Məhkəmə qərarları › İş №e-2(125)-265/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-265/2024

29.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-265/2024 29.05.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı ASC, xx.xx.2023-cü il tarixli RGTK0403587B119 nömrəli kredit müqaviləsinə əsasən əsas borc üzrə 8683,98 manat, faiz borcu üzrə 864,34 manat, cəmi 9548,32 manat pul vəsaitinin və 115,48 manat dövlət rüsumunun əvəzinin Cavabdeh iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki hallarına görə, İddiaçı ASC (Bank) ilə Cavabdeh (cavabdeh və ya borcalan) arasında bağlanmış xx.xx.2023-cü il tarixli RGTK0403587B119 nömrəli kredit müqaviləsinə və kassa məxaric orderinə əsasən Bank borcalana məqsədli istifadə, qaytarılmaq, faizlər ödənilmək və təminatlılıq şərti ilə 83 ay müddətinə illik 20 faiz dərəcəsi ilə ödəmək şərtilə 8683,98 manat məbləğində kredit vermiş, borcalan krediti əldə edən zaman birdəfəlik 85,98 xidmət haqqı ödəməklə müqavilə ilə müəyyənləşdirilmiş şərtlərlə aldığı krediti və kredit üzrə hesablanacaq faizləri Banka ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Ödəniş cədvəli əsasında cavabdeh xx.xx.2030-cu il tarixədək hər ay 193,91 manat, sonuncu ay 203,07 manat ödəməyi öz üzərinə götürmüşdür. İddiaçı iddia ərizəsində göstərmişdir ki, kredit müqavilələrinin şərtlərinə əsasən cavabdeh öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş və cavabdehin xx.xx.2023-cü il tarixə Banka 8683,98 manat, faiz borcu üzrə 864,34 manat olmaqla cəmi 9548,32 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq, mülki işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdeh izahatında bildirmişdir ki, krediti götürən zaman hərbçi olmuşdur, hazırda isə işləmir. Ailəlidir, övladı var. Kredit borcu 3 dəfə resturukturizasiya olunmuşdur, kredit borcundan xeyli ödənişlər etmişdir, borcu düzgün hesablanmamışdır. Xüsusilə də faizlərin məbləğini həddindən artıq yüksək hesab edir. Cavabdehə sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat göndərilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü olması barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddianın dəlillərini, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işin mübahisəsiz halları ilə müəyyən edilir ki, tərəflər arasında yuxarıda qeyd edilən müqavilə və ödəniş cədvəli barədə müqaviləyə əlavə imzalanmışdır. Tərəflər arasında müqavilənin və ona Əlavə sazişin bağlanmasını təkzib edən əsaslar iş materiallarında mövcud deyil. Həmin müqavilə və əlavəyə görə Bank borcalana yuxarıda qeyd edilən məbləğdə kredit vermiş, borcalan müqavilə ilə müəyyənləşdirilmiş şərtlərlə kredit məbləğini, habelə kreditdən istifadəyə görə hesablanmış faizləri, xidmət haqqını, dəbbə pulunu Banka ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Müqavilənin 2.6-cı bəndinə əsasən müqavilə üzrə müştəri tərəfindən ödənilən vəsaitlər ilk olaraq xidmət haqqı və dəbbə pulunun, daha sonra hesablanmış faizlərin, sonda isə əsas borcun ödənilməsinə yönəldilir. Tərəflər arasında bağlanmış sözügedən müqavilənin 3.1.4.1 və 3.1.4.2-ci bəndlərinə əsasən Borcalan tərəfindən əsas borc yaxud onun bir hissəsinin ödəniş qrafiki üzrə ödənilməsi müddətləri pozulduqda; Borcalan tərəfindən faizlərin yaxud onların bir hissəsinin ödənilməsi müddətləri ardıcıl olaraq iki dəfə pozulduqda Kreditor müqavilə üzrə borcların (əsas borc, faiz borcu və dəbbə pulu) vaxtından əvvəl qaytarılmasını tələb edə bilər. İş materiallarında olan, xx.xx.2023-cü il tarixli maliyyə arayışına görə cavabdehin xx.xx.2023-cü il tarixə Banka xx.xx.2023-cü il tarixli RGTK0403587B119 nömrəli kredit müqaviləsi üzrə 8683,98 manat əsas, 864,34 manat faiz olmaqla, cəmi 9548,32 manat borcu yaranmışdır. xx.xx.2023-cü il tarixli sonuncu bildirişdən görünür ki, cavabdehə xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə borcun (gecikmənin) olması barədə xəbərdarlıq edilmiş və gecikmə borcunun 5 (beş) təqvim günü ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə barəsində müvafiq tədbirlər görüləcəyi barədə məlumat verilmişdir. İş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının 9/1582 nömrəli, 16 aprel 2024-cü il tarixli rəyi ilə, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və xx.xx.2023-cü il tarixli RGTK0403587B119 nömrəli kredit müqaviləsi şərtləri əsas götürülməklə Cavabdeh banka olan borcu, yəni xx.xx.2023-cü il tarixədək olan borcu əsas borc üzrə 8683,98 manat, faiz borcu üzrə 853,92 manat müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (maddə 739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (maddə 739.2). Əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir (maddə 743). Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kredit və bank hesabı) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (maddə 385.1). Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (maddə 442). Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə cavabdeh arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmışdır. İddiaçı öz öhdəliyini yerinə yetirərək müqavilədə nəzərdə tutulmuş məbləği cavabdehə vermiş, cavabdeh isə kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, tam yerinə yetirməmişdir. Tərəflər arasında kredit müqaviləsinin bağlanmasını təkzib edən əsaslar iş materiallarında mövcud deyil. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmalarına dair üzərinə öhdəlik götürmüşdür. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas və faiz borcunun qaytarılmasını cavabdehdən tələb etməkdə haqlıdır. Lakin məhkəmə hesab edir ki, əsas və faiz borcu ekspert rəyinə uyğun olaraq cavabdehdən tutulmalıdır. Ekspert rəyinin məhkəmə üçün digər sübutlardan üstün hüquqi qüvvəsinin olmamasını qanunvericilik müəyyən etsə də, iddiaçı ekspert rəyini təkzib edəcək sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də, məhkəmə ekspert rəyini daha mötəbər sübut hesab edir. MPM-in 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 77.1-ci maddəsi müəyyən edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin, qeyd edilməlidir ki, iddiaçının təqdim etdiyi sübutlar, eləcə də ekspert rəyi rəydə qeyd edilən məbləğdə borcun olduğunu təsdiq edir, hazırki iş üzrə məhkəmə iclaslarında iştirak etmiş cavabdeh isə məhkəməyə iddia tələbini təkzib və borcun düzgün hesablanmadığını təsdiq edəcək heç bir sübut təqdim etməmişdir. Əksinə, cavabdeh bankdan pul vəsaitini götürdüyünü, müvafiq borcunun olmasını etiraf etmişdir. Beləliklə, iddiaçı müqavilənin şərtlərinə istinad edərək cavabdehdən ekspert rəyində göstərilən məbləğdə əsas borcun və ona hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Ona görə də iddia qismən təmin edilməli, cavabdehdən 8683,98 manat əsas borc, 853,92 manat faiz borcu olmaqla, cəmi 9537,9 manat məbləğində pul vəsaiti İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Həmçinin, MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia əsasən əsaslı olduğundan iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə uyğun qaydada tərəflərə aid edilməli, eləcə də ekspertiza xərcinə görə 100 manat cavabdehdən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli RGTK0403587B119 nömrəli kredit müqaviləsi üzrə yaranmış 8683,98 manat əsas borc və 853,92 manat faiz borcu olmaqla, cəmi 9537,9 (doqquz min beş yüz otuz yeddi manat doxsan qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 115,38 (bir yüz on beş manat otuz səkkiz qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Keçirilmiş ekspertizanın xərci olan 100 (bir yüz) manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Büdcə təsnifat kodu: 142595; Büdcə səviyyəsinin kodu: 3; Adı: X1; Kodu: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZ********************; SWİFT BİK: CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN: **********; Hesab: AZ34CTRE********************) hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar