Məhkəmə qərarları › İş №e-2(125)-2446/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-2446/2023

14.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-2446/2023 14.06.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehlər Cavabdeh3 və Cavabdeh1 iştirakı ilə, iddiaçı BOKT İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması və tutmanın girov predmetinə yönəldilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı BOKT "xxxx" MMC cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 5647,74 manat əsas, 2215 manat faiz, 284 manat cərimə olmaqla, cəmi 8146,74 manat borcun və ödənilmiş dövlət rüsumu hesabına 102,27 manat pulun alınıb BOKT “Viator Mikrokredit-Azərbaycan" MMC-nin xeyrinə ödənilməsi, tələbin girov predmeti olan əyarı 583, çəkisi 35,63 qram olan 1 ədəd boyunbağı; əyarı 583, çəkisi 5,47 qram olan 1 ədəd boyunbağı klonu ilə; əyarı 583, çəkisi 11,25 qram olan 1 ədəd saat; əyarı 583, çəkisi 2,80 qram olan 1 ədəd üzük və əyarı 880, çəkisi 8,57 qram olan 1 ədəd onluqdan ibarət qızıl-zinət əşyalarına yönəldilməsi, həmin əşyaların satılaraq dəyərinin borca ödənilməsi, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə isə borcun cavabdehlərin əmlakına, əmək haqqına və digər gəlirlərinə yönəldilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki halları ondan ibarətdir ki, BOKT "xxxx" MMC ilə Cavabdeh3 (borcalan) arasında bağlanmış 25687/2 nömrəli, xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə və məxaric qəbzinə əsasən iddiaçı MMC borcalana ticarətin inkişafı məqsədi ilə 24 ay müddətinə, illik 28 faiz dərəcəsi ilə 6600 manat məbləğində kredit vermiş, borcalan isə müqavilə ilə müəyyənləşdirilmiş şərtlərlə kredit məbləğini, habelə kreditdən istifadəyə görə hesablanmış faizləri MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. Borcalanın həmin öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə iddiaçı MMC ilə borcalan arasında 25687/2 nörməli xx.xx.2020-ci il tarixli girov müqaviləsi bağlanmış və borcalana məxsus əyarı 583, çəkisi 35,63 qram olan 1 ədəd boyunbağı, əyarı 583, çəkisi 5,47 qram olan 1 ədəd boyunbağı klonu, əyarı 583, çəkisi 11,25 qram olan 1 ədəd saat, əyarı 583, çəkisi 2,80 qram olan 1 ədəd üzük və əyarı 880, çəkisi 8,57 qram olan 1 ədəd onluqdan ibarət qızıl-zinət əşyaları girov qoyulmuşdur. Borcalanın həmin öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə iddiaçı MMC ilə Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 (zaminlər) arasında müvafiq olaraq 25687/2 nömrəli, xx.xx.2020-ci il tarixli zaminlik müqavilələri imzalanmış, həmin müqavilələrə əsasən zaminlər Borcalanın iddiaçı MMC qarşısında 25687/2 nömrəli, xx.xx.2020-ci il tarixli müqavilə üzrə öhdəliyinin tam həcmdə yerinə yetirilməsi üçün birgə məsuliyyəti öz üzərinə götürmüşlər. Borcalanla iddiaçı MMC arasında imzalanmış ümumilikdə üç ödəniş cədvəli barədə əlavə saziş bağlanmışdır. Belə ki, iddiaçı MMC ilə Borcalan arasında sözügedən kredit üzrə xx.xx.2020-ci il tarixli növbəti (üçüncü) ödəniş cədvəli barədə əlavə saziş imzalanmış və həmin sazişə əsasən kreditin ödəniş müddəti 39 ay uzadılmış, sonuncu ödəniş müddəti xx.xx.2023-cü il tarixi müəyyən edilmişdir. Həmin ödəniş cədvəli əsasında borcalan 39 ay ərzində birinci ay 494 manat, ikinci və üçüncü ay 362 manat, sonarkı hər ay 250,43 manat, sonuncu ay isə 250,41 manat ödəməli idi. İddiaçı iddia ərizəsində göstərmişdir ki, borcalan müqavilənin şərtlərini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdehlərə borc məbləğinin ödənilməsi barədə şifahi və rəsmi qaydada xəbərdarlıqlar edilməsinə baxmayaraq, onlar müxtəlif bəhanələrlə kredit borcunu ödəməkdən imtina etmişlər. Nəticədə cavabdehlərin iddiaçı MMC-yə 5647,74 manat əsas, 2215 manat faiz, 284 manat cərimə olmaqla, cəmi 8146,74 manat borcu yaranmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi xx.xx.2020-ci il tarixdə Cavabdeh3 24 ay müddətinə ödəmək şərti ilə 6600 manat məbləğində kreditin verildiyini, cavabdehin xx.xx.2020-ci il tarixdə iddiaçıya müqavilə müddətinin 3 ay daha artırılması üçün müraciət etdiyini qeyd etdi və əlavə etdi ki, vətəndaş borcunu ödəyə bilmədiyi üçün girov müqaviləsinin predmeti olan 1 ədəd qolbağını sataraq banka 800 manat ödəniş etmişdir, buna görə də yenidən ödəniş cədvəli verilibdir. Girov müqaviləsinin predmeti üzrə qızılların ümumi dəyəri 2700 manat təşkil edir, sonuncu ödəniş cədvəli üzrə xx.xx.2021-ci il tarixdə ödəniş edilib, xəbərdarlıqlar olunsa da, müqavilənin müddəti 3 ay uzadıldıqdan sonra da müqavilə cavabdehlər tərəfindən lazımınca icra edilməyib. Odur ki, iddianın məhkəmə tərəfindən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 izahatında sözügedən kredit müqaviləsini bağladığını, girov müqaviləsi üzrə qızıllarını girov qoyduğunu qeyd etdi və əlavə etdi ki, 1 ədəd qolbağı sataraq 848 manat məbləğində ödəniş etmişdir, banka girov müqaviləsinin predmeti olan təxminən 5000 manat dəyərindəki qızılların satılaraq borcun ödənilməsini təklif etdiyini bildirdi. Borcunu ödəməli olduğunu qəbul edir. Borcalan məhkəmədən borcun ödənilməsi üçün tələbin girov predmetinə yönəldilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında bildirdi ki, bundan əlavə kredit borcu olduğu üçün sözügedən müqavilə üzrə borcu ödəməyə imkanı yoxdur. İş üzrə digər cavabdehlər Cavabdeh2 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehlərin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işin mübahisəsiz halları ilə müəyyən edilir ki, iddiaçı MMC ilə borcalan arasında bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə, ödəniş cədvəli barədə xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli əlavə sazişlərə və məxaric qəbzinə əsasən iddiaçı MMC borcalana ticarətin inkişafı məqsədi ilə 39 ay müddətinə, illik 28 faiz dərəcəsi ilə 6600 manat məbləğində kredit vermiş, borcalan isə müqavilə ilə müəyyənləşdirilmiş şərtlərlə kredit məbləğini, habelə kreditdən istifadəyə görə hesablanmış faizləri MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.7.1-ci bəndində nəzərdə tutulmuşdur ki, krediti və onun faizlərinin ödənilməsi dövrlərini ən az 2 dəfə beş təqvim günündən çox pozduqda müqavilənin vaxtından əvvəl icra edilməsini və kreditalanın müqavilə üzrə kreditverənə olan borcunun vaxtından əvvəl ödənilməsini tələb etmək kreditverənin hüququdur. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, borcalanın iddiaçı MMC-yə 25687 nömrəli kredit müqaviləsi üzrə 5647,74 manat əsas borcu, 2215 manat faiz borcu, 284 manat cərimə borcu olmaqla, cəmi 8146,74 manat məbləğində borcu mövcuddur. xx.xx.2021-ci il tarixli və xx.xx.2022-ci il tarixli xəbərdarlıq və son xəbərdarlıqlardan görünür ki, cavabdehlərə sözügedən kredit müqaviləsi üzrə borcun (gecikmənin) olması barədə xəbərdarlıq edilmiş və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə müvafiq iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə məlumat verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (739-cu maddə). Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı MMC ilə borcalan Cavabdeh3 arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmışdır. Cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun iddiaçı qarşısında yuxarıda göstərilən məbləğdə icra edilməmiş pul öhdəliyi vardır. İddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə və Mülki Məcəllənin 739-cu maddəsinin göstərişinə əsaslanaraq məhkəmə hesab edir ki, həmin pul Cavabdeh3 tutulmalıdır. Belə ki, iddiaçının təqdim etdiyi sübutlar borcun düzgün hesablandığını təsdiq edir, cavabdeh isə məhkəməyə iddia tələbini təkzib edəcək heç bir sübut təqdim etməmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi kreditin və kreditə hesablanmış faizlərin ödənilməmiş hissəsini tələb etməkdə haqlıdır. Məhkəmə eyni zamanda iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması borcalan cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas və faiz borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onun vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 284 manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, dəbbə pulu azaldılaraq 100 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə, həmçinin tələbin girov qoyulmuş əşyalara yönəldilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, Mülki Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Göstərilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, borcalan cavabdehin iddiaçıya olan pul öhdəliyi girovla təmin edildiyindən və həmin cavabdeh iddiaçı qarşısında olan pul öhdəliyini yalnız özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, iddiaçı tələbin girovla yüklü edilmiş göstərilən əşyalara yönəldilməsini məhkəmə qaydasında tələb etməkdə haqlıdır. Odur ki, iddianın həmin hissəsi də təmin edilərək, borc tələbi kreditin təminatı kimi girovla yüklü edilmiş qızıl-zinət əşyalarına yönəldilməlidir. Məhkəmə eyni zamanda tələbin girovla yüklü edilmiş əmlaka yönəldilməsi qaydasını müəyyən edərək, belə nəticəyə gəlir ki, iddiaçının tələbinin girov qoyulmuş göstərilən əşyalara yönəldilməsi girovla yüklü edilmiş göstərilən əmlakların açıq hərracdan satış yolu ilə realizə edilməlidir. Belə ki, Mülki Məcəllənin 297-ci maddəsinə əsasən girov qoyulmuş əşya hərracda (açıq auksionda) və ya “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda istənilən üsulla satıla bilər. Bundan başqa, məhkəmə iddianın “borcun cavabdehlərin əmlaklarına, əmək haqqına və digər gəlirlərinə yönəldilməsi” hissəsinə hüquqi qiymət verərək hesab edir ki, tələb girov predmeti olan əşyalara yönəldikdən sonra, satışdan əldə olunan vəsait kifayət etmədikdə tələbin cavabdehin (cavabdehlərin) əmlaklarına, əmək haqqına və digər gəlirlərə yönəldilməsi məsələsi “İcra haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına əsasən icra məmuru tərəfindən qətnamənin icrası mərhələsində həyata keçirilməlidir. Odur ki, məhkəmə hesab edir ki, iddia göstərilən hissədə əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə, eyni zamanda iddia tələbinin digər cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 qarşı olan hissəsini də araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə rədd edilməlidir. Belə ki, Mülki Məcəllənin 477.0.1-ci maddəsinə əsasən zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə gətirib çıxaran dəyişikliklər dedikdə, zaminin müqavilə bağlayarkən həmin müqavilə üzrə öhdəsinə götürdüyündən daha artıq öhdəliyinin yaranması nəzərdə tutulur. Göründüyü kimi, həmin maddə istənilən dəyişikliyə görə zaminliyin xitamını nəzərdə tutmur. Bu normaya əsasən, zaminliyin xitamı üçün təmin edilmiş öhdəliyə edilən dəyişiklik zaminin məsuliyyətini artırmalı və ya onun üçün başqa əlverişsiz nəticələrə səbəb olmalıdır. Zaminliyə xitam verilməsi üçün hər iki şərtin, yəni zaminin razılığı olmadan öhdəliyin dəyişdirilməsi və belə dəyişdirilmənin onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması vacibdir. Zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması hallarına: kreditin ümumi məbləğinin artırılması; kreditin faizinin artırılması; kreditin valyutasının dəyişdirilməsi; kreditin qaytarılma müddətinin uzadılması və digər mühüm hallar aid edilə bilər. Zaminin razılığı alınmadan bağlanmış kredit müqavilələrində nəzərdə tutulmuş öhdəliyin konkret həcmi kredit xətti müqaviləsi ilə müəyyən edilmiş ümumi məbləğ və müddət həddində olmalıdır. İş matariallarından göründüyü kimi, iddiaçı MMC ilə borcalan Cavabdeh3 arasında xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə ödəniş cədvəllərinə dair xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli əlavə sazişlər bağlanmış, digər cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 ilə iddiaçı MMC arasında belə məzmunlu saziş bağlanmamış, kredit müqaviləsinin şərtləri dəyişdirilərkən həmin cavabdehlərin zamin kimi razılıqları alınmamışdır. Halbuki kredit müqaviləsinə xx.xx.2020-ci il tarixli əlavə sazişlə edilmiş dəyişikliklə müqavilənin müddəti uzadılmışdır. Beləliklə müəyyən edilir ki, xx.xx.2020-ci il tarixdə bağlanmış əlavə razılaşmada edilmiş dəyişiklik zaminlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 məsuliyyətinin artmasına və onlar üçün əlverişsiz nəticələrə səbəb olduğundan və bu dəyişiklik barədə onların razılığı alınmadığından Mülki Məcəllənin 477.0.1-ci maddəsinə əsasən onların zamin kimi məsuliyyətlərinə xitam verilmiş hesab edilməlidir. Göstərilən qanunvericilik normalarını və Konstitusiya Məhkəməsi Plenumunun qərarındakı mövqeyini rəhbər tutaraq məhkəmə qeyd edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 zamin kimi məsuliyyətlərinə xitam verilmiş hesab edilməli, iddia tələbi borcun Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 tutulması hissədə rədd edilməlidir. Həmçinin, MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia əsasən əsaslı olduğundan ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat məbləğində pul vəsaiti Cavabdeh3 iddiaçı MMC-nin xeyrinə tutulmalıdır. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh3 25687/2 nömrəli, xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 5647,74 manat əsas borc, 2215 manat faiz borcu və 100 manat cərimə olmaqla cəmi 7962,74 (yeddi min doqquz yüz altmış iki manat yetmiş dörd qəpik) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 (bir yüz) manat məbləğində pul alınaraq BOKT "xxxx" MMC-yə ödənilsin. Tələb üzrə tutma Cavabdeh3 məxsus girov predmeti olan əyarı 583, çəkisi 35,63 qram olan 1 ədəd boyunbağı; əyarı 583, çəkisi 5,47 qram olan 1 ədəd boyunbağı klonu ilə; əyarı 583, çəkisi 11,25 qram olan 1 ədəd saat; əyarı 583, çəkisi 2,80 qram olan 1 ədəd üzük və əyarı 880, çəkisi 8,57 qram olan 1 ədəd onluqdan ibarət qızıl-zinət əşyalarına yönəldilərək həmin əşyalar açıq hərracdan satılsın və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi təmin edilsin. Satışdan əldə edilən vəsait borcun ödənilməsinə yetərli olmazsa, qalan məbləğ Cavabdeh3 ümumi qaydada tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar