Məhkəmə qərarları › İş №e-2(125)-2689/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-2689/2024

24.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-2689/2024 24.06.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, iddiaçının nümayəndəsi X4, Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «pul tələbi» barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı xx.xx.2019-cu il tarixli, 800804-111588/3 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.358 manat 82 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 27 manat 25 qəpik cəmi 1.386 manat 07 qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 34 manat 26 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X7 iddianı müdafiə edərək, göstərdi ki, İddiaçı ASC ilə X1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 800804-111588/3 nömrəli kredit müqaviləsinə əsasən borcluya 36 ay müddətinə illik 27 faiz dərəcəsi ilə 2.500 manat məbləğində kredit verilmişdir. X1 xx.xx.2020-ci il tarixində vəfat etmişdir. Bu səbəbdən kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafiki pozulmuşdur. Vəfat etdiyi tarixədək vaxtaşırı gecikmə etdiyindən borcalanın vəfat etdiyi tarixə kredit müqaviləsi üzrə 1.358 manat 82 qəpik məbləğində əsas borc və 27 manat 25 qəpik faiz borcu olmaqla, ümumilikdə 1.386 manat 07 qəpik məbləğində kredit borcu yaranmışdır. 1 saylı Gəncə regional Asan xidmət mərkəzində Notariat ofisi tərəfindən təqdim olunmuş arayış əsasında qanun üzrə vərəsə mərhumun əri Cavabdeh təyin olunmuşdur. Belə ki, Cavabdeh mərhum X2 miras qalmış ** DF *** dövlət qeydiyyat nişanlı, «VAZ 2106» minik markalı avtomobili vərəsəlik yolu ilə qəbul etmişdir. Cavabdeh vərəsə təyin olunduğu tarixdən bank tərəfindən kredit borcunun ödənilməsinə dair xəbərdar olunmuşdur. Kredit borcunun ödənilməsinə dair xəbərdarlıqlar ünvanlanmış və kredit borcu ödənməmişdir və nəticədə gecikdirilmiş kredit borcu yaranmışdır. Bundan başqa, iddiaçı sözügedən miras əmlak hesab edilən ** DF *** dövlət qeydiyyat nişanlı, «VAZ 2106» minik markalı avtomobilin 1.200 manat məbləğində dəyərləndirilməsinə razıdır. Sonda iddiaçının nümayəndəsi X7 iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərdi ki, arvadı X5 xx.xx.2020-ci il tarixində vəfat etmişdir. Onun mərhum arvadının İddiaçı ASCdən kredit götürməsinə dair hər hansı məlumatı olmamış, o cümlədən sözgedən kredit məbləği ailə ehtiyaclarının təmin edilməsi üçün sərf edilməmişdir. Bundan başqa onunla mərhum arvadı X5nın birgə nikah dövründə əldə etdiyi 1.200 manat məbləğində ** DF *** dövlət qeydiyyat nişanlı, «VAZ 2106» minik markalı avtomobil arvadı öldükdən sonra vərəsəlik yolu ilə onun adına rəsmiləşdirilmişdir. Sonda Cavabdeh iddianın qismən təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini və cavabdehi dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli, 800804-111588/3 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı ASC tərəfindən X3 illik 27 faiz dərəcəsi ilə 36 ay müddətinə 2.500 manat məbləğində şəxsi istehlak məqsədi ilə kredit verilmişdir. İşdə olan xx.xx.2019-cu il tarixli kassa məxaric orderinin surətindən görünür ki, X5 xx.xx.2019-cu il tarixdə 2.500 manat məbləğində pul vəsaitini İddiaçı ASC-dən qəbul etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışının surətinən görünür ki, X5nın xx.xx.2019-cu il tarixli, 800804-111588/3 nömrəli kredit müqaviləsi üzrə İddiaçı ASC-yə ödənilməmiş əsas borcun əvəzi qismində 1.358 manat 82 qəpik, xx.xx.2024-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcunun əvəzi qismində 27 manat 25 qəpik cəmi 1.386 manat 07 qəpik borcu vardır. İşdə olan AZ-İİ seriyalı, 110739 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan 1 saylı Gəncə regional Asan xidmət mərkəzində Notariat ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 2446 nömrəli məktubun surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə ölmüş X5nın adına qalan miras əmlaka dair əri Cavabdeh xx.xx.2020-ci il tarixli ərizəsinə əsasən 1 saylı Gəncə regional Asan xidmət mərkəzində Notariat ofisində vərəsəlik işi açılmışdır və xx.xx.2021-ci il tarixində isə vərəsəyə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli və xx.xx.2024-cü il tarixli xəbərdarlıqların surətindən görünür ki, İddiaçı ASC tərəfindən X5nın qanun üzrə vərəsəsi Cavabdeh xx.xx.2019-cu il tarixli, 800804-111588/3 nömrəli kredit müqaviləsi üzrə borcu könüllü ödəməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan V-ЖГ seriyalı, 471836 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X5 arasında olan nikah xx.xx.1991ci il tarixdə Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsində 804 akt qeydə nömrəsi ilə qeydə alınmışdır. İşdə olan xx.xx.2013-cü il tarixli, AC 126073 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, ** DF *** dövlət qeydiyyat nişanlı, «VAZ 2106» minik markalı avtomobilin mülkiyyətçisi X5 olmuşdur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 2V-942 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, X5nın vərəsəsi Cavabdehdur və o miras əmlakdan tam hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak ** DF *** dövlət qeydiyyat nişanlı, «VAZ 2106» minik markalı avtomobildən ibarətdir. İşdə olan Gəncə şəhər Baş Polis İdarəsinin X10 İdarəsinin xx.xx.2024-cü il tarixli, 3- 13-57-5/2-6019/24 nömrəli məktubunun surətindən görünür ki, ** DF *** dövlət qeydiyyat nişanlı, «VAZ 2106» minik markalı avtomobilin əvvəlki mülkiyyətçisi X5 olmuş, əvvəllər etibarnamə əsasında idarəçisi Cavabdeh olmuşdur. Beləliklə, işdə olan sənədlərlə X5nın İddiaçı ASC ilə bağladığı kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsi və nəticədə iddiaçıya xx.xx.2019-cu il tarixli, 800804-111588/3 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş borcunun olduğu, X5nın ölümündən sonra həmin şəxsə məxsus ümumi birgə əmlakın Cavabdeh tərəfindən qəbul olunması təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır; Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir; Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1307-ci maddəsinə əsasən mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Mülki Məcəllənin qeyd olunan normalarından da göründüyü kimi mirasın aktivini qəbul etmiş vərəsələr mirasqoyanın öhdəlikləri üçün qəbul etdiyi miras payı həcmində birgə borclu kimi məsuliyyət daşıyır. Lakin sözügedən əmlak birgə nikah dövründə əldə olunduğundan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225-ci maddəsinə əsasən ümumi birgə mülkiyyət hesab olunur. Odur ki, ümumi birgə mülkiyyət hesab edilən 1.200 manat dəyərində olan ** DF *** dövlət qeydiyyat nişanlı, «VAZ 2106» minik markalı avtomobilin ½ hissəsi cavabdehin mülkiyyəti hesab olunur. Eyni zamanda sözügedən kredit məbləğinin ailə ehtiyacları ilə bağlı verilməsi və sərf olunmasına dair sübutetmə yükü iddiaçının üzərinə düşməsinə baxmayaraq iddiaçı bununla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Konstitusiya Məhkəməsinin 2021-ci il 23 iyul tarixli Qərarında ifadə edilmiş hüquqi mövqelərə əsasən, Mülki Məcəllənin 225-ci, Ailə Məcəlləsinin 32 və 41.2-ci maddələrinin tələblərinə uyğun olaraq, nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü öhdəliklər ərarvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Ailə Məcəlləsinin 36-cı maddəsində nəzərdə tutulmuş ər-arvadın ümumi əmlakının bölgüsü müddəası onların mülkiyyət paylarının, iqtisadi dəyərə malik olan tələb hüquqlarının və yerinə yetirilməli olan öhdəliklərinin bölünməsini ehtiva edir. Şəxsi xarakterli öhdəliklərin icrası üçün ərin (arvadın) şəxsi əmlakı kifayət etmədikdə kreditor (kreditorlar) ödəməni ərarvadın ümumi əmlakında müvafiq tərəfin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verə bilər. Ailə Məcəlləsinin 37.3-cü maddəsinə müvafiq olaraq, ər-arvadın bir-birinə qarşı əmlak bölgüsü haqqında iddiasına baxılarkən ümumi öhdəliklər üzrə borclar ər-arvadın hər birinin mülkiyyət payına mütənasib olaraq bölünür. Lakin bu bölgü kreditor (kreditorlar) qarşısında ər-arvadın birgə borclu olması halını aradan qaldırmır. Göstərilən qanunvericilik normalarını rəhbər tutaraq məhkəmə qeyd edir ki, mərhum X5nın kredit müqaviləsi üzrə yaranmış borcunu onun ölümündən sonra mirasını qəbul etmiş qanun üzrə vərəsəsi Cavabdeh vərəsə kimi ondan miras qalmış əmlakı rəsmi qaydada qəbul etmişdir. Lakin cavabdeh mirasqoyanın öhdəliyini icra etməmişdir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Buna görə də məhkəmə hesab edir ki, xx.xx.2019-cu il tarixli, 800804-111588/3 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 600 manat məbləğində pul vəsaiti Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 30 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin iddiası qismən təmin edilsin. Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə xx.xx.2019-cu il tarixli, 800804-111588/3 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 600 (altı yüz) manat və ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 30 (otuz) manat, cəmi 630 (altı yüz otuz) manat məbləğində pul vəsaiti tutulsun. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin iddiası qalan hissədə təmin edilməsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar