arasında bağlanmış borc müqaviləsinə uyğun olaraq, Cavabdeh tərəfindən öhdəliklər tam icra edilməmişdir. Bu səbəbdən İddiaçı ASC tərəfindən Cavabdeh borcun tam ödənilməsi xx.xx.2024-cü il tarixdə tələb edilmiş, həmin tarixə Cavabdeh İddiaçı ASC-yə borcu ödənilməmiş əsas borc qismində 14928,49 manat, faiz borcu qismində 1393,1 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə görə hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc alana qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 447.1-ci maddəsinə görə əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin şərh edilməsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarında göstərimişdir ki, ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Mülki işin tədqiq edilmiş hallarından göründüyü kimi İddiaçı ASC Cavabdeh ilə 06 may 2022-ci il tariхli, 800804-401864/1 nömrəli kredit müqaviləsindən xx.xx.2024-cü il tarixdə imtina etməklə ona xitam vermişdir. Həmin tarixə Cavabdeh İddiaçı ASC-yə borcu ödənilməmiş əsas borc qismində 14928,49 manat, hesablanmış və ödənilməmiş faiz borcu qismində 1393,1 manat təşkil etmişdir. Buna görə də Cavabdeh «İddiaçı ASC-yə faiz borcunun hesablanması məhkəməyə iddia ərizəsi ilə müraciət edildiyi tarixədək deyil, tərəflər arasındakı müqaviləyə xitam verildiyi tarixədək hesablanmalıdır. Digər tərəfdən İddiaçı ASC-nin Cavabdeh qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, tərəflər arasındakı müqavilənin ləğv edildiyi xx.xx.2024-cü il tarixdən sonra gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsi tələbi mövcud deyildir. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, İddiaçı ASC-nin Cavabdeh qarşı ödənilməmiş əsas borcun əvəzi qismində 14928,49 manat, hesablanmış və ödənilməmiş faiz borcu qismində 1393,1 manat məbləğində pul tələbi əsaslı olsa da, iddia faiz borcuna dair digər hissədə əsassızdır. Beləliklə, məhkəmə mülki işin yuxarıda sadalanan hallarını, nəzərə alaraq, hesab edir ki, Cavabdeh 06 may 2022-ci il tariхli, 800804-401864/1 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə həmin müqavilə üzrə ödənilməmiş əsas borc qismində 14928,49 (on dörd min doqquz yüz iyirmi səkkiz manat qırx doqquz qəpik) manat, xx.xx.2024-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 1393,10 (bir min üç yüz doxsan üç manat on qəpik) manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarmalıdır. Buna görə də məhkəmə hesab edir ki, Cavabdeh 06 may 2022-ci il tariхli, 800804- 401864/1 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə 14928,49 (on dörd min doqquz yüz iyirmi səkkiz manat qırx doqquz qəpik) manat əsas borc, 1393,10 (bir min üç yüz doxsan üç manat on qəpik) manat faiz borcu olmaqla, cəmi 16321,59 (on altı min üç yüz iyirmi bir manat əlli doqquz qəpik) manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 115.0.9-cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyinə görə iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 140,06 (bir yüz qırx manat altı qəpik) manat dövlət rüsumunun 138,96 (bir yüz otuz səkkiz manat doxsan altı qəpik) manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 14928,49 (on dörd min doqquz yüz iyirmi səkkiz manat qırx doqquz qəpik) manat əsas, 1393,10 (bir min üç yüz doxsan üç manat on qəpik) manat faiz borcu olmaqla, cəmi 16321,59 (on altı min üç yüz iyirmi bir manat əlli doqquz qəpik) manat borc və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş dövlət rüsumunun 138,96 (bir yüz otuz səkkiz manat doxsan altı qəpik) manatı tutularaq, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar