Məhkəmə qərarları › İş №e-2(125)-2437/2022

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-2437/2022

05.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-2437/2022 05.12.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X2 Şakir oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra ASC) Cavabdeh qarşı “borc tələbinin vərəsələrə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı “borc tələbinin vərəsələrə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC-nin “Gəncə” filialı ilə borclu Quliyev Köçəri Adil oğlu arasında bağlanmış 10 fevral 2021-ci il tarixli, GNNPU-03073 saylı kredit müqaviləsinə əsasən əsas kredit borcuna görə 1971,39 manat, faiz borcuna görə 28,6 manat, cəmi 1999,99 manat pulun və dövlət rüsumu kimi ödənilmiş 40 manat pulun birgə borclu kimi Quliyev Köçəri Adil oğlunun qanun üzrə birinci dərəcəli vərəsəsi- Cavabdeh tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin “Gəncə” filialı ilə borclu Quliyev Köçəri Adil oğlu arasında bağlanmış 10 fevral 2021-ci il tarixli, GNNPU- 03073 saylı kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 20 faiz olmaqla 13 ay müddətinə 3500 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə və ona əlavə edilmiş ödəniş cədvəlinə əsasən borclu həmin məbləği və ona hesablannmış faizləri hər ayın 10dan gec olmamaq şərti ilə ödəməlidir. Lakin borclu Quliyev Köçəri Adil oğlu kredit ödənişlərini vaxtlı-vaxtında edə bilməmişdir. Gəncə “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsinin 13 avqust 2022-ci il tarixli Ölüm haqqında şəhadətnaməsinə əsasən, Quliyev Köçəri Adil oğlu xx.xx.2021-ci ildə vəfat etmişdir. Hal-hazırda Bank Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə (vərəsələrin kreditorlar qarşısında məsuliyyəti) əsaslanaraq, borclu Quliyev Köçəri Adil oğlu xx.xx.2021-ci ildə vəfat etdiyini nəzərə alaraq, 10 fevral 2021-ci il tarixli, GNNPU-03073 saylı kredit müqaviləsinə görə borcu onun qanun üzrə 1-ci dərəcəli vərəsəsindən tələb edir. Bu borclunun vərəsəsi- Cavabdehdur. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasına iştirakları olmadan baxılmasını və iddialarının tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş; İddiaçı ASC-nin “Gəncə” filialı ilə cavabdeh Quliyev Köçəri Adil oğlu oğlu arasında bağlanmış 10 fevral 2021-ci il tarixli, GNNPU-03073 saylı kredit müqaviləsindən görünür ki, Quliyev Köçəri Adil oğluna illik 20 faizlə 13 ay müddətinə 3500 manat kredit verilmişdir. xx.xx.2021-ci il tarixli kassa məxaric orderindən görünür ki, Quliyev Köçəri Adil oğlu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin kassasından 3500 manat pulu imza etməklə götürmüşdür. 16 sentyabr 2022-ci il tarixli RB02/PK-5921 nömrəli maliyyə arayışından görünür ki, borclu Quliyev Köçəri Adil oğlunun 10 fevral 2021-ci il tarixli, GNNPU-03073 saylı kredit müqaviləsi üzrə 15 sentyabr 2022-ci il tarixinə İddiaçı ASC-yə cəmi borcu 1999,99 (min doqquz yüz doxsan doqquz manat doxsan doqquz qəpik) manat o cümlədən 1971,39 (min doqquz yüz yetmiş bir manat otuz doqquz qəpik) manat əsas kredit borcu, 28,6 (iyirmi səkkiz manat altmış qəpik) manat faiz borcu təşkil edir. AZ-İİ seriyalı, 206469 nömrəli Gəncə “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş 13 avqust 2021-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Quliyev Köçəri Adil oğlu 08 avqust 2021-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 13 avqust 2021-ci il tarixdə 555 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə şəhəri 5 saylı Notariat ofisinin xx.xx.2022-ci il tarixli, 2V-21 nömrəli qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin surətindən görünür ki, Quliyev Köçəri Adil oğlunun xx.xx.2021-ci ildə vəfatından sonra vərəsəsi kimi ünvan 1 ünvanında qeydiyyatda olan oğlu – Cavabdeh tanınmışdır. xx.xx.2022-ci il tarixli iddiaçı tərəfindən Quliyev Köçəri Adil oğlunun vərəsəsi Cavabdeh ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, iddiaçı tərəfindən X1 Adil oğlunun vərəsəsinə xəbərdarlıq edərək, kredit müqaviləsi üzrə olan borcun ödənilməsini tələb etmiş, əks halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 1309-cu maddəsinə əsasən vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi plenumunun 16 oktyabr 2020-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243 və 1306.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.4 və 307.2.9-cu maddələrinə əsasən, vərəsələrin vərəsəlik şəhadətnaməsi almaması miras qoyanın kreditorlarının öhdəliklərin icrasının miras qalmış əmlak hesabına təmin edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququnu məhdudlaşdırmır və kreditorların bu cür tələblərinə iddia icraatı qaydasında baxılmalıdır. Məhkəmə qeyd edir ki, Quliyev Köçəri Adil oğlunun İddiaçı ASC-yə 10 fevral 2021ci il tarixli, GNNPU-03073 saylı kredit müqaviləsi üzrə borcu onun mirasını qəbul etmiş vərəsəsindən tutulmalıdır. Belə ki, miras, miras aktivindən və passivindən ibarət olmaqla mirası qəbul etmiş vərəsələrə mirasın aktivindən pay əldə etmək hüququ verdiyi kimi eyni zamanda mirasın passivi üzrə miras qoyanın öhdəliklərini icra etmək vəzifəsini də yaradır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından bəlli olur ki, iddiaçı bankla X1 Adil oğlu arasında kredit müqaviləsi bağlanmış və bununla da onlar arasında kredit hüquq münasibətləri yaranmışdır. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, Quliyev Köçəri Adil oğlu isə həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. X1 Adil oğlu vəfat etdiyindən və onun vəfatından sonra miras qalmış evə cavabdehin miras payı müəyyən olunduğundan yuxarıda qeyd edilən mülki qanunvericiliyin tələbləri baxımından məhkəmə hesab edir ki, sözügedən borc cavabdehdən miras payına mütənasib olaraq tutulmalı və iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin olunmalı, X1 Adil oğlunun vərəsəsi Cavabdeh 1971,39 (bir min doqquz yüz yetmiş bir manat otuz doqquz qəpik) manat əsas kredit borcu, 28,6 (iyirmi səkkiz manat altmış qəpik) manat faiz borcu olmaqla cəmi 1999,99 (bir min doqquz yüz doxsan doqquz manat doxsan doqquz qəpik) manat borc tutulub iddiaçı Rabitəbank” ASCyə ödənilməlidir. Bundan başqa, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107 və 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İş materiallarından görünür ki, məhkəmə xərcləri iddiaçının iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödəmiş olduğu 40 manat dövlət rüsumundan ibarətdir. İddia tələbi əsaslı olduğundan məhkəmə ödənilmiş 40 (qırx) manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh əsas borc üzrə 1971,39 (bir min doqquz yüz yetmiş bir manat otuz doqquz qəpik) manat, faiz borcu üzrə 28,6 (iyirmi səkkiz manat altmış qəpik) manat, cəmi 1999,99 (bir min doqquz yüz doxsan doqquz manat doxsan doqquz qəpik) manat borc və məhkəmə xərci qismində ödənilmiş 40 (qırx) manat tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar