Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-2528/2022 23.11.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X4 Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə bağlanmış 15 fevral 2022-ci il tarixli 5150***-*******01L saylı kredit limit müqaviləsinin ləğv edilməsi və Cavabdeh 6000 manat əsas kredit borcu, 34,92 manat faiz borcu, 44,12 manat cərimə borcu olmaqla, cəmi 6664,55 manat məbləğində pul və ödənilmiş 86,65 manat dövlət rüsumunun tutulub İddiaçı ASC-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC iddia tələbini onunla əsaslandırmışdır ki, 15 fevral 2022-ci il tarixli 5150***-*******01L saylı kredit limit müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh 36 ay müddətinə illik 19 faiz kreditdən istifadəyə görə haqq ödəmək şərtilə 6000 manat məbləğində kredit verilmişdir. Lakin, kredit müqaviləsi üzrə öhdəliyini bank qarşısında icra etməyən cavabdehin İddiaçı ASC-yə 6000 manat əsas, 620,43 manat faiz, 44,12 manat cərimə borcu olmaqla, cəmi 6664,55 manat borcu qalmaqdadır. İddiaçının nümayəndəsi Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək iddia ərizəsinin “xahiş edirik” hissəsində faiz borcunun səhvən 34,92 manat göstərildiyini və tələbi dəqiqləşdirərək bank ilə Cavabdeh arasında bağlanmış 15 fevral 2022-ci il tarixli 5150***-*******01L saylı kredit limit müqaviləsinin ləğv edilməsi və Cavabdeh 6000 manat əsas borc, 620,43 manat faiz borcu və 44,12 manat cərimə borcu olmaqla, cəmi 6664,55 manat məbləğində pul və ödənilmiş 86,65 manat dövlət rüsumunun tutulub İddiaçı ASC-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X2 iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin faktiki hallarını araşdıraraq və məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə olunmuş 15 fevral 2022-ci il tarixli 5150***-*******01L nömrəli kredit limit müqaviləsindən görünür ki, Cavabdeh 120 ay müddətinə illik 15 faizdən 40 faizədək faktiki illik faiz dərəcəsi olmaqla 50 000 manat məbləğində kredit limiti açılmışdır. Müqavilənin 1-ci bəndinə əsasən, borcalan ona kredit verilməsi barədə Banka mobil tətbiqetmə, internet səhifəsi, həmçinin kreditverənin 9144 qısa nömrəsi və ya mobil nömrəsi vasitəsilə müraciət etmək hüququna malik olmuşdur. İş materiallarına əlavə olunmuş SMS mətnlərinin çıxarışından görünür ki, Bank tərəfindən cavabdehə 36 ay müddətinə, illik 19 faiz dərəcəsi ilə 6000 manat kredit təklif olunmuş, təklifin qəbulu üçün “1, təklifdən imtina üçün “2” rəqəminin 9144 nömrəsinə SMS-lə göndərilməsi barədə məlumat verilmişdir. Cavabdeh 9144 nömrəsinə “1” rəqəmini yazıb göndərməklə təklifi qəbul etmişdir. İş materiallarında olan hesabdan çıxarış sənədindən və ödəniş cədvəlindən məluma olur ki, xx.xx.2022-ci il tarixdə iddiaçı tərəfindən 6000 manat məbləğində pul cavabdehin hesabına bağlı olan plastik karta köçürülmüş, kreditin xx.xx.2022-ci il tarixdən başlayaraq 36 ay ərzində hər ay 221,01 manat olmaqla hissə-hissə qaytarılması razılaşdırılmışdır. İş materiallarında olan kredit borcunun hesablanması haqqında 12 sentyabr 2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh İddiaçı ASC-yə 6000 manat əsas, 620,43 manat faiz borcu və 44,12 manat dəbbə pulu, cəmi borc 6664,55 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından bəlli olur ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış və bununla da onlar arasında kredit hüquq münasibətləri yaranmışdır. Müqavilələrin şərtlərinə əsasən borc alan alınan kredit məbləğini ona hesablanmış faizləri ilə birlikdə dövri olaraq kreditora qaytarmalıdır. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Cavabdeh kredit müqaviləsi üzrə ümumiyyətlə ödəniş etməmişdir. Buna görə də, məhkəmə iddiaçının müqavilənin vaxtından əvvəl ləğv edilməsi, əsas və faiz borcunun və dəbbə pulunun cavabdehdən tutulması tələblərini əsaslı hesab edir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 15 fevral 2022-ci il tarixli 5150***-*******01L saylı kredit limit müqaviləsi ləğv edilməli, həmin müqavilə üzrə Cavabdeh 6000 manat əsas borc, 620,43 manat faiz borcu və 44,12 manat dəbbə pulu olmaqla cəmi 6664,55 manat pul tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107 və 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İş materiallarından görünür ki, məhkəmə xərcləri iddia ərizəsinin məhkəməyə verilməsi üçün iddiaçının ödəmiş olduğu 86,65 manat dövlət rüsumundan ibarətdir. Ona görə də, məhkəmə ödənilmiş 86,65 manat dövlət rüsumunun cavabdehdən tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 15 fevral 2022-ci il tarixli, 5150***-*******01L saylı kredit limit müqaviləsi ləğv edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 15 fevral 2022-ci il tarixli, 5150***- *******01L saylı kredit müqaviləsi üzrə Cavabdeh 6000 manat əsas borc, 620,43 manat faiz borcu və 44,12 manat dəbbə pulu olmaqla, cəmi 6664,55 manat (altı min altı yüz altmış dörd manat, əlli beş qəpik) pul və dövlət rüsumunun əvəzi qismində 86,65 manat (səksən altı manat, altmış beş qəpik) pul tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tural Qocayev
Məhkəmə qərarları › İş №e-2(125)-2528/2022
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-2528/2022
23.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver