Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-2368/2025 01.05.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlu, İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" KB ASC, 643sGNDJ/16 nömrəli, xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh iddiaçının xeyrinə 3773,89 manat əsas borc, 698,24 manat faiz borcu, 499,74 manat cərimə olmaqla, cəmi 4971,87 manat pul vəsaitinin, 0,40 manat xidmət haqqının və 69,72 manat dövlət rüsumunun əvəzinin tutulması barədə kiçik iddialara dair işlər üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki hallarına görə, iddiaçı Bank ilə cavabdeh arasında 643sGNDJ/16 nömrəli, xx.xx.2018-ci il tarixli kredit xətti müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə və hesabdan çıxarışa əsasən Bank cavabdehə şəxsi (istehlak) məqsədləri üçün 84 ay müddətinə (60 ay kredit xətti, 24 ay kredit) illik 36 faiz dərəcəsi ilə ödəmək şərtilə 10000 manat məbləğində kredit limiti ayırmış, bank tərəfindən cavabdehə bank hesabı (cari, kredit) açılmış, ödəniş kartı təqdim edilmiş, cavabdeh isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müqavilə ilə müəyyənləşdirilmiş şərtlərlə kredit məbləğini, habelə kreditdən istifadəyə görə hesablanmış faizləri Banka ödəməyi öz üzərinə götürmüşdür. xx.xx.2018-ci il tarixli SMS bildirişə və hesabdan çıxarışa əsasən bank tərəfindən cavabdehin SMS sifarişi ilə 500 manat məbləğində pul vəsaiti 60 aylıq, illik 29 faizlə ona məxsus bank hesabına köçürülmüşdür. xx.xx.2020-ci il tarixli SMS məlumatlara, eləcə də iddiaçının arayışlarına əsasən cavabdehə ayrılmış kreditin limiti 2000 manata artırılmış və ona məxsus bank hesabına köçürülmüşdür. İddiaçı iddia ərizəsində göstərmişdir ki, kredit müqaviləsinin şərtlərinə əsasən cavabdeh öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirməmiş, onun 18 fevral 2025-ci il tarixə Banka 3773,89 manat əsas borcu, 698,24 manat faiz borcu yaranmış, ona 499,74 manat cərimə hesablanmışdır. Cavabdehin cəmi borcu 4971,87 manat təşkil edir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir. Cavabdehin ünvanına yazılı məhkəmə bildirişi və prosessual hüquq və vəzifələr barədə qanundan çıxarış göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmiş, bu barədə müvafiq reyestrdən çıxarış və xəbərnamə işə əlavə edilmişdir. Lakin, cavabdeh 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddia ərizəsinin dəlillərini, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, tərəflər arasında bağlanmış müqaviləyə, hesabdan çıxarışa və SMS bildirişə əsasən borcverən müqavilədə qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilənin 3.8 və 3.8.1-ci bəndlərinə əsasən “Borcalan” kreditin və onun faizlərinin ödənilməsi dövriliyini ən az iki dəfə beş təqvim günündən çox pozduqda “Bank” bu müqaviləyə birtərəfli qaydada vaxtından əvvəl xitam verə və kreditin qalıq məbləğinin kreditin verildiyi bütün dövr üçün hesablanmış kredit faizinin qalıq məbləği ilə birlikdə qaytarılmasını tələb edə bilər. Həmçinin, tərəflər arasında bağlanmış müqavilənin 8.3-cü bəndinə əsasən, müştəri krediti bu müqavilədə nəzərdə tutulmuş ödəmə müddətində və qaydada ödəmədikdə, ödəniş müddətinin sonundan başlayaraq, bank müştəriyə qarşı kredit üzrə borcun ödənilməsinin gecikdirildiyi hər təqvim günü üçün ödənilməli olan borc məbləğinin illik 180 %-dən – 360 %-dək miqdarında və kreditdən istifadəyə görə faizlərin ödənilməsinin gecikdirildiyi hər təqvim günü üçün ödənilməli olan kreditdən istifadəyə görə faiz məbləğinin illik 180 %-dən – 360 %-dək miqdarında cərimə tətbiq edir. İş materiallarına əlavə edilmiş, xx.xx.2025-ci il tarixli elektron arayışdan və kredit hesabından çıxarışdan görünür ki, cavabdehin 643sGNDJ/16 nömrəli kredit müqaviləsi üzrə Banka 3773,89 manat əsas borc, 698,24 manat faiz borcu, 499,74 manat cərimə olmaqla, cəmi 4971,87 manat borcu yaranmışdır. İş materiallarına əlavə edilmiş, iddiaçı bankın digər arayışında qeyd edilmişdir ki, bu sənədlə "xxxx" KB təsdiq edir ki, Cavabdeh bankda AZ55UBAZ**********1010AZN002 (kartın nömrəsi 524375HBZRİN6049) saylı kart hesabı var. xx.xx.2024-cü il tarixində müştərinin 1773,89 manat kredit xətti borcu olub. Elə həmin tarixdə əsas borcdan 57,05 manat (xx.xx.2018 tarixli 643sGNDJ/16 müq. kredit ödənişi), 2,92 manat, (xx.xx.2018 tarixli 643sGNDJ/16 müq. kredit ödənişi), 17,89 manat (:xx/xx/2024 12:05:36 944 17.89 AZE Baku MB Loan Payments) silinib. Nəticədə kredit xətti üzrə borcu 1731,81 manat təşkil edib. xx.xx.2024- cü il tarixdə müştəri 1000 manat kartdan vəsait (xx/xx/2024 15:53:06 944 1 000.00 AZE GANJA ATM GANJA BRANCH 2) çıxarıb, nəticədə limiti aşıb və borc 2731,81 manat təşkil edib. Yenidən xx.xx.2024-cü il tarixdə müştəri 980 manat kartdan vəsait (xx/xx/2024 15:53:57 944 980.00 AZE GANJA ATM GANJA BRANCH 2) çıxarıb, nəticədə limiti aşıb və ümumi borc 3711,81 manat təşkil edib, eyni tarixdə 62 manat kartdan karta köçürmə edib (xx/xx/2024 16:09:53 944 62.00 AZE BAKU LEO BANK P2P) nəticədə limiti aşıb və borc 3773,81 manat təşkil edib. xx.xx.2024-cü il tarixdə 86.80 manat kartdan köçürmə edib (xx/xx/2024 17:08:30 944 86.88 AZE BAKU LEO BANK P2P) nəticədə ümumilikdə 1773,89 manat məbləğində limiti aşmaqla kredit məbləği üzrə ümumi borc 3773,89 manat təşkil edib. Yekun nəticə olaraq müştərinin ümumilikdə xx.xx.2025-ci il tarixə Banka 3773,89 manat əsas məbləğ üzrə, 698,24 manat faiz üzrə, 449,74 manat cərimə üzrə borcu vardır. Həmin məbləğdən 2000 manat kredit limiti üzrə əsas borc, 370.55 manat həmin borca hesablanmış faiz və kredit məbləğindən limitdən artıq istifadə olunmuş məbləğə görə əsas borc 1773,89 manat, 327,69 manat həmin məbləğə hesablanmış faiz təşkil edir. xx.xx.2024-cü il tarixdə cavabdehin ünvanına bildiriş göndərilərək ona sözügedən kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi üçün Banka xx.xx.2024-cü il tarixə 3773,89 manat əsas, 451,19 manat faiz, 252,69 manat cərimə olmaqla, cəmi 4477,77 manat borcun (gecikmənin) olması, borc məbləğinə əlavə olaraq cərimə hesablandığı barədə xəbərdarlıq edilmiş və bütün borc məbləğinin tam olaraq 3 iş günü ərzində ödənilməsi təklif olunaraq kredit müqaviləsinin 3 iş günü müddətində ləğv edilməsi təklif olunmuş, əks təqdirdə, vaxtından əvvəl olaraq bütün borc məbləğinin və onun qaytarılması üçün çəkilən xərclərin tam olaraq qaytarılması tələbi ilə əlaqədar məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə məlumat verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (maddə 739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (maddə 739.2). Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir (maddə 462.1). Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə cavabdeh arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmışdır. İddiaçı öz öhdəliyini yerinə yetirərək müqavilədə nəzərdə tutulmuş məbləği borcalana vermiş, borcalan isə müqavilə üzrə öhdəliyini lazımi qaydada icra etməmiş, əsas və faiz borcunu vaxtında ödəməmiş və öhdəliyini pozmuşdur. Müqaviləyə uyğun olaraq bankın müqaviləyə birtərəfli qaydada xitam vermək və borcun vaxtından əvvəl qaytarılmasını tələb etmək hüququ yaranmışdır. Cavabdeh əsas və faiz borcunu vaxtında ödəməmiş, bununla da iddiaçının gecikdirilmiş məbləğə görə müqavilənin şərtlərinə uyğun olaraq dəbbə pulu tələb etmək hüququ da yaranmışdır. Bank cavabdehə xx.xx.2024-cü il tarixli pretenziya məktubu göndərərək öhdəlik pozulduğu üçün borcun tam ödənilməsi tələb etməklə kredit müqaviləsini xx.xx.2024-cü il tarixdə birtərəfli qaydada ləğv etmişdir. İddia tələbinə və iddiaçının təqdim etdiyi arayışlara görə cavabdehin Banka borcu ödənilməmiş əsas borc qismində 2000 manat, hesablanmış və ödənilməmiş faiz borcu qismində 370,55 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə görə əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin şərh edilməsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarında göstərilmişdir ki, ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Mülki işin tədqiq edilmiş hallarından göründüyü kimi Bank borcalanla xx.xx.2018-ci il tarixdə bağlanmış 643sGNDJ/16 nömrəli kredit müqaviləsindən xx.xx.2024-cü il tarixdə imtina etməklə ona xitam vermişdir. Həmin tarixə borcalanın Banka borcu ödənilməmiş əsas borc qismində 2000 manat, hesablanmış və ödənilməmiş faiz borcu qismində 370,55 manat təşkil etmişdir. Buna görə də borcalanın Banka faiz borcunun hesablanması məhkəməyə iddia ərizəsi ilə müraciət edildiyi tarixədək deyil, tərəflər arasındakı müqaviləyə xitam verildiyi tarixədək hesablanmalı, bu zaman iddiaçının hazırkı mövqeyi nəzərə alınmalıdır. Bununla yanaşı həm də nəzərə alınmalıdır ki, Bankın borcalana qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, tərəflər arasındakı müqavilənin ləğv edildiyi xx.xx.2024-cü il tarixdən sonra gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsi tələbi mövcud deyildir. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi ödənilməmiş əsas borcun əvəzi qismində 2000 manat, xx.xx.2024-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 370,55 manat məbləğində pul tələbi əsaslı olsa da, iddia əsas və faiz borcuna dair digər hissədə əsassızdır. Bundan başqa, Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini, habelə kredit müqaviləsi üzrə faiz dərəcəsini nəzərə alaraq, cavabdehdən iddiaçının xeyrinə 200 manat məbləğində cərimə tutulmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə hesab edir ki, iddia ərizəsi verilənədək deyil, xx.xx.2018-ci il tarixli kredit müqaviləsi birtərəfli qaydada ləğv edildiyi vaxtadək, yəni xx.xx.2024-cü il tarixinədək hesablanmış borc əsas götürülməli və cavabdehdən iddiaçının xeyrinə əsas borc üzrə 2000 manat, faizlər üzrə 370,55 manat, cərimə üzrə 200 manat olmaqla, cəmi 2570,55 manat tutulmalıdır. Bundan başqa, işin hallarından göründüyü kimi, cavabdeh istifadəsində olan, "xxxx" ASC-yə aid plastik kart vasitəsilə texniki yalnışlıq nəticəsində, limiti aşaraq 1773,89 manat məbləğində pul vəsaitini əldə etmişdir. Məhkəmə qeyd edir ki, Texniki Overdraft-akseptsiz və ya təkrar silinmə, valyuta məzənnəsinin dəyişdirilməsi və ya texniki əməliyyat nəticəsində nəticəsində hesabda yaranan mənfi qalıq, borc və öhdəlikdir. Başqa sözlə, Texniki Overdraft dedikdə, texniki səhv nəticəsində ödənilmiş (köçürülmüş), qalıq və ya borc qismində pul vəsaiti başa düşülür. Məhkəmə hesab edir ki, cavabdeh qeyd olunan pul vəsaitini "xxxx" ASC-yə qaytarmalı olmasına baxmayaraq, onu "xxxx" ASC-yə qaytarmamışdır. Bununla da cavabdeh, "xxxx" ASC-nin hesabına hüquqi əsas olmadan pul vəsaiti əldə etmişdir. Ona görə də məhkəmə mülki işin məhkəmə iclasında müəyyən olunmuş və yuxarıda qeyd edilmiş hallarını nəzərə alaraq hesab edir ki, cavabdehdən əsassız varlanma nəticəsində əldə edilmiş vəsaitin əvəzi qismində 1773,89 manat məbləğində pul vəsaiti alınaraq "xxxx" ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.4-cü maddəsinə görə öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Həmin Məcəllənin 1091.1 və 1091.2-ci maddələrinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə 643sGNDJ/16 nömrəli, xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 2000 manat əsas borc, 370,55 manat faiz borcu, 200 manat cərimə olmaqla, cəmi 2570,55 manat, əsassız varlanma nəticəsində əldə edilmiş vəsaitin əvəzi qismində 1773,89 manat məbləğində pul vəsaiti tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Həmçinin, MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin ounlduğundan, məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 63,44 manat dövlət rüsumunun əvəzi və iddiaçının bank xidmət haqqını ödəməsi nəticəsində çəkdiyi 0,40 manat əlavə xərcin əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalı, ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilməlidir. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 643sGNDJ/16 nömrəli, xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 2000 manat əsas borc, 370,55 manat faiz borcu, 200 manat cərimə olmaqla, 2570,55 (iki min beş yüz yetmiş manat əlli beş qəpik) manat, əsassız varlanma nəticəsində əldə edilmiş vəsaitin əvəzi qismində 1773,89 (bir min yeddi yüz yetmiş üç manat səksən doqquz qəpik) manat və ödənilmiş dövlət rüsumunun, bank xidmət haqqının əvəzi kimi 63,84 (altmış üç manat səksən dörd qəpik) manat pul vəsaiti tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №e-2(125)-2368/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-2368/2025
01.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver