Məhkəmə qərarları › İş №e-2(125)-251/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-251/2024

17.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-251/2024 17.01.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, Cavabdeh1 ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «subroqasiya qaydasında pul tələbi» barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı sığorta ödənişinin ödənilməsinə sərf edilmiş vəsaitin bir hissəsinin əvəzi qismində Cavabdeh1 4.535 manat 40 qəpik və Cavabdeh2 6.161 manat 14 qəpik, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 123 manat 39 qəpik məbləğində pul vəsaitinin cavabdehlərdən iddiaçının xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı "xxxx" ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh1 tərəfindən idarə olunan «VAZ 21074» markalı ** CA *** dövlət qeydiyyat nişanlı və Cavabdeh2 tərəfindən idarə olunan «Mercedes Benz E220» markalı ** XZ *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitələri ilə "xxxx" ASC tərəfindən «Avtonəqliyyat vasitələrinin tam sığortası» növü üzrə sığortalanmış «BMW X5» markalı ** AR *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə xx.xx.2022-ci il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Hadisə ilə bağlı tərtib olunmuş TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh1 və TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh2 təqsirli bilinmişdir. Sığortalı «BMW X5» markalı ** AR *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə vurulan zərərin əvəzində sığorta ödənişi verilməsi ilə bağlı "xxxx" ASC-yə zərərçəkən müraciət etmişdir. «BMW X5» markalı ** AR *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərər qiymətləndirilmiş, «Zərər dəymiş avtonəqliyyat asitəsinin qiymətləndirilməsinə dair hesabat»a əsasən 20.088 manat 56 qəpik məbləğində müəyyən edilmişdir. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli sığorta əsasən sığortalı dəymiş zərər məbləği ilə razı olmadığından nəqliyyat vasitəsi təmirə yönəldilmiş və 20.088 manat 56 qəpik məbləğində sığorta ödənişi (17.024 manat 20 qəpik nəqliyyat vasitəsinin ehtiyyat hissələri və təmir xərcləri, 3.064 manat 36 qəpik ƏDV olmaqla) məbləğində sığorta ödənişi nəqliyyat vasitəsinin təmiri ilə bağlı təmir mərkəzinin hesabına köçürülmüşdür. Təqsirli tərəflərin icbari sığortası "xxxx" şirkəti və "xxxx" şirkəti olduğundan "xxxx" şirkəti tərəfindən "xxxx" ASC-yə 5.000 manat, "xxxx" şirkəti tərəfindən isə 4.392 manat 02 qəpik məbləğində vəsait ödənilmişdir. xx.xx.2023-cü il tarixində sığorta ödənişləri çıxılmaqla qalıq məbləğ olan 4.535 manat 40 qəpik Cavabdeh1 və 6.161 manat 14 qəpik hissəsi isə Cavabdeh2 tərəfindən subroqasiya hüququ əsasında geri qaytarılması barədə cavabdehlərə məktub göndərilmiş, lakin cavabdehlər həmin məbləği ödəməmişdir. Buna görə də iddiaçı məcbur olub məhkəməyə müraciət etmişdir. Sonda iddiaçının nümayəndəsi iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə «Elektron məhkəmə» informasiya sistemi vasitəsi ilə məhkəməyə daxil olmuş ərizəsində iddiaçının nümayəndəsi Nümayəndə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 məhkəməyə yazılı etiraz təqdim etməklə, iddianı qəbul etmədiyini bildirərək, izahatında göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat 12:15-də adına olan «VAZ-21074» markalı ** CA *** dövlət qeydiyyat nişanlı avtomobili ilə 5 nəfər ailə üzvü ilə birlikdə «Bakı-Qazax» magistral avtomobil yolu ilə Goranboy rayonunun, Borsunlu kəndi ərazisindən Gəncə şəhəri istiqamətində saatda 70-80 km sürətlə hərəkətdə olarkən sol yan güzgüdən arxaya baxanda görmüşdür ki, iki avtomobil, yəni ** XZ *** dövlət qeydiyyat nişanlı «Mercedes Benz» markalı avtomobil ilə «BMW X5» markalı ** AR *** dövlət qeydiyyat nişanlı avtomobillər yüksək sürətlə arxasınca gəlirlər və bir-biri ilə ötüşüb onu keçmək istəyirlər. Həmin anda yol-nəqliyyat hadisəsi olacağı ehtimalını nəzərə alıb, o, avtomobilini bir az da səkiyə tərəf çəkmişdir ki, baş verə biləcək hadisənin qarşısını alsın. Həmin vaxt ** AR *** dövlət qeydiyyat nişanlı «BMW X5» markalı avtomobili ötüb keçmək istəyərkən onun arxasınca eyni istiqamətdə onu ötüb keçməyə çalışan «Mercedes Benz E220» markalı ** XZ *** dövlət qeydiyyat nişanlı avtomobil eyni vaxtda ikisinin də avtomobilini vurmuşdur. Onun idarə etdiyi avtomobilin baqajı əyilib arxa təkərlərə yapışmış, «BMW X5» markalı avtomobilin oturacağı isə «Mercedes» markalı avtomobilin ön hissəsinə yapışmışdır. «Mercedes» markalı avtomobilin onun avtomobilini vurması nəticəsində avtomobili 180 dərəcə fırlanmış, həmin vaxt «Mercedes Benz» markalı ** XZ *** dövlət qeydiyyat nişanlı avtomobil onun avtomobilinin ön hissəsi, təkrarən də ön hissədən vurmuşdur. Daha sonra hadisə barədə DYP-nin əməkdaşları məlumat aldıqlarından gəlib hadisəni sənədləşdirmişlər. Azərbaycan Respublikası DİN-nin BDYPİnin Vİİİ Tağım Yol patrul xidməti inspektoru, polis serjantı X1 onu İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinib 40 manat cərimə etməsi ilə bağlı qəradan narazıdır, şikayət verəcəkdir. DİN-nin BDYPİ-nin İstintaq və Təhqiqat idarəsinin təhqiqatçısının onun barəsində qanunsuz protokol yazması və təhqiqatçının qərar qəbul etməsi nəticəsində "xxxx" ASC ondan 4.535 manat 40 qəpik pul tələb edir. Sonda Cavabdeh1 iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, Cavabdeh1 dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli, C-MİC-1627/22 nömrəli avtonəqliyyat vasitələrinin tam sığortası şəhadətnaməsindən görünür ki, «BMW X5» markalı ** AR *** dövlət qeydiyyat nişanlı avtomobil yol nəqliyyat hadisələrinə, hər hansı predmetlə toqquşma və s. hallarda "xxxx" ASC-də xx.xx.2024-cü il tarixə qədər sığortalanmışdır. İşdə olan xx.xx.2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, «VAZ-21074» markalı ** CA *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, «Mercedes Benz E220» markalı ** XZ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İşdə olan Cavabdeh1 Azərbaycan Respublikası DİN-nin Baş DYP idarəsinə verdiyi xx.xx.2022-ci il tarixli izahatının surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 12:15 radələrində özünə məxsus olan «VAZ-21074» markalı ** CA *** dövlət qeydiyyat nişanlı avtomobillə iki zolaqlı Gəncə-Qazax avtomobil yolunun üzü Qazax istiqamətində, yolun sağ hissəsində saatda 50 km hərəkətdə olarkən, qarşısında olan «KAMAZ» markalı avtomobili ötmək istəyərkən yolun sol hissəsinə çıxmışdır. Bu zaman arxadan gələn «BMW X5» markalı ** AR *** dövlət qeydiyyat nişanlı avtomobilin sağ arxa qapısı ilə onun avtomobilinin sol ön tərəfi toqquşmuşdur. İş materiallarında olan Cavabdeh2 Azərbaycan Respublikası DİN-nin Baş DYP idarəsinə verdiyi xx.xx.2022-ci il tarixli izahatının surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 12:15 radələrində etibarnamə əsasında idarə etdiyi «Mercedes Benz E220» markalı ** XZ *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Qazax yolunun 331-ci kilometrliyində Qazax istiqamətində hərəkətdə olan zaman yolun sağ zolağından sol zolağına keçən «VAZ-21074» markalı ** CA *** dövlət qeydiyyat nişanlı avtomobil ilə sol zolaqda hərəkətdə olan «BMW X5» markalı ** AR *** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuşdur. Həmin hadisədən sonra onun idarə etdiyi avtomobilin ara məsafəsi az olduğundan sözügedən avtomobilləri arxadan vurmuşdur. İşdə olan xx.xx.2023-cü il tarixli sığorta aktından görünür ki, xx.xx.2022-ci il tarixdə Bakı-Qazax yolunun 331-ci kilometrində baş verən yol-nəqliyyat hadisəsi zamanı «BMW X5» markalı ** AR *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin əvəzi qismində 20.088 manat 56 qəpik pul vəsaiti xx.xx.2022-ci il tarixli, C-MİC-1627/22 nömrəli sığorta şəhadətnaməsi əsasında "xxxx" ASC tərəfindən "xxxx" MMC-nin hesabına köçürülməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 165591 nömrəli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatdan görünür ki, «BMW X5» markalı ** AR *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 20.088 manat 78 qəpik məbləğində müəyyən olunmuşdur. İşdə olan xx.xx.2023-cü il tarixli qəbzin surətindən görünür ki, "xxxx" ASC "xxxx" MMC-nin hesabına 20.088 manat 56 qəpik məbləğində pul vəsaitini köçürmüşdür. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh1 idarə etdiyi «VAZ-21074» markalı ** CA *** dövlət qeydiyyat nişanlı avtomobillə və Cavabdeh2 idarə etdiyi «Mercedes Benz E220» markalı ** XZ *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdə, saat 12:15 radələrində «Bakı-Qazax» magistral avtomobil yolunda hərəkət edərkən «BMW X5» markalı ** AR *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşlar. Qeyd olunan yol nəqliyyat hadisəsinin araşdırılması zamanı Cavabdeh1 və Cavabdeh2 tərəfindən Azərbaycan Respublikası DİN BDYPİ-də verilmiş xx.xx.2022-ci il tarixli izahatlarda həmin şəxslər yol nəqliyyat hadisəsinin onların təqsirli hərəkətləri nəticəsində baş verdiyini etiraf etmiş, xx.xx.2022-ci il tarixli İXP seriyalı, ******* nömrəli və ******* nömrəli inzibati xəta haqqında prokollar üzrə qəbul edilmiş qərarlarla Cavabdeh1 və Cavabdeh2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmələri müəyyən edilmişdir. Cavabdehlərin təqsirli hərəkətləri nəticəsində «BMW X5» markalı ** AR *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərərin aradan qaldırılması üçün sığorta ödənişinə 20.088 manat 56 qəpik məbləğində pul vəsaiti sərf edilmiş, həmin vəsaitin 5.000 manat manat məbləğində hissəsi "xxxx" ASC tərəfindən, 4.392 manat 02 qəpik məbləğində hissəsi "xxxx" ASC tərəfindən isə "xxxx" ASC-yə ödənilmişdir. Lakin sığorta ödənişinə sərf edilmiş vəsaitin digər hissəsi "xxxx" ASC-yə qaytarılmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 883.1-ci maddəsinə görə sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 916.1-ci maddəsinə görə əgər sığortalı zərərin əvəzini ödəmək tələbini üçüncü şəxs qarşısında irəli sürə bilirsə, həmin tələb sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini sığortalıya ödəmiş olsun. Həmin Məcəllənin 936.1 və 936.2-ci maddələrinə görə subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə görə sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qanunvericiliyin qeyd olunan normalarının tələbindən göründüyü kimi tərəflər arasındakı hüquq münasibətləri «subroqasiya hüququ» ilə bağlıdır və «subroqasiya hüququ» sığorta ödənişi almış şəxsin sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs(lər)ə qarşı zərərin əvəzinin ödənilməsini tələb etmək hüququnun sığortaçıya keçməsidir. Yəni «subroqasiya hüququ» müqavilə əsasında deyil, vurulmuş zərərin əvəzinin ödənilməsi nəticəsində, yaxud qanunun tələbi ilə əmələ gəlmişdir. Göründüyü kimi qanunverici faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüququ əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçməsini nəzərdə tutmuşdur. Hazırki halda sığorta hadisəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanunazidd hərəkətləri nəticəsində baş vermiş, hadisə zamanı zərərçəkən şəxs zərər dəymiş iddiaçı tərəfindən ödənilmişdir. Beləliklə, məhkəmə mülki işin məhkəmə iclasında tədqiq olunmaqla müəyyən edilmiş hallarını, nəzərə alaraq, hesab edir ki, sığorta ödənişinin ödənilməsinə sərf edilmiş vəsaitin bir hissəsinin əvəzi qismində Cavabdeh1 4.535 manat 40 qəpik və Cavabdeh2 6.161 manat 14 qəpik məbləğində pul vəsaiti tutulub, iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 123 manat 39 qəpik məbləğində pul vəsaiti cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin iddiası təmin edilsin. Cavabdeh1 sığorta ödənişinin ödənilməsinə sərf edilmiş vəsaitin bir hissəsinin əvəzi qismində 4.535 (dörd min beş yüz otuz beş) manat 40 (qırx) qəpik məbləğində pul vəsaiti tutularaq, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdeh2 sığorta ödənişinin ödənilməsinə sərf edilmiş vəsaitin bir hissəsinin əvəzi qismində 6.161 (altı min bir yüz altmış bir) manat 14 (on dörd) qəpik məbləğində pul vəsaiti tutularaq, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 123 (bir yüz iyirmi üç) manat 39 (otuz doqquz) qəpik məbləğində pul vəsaiti tutularaq, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar