Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-2711/2023 05.07.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, Cavabdeh1 iştirakı ilə, iddiaçı X1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit borcunun tutulması və tutmanın girov predmetinə yönəldilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada LPO İddiaçı ASC-nin xeyrinə əsas borc üzrə 9000 manat, faiz borcu üzrə 183,02 manat olmaqla, cəmi 9183,02 manat pul vəsaitinin və 112,25 manat dövlət rüsumunun tutulması, tutmanın girov qoyulmuş Cavabdeh2 məxsus cəmi dəyəri 3091,50 manat olan qızıl ziynət əşyalarına (1 ədəd sep, 1 ədəd brilyant dəst, 1 ədəd brilyant kulon) yönəldilməsi, yuxarıdakı qızıl ziynət əşyalarının açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəldilməsi və girov predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin cavabdehlərdən müştərək qaydada tutulması və LPO İddiaçı ASC-yə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki hallarına görə, İddiaçı ASC (Bank) ilə Cavabdeh2 (borcalan) arasında 109.LN.1676.221019.00001 nömrəli, xx.xx.2019-cu il tarixli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə və hesabdan çıxarışa əsasən Bank borcalana 60 ay müddətinə, ilk 12 ay güzəşt müddəti olmaqla, illik 1 faiz dərəcəsi ilə ödəmək şərtilə 9000 manat məbləğində kredit ayırmış, borcalan müqavilə ilə müəyyənləşdirilmiş şərtlərlə kredit məbləğini, habelə kreditdən istifadəyə görə hesablanmış faizləri Banka qaytarmaq öhdəliyini öz üzərinə götürmüşdür. Borcalanın həmin öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə Bank ilə borcalan arasında 109.CL.221019.00001/b nömrəli, xx.xx.2019-cu il tarixli saxlanc müqaviləsi bağlanmış və borcalana məxsus əyarı 583, çəkisi 40,70 qram olan 1 ədəd sep, əyarı 583, çəkisi 21,40 qram olan 1 ədəd brillyant dəst, əyarı 583, çəkisi 6,6 qram olan 1 ədəd brillyant kulondan ibarət qızıl-zinət əşyaları girov qoyulmuşdur. Borcalanın həmin öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə Bank ilə Cavabdeh1 (zamin) arasında müvafiq olaraq 109.CL.221019.00001/a nömrəli, xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsi imzalanmış, həmin müqaviləyə əsasən zamin Borcalanın Bank qarşısında 109.LN.1676.221019.00001 nömrəli, xx.xx.2019-cu il tarixli müqavilə üzrə öhdəliyinin tam həcmdə yerinə yetirilməsi üçün birgə məsuliyyəti öz üzərinə götürmüşdür. Ödəniş cədvəli əsasında əsas və faiz borcunu cavabdeh xx.xx.2024-cü il tarixi də daxil olmaqla 60 ay müddətinə, ödəməyi öz üzərinə götürmüşdür. Birinci ödəniş xx.xx.2019-cu il, sonuncu ödəniş isə xx.xx.2024-cü il tarixdən gec olmayaraq həyata keçirilməlidir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, kredit müqaviləsinin şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Cavabdehlərin xx.xx.2022-ci il tarixə Banka 9000 manat əsas borcu, 183,02 manat faiz borcu olmaqla, cəmi 9183,02 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən iddiaçının nümayəndəsi 9000 manat məbləğində kreditin ayrıldığını, əsas borcun 9000 manat təşkil etdiyini, 1 ədəd brillyant dəstin, 1 ədəd brillyant kulonun və 1 ədəd sepin Bankda girov qoyulduğunu qeyd etdi, onu da əlavə etdi ki, sözügedən kredit borcu restrukturizasiya olunan borcdur. Məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh2 kredit müqaviləsinin bağlandığını bildirdi və qeyd etdi ki, müqavilə bağlanan vaxt işləyirdi və 2-3 ay borcundan ödənişlər etmiş, sonradan ödəniş edə bilməmişdir. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh1 göstərilən məbləğdə borclarının olduğunu qəbul edərək izahatında bildirdi ki, tək yaşayır, işləmir, əvvəllər pensiya alsa da, indi pensiyası dayandırılıb, ona görə də sözügedən müqavilə üzrə borclarını ödəyə bilmir. İş üzrə iddiaçının nümayəndəsi və digər cavabdeh məhkəmə baxışının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar, lakin onlar məhkəmə baxışına gəlməmiş və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, Cavabdeh1 izahatını dinləyib, iddia ərizəsini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işin mübahisəsiz halları ilə müəyyən edilir ki, tərəflər arasında yuxarıda qeyd edilən müqavilə və ona ödəniş cədvəli barədə əlavə imzalanmışdır. Tərəflər arasında müqavilənin və ona Əlavə sazişin bağlanmasını təkzib edən əsaslar iş materiallarında mövcud deyil. Həmin müqavilə və əlavəyə, eləcə də hesabdan çıxarışa görə Bank borcalana 60 ay müddətinə, ilk 12 ay güzəşt müddəti olmaqla illik 1 faiz dərəcəsi ilə ödəmək şərtilə 9000 manat məbləğində kredit vermiş, borcalan müqavilə ilə müəyyənləşdirilmiş şərtlərlə kredit məbləğini, habelə kreditdən istifadəyə görə hesablanmış faizləri Banka ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Müqavilənin 8.1-ci və 8.1.1-ci bəndlərinə əsasən Borcalan üzərinə götürmüş öhdəliyi (tam və ya qismən) yerinə yetirməzsə, eləcə də borc tam və ya qismən təmin olunmazsa, borcalanın ödəmə qabiliyyətinin olmaması səbəbindən kreditor müqavilə üzrə kreditin vaxtından əvvəl qaytarılmasını tələb edə bilər, eləcə də borcalan verilmiş krediti, onun bir hissəsini və ya hesablanmış faizləri müqavilədə nəzərdə tutulmuş vaxtda yaxud 1 nömrəli əlavədə göstərilən cədvəl üzrə 3 (üç) ay müddətində ödəməzsə, kreditor kreditin hesablanmış faizlərlə birlikdə vaxtından əvvəl qaytarılmasını və (və ya) girov (ipoteka) qoyulmuş əmlakın satılmasını tələb etmək və (və ya) borcun ödənilməsini digər təminatlarına yönəltmək hüququna malikdir. İş materiallarında olan, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, 25 iyul 2022-ci il tarixə 109.LN.1676.221019.00001 nömrəli, xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə Banka əsas borc üzrə 9000 manat, faiz borcu üzrə 183,02 manat, cəmi 9183,02 manat kredit borcu yaranmışdır. Beləliklə, müqavilə üzrə cavabdehlər tərəfindən ödənişlər qismən aparılmışdır. xx.xx.2021-ci il tarixli xəbərdarlıq məktubundan və xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, cavabdehlərə xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə borcun (gecikmənin) olması barədə xəbərdarlıq edilmiş və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə məlumat verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (maddə 739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (maddə 739.2). Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür (maddə 470.1). Borclu zaminliklə təmin edilmiş öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (maddə 472.1). Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, tərəflər arasında qanuvericiliyə uyğun olaraq müvafiq kredit və zaminlik müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirərək, müqavilə predmeti olan pul məbləğini borcalana vermişdir və sonuncu kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Müqaviləyə uyğun olaraq bankın müqaviləyə birtərəfli qaydada xitam vermək və borcun vaxtından əvvəl qaytarılmasını tələb etmək hüququ yaranmışdır. Lakin, borcalan kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə tam icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Məhkəmə eyni zamanda digər Cavabdeh1 mülki məsuliyyətini araşdıraraq hesab edir ki, o, sözügedən müqavilə üzrə müəyyən edilmiş kreditə görə zamin olduğundan, qeyd edilən əsas borcun, həmin məbləğə hesablanmış faiz borcunun ödənilməsi üçün borcalanla birgə məsuliyyət daşıyır. Həmçinin, iddiaçının təqdim etdiyi sübutlar cavabdehin iddiaçı Banka müqavilə üzrə borcu olduğunu və borcun düzgün hesablandığını təsdiq edir, məhkəmə iclasında iştirak edən cavabdehlər isə məhkəməyə iddia tələbini təkzib edəcək və borcun düzgün hesablanmadığını təsdiq edəcək heç bir sübut təqdim etməmişlər. Beləliklə, iddiaçı müqavilə şərtlərinə istinad edərək cavabdehlərdən əsas borcun və ona hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə, həmçinin tələbin girov qoyulmuş əşyalara yönəldilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, Mülki Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Göstərilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, borcalan cavabdehin iddiaçıya olan pul öhdəliyi girovla təmin edildiyindən və həmin cavabdehlər iddiaçı qarşısında olan pul öhdəliyini yalnız özlərinin cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, iddiaçı tələbin girovla yüklü edilmiş göstərilən əşyalara yönəldilməsini məhkəmə qaydasında tələb etməkdə haqlıdır. Odur ki, iddianın həmin hissəsi də təmin edilərək, borc tələbi kreditin təminatı kimi girovla yüklü edilmiş qızıl-zinət əşyalarına yönəldilməlidir. Məhkəmə eyni zamanda tələbin girovla yüklü edilmiş əmlaka yönəldilməsi qaydasını müəyyən edərək, belə nəticəyə gəlir ki, iddiaçının tələbinin girov qoyulmuş göstərilən əşyalara yönəldilməsi girovla yüklü edilmiş göstərilən əmlakların açıq hərracdan satış yolu ilə realizə edilməlidir. Belə ki, Mülki Məcəllənin 297-ci maddəsinə əsasən girov qoyulmuş əşya hərracda (açıq auksionda) və ya “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda istənilən üsulla satıla bilər. Həmçinin, MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia əsaslı olduğundan, məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 112,25 manat dövlət rüsumunun əvəzi cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə yaranmış 9000 manat əsas borc və 183,02 manat faiz borcu olmaqla, cəmi 9183,02 (doqquz min bir yüz səksən üç manat, iki qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 112,25 (bir yüz on iki manat, iyirmi beş qəpik) manat məbləğində pul vəsaiti tutularaq LPO "xxxx" ASC-yə ödənilsin. Tələb üzrə tutma Cavabdeh2 məxsus girov predmeti olan əyarı 583, çəkisi 40,70 qram olan 1 ədəd sep; əyarı 583, çəkisi 21,40 qram olan 1 ədəd brillyant dəst; əyarı 583, çəkisi 6,6 qram olan 1 ədəd brillyant kulondan ibarət qızıl-zinət əşyalarına yönəldilərək həmin əşyalar açıq hərracdan satılsın və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi təmin edilsin. Satışdan əldə edilən vəsait borcun ödənilməsinə yetərli olmazsa, qalan məbləğ Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №e-2(125)-2711/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-2711/2023
05.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver