Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-2596/2024 24.07.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı ASC, 13 noyabr 2019-cu il tariхli, 800804-303277/1 nömrəli krеdit müqaviləsinə əsasən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddiaçının xeyrinə 11968,05 manat əsas, 103,75 manat faiz borcu olmaqla, cəmi 12071,80 manat borcun və 126,62 manat dövlət rüsumunun tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki hallarına görə, İddiaçı ASC (Bank) ilə Kazımov Azər Aqil oğlu (borcalan) arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 800804-303277/1 nömrəli kredit müqaviləsinə və kassa məxaric orderinə əsasən Bank borcalana şəxsi istehlak məqsədi ilə 48 ay müddətinə illik 23 faiz dərəcəsi ilə ödəmək şərtilə 13000 manat məbləğində kredit vermişdir. Ödəniş cədvəli əsasında borcalan xx.xx.2023-cü il tarixinədək hər ay 417,45 manat, sonuncu ay isə 416,88 manat ödəməli idi. X4 Aqil oğlu 27 may 2020-ci il tarixdə “ürək dayanmasından qəfləti ölüm kimi təsvir olunmuş hadisə” səbəbindən ölmüşdür. İddiaçı iddia ərizəsində göstərmişdir ki, borcalan xx.xx.2020-ci il tarixində ürək dayanmasından qəfləti ölüm kimi təsvir olunmuş hadisə zamanı vəfat etmişdir. Bu səbəbdən kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafiki pozulmuşdur. Borcalanın vəfat etdiyi tarixə kredit müqaviləsi üzrə 11968,05 manat məbləğində əsas bоrc və 103,75 manat faiz borcu оlmaqla, ümumilikdə 12071,80 manat məbləğində kredit bоrcu mövcud idi. Vəfat etdiyi tarixdən cari günədək faiz borcu dayandırılıb və hesablanmır. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında deyildiyi kimi borclunun ölümündən sonra faizlərin hesablanmasının davam etməsi və ya dayandırılması, yəni güzəştlərin tətbiqi məsələsi bankdaxili qaydalara uyğun olaraq müəyyənləşdirilə bilər. Lakin o da nəzərə alınmalıdır ki, mülki hüququn mühüm prinsiplərindən biri də vicdanlılıq prinsipidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə şəhəri 6 saylı Notariat ofisi tərəfindən təqdim olunmuş arayışdan göründüyü kimi qanun üzrə vərəsələr mərhumun oğul övladları - Cavabdeh2 və Cavabdeh1 təyin olunmuşdur. Belə ki, Cavabdeh2 və Cavabdeh1 vərəsə təyin olunduğu tarixdən bank tərəfindən kredit borcunun ödənilməsinə dair xəbərdar olunmuşdur. Cavabdehlərə ünvanlanmış kredit borcunun ödənilməsinə dair xx.xx.2023-cü il tarixli xəbərdarlıq xx.xx.2023-cü il tarixində cavabdehlərin anası tərəfindən qəbul olunmasına baxmayaraq cavabdehlər ataları Azər Kazımovun kredit borcunu ödəməmişdirlər və nəticədə gecikdirilmiş kredit borcu yaranmışdır. Cavabdeh1 məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, krediti X7 Aqil oğlu 13 noyabr 2019-cu il tarixində götürmüşdür. X7 Aqil oğlu 27 may 2020-ci il tarixində vəfat etmişdir. Hazırda bank onlara qarşı iddia qaldıraraq məhkəmədən müqavilə üzrə borcun tutulmasını xahiş etmişdir. Atası vəfat etdiyi tarixdən bugünədək bank kredit tələbi ilə məhkəməyə müraciət etməmişdir. Həmçinin, ölüm haqqında şəhadətnamə atasının vəfatından dərhal sonra banka təqdim edilmişdir. Belə olan halda bank iddia tələbini ötürmüşdür. Odur ki, mülki işə mahiyyəti üzrə baxaraq iddia müddətinin tətbiq edilməklə iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə etdi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Həmçinin əlavə etdi ki, borcalanın vəfat etdiyi tarixdən cari günədək faiz borcu dayandırılıb və hesablanmır, bundan başqa iddia müddəti isə ötürülməmişdir, belə ki müqavilənin vaxtı xx.xx.2023-cü il tarixdə bitir və bank müqavilə müddəti bitməmiş, xx.xx.2023-cü il tarixdə cavabdehlərin ünvanına xəbərdarlıq məktubu göndərmişdir. Hazırda miras əmlak olan ünvan 1 ünvanda yerləşən mənzil Cavabdeh1 mülkiyyətində olduğundan borcun yalnız Cavabdeh1 tutulmasını tələb edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etmədi və iddianın rədd edilməsini xahiş edərək izahatında bildirdi ki, atası ölən zaman qardaşı digər cavabdeh Elvin təhsili ilə əlaqədar Ukrayna Respublikasında olmuşdur. Atası kredit götürən zaman isə o, Bakıda yaşamış, həmin kreditdən məlumatı olmamışdır. Atasının ölümündən sonra onun mülkiyyətində olan ev o və qardaşı tərəfindən qəbul olunsa da miras əmlakı qəbul etdikdən sonra digər vərəsə olan qardaşı Elvin payından imtina etdiyi üçün ev hazırda onun mülkiyyətindədir. Bu ilin yanvar ayında isə anası ölmüşdür, öhdəsində azyaşlı bacısı və qardaşı var. Hazırda 150 manat pensiya və 650 manat əmək haqqı alır, həmçinin kredit öhdəlikləri də var, ayda 500 manat məbləğində kredit ödəyir. Odur ki, kredit borcu ondan tutulmamalıdır. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 bildirmişdir ki, atası ölən zaman Ukranya Respublikasında olmuşdur, onun atasının kredit götürməsindən xəbəri olmamış, atasının telefonunu o, istifadə etdiyi üçün bankın əməkdaşları ona zəng edərək atasının ölüm haqqında şəhadətnaməsinin banka verilib-verilməməsini soruşmuş, atasının kredit borcunun olması barədə məlumat verməmişlər. Cavabdeh2 ünvanına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat göndərilməsinə, həmçinin onun telefon nömrəsinə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə SMS bildiriş göndərilməsinə baxmayaraq, o, sonrakı məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin üzürlü olması barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə Cavabdeh2 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsini və Cavabdeh1 dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işin mübahisəsiz halları ilə müəyyən edilir ki, iddiaçı bank ilə borcalan arasında yuxarıda qeyd edilən müqavilə və ödəniş cədvəli barədə müqaviləyə 1 saylı əlavə imzalanmışdır. Tərəflər arasında müqavilənin və ona Əlavə sazişin bağlanmasını təkzib edən əsaslar iş materiallarında mövcud deyil. Həmin müqaviləyə, kassa məxaric orderinə görə Bank borcalana 48 ay müddətinə illik 23 faiz dərəcəsi ilə ödəmək şərtilə 13000 manat məbləğində kredit vermiş, borcalan həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etmək və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə Banka qaytarmaq öhdəliyini öz üzərinə götürmüşdür. Müqavilənin 3.1-ci bəndinə əsasən bu müqavilə üzrə əsas borc və faizlər ödəniş cədvəlinə əsasən borcalan tərəfindən onun Bankdakı cari hesabına köçürmə yolu ilə və ya nağd şəkildə mədaxil edilməklə həmin vəsaitin silinməsi yolu ilə kredit müddətində tam həcmdə qaytarılır. Müqavilənin 3.8-ci bəndinə görə bu müqavilə üzrə ödənişin silinməsi aşağıdakı ardıcıllıqla həyata keçirilir və borcalan tərəfindən müəyyənləşdirilmiş hər hansı digər qayda etibarsızdır – a) cərimə faizləri, b) vaxtı keçmiş və gecikdirilmiş əsas borc üzrə hesablanmış faizlər, c) vaxtı keçmiş və gecikdirilmiş əsas borc, d) faiz borcu, e) əsas borc. Müqavilənin 5.1.5-ci bəndində isə nəzərdə tutulmuşdur ki, ödəniş cədvəlinə uyğun olaraq əsas borcun vaxtında icra olunmaması və ya lazımi qaydada icra olunmaması və ya faizlərin borcalan tərəfindən ödəniş cədvəli ilə müəyyən edilən ödəniş tarixindən 2 dəfə ardıcıl olaraq ödənilməməsi (gecikdirilməsi) Bankın bu müqavilə üzrə kredit öhdəliyinin vaxtından əvvəl icrasını tələb etməsi üçün əsasdır. İş materiallarında olan, xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdehlərin xx.xx.2024-cü il tarixə 13 noyabr 2019-cu il tariхli, 800804-303277/1 nömrəli kredit müqaviləsi üzrə Banka 11968,05 manat əsas, 103,75 manat faiz borcu olmaqla, cəmi 12071,80 manat kredit borcu mövcuddur. Gəncə şəhəri 6 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 699 nömrəli məktubun surətindən görünür ki, X5 Aqil oğlunun adına Gəncə şəhəri 6 saylı notariat ofisində heç bir notariat hərəkəti aparılmamışdır. X5 Aqil oğlunun adına Gəncə şəhəri 2 saylı notariat ofisində xx.xx.2021-ci il tarixdə 2V-255 və 2V-256 reyestr nömrəsi ilə təsdiq edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr mərhumun oğlanları Cavabdeh2 və Cavabdeh1 verilmişdir. xx.xx.2023-cü il tarixli, 001/007/5719/2023 nömrəli xəbərdarlıq məktubundan (məktubun cavabdehlərə xx.xx.2023-cü il tarixdə çatdırılması barədə müvafiq “poçt göndərişinin verilməsi haqqında” xəbərnamə işə əlavə edilməklə) görünür ki, Bank tərəfindən cavabdehlərə sözügedən kredit müqaviləsi üzrə borcun (gecikmənin) olması barədə xəbərdarlıq edilmiş və borcun xəbərdarlığı aldıqları günün növbəti iş günündən başlayaraq 7 gün müddətindən gec olmayaraq ödənilməsi tələb olunmuş, 12071,80 məbləğində borcu ödəmədiyi təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görüləcəyi barədə məlumat verilmişdir. Məhkəmənin sorğusuna əsasən Gəncə şəhəri 2 saylı notariat ofisində rəsmiləşdirilmiş xx.xx.2021-ci il tarixli 2V-255 və 2V-256 reyestr nömrəli vərəsəlik işinin təsdiq edilmiş kserosurəti məhkəməyə göndərilmişdir. Həmin vərəsəlik işinə əlavə edilmiş, Cavabdeh1 tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş, **********992 nömrəsi ilə və xx.xx.2021-ci il tarixdə verilmiş, **********713 nömrəsi ilə Gəncə şəhəri 2 saylı notariat ofisində təsdiqlənmiş ərizələrə əsasən Cavabdeh1 bildirmişdir ki, ünvan 1 ünvanda yaşayan X7 Aqil oğlu xx.xx.2020-ci il tarixdə ölmüşdür, mirasın tərkibi ünvan 1 ünvanında yerləşən mənzildən ibarətdir. Ondan başqa aşağıdakı vərəsələri vardır: X2, Cavabdeh2 və X1. Göstərilən əmlaka dair qanun üzrə miras payı qəbul etmiş və həmin əmlaka dair ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Həmçinin, vərəsəlik işinə əlavə edilmiş, Cavabdeh2 tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş, **********712 nömrə ilə Gəncə şəhəri 2 saylı notariat ofisində təsdiqlənmiş ərizəyə əsasən Cavabdeh2 bildirmişdir ki, ünvan 1 ünvanda yaşayan X7 Aqil oğlu xx.xx.2020-ci il tarixdə ölmüşdür, mirasın tərkibi ünvan 1 ünvanında yerləşən mənzildən ibarətdir. Ondan başqa aşağıdakı vərəsələri vardır: X2, Cavabdeh1 və X1. Göstərilən əmlaka dair qanun üzrə miras payı qəbul etmiş və həmin əmlaka dair ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. X5 Aqil oğlunun sözügedən əmlakının 3/4 hissəsinə Cavabdeh1 və 1/4 hissəsinə Cavabdeh2 miras payı müəyyən edilmiş və bu barədə Gəncə şəhəri 2 saylı notariat ofisində xx.xx.2021-ci il tarixdə 2V-255 və 2V-256 reyestr nömrəsi ilə təsdiq edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. İş materiallarında olan, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli çıxarışdan görünür ki, xüsusi mülkiyyətdə olan ümumi sahəsi 61,30 kv.metr olan ünvan 1 ünvanda yerləşən mənzil Cavabdeh1 xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (maddə 739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (maddə 739.2). Miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır (maddə 1146). Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır (maddə 1255). Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar (maddə 1306.1). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, bankla borcalan arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmış, iddiaçı öhdəliyini icra etmiş, borcalan tərəfindən isə müqavilə üzrə öhdəlik icra edilməmişdir. Müqaviləyə uyğun olaraq bankın müqaviləyə birtərəfli qaydada xitam vermək və borcun vaxtından əvvəl qaytarılmasını tələb etmək hüququ yaranmışdır. Göstərilən qanunvericilik normalarını rəhbər tutaraq, eləcə də tərəflərin izahatlarını və sözügedən miras əmlakın hazırda bütövlükdə Cavabdeh1 mülkiyyətində olmasını nəzərə alaraq məhkəmə qeyd edir ki, Cavabdeh1 mərhum X7 Aqil oğlunun ölümündən sonra ondan qalmış miras əmlakı miras qoyanın qanun üzrə vərəsəsi kimi qəbul etdiyindən, həmin əmlakın dəyərinin də hazırda iddiaçının tələb etdiyi məbləğdən yüksək olmaması mübahisələndirilmədiyindən, iddiaçı, X5 Aqil oğlunun kredit müqaviləsi üzrə yaranmış borcunu onun ölümündən sonra mirasını qəbul etmiş qanun üzrə vərəsəsi – oğlu Cavabdeh1 tələb etməkdə haqlıdır. Həmçinin, iddiaçının təqdim etdiyi sübutlar borcun düzgün hesablandığını təsdiq edir, hazırki iş üzrə məhkəmə iclaslarında iştirak edən Cavabdeh1 isə məhkəməyə iddia tələbini təkzib və borcun düzgün hesablanmadığını təsdiq edəcək heç bir sübut təqdim etməmişdir. Həmçinin qeyd edilməlidir ki, Cavabdeh1 borcalanın bankdan pul vəsaitini götürdüyünü və tələb edilən məbləğdə borcunun olduğunu etiraf etmişdir. Məhkəmə hesab edir ki, digər Cavabdeh2 aid hissədə iddia təmin edilməməlidir. Belə ki, borcalandan miras qalmış sözügedən əmlak hazırda Cavabdeh2 deyil, Cavabdeh1 mülkiyyətindədir. Başqa sözlə, Cavabdeh2 borcalandan miras qalan hər hansı əmlaka payının olmasını iddiaçı sübuta yetirə bilməmişdir. Məhkəmə Cavabdeh1 iddia müddətinin tətbiqi barədə ərizəsi ilə bağlı qeyd edir ki, iş materiallarında olan sübutlar əsasında müəyyən edilir ki, iddiaçı iddia ərizəsi ilə iddia müddətini ötürmədən məhkəməyə müraciət etmişdir. Belə ki, Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır, bu isə o deməkdir ki, Bank ilə borcalan arasında xx.xx.2019-cu il tarixdə 48 ay müddətinə bağlanmış müqavilə üzrə öhdəliklərin icrası üçün nəzərdə tutulmuş müddət xx.xx.2023-cü il tarixdə bitmiş və iddia müddətinin axımı başlanmışdır. Bu qənaət Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Qərarında ifadə olunmuş hüquqi mövqeyə də uyğundur. Məhkəmə qeyd edir ki, sözügedən müqavilənin təşkil etdiyi tələblər üzrə üç illik iddia müddətinin axımı xx.xx.2023-cü il tarixdə başlamış, iddiaçı isə xx.xx.2023-cü il tarixində cavabdehlərə xəbərdarlıq göndərməklə müqavilədən birtərəfli qaydada imtina etmiş, həmçinin iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı müqavilə şərtlərinə istinad edərək Cavabdeh1 əsas borcun və ona hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia əsasən əsaslı olduğundan iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 126,62 manat dövlət rüsumunun əvəzi Cavabdeh1 iddiaçının xeyrinə tutulmalıdır. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh1 13 noyabr 2019-cu il tariхli, 800804-303277/1 nömrəli krеdit müqaviləsi üzrə yaranmış 11968,05 (on bir min doqquz yüz altmış səkkiz manat beş qəpik) manat əsas və 103,75 (bir yüz üç manat yetmiş beş qəpik) manat faiz borcu olmaqla, cəmi 12071,8 (on iki min yetmiş bir manat səksən qəpik) manat məbləğində pul və ödənilmiş 126,62 (bir yüz iyirmi altı manat altmış iki qəpik) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia tələbi Cavabdeh2 aid hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №e-2(125)-2596/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-2596/2024
24.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver