Məhkəmə qərarları › İş №e-2(125)-265/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-265/2023

23.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-265/2023 23.02.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavadeh Cavabdeh2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavadehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsinin ləğv edilməsi və kredit borcunun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında məhkəmənin binasında baxaraq, məhkəmə müəyyənetdi: Mülki işin mübahisəsiz halları bundan ibarətdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Gəncə filialı (bundan sonra – iddiaçı və ya Bank) ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, İK 084/İST/REST/2022 saylı kredit müqaviləsinə əsasən Bank borcalana 36 ay müddətinə illik 26 faiz dərəcəsi ilə 2440 manat kredit vermiş, borcalan isə krediti və ona hesablanacaq faizləri ödəməyi öhdəsinə götürmüşdür. Bank ilə aralarında bağlanmış eyni tarixli və nömrəli zaminlik müqaviləsinə əsasən, Cavabdeh1 həmin kredit müqaviləsi üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsinə görə kreditor qarşısında zamin qismində öz üzərinə məsuliyyət götürmüşdür. İddiaçı ASC cavadehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi və ona əlavə ərizə ilə məhkəməyə müraciət edərək, Bank ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, İK 084/İST/REST/2022 saylı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, Bank ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, İK 084/İST/REST/2022 saylı kredit müqaviləsi üzrə Cavabdeh2 2440 manat əsas borc, 304,86 manat faiz borcu, 246.71 manat cərimə borcu olmaqla, cəmi 2986.29 manat borcun və dövlət rüsumu 49.87 manat pulun cavabdehlərdən birgə qaydada tutularaq Banka ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, borcalan müqavilə öhdəliklərini pozmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 4/1892 saylı ekspert rəyindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, İK 084/İST/REST/2022 saylı kredit müqaviləsinin 1-ci və 2-ci vərəqələrində “Borcalan” qrafalarındakı imzalar, 2-ci vərəqində “Borcalan” hissəsində “İmza” qrafasındakı imza - Cavabdeh2 tərəfindən icra olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddiaya etiraz edərək təmin olunmamasını xahiş etdi. Digər cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə içlasına gəlməmiş və gəlməməsinin səbəbinin üzrlü olması barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsləri dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə ki, Bank ilə Cavabdeh2 arasında qanunvericiliyə uyğun olaraq bağlanmış kredit müqaviləsinə əsasən, Bank krediti borcalana versə də, borcalan müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, beləliklə Bank qarşısında yuxarıda göstərilən məbləğdə icra edilməmiş əsas və faiz borcu yaranmışdır. Cavabdeh tərəf isə məhkəməyə iddia tələbini tam və ya qismən təkzib edəcək hər hansı dəlil təqdim etməmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi krediti və ona hesablanmış faizləri tələb etməkdə haqlıdır. Məhkəmə həmçinin nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdeh tərəfin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun silinməsi kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Çünki, müqavilədə dəbbə pulu əldə ediləcək gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas və faiz borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onun vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 246.71 manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, cərimə borcu azaldılaraq 122 manat məbləğində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə qeyd edilənlərə əsasən qənaətə gəlir ki, kredit müqaviləsi ləğv edilməli, əsas, faiz və azaldılmış cərimə borcu cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq, işdə iştirak edən şəxslərə aid edilməlidir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan ödənilmiş dövlət rüsumunun əvəzi qismində 49 manat pul cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Bununla yanaşı, iş üzrə keçirilmiş ekspertiza xərci olan 125 manat pul Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, İK 084/İST/REST/2022 saylı kredit müqaviləsi ləğv edilsin. xx.xx.2022-ci il tarixli, İK 084/İST/REST/2022 saylı kredit müqaviləsi üzrə 2440 manat əsas borc, 304,86 manat faiz borcu, 122 manat cərimə borcu olmaqla, cəmi 2866 (iki min səkkiz yüz altmış altı) manat 86 (səksən altı) qəpik pul və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 49 (qırx doqquz) manat pul cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınaraq İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh2 ekspertiza tədqiqatının dəyəri olan 125 (yüz iyirmi beş) manat pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar