Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-244/2024 18.03.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı "borcun qaytarılması" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən birgə qaydada 10508,24 manat əsas, 1723,57 manat faiz və 55,48 manat cərimə olmaqla, cəmi 12287,29 manat kredit borcunun və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 127 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki hallarına görə İddiaçı ASC (Bank) ilə Cavabdeh1 (borcalan və ya cavabdeh), Cavabdeh2 və Cavabdeh3 (zaminlər) arasında xx.xx.2022-ci il tarixli, MK/93798/86/10 nömrəli Kredit Sazişi bağlanmışdır. Həmin saziş İddiaçı ASC-nin Müştərilərinə Kreditləşmə və Xidmət Şərtləri ilə birlikdə müqavilə məfhumunu əmələ gətirir. Həmin müqaviləyə və kassa məxaric orderinə əsasən Bank istehlak məqsədləri ilə borcalana illik 24 % olmaqla 36 ay müddətinə, 12000 manat məbləğində nağd pul krediti vermişdir. Ödəniş cədvəlinə əsasən kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixinədək (həmin tarix də daxil olmaqla) hər ay 470,79 manat, sonuncu ay 477,24 manat ödənilməli idi. Müqavilə üzrə Banka olan borc qismən ödənilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən bank Borcluya 36 ay müddətinə, illik 24% olmaqla 12000 manat məbləğində kredit vermişdir. Hazırda borclu “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit müqaviləsinə əsasən kredit alan pul öhdəliklərinin icrasını gecikdirdikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ilə bağlanmış zaminlik müqаviləsinə əsаsən zamin bаnk qаrşısındа öz üzərinə məsuliyyət götürərək krеdit müqаviləsindən irəli gələn öhdəliklərin icrаsı üçün Cavabdeh1 ilə birgə məsuliyyət dаşıyır və krеditin qаytаrılmаsı ilə bаğlı Cavabdeh1 bütün öhdəliklərini icrа еtməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verdi və ekspert rəyi ilə razı olduğunu bildirərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh1 məhkəmənin hazırlıq iclasında iştirak edərək borcun düzgün hesablanmadığını, hər ay 471 manat olmaqla 7 ay ödəniş etdiyini, borcundan xeyli ödənişlər etsə də ödənişləri faiz borcuna sildiyini, iş üzrə ekspertiza təyin edilməli olduğunu bildirmiş, lakin sonrakı məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İş üzrə digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat göndərilsə də, onlar, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 147 və 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işin mübahisəsiz halları ilə müəyyən edilir ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən tərəflərin öhdəlikləri “Müştərilərinə kreditləşmə və xidmət şərtləri (mikrokreditləşmə üzrə)” ilə tənzimlənir. Həmin şərtlərə əsasən müştəri ödənişlərini Müqavilədə (həmçinin onun əlavələrində) göstərilən qaydada vaxtında və lazımınca icra etmədikdə, müştərinin əmlak vəziyyəti, Müqavilə üzrə pul öhdəliklərinin icra edilməsi üçün təhlükə yaradan dərəcədə pisləşdikdə və s. hallarda Bank kreditin qalıq məbləğinin, hesablanmış faizlərin, cərimə, komisyon haqlarının və digər xərclərin vaxtından əvvəl qaytarılmasını tələb edə, habelə kartın mülkiyyətçisi kimi müvafiq tədbirlər görə və bank praktikası ilə müəyyən olunmuş digər sanksiyalar tətbiq edə bilər. Eyni zamanda Cavabdeh2 və Cavabdeh3 (zaminlər) kredit müqaviləsi üzrə borclunun öhdəliklənin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdəsinə götürmüşlər. İş materiallarına əlavə edilmiş, xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə borcalanın Banka olan borcu əsas məbləğ üzrə 10508,24 manat, faiz məbləği üzrə 1723,57 manat və cərimə üzrə 55,48 manat təşkil edir. Cavabdehlərin ünvanına ayrı-ayrılıqda xx.xx.2023-cü il tarixli bildiriş göndərilərək onlara xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə borcun (gecikmənin) olması, bununla əlaqədar onlara faiz borcu və cərimə hesablandığı, eləcə də müqavilənin birtərəfli qaydada ləğv edildiyi barədə xəbərdarlıq edilmiş və borcun dərhal ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi, borcdan əlavə məhkəmə və icra xərclərinin də tutulacağı bildirilmişdir. Sözügedən xəbərdarlıqların cavabdehlərə çatdırılmasını təsdiq edən poçt göndərişlərinin surəti iş materiallarına əlavə edilmişdir. İş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının 9/9914 nömrəli, 26 yanvar 2024-cü il tarixli rəyi ilə, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən və iş materiallarında olan hesabdan çıxarış məlumatları, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, MK/93798/86/10 nömrəli kredit müqaviləsində qeyd olunan şərtlər nəzərə alınaraq Cavabdeh1 İddiaçı ASC-yə sualda qeyd edilən tarixə 12135,21 manat məbləğində, o cümlədən əsas borc üzrə 10157,71 manat, faiz borcu üzrə 1977,50 manat müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (maddə 739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (maddə 739.2). Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür (maddə 470.1). Borclu zaminliklə təmin edilmiş öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (maddə 472.1). Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kredit və bank hesabı) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (maddə 385.1). Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (maddə 442). Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir (maddə 462.1). Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə borcalan, eləcə də zaminlər arasında qanunvericiliyə uyğun olaraq kredit və zaminlik müqaviləsi bağlanmışdır. İddiaçı öz öhdəliyini yerinə yetirərək müqavilədə nəzərdə tutulmuş məbləği borcalana vermiş, borcalan və zaminlər isə kredit və zaminlik müqaviləsi ilə üzərinə götürdükləri öhdəliyi lazimi qaydada icra etməmiş, tam yerinə yetirməmişlər. Tərəflər arasında kredit və zaminlik müqaviləsinin bağlanmasını təkzib edən əsaslar iş materiallarında mövcud deyil. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, borcalan kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmalarına dair üzərinə öhdəlik götürmüşdür. Lakin, borcalan kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Mülki Məcəllənin 447.1-ci maddəsinə görə əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin şərh edilməsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarında göstərilmişdir ki, ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Mülki işin tədqiq edilmiş hallarından göründüyü kimi Bank cavabdehlərə xx.xx.2023cü il tarixli pretenziya məktubu göndərərək öhdəlik pozulduğu üçün borcun tam ödənilməsi tələb etməklə xx.xx.2022-ci il tarixli, MK/93798/86/10 nömrəli kredit müqaviləsindən xx.xx.2023-cü il tarixdə imtina etməklə ona xitam vermişdir. Həmin tarixə borcalanın Banka borcu ekspert rəyinə görə əsas borc üzrə 10157,71 manat, faiz borcu üzrə 1977,50 manat təşkil etmişdir. Bununla yanaşı nəzərə alınmalıdır ki, Bankın borcalana qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, tərəflər arasındakı müqavilənin ləğv edildiyi xx.xx.2023-cü il tarixdən sonra gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsi tələbi mövcud deyildir. Məhkəmə eyni zamanda digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 mülki məsuliyyətini araşdıraraq hesab edir ki, onlar sözügedən müqavilə üzrə alınmış kreditə görə zamin olduqlarından, borcun ödənilməsi üçün birgə məsuliyyət daşıyırlar. Odur ki, iddiaçı borcun qaytarılmasını cavabdehlərdən tələb etməkdə haqlıdır. Lakin məhkəmə hesab edir ki, əsas və faiz borcu ekspert rəyinə uyğun olaraq cavabdehlərdən tutulmalı, bu zaman faiz borcu hissədə Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin (MPM) 218.3-cü maddəsinin tələbləri nəzərə alınmalıdır. Ekspert rəyinin məhkəmə üçün digər sübutlardan üstün hüquqi qüvvəsinin olmamasını qanunvericilik müəyyən etsə də, iddiaçı ekspert rəyini təkzib edəcək sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də, məhkəmə sözügedən müqavilənin tarixi və nömrəsi ilə bağlı ekspert rəyində texniki səhvə yol verildiyini də nəzərə alaraq ekspert rəyini daha mötəbər sübut hesab edir. MPM-in 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 77.1-ci maddəsi müəyyən edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin, qeyd edilməlidir ki, iddiaçının təqdim etdiyi sübutlar borcun düzgün hesablandığını təsdiq edir, hazırki iş üzrə məhkəmə iclaslarında iştirak etmiş borcalan, habelə digər cavabdehlər isə məhkəməyə iddia tələbini təkzib və borcun düzgün hesablanmadığını təsdiq edəcək heç bir sübut təqdim etməmişdir. Cavabdehlər əsas və faiz borcunu vaxtında ödəmədiyindən iddiaçının gecikdirilmiş məbləğə görə müqavilənin şərtlərinə uyğun olaraq dəbbə pulu tələb etmək hüququ da yaranmışdır. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini, habelə kredit müqaviləsi üzrə faiz dərəcəsini nəzərə alaraq, cavabdehlərdən iddiaçının xeyrinə 55,48 manat məbləğində cərimə tutulmasını məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmə hesablanmış dəbbə pulunun məbləğini də nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdehlərdən müştərək qaydada 10157,71 manat əsas borc, 1723,57 manat faiz borcu və 55,48 manat cərimə olmaqla, cəmi 11936,76 manat İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Həmçinin, MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən əsaslı olduğundan, məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun bir hissəsi – 125,81 manat cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya verilməli, həmçinin ekspertiza xərci də cavabdehlərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada xx.xx.2022ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 10157,71 manat əsas borc, 1723,57 manat faiz borcu və 55,48 manat cərimə olmaqla, cəmi 11936,76 (on bir min doqquz yüz otuz altı manat yetmiş altı qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 125,81 (bir yüz iyirmi beş manat səksən bir qəpik) manat məbləğində pul vəsaiti müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Keçirilmiş ekspertizanın xərci olan 100 (bir yüz) manat Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Büdcə təsnifat kodu: 142595; Büdcə səviyyəsinin kodu: 3; Adı: X1; Kodu: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZ********************; SWİFT BİK: CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN: **********; Hesab: AZ34CTRE********************) hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №e-2(125)-244/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-244/2024
18.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver