Məhkəmə qərarları › İş №e-2(125)-2583/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-2583/2025

20.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-2583/2025 20.05.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2 və cavabdehin iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı ASC, Cavabdeh 5430,09 manat əsas kredit borcu, 243,39 manat kredit müqaviləsi üzə hesablanmış faiz borcu və 13,77 manat cərimə olmaqla, cəmi 5687,25 manat məbləğində pul vəsaitinin, həmçinin iddia qaldırılması üçün ödənilmiş 76,88 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, qeyd olunan iddia ərizəsində SMS razılaşmasının tarixi xx.xx.2023-cü il olduğu halda, texniki səhv olaraq xx.xx.2022-ci il olaraq qeyd edilmişdir. Həmçinin ərizəyə qoşma olaraq əlavə edilmiş hesabdan çıxarış və SMS mətn yanlışlıqla yüklənilmişdir. Belə olan halda iddia tələbinin qeyd olunan hissədə dəqiqləşdirilməsi və səhvən qoşma edilmiş sənədlərin yenidən məhkəmənin elektron sisteminə yüklənməsi zərurəti yaranmışdır. Ərizə icraata qəbul edilmişdir. İşin faktiki hallarına görə, İddiaçı ASC (Bank) ilə Cavabdeh (cavabdeh və ya borcalan) arasında bağlanmış 6270***-*******03L nömrəli, xx.xx.2023-cü il tarixli əsas kredit limiti razılaşmasına, həmin müqaviləyə əlavəyə və hesabdan çıxarışa əsasən Bank tərəfindən borcalana istehlak tələbatlarının ödənilməsi məqsədi üçün 120 ay müddətinə 50000 manat məbləğində kredit limiti ayrılmışdır. Əsas kredit razılaşması müqaviləsinin 1.1-ci bəndinə əsasən kredit verən borcalana 50000 (əlli min) mabləğində 120 (bir yüz iyirmi) ay müddətinə, xx.xx.2033-cü il tarixinədək kredit limiti açmış və kredit limiti ilə müəyyən edilmiş şərtlər çərçivəsində kredit verməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “SMS” bildirişə əsasən bank tərəfindən cavabdehin cari hesabına köçürməklə 7000 manat məbləğdə, illik faiz dərəcəsi 17 faiz və 105 manat komissiya olmaqla, 48 ay müddətinə kredit verilmişdir. Müştəri (borcalan) isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə Banka qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı iddia ərizəsində göstərmişdir ki, cavabdeh onunla bağlanmış kredit razılaşmasının şərtlərinə əməl etmədiyindən, ona dəfələrlə şifahi və rəsmi (pretenziya) müraciət edilməsinə baxmayaraq, o kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görməmiş, kredit müqaviləsindən irəli gələn öhdəliklər lazımi qaydada icra etməmişdir. Kredit razılaşması üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən cavabdehin xx.xx.2025-ci il tarixə iddiaçı ASC-yə 5430,09 manat məbləğində əsas kredit borcu, 243,39 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu və 13,77 manat məbləğində cərimə borcu olmaqla, cəmi 5687,25 manat məbləğində borcu qalmaqdadır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbini qəbul edərək izahatında bildirdi ki, bankla kredit müqaviləsi bağlayaraq 7000 manat məbləğində kredit götürmüşdür, hazırda Bakı şəhərində yaşayır, digər banka da borcu var. Buna görə də, borcunun hissə-hissə, ayda 30-40 manat olmaqla ödənilməsinə şərait yaradılmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan kredit limitinin müddəti ərzində borcalan ona kredit verilməsi barədə kredit verənə müraciət (kreditverənin mobil tətbiqetməsi vəya www.bankrespublika.az internet səhifəsi vasitəsilə, həmçinin kreditverənin 9144 qısa nömrəsinə və ya +**********44 mobil nömrəsinə şəxsiyyət vəsiqəsinin FİN kodunu yazaraq göndərməklə) etmək hüququna malikdir. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən əsas borc və faizlər, kredit məbləğinin borcalanın cari hesabına köçürüldüyü gündən hesablanmağa başlanacaq və borcalana göndərilən SMS-də qeyd edilmiş müddətədək hər ay bərabər hissələrlə kreditverənə geri qaytarılacaqdır. Həmin müqavilənin 4.1.1-ci bəndinə əsasən 3 (üç) iş günü ərzində borcalan ona verilmiş kredit hissəsini və onun faizini ödəmək iktidarında olmadıqda, borcalanın əmlak vəziyyətində bu əsas kredit limiti razılaşması üzrə öhdəliklərinin icrasına mənfi təsir göstərə biləcək hər hansı bir dəyişiklik olduqda və ya bazarın mövcud vəziyyəti borcalanının fəaliyyəti üçün əhəmiyyətli dərəcədə təhlükə yaratdıqda kreditverən bu əsas kredit limiti razılaşmasını birtərəfli qaydada vaxtından əvvəl xitam verə və verilmiş krediti bu müddətə qədər hesablanmış faizi ilə birlikdə qaytarılmasını tələb edə bilər. İş materiallarında olan, xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə Banka 5430,09 manat əsas kredit borc, 243,39 manat faiz borcu və 13,77 manat cərimə olmaqla, cəmi 5687,25 manat borcu yaranmışdır. Göründüyü kimi, müqavilə üzrə ödənişlər qismən aparılmışdır. Bank tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2025-ci il tarixli pretenziya məktubundan (məktubun “bu ünvanda yaşamır” qeydi ilə ünvandan qayıtması barədə “poçt göndərişinin verilməsi haqqında” zərf işə əlavə edilməklə) görünür ki, cavabdehə xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə borcun (gecikmənin) olması barədə xəbərdarlıq edilmiş, kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə Banka olan borcun məbləği əsas borc üzrə 5430,09 manat, faizlər üzrə 170,05 manat və cərimə üzrə 4,49 manat olmaqla, cəmi 5604,63 manat təşkil etdiyi və öhdəlik pozulduğu üçün kredit müqaviləsinin birtərəfli qaydada ləğv edildiyi bildirilmiş və 3 (üç) gün müddətində göstərilən məbləğdə borcun Banka ödənilməsi tələb edilmiş, əks halda borcun qaytarılması tələbi ilə məhkəməyə müraciət olunacağı məlumat verilmişdir. Tərəflər arasında hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (maddə 739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (maddə 739.2). Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir (maddə 462.1). Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə cavabdeh arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmışdır. İddiaçı öz öhdəliyini yerinə yetirərək müqavilədə nəzərdə tutulmuş məbləği borcalana vermiş, borcalan isə müqavilə üzrə öhdəliyini lazımi qaydada icra etməmiş, əsas və faiz borcunu vaxtında ödəməmiş və öhdəliyini pozmuşdur. Müqaviləyə uyğun olaraq bankın müqaviləyə birtərəfli qaydada xitam vermək və borcun vaxtından əvvəl qaytarılmasını tələb etmək hüququ yaranmışdır. Cavabdeh əsas və faiz borcunu vaxtında ödəməmiş, bununla da iddiaçının gecikdirilmiş məbləğə görə müqavilənin şərtlərinə uyğun olaraq dəbbə pulu tələb etmək hüququ da yaranmışdır. Bank cavabdehə xx.xx.2025-ci il tarixli pretenziya məktubu göndərərək öhdəlik pozulduğu üçün borcun tam ödənilməsi tələb etməklə kredit müqaviləsini xx.xx.2025-ci il tarixdən birtərəfli qaydada ləğv etmişdir. Həmin tarixə cavabdehin Banka borcu ödənilməmiş əsas borc qismində 5430,09 manat, hesablanmış və ödənilməmiş faiz borcu qismində 170,05 manat, cərimə üzrə 4,49 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə görə əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin şərh edilməsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarında göstərilmişdir ki, ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Mülki işin tədqiq edilmiş hallarından göründüyü kimi Bank borcalanla xx.xx.2023-cü il tarixdə bağlanmış kredit müqaviləsindən xx.xx.2025-ci il tarixdə imtina etməklə ona xitam vermişdir. Həmin tarixə borcalanın Banka borcu ödənilməmiş əsas borc qismində 5430,09 manat, hesablanmış və ödənilməmiş faiz borcu qismində 170,05 manat təşkil etmişdir. Buna görə də borcalanın Banka faiz borcunun hesablanması məhkəməyə iddia ərizəsi ilə müraciət edildiyi tarixədək deyil, tərəflər arasındakı müqaviləyə xitam verildiyi tarixədək hesablanmalıdır. Bununla yanaşı nəzərə alınmalıdır ki, Bankın borcalana qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, tərəflər arasındakı müqavilənin ləğv edildiyi xx.xx.2025-ci il tarixdən sonra gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsi tələbi mövcud deyildir. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi ödənilməmiş əsas borcun əvəzi qismində 5430,09 manat, xx.xx.2025-ci il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 170,05 manat məbləğində pul tələbi hissədə əsaslı olsa da, iddia faiz borcuna dair digər hissədə əsassızdır. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddiaçının təqdim etdiyi sübutlar cavabdehin banka qeyd edilən məbləğdə borcunun olduğunu və düzgün hesablandığını təsdiq edir, hazırki iş üzrə məhkəmə iclaslarında iştirak edən borcalan məhkəməyə iddia tələbini təkzib və borcun düzgün hesablanmadığını təsdiq edəcək heç bir sübut təqdim etməmişdir. Əksinə, məhkəmə iclaslarında iştirak edən borcalan bankdan sözügedən pul vəsaitini götürdüyünü, tələb edilən məbləğdə borcunun olmasını etiraf etmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini, habelə kredit müqaviləsi üzrə faiz dərəcəsini nəzərə alaraq, cavabdehdən iddiaçının xeyrinə 4,49 manat məbləğində cərimə tutulmasını məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddia ərizəsi verilənədək deyil, kredit müqaviləsi birtərəfli qaydada ləğv edildiyi vaxtadək, yəni xx.xx.2025-ci il tarixinədək hesablanmış borc əsas götürülməli və cavabdehdən iddiaçının xeyrinə əsas borc üzrə 5430,09 manat, faizlər üzrə 170,05 manat, cərimə üzrə 4,49 manat olmaqla, cəmi 5604,63 manat tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Həmçinin, MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən əsaslı olduğundan, məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 76,05 manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalı, ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilməlidir. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli kredit razılaşması üzrə yaranmış 5430,09 manat əsas borc, 170,05 manat faiz borcu və 4,49 manat cərimə borcu olmaqla, cəmi 5604,63 (beş min altı yüz dörd manat altmış üç qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 76,05 (yetmiş altı manat beş qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar