Məhkəmə qərarları › İş №e-2(125)-2613/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-2613/2025

29.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-2613/2025 29.07.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X7 İsa oğlunun sədrliyi Həsənov Ariz Arif oğlunun katibliyi ilə, İddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmədə baxaraq, müəyyən etdi: Unibank KB ASC Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 337,92 manat əsas, 11,6 manat faiz borcu olmaqla, cəmi 349,52 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 71 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə X4 arasında bağlanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən ona istehlak məqsədləri üçün illik 36%dək olmaq şərtilə 84 ay müddətinə 10000 manatdək kredit limiti ayrılmışdır. İddiaçı tərəfindən cavabdehin cari hesabına illik 30%, 84 ay müddətinədək olmaqla 500 manat məbləğində kredit köçürülmüşdür. Kredit limiti xx.xx.2020-ci il tarixində artırılaraq 1700 manat olmuşdur. Tərəflər arasında bağlanmış müqavilənin 4.2.16-cımaddəsinə əsasən Borcverən “Bu müqavilə üzrə kredit limitini heç birəlavə sənədləşmə aparılmadan birtərəfli qaydada artırmaq hüququna malikdir”. Gəncə Şəhər 5 saylı Notariat Ofisinin xx.xx.2025-ci il tarixli cavab məktubu ilə X3 vərəsəsinin Cavabdeh olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1.-ci maddəsinə əsasən“ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.2.-ci maddəsinə əsasən“qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən“mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1.-ci maddəsinə əsasən“vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1309-cu maddəsinə əsasən “vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar”. Lakin cavabdeh Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1309-cu maddəsində qeyd edildiyi kimi hərəkət etməyərək mirasın açılması barədə miras qoyanın kreditoruna məlumat verməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış iddiaçı Unibank KB Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəməyə gəlməmiş, məhkəməyə ərizə göndərərək, işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin yeri və vaxtı barədə rəsmi qaydada məlumatlandırılmasına baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş,gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəməyə Cavabdeh nümayəndəsi kimi anası gəlsə də müvafiq etibarnaməsi olmadığından onun izahatı dinlənilməmişdir. Məhkəmə iddiaçı Unibank KB Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsinin və cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki işin materiallarında olan "xxxx" KB ASC ilə X4 arasında bağlanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən ona istehlak məqsədləri üçün illik 36%dək olmaq şərtilə 84 ay müddətinə 10000 manatdək kredit limiti ayrılmışdır. İddiaçı tərəfindən cavabdehin cari hesabına illik 30%, 84 ay müddətinədək olmaqla 500 manat məbləğində kredit köçürülmüşdür. İşdə olan maliyyə arayışından görünür ki, xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh iddiaçı Banka 337,92 manat əsas və 11,60 manat faiz borcu qalmışdır. İşdə olan ölüm haqqında şəhadətnamədən görünür ki, X4 xx.xx.2024-cü il tarixdə ölmüşdür. İşdə olan Gəncə şəhəri 5 saylı Notariat Ofisinin xx.xx.2024-cü il tarixli 543 nömrəli məktubundan görünür ki, X1 adına Gəncə şəhəri 5 saylı Notariat Ofisində vərəsəlik işi açılmış və X1 övladı, qanun üzrə birinci növbəli vərəsəsi Cavabdeh ərizə ilə müraciət edərək mirası qəbul etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamda malik olduğu əmlak hüquqlarının və vəzifələrinin toplusu daxildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideyinlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243-cü maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Mülki Məcəllənin 1306.1-ci maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1307-ci maddəsinə əsasən, mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Beləliklə, məhkəmədə işin halları kimi müəyyən olundu ki, "xxxx" ASC ilə X4 arasında bağlanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən ona istehlak məqsədləri üçün illik 36%-dək olmaq şərtilə 84 ay müddətinə 10000 manatdək kredit limiti ayrılmışdır. İddiaçı tərəfindən cavabdehin cari hesabına illik 30%, 84 ay müddətinədək olmaqla 500 manat məbləğində kredit köçürülmüşdür. X4 xx.xx.2024-cü il tarixdə ölmüşdür. X4 tərəfindən yuxarıda qeyd edilən kredit müqaviləsi üzrə borc tam ödənilməmişdir. Bankın “Gəncə” filialı tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən, X3 öldüyü tarixə xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə iddiaçı Banka 337,92 manat əsas və 11,6 manat faiz borcu qalmışdır. Ona görə də "xxxx" ASC hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İş materialları ilə müəyyən edilmişdir ki, X1 vərəsəsi Cavabdehdur. X1 vərəsəsi Cavabdeh X2 qalmış mirasın aktiv hissəsini qəbul etdiyindən, qanunvericiliyin yuxarıda qeyd edilən normalarının tələblərinə əsasən, öləndən miras qalmış borcu qəbul etdiyi miras həddində ödənilməsi öhdəliyini də daşıyır. Beləliklə, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normalarının hazırki işin faktiki hallarına tətbiqindən belə nəticə müəyyən olunur ki, X1 ondan qalmış mirası qəbul etmiş vərəsəsi Cavabdeh ölənin "xxxx" ASC-yə olan kredit borcunu ödəməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, cavabdeh X3 vərəsəsi Cavabdeh xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə 337,92 manat əsas və 11,6 manat faiz borcu olmaqla, cəmi 349,52 manat məbləğində pul alınaraq iddiaçı Banka verilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı Bank tərəfindən 30 manat dövlət rüsumu və 40 qəpik xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən, iş üzrə iddiaçı Bank tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun (və xidmət haqqının) əvəzi kimi 30.40 manat cavabdehə aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı "xxxx" ASC ilə mərhum X4 arasında bağlanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən yaranan 337,92 manat əsas borc və 11,60 manat faiz borcu olmaqla, ümumilikdə 349,52 (üç yüz qırx doqquz) manat 52 qəpik məbləğində pul və iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun (və xidmət haqqının) əvəzi kimi 30 (otuz) manat 40 qəpik məbləğində pul X1 qanun üzrə birinci növbəli vərəsəsi Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-nin hesabına ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi (çatdırıldığı) gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar