Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-2641/2025 21.05.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi ilə, iddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı BOKT MMC, Cavabdeh iddiaçının xeyrinə 400 manat əsas borc, 20 manat faiz borcu, 58 manat komissiya və 242 manat cərimə olmaqla, cəmi 720 manat pul vəsaitinin və ödənilmiş dövlət rüsumu məbləğinin əvəzi kimi 30 manat pul vəsaitinin tutulması barədə kiçik iddialara dair işlər üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edilərək işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması barədə qərardad qəbul edilmişdir. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilmiş hazırki iddia ərizəsi üzrə cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilməklə prosessual hüquq və vəzifələrinin izahı barədə məhkəmə bildirişi göndərilmiş, cavabdeh tərəfindən məhkəməyə iddia ərizəsinə etiraz təqdim edilmişdir. İş üzrə zərurət yarandığından, Gəncə Şəhər Məhkəməsinin e-2(125)-2641/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadına əsasən mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı iddia ərizəsində göstərmişdir ki, iddiaçı mülki dövriyyədə bir qayda olaraq istehlak məqsədli mikrokreditlərin verilməsini həyata keçirir. Kreditin verilməsi “Manato.az” internet səhifəsi vasitəsilə “online” qaydada (müştərinin nömrəsinə göndərilən OTP kodunu daxil etməklə) verilir. Müqaviləyə əsasən cavabdeh ona verilmiş həmin mikro kredit məbləği ilə yanaşı, müqavilənin xüsusi şərtlərində qeyd edilən pul məbləğlərini (kreditdən istifadəyə görə haqq və xidmət haqqı) də qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etsə də, cavabdeh öhdəliyini vaxtında icra etməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Belə ki, cavabdehin əsas məbləğ üzrə 400 manat, faiz borcu üzrə 20 manat, xidmət haqqına (komissiyaya) görə isə 58 manat borcu yaranmışdır. Borcun ödənilməsi ilə əlaqədar olaraq cavabdehə dəfələrlə şifahi və yazılı qaydada xəbərdar edilsə də, o, borcunu ödəməmişdir. Cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən iddiaçı tərəfindən ona 242 manat məbləğində cərimə hesablanmışdır. Beləliklə, cavabdehin müqavilə üzrə maliyyə arayışı tərtib edilən tarixə olan ümumi borcu 720 manat təşkil edir. Cavabdeh məhkəməyə etiraz ərizələri ünvanlayaraq bildirmişdir ki, iş materiallarında kredit müqaviləsi yoxdur, cavabdehə pul verilməsini təsdiq edən bank sənədi yoxdur. İddia əsassızdır, maddi və prosessual qanuna ziddir. Tələb olunan iddia məbləğinin və cərimənin mülki hüquqi əsasları və qanunla tələb olunan sübutları yoxdur. İddianı qəbul etmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin və Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən iddiaçının subyektiv, sübutsuz və səhv iddiasının rədd edilməsini xahiş etmişdir. İddiaçı hüquqi şəxs olduğuna görə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.2 və 744.1-ci maddələrinə əsasən borc münasibətləri yalnız yazılı müqavilə ilə rəsmiləşdirilməlidir. Təqdim edilmiş sənədlər arasında ikitərəfli bağlanmış müqavilənin əsli və ya notarial təsdiqli surəti yoxdur. Bu isə iddianı hüquqi cəhətdən əsassız edir. İddiaçının təqdim etdiyi materiallara əsasən onun iddia etdiyi məbləğin qaytarılma tarixi xx.xx.2023-cü ildir. Lakin iddia yalnız xx.xx.2025-ci ildə məhkəməyə təqdim edilmişdir. Bu isə Mülki Məcəllənin 745.4-cü maddəsi ilə müəyyən edilmiş 1 illik iddia müddətinin iddiaçı tərəfindən açıq şəkildə ötürüldüyünü göstərir. Bundan əlavə, guya mənə əvvəlcədən xəbərdarlıq məktubu xx.xx.2024-cü ildə göndərildiyi bildirilir. Belə məktub ona təqdim olunmamışdır. Azərpoçtda məktublara izləmə kodu verilir, iddiaçının təqdim etdiyi Bakı AZ1154 ştempelli siyahının isə izləmə kodu yoxdur, bu sənəd də səhvdir. İddia həm sübutsuzdur, həm də qanunla müəyyən olunmuş iddia müddətindən gec təqdim edilmişdir. İddiaçının nümayəndəsi məhkəməyə cavabdehin etirazına münasibət ünvanlayaraq, bildirmişdir ki, cavabdeh etiraz ərizəsi ilə müraciət etmişdir. Etirazında iki dəlilə əsaslanmışdır. 1. Müqavilə onun tərəfindən bağlanmayıb, müqavilədə imza yoxdur.
2. İddiaçı heç bir üzürlü səbəb olmadan iddia müddətini keçirmişdir. Birinci dəlil əsassızdır. Çünki fiziki olaraq müqavilə bağlanmayıb. Kreditin verilməsi “Manato.az” internet səhifəsi vasitəsilə “online” qaydada (müştərinin nömrəsinə göndərilən OTP kodunu daxil etməklə) verilmişdir. Həmin pul vəsaiti cavabdehin kart hesabına köçürülmüşdür. Həmin köçürülməni təsdiq edən ödəniş tapşırığı iş materiallarında mövcuddur. İkinci dəlil də əsassızdır . Əvvəla iddia müddəti ötürülməmişdir. Digər tərəfdən iddia müddəti ötürülmüş olduğunu fərziyyə olaraq qəbul etmiş olsaq belə, pul vəsaitinin cavabdehin hesabına köçürülmüş olduğu gün işığı kimi aydındır. Bu barədə iş materiallarına sübut (ödəniş tapşırığı) əlavə edilmişdir. Cavabdehin məntiqi ilə belə çıxır ki, bu köçürmənin heç bir hüquqi əsası yoxdur, bu halda da əsassız varlanma müddəalarına görə həmin pulun cavabdehden alınaraq iddiaçıya verilməsi zəruridir. Nəzərə alınmalıdır ki, “iura novit curia” – “məhkəmə hüququ bilir” prinsipinə əsasən hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşıyır və tərəflərin faktlar barəsində hüquqi mövqeləri hakim üçün heç bir halda məcburi deyil. Odur ki, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, mülki işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin bildirmişdir ki, İddiaçı BOKT MMC mülki dövriyyədə bir qayda olaraq istehlak məqsədli mikrokreditlərin verilməsini həyata keçirir. Kreditin verilməsi “Manato.az” internet səhifəsi vasitəsilə “online” qaydada (müştərinin nömrəsinə göndərilən OTP kodunu daxil etməklə) verilir və hazırkı iş də belə olmuşdur. Odur ki, tərəflər arasındakı müqavilədə cavabdehin fiziki imzası həkk olunmamış, əvəzində 4 rəqəmli OTP kodu göstərilmişdir. Cavabdehə aid “selfie” fotoşəkil də kreditin “online” qaydada götürüldüyü sübut etməkdədir. Eyni zamanda müqavilədə nəzərdə tutulan kredit məbləği cavabdehin göstərmiş olduğu kart hesabına köçürülmüşdür. Buna dair sübutu da əlavə edərək iş materiallarına daxil edilməsini xahiş etmişdir. Bütün bunlar iddianın əsaslı olduğunu göstərir Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat göndərilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü olması barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin telefon nömrəsinə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə SMS bildiriş göndərmişdir. Həmçinin məhkəmə bildirişi cavabdehin “Elektron məhkəmə” informasiya sistemində olan elektron kabinetində yerləşdirilmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllsinin (MPM) 185.5-ci maddəsinə əsasən cavabdehin və iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş, İddiaçı BOKT MMC ilə cavabdeh arasında bağlanıldığı qeyd edilən xx.xx.2023-cü il tarixli, **********001 nömrəli kredit müqaviləsinin xüsusi şərtlərinə görə iddiaçı cavabdehin sorğusu əsasında ona 30 gün müddətinə illik 60,85 % ödəmək şərtilə 400 manat məbləğində kredit verilməsini, cavabdeh isə ona verilmiş 400 manat kredit məbləği ilə yanaşı, həmin məbləğdən istifadəyə görə hesablanmış 20 manat faiz, xidmət haqqına görə isə 58 manat olmaqla, ümumilikdə 478 manat pul məbləğini xx.xx.2023-cü il tarixində qaytarmağı öhdəsinə götürür. İş materiallarına əlavə edilmiş, 16 dekabr 2024-cü il tarixli maliyyə arayışına görə, xx.xx.2023-cü il tarixli, **********001 nömrəli kredit müqaviləsi üzrə maliyyə arayışı tərtib edilən tarixə 400 manat əsas, 20 manat faiz, 58 manat komissiya və 242 manat cərimə olmaqla, 720 manat borc mövcuddur. xx.xx.2024-cü il tarixdə iddiaçı tərəfindən cavabdehin ünvanına bildiriş göndərilərək ona sözügedən kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi üçün Banka xx.xx.2024-cü il tarixə 400 manat əsas, 20 manat faiz, 58 manat komissiya və 242 manat cərimə olmaqla, cəmi 720 manat borcunun (gecikmənin) olması, borc məbləğinə əlavə olaraq cərimə hesablandığı barədə xəbərdarlıq edilmiş və bütün borc məbləğinin tam olaraq 3 gün ərzində ödənilməsi təklif olunmuş, xəbərdarlığı aldığı tarixdən 3 gün ərzində göstərilən borcu iddiaçıya ödəmədiyi halda aidiyyəti üzrə məhkəməyə müraciət olunaraq həmin borcun və məhkəmə xərclərinin ondan tələb ediləcəyi bildirilmişdir. İş materiallarına əlavə edilmiş, KapitalBank-a aid xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı BOKT MMC-nin AZ66AİİB400600E**********112 nömrəli hesab nömrəsindən Cavabdeh AZ40UBAZ**********1010AZN001 nömrəli hesab nömrəsinə 400 manat məbləğində pul vəsaiti köçürülmüşdür. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı cavabdehlə aralarında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətinin olduğunu, xx.xx.2023-cü il tarixli müqavilə üzrə cavabdehə 30 gün müddətinə illik 60,85 % ödəmək şərtilə 400 manat məbləğində kredit verdiyini, cavabdehin borcunu xx.xx.2023-cü il tarixdə qaytarmalı olduğunu, lakin cavabdehin öhdəliyini icra etmədiyini qeyd edərək həmin müqavilə üzrə yaranmış öhdəliyini icra etməyi cavabdehdən tələb edir. Məhkəmə ilk öncə qeyd edir ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Eyni zamanda, MPM-in 217 və 220-ci maddələrinə əsasən qəbul edilmiş qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalı, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. İddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarının dispozisiya şərtləri müəyyən edilmədən və işin müəyyən edilmiş hallarının həmin şərtlərə uyğunluğu ilə bağlı hüquqi dəyərləndirmə aparılmadan mübahisənin mahiyyəti üzrə həlli maddi və prosessual hüquq normalarının tələblərinə uyğun hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göstərilən müddəalarda öhdəliyin yaranması əsasları və ümumi şəkildə dairəsi müəyyən edilmişdir. Adı çəkilən müddəaların məzmunundan göründüyü kimi, öhdəliyin yaranması üçün ilk növbədə onun iştirakçıları (tərəfləri) arasında hüquq münasibətləri yaranmalı və bu münasibətlər qanunla müəyyən edilmiş qeyd edilən əsaslara söykənməlidir. Yaranma formasına görə öhdəliklər müqavilədən əmələ gələn, müqavilədən kənar öhdəliklər (deliktlər) və qanundan əmələ gələn öhdəliklərə (özgə işlərini tapşırıqsız aparma və əsassız varlanma) bölünür. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olundu ki, iddiaçının istinad etdiyi yazılı müqavilə yalnız iddiaçı tərəfindən imzalanmış, cavabdehin adı qeyd edilsə də müqavilə cavabdeh tərəfindən imzalanmamışdır. Bundan başqa, iddiaçı cavabdehin şəxsiyyət vəsiqəsi ilə çəkilmiş fotolarını məhkəməyə təqdim etmiş, lakin sözügedən kreditin “Manato.az” internet səhifəsi vasitəsilə “online” qaydada (müştərinin nömrəsinə göndərilən OTP kodunu daxil etməklə) cavabdehə verildiyini təsdiq edən hər hansı mötəbər sübutunu məhkəməyə təqdim edə bilməmişdir. Bununla belə, iddiaçı tərəfindən cavabdehə sözügedən 400 manat pul vəsaitinin ödənilməsi iş üzrə mötəbər sübutla öz təsdiqini tapır. Cavabdeh bu hissədə etirazını əsaslandıra bilməmişdir. Belə olan halda tərəflər arasında şifahi borc müqaviləsinin bağlanıldığı danılmazdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Mülki Məcəllənin 329.1-ci maddəsinə görə əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə görə əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Qanunvericilinin qeyd olunan normalarının tələbindən göründüyü kimi qanunla müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır və borc müqaviləsi predmetinin məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Hazırki halda isə tərəflər arasında xx.xx.2023-cü il tarixində 400 manat məbləğində pulun borc verilməsi barədə, iştirakçılarından biri hüquqi şəxs olan tərəflər arasında borc müqaviləsi bağlansa da, həmin müqavilə qanunla müəyyən olunmuş qaydada yazılı formada bağlanmamışdır. Buna görə də tərəflər arasında bağlanmış, iştirakçılarından biri hüquqi şəxs olan həmin borc müqaviləsi etibarsızdır, cavabdeh həmin əqd üzrə aldıqlarını iddiaçıya qaytarmalıdır. Belə ki, Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Lakin məhkəmə hesab edir ki, mübahisəyə iddia müddəti tətbiq edilməlidir. Ona görə ki, cavabdeh məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək ərizəsində qeyd etmişdir ki, Mülki Məcəllənin 745.4-cü maddəsi ilə müəyyən edilmiş 1 illik iddia müddəti iddiaçı tərəfindən ötürülmüşdür. Məhkəmə hesab edir ki, iddiaçı qanunla müəyyən edilmiş iddia müddətini ötürdükdən sonra borcun tutulması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Belə ki, iddiaçının özünün hazırkı mövqeyinə görə cavabdeh borcunu xx.xx.2023-cü il tarixdə qaytarmalı idi. İş üzrə müəyyən edilir ki, iddiaçı cavabdehə pretenziya ərizəsi ilə xx.xx.2024-cü il tarixdə, yəni özünün qeyd etdiyi öhdəliyin icra müddətindən 1 il 4 gün müddət keçdikdən sonra müraciət etmişdir. Həmçinin, iddiaçı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2025-ci il tarixdə, yəni özünün qeyd etdiyi öhdəliyin icra müddətindən 1 il 3 ay müddət keçdikdən sonra müraciət etmişdir. Mülki Məcəllənin 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.4-cü maddəsinə əsasən tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. Məcəllənin 373.5-ci maddəsinə əsasən Bu Məcəllənin bu fəslində müəyyənləşdirilmiş qaydalar, əgər qanunla ayrı hal müəyyənləşdirilməyibsə, xüsusi iddia müddətlərinə də şamil edilir. Mülki Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Qeyd edilən müddəalardan da göründüyü kimi, şəxs istənilən müddət deyil, yalnız qanunla verilmiş müddət çərçivəsində pozulmuş hüququnun müdafiəsi məqsədilə məhkəmədə iddia qaldıra bilər. Qanunla iddia müddətinin müəyyən edilməsinin məqsədi bir tərəfdən hüquq münasibətləri iştirakçılarını öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur etmək, digər tərəfdən məhkəmələrdə iddialara baxılarkən qeyri-müəyyənliyin aradan qaldırılmasına xidmət edir. İrəli sürülən hər bir iddianının təmin edilməsi onun hansı dərəcədə əsaslı olmasından, iddianın əsaslılığı isə sübutların mötəbərliyindən asılıdır. Lakin üzərindən çox vaxt ötmüş sübutların mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olduğu üçün bu işin obyektiv araşdırılmasına da birbaşa təsir edir. Ona görə də, qanun hər kəsə pozulmuş hüququnun bərpası üçün konkret müddət çərçivəsində iddia qaldırmağı tövsiyə edir. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə” dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 dekabr 2001-ci il tarixli qərarında qeyd edilir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə görə müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Beləliklə, Mülki Məcəllənin 354.1-ci maddəsi əhəmiyyətsiz əqd üzrə qarşı tərəfdən icra olunmuşların geri qaytarılması ilə bağlı məhkəmədə iddia qaldırılması üçün müəyyən edilmiş müddətdir. Qeyd olunmalıdır ki, əhəmiyyətsiz əqd üzrə yalnız əvəzedilən əşyalar üzərində əldə edənin hüququ yarana və nəticədə əsassız varlanma baş verə bilər. Qeyd edildiyi kimi, əvəzedilən əşyalar mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır ki, bu əşyalar əhəmiyyətsiz əqd üzrə verilmiş olsa belə, əldə edənin əmlakına qarışdığından, sonuncunun həmin əşya üzərində hüququ yaranır. Lakin əldə edənin əşya üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olur. Məhz bu halda əhəmiyyətsiz əqd üzrə şəxs digər tərəfə qarşı tələb hüququnu reallaşdıraraq, Mülki Məcəllənin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir il müddət ərzində əhəmiyyətsiz əqd üzrə icra edilmişlərin geri qaytarılması ilə bağlı iddia verə bilər. Yəni həmin maddədə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqdin icrası nəticəsində yaranmış əsassız varlanma halları ilə bağlı tələblər üçün keçərlidir. Beləliklə, əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı baş verdiyi təqdirdə, Mülki Məcəllənin 354.1-ci maddəsinə uyğun olaraq qarşı tərəfin əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi ilə bağlı tələb hüququ bir il ərzində irəli sürülə bilər. Məhkəmə cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiqinə dair ərizəyə münasibətdə qeyd edir ki, məhkəmənin gəldiyi nəticəyə uyğun olaraq hazırkı tələbin hüquqi əsasını əhəmiyyətsiz əqd üzrə əldə edilmiş pul hesabına əsassız varlandığı iddia edilən cavabdehdən onu əsassız varlandıran pulun tələb edilməsi təşkil edir. Odur ki, mübahisəyə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 745.4-cü maddəsində deyil, 354.1-ci maddəsində nəzərdə tutulmuş iddia müddəti (əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddiaların onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülməsinin mümkünlüyü) tətbiq edilməlidir. Üstəlik, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda istinad edilmiş qərarında ortaya qoyulmuş hüquqi mövqeyə uyğun olaraq bu müddət iddia müddətidir və iddiaçı həmin müddəti ötürmüşdür. Odur ki, cavabdeh iddia müddətinin tətbiqi əsası ilə iddianın rədd edilməsini tələb etməkdə haqlıdır. Şərh edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçı hazırkı iddia tələbi ilə hüququnun pozulduğunu bildiyi gündən qanunla müəyyən edilmiş bir illik müddəti ötürdükdən sonra məhkəməyə müraciət etdyindən, cavabdeh isə iddia müddətinin tətbiqi barədə ərizə verdiyindən 400 manat pul tələbinə dair iddia təmin edilə bilməz. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (Mülki Məcəllənin 375.2-ci maddəsi). Məhkəmə həmçinin hesab edir ki, iddia digər hissədə - 20 manat faiz, 58 manat komissiya və 242 manat cərimə tələbi hissədə hər hansı əsasa söykənmədiyindən və bununla da əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə, xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunmadığından, MPM-in 119.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsaslanaraq və MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi:
İddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Fərhadov