Məhkəmə qərarları › İş №e-2(125)-279/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-279/2024

11.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-279/2024 11.03.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X7 Şakir oğlunun sədrliyi, X2 iclas katibliyi, İddiaçı X4 Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının nümayəndəsi Nümayəndə2, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı X4 Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "xxxx" tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı X4 Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "xxxx" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, QSC “Bank Standard” KB ilə Cavabdeh2 arasında bağlanmış 24 iyul 2013-cü il tarixli, 1xx/xx/4135/13 saylı kredit müqaviləsi üzrə 1555,14 (bir min beş yüz əlli beş manat on dörd qəpik) manat məbləğində əsas borc, 385,41 (üç yüz səksən beş manat qırx bir qəpik) manat məbləğində cərimə borcu, 653,84 (altı yüz əlli üç manat səksən dörd qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği olmaqla ümumilikdə 2594,39 (iki min beş yüz doxsan dörd manat otuz doqquz qəpik) manat məbləğində pulun, 45,95 (qırx beş manat doxsan beş qəpik) manat dövlət rüsumunun müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 X4 Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 24 iyul 2013-cü il tarixində Cavabdeh2 Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankına ərizə ilə müraciət edərək, ona 5000 (beş min) manat məbləğində kredit verilməsini xahiş etmişdir. Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankı ilə Cavabdeh2 24 iyul 2013-cü il tarixində kredit verilməsi haqqında 1xx/xx/4135/13 saylı kredit müqaviləsi bağlamış və həmin Müqaviləyə əsasən Bank tərəfindən borcluya illik 26 (iyirmi altı) faiz ödənilməsi şərti ilə 24 (iyirmi dörd) ay müdddətinə 5000 (beş min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədi ilə Cavabdeh1 24 iyul 2013-cü il tarixli, 1xx/xx/4135/13 saylı zaminlik müqaviləsi əsasında Kredit Müqaviləsinin borclu tərəfindən icra edilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. Lakin, borclu öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin xx.xx.2023-cü il tarixinə Banka 1555,14 (bir min beş yüz əlli beş manat on dörd qəpik) manat məbləğində əsas borc, 385,41 (üç yüz səksən beş manat qırx bir qəpik) manat məbləğində cərimə borcu, 653,84 (altı yüz əlli üç manat səksən dörd qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği olmaqla ümumilikdə 2594,39 (iki min beş yüz doxsan dörd manat otuz doqquz qəpik) manat məbləğində borcu qalmışdır. Zaminlik müqaviləsinə uyğun olaraq “Borc alan” kredit müqaviləsinə əsasən üzərinə düşən öhdəliyi tamamilə və ya hissə-hissə icra etmədikdə, o cümlədən lazımınca icra etmədikdə “Zamin” “Borc alan” ilə birlikdə “Kreditor” qarşısında kredit məbləğinin, hesablanacaq faizlərin, dəbbə pulunun və icranın gecikdirilməsi ilə vurulmuş zərərin ödənilməsi üçün birgə məsuliyyət daşıyırlar. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə tərəflərindən borcluya və zaminə xəbərdarlıq edilmiş, lakin bundan sonra da qeyd olunan müqavilələrin şərtləri onlar tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. Eyni zamanda, cavabdeh tərəfindən pul məbləğinin ödənilməsinin gecikdirilməsi Banka zərər dəyməsi ilə nəticələnir. Bu səbəbdən də öhdəliyin tam icra olunması gününədək hesablanmalı olduğunun məhkəmə qərarında göstərilməsi hüquqi müəyyənliyin təmin olunmasında xüsusi əhəmiyyətə malikdir. Məhkəmə iclasında iddiaçı X4 Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının nümayəndəsi Nümayəndə2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qismən qəbul edərək izahatında bildirdi ki, iddiaçı X4 Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankı ilə onun arasında bağlanmış 24 iyul 2013-cü il tarixli, KMFŞ 1xx/xx/4135/13 nömrəli kredit müqaviləsinə əsasən ona illik 26 faiz dərəcəsi olmaqla, 24 ay müddətinə 5000 (beş min) manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi digər Cavabdeh1 ilə 24 iyul 2013-cü il tarixli, KMFŞ 1xx/xx/4135/13 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Əvvəllər maddi imkanı olmadığına görə kredit borcundan ödəniş edə bilməsə də, lakin iddiaçı banka olan borcundan 2022-ci ildə bir neçə dəfə ödəniş etmişdir. Cərimə borcu ilə razı deyildir və cərimə borcunun azaldılmasını istəyir. Odur ki, iddia tələbinin qismən təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, iddiaçı X4 Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankı ilə Cavabdeh2 arasında bağlanmış 24 iyul 2013-cü il tarixli, KMFŞ 1xx/xx/4135/13 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh2 illik 26 faiz dərəcəsi olmaqla, 24 ay müddətinə 5000 (beş min) manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi onunla bank arasında 24 iyul 2013-cü il tarixli, KMFŞ 1xx/xx/4135/13 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsindən irəli gələn tələb hüququnun müddəti keçdiyindən iddia tələbinin ona aid hissədə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə, tərəflərin izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; 24 iyul 2013-cü il tarixli, KMFŞ 1xx/xx/4135/13 nömrəli Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankı ilə Cavabdeh2 arasında bağlanmış kredit müqaviləsindən görünür ki, “Kreditor” “Borc alan”a 5000 (beş min) Azərbaycan manatı məbləğində kredit açır. “Borc alan” bu müqavilə ilə müəyyən edilmiş məbləğdə kredit üzrə pul vəsaitlərini qəbul edir və həmin kreditə görə hesablanan faizləri ödəyir. Kredit 24 ay müddətinə verilir. Kreditin ödənilməli olan son tarix 24 iyul 2015-ci ildir. Tərəflər kreditin ödənilməsi müddətinin uzadılmasına razılığa gəldikdə, bu Müqavilə ilə müəyyən edilmiş qaydada bağlanan əlavə müqaviləyə əsasən müqavilənin müddəti uzadıla bilər. Müddət uzadıldıqda yeni müddət bitmiş müddətin sonundan hesablanır. 25 iyul 2013-cü il tarixli kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh2 4870 AZN məbləğində pulu imza edərək Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının kassasından götürmüşdür. 24 iyul 2013-cü il tarixli, KMFŞ 1xx/xx/4135/13 nömrəli zaminlik müqaviləsindən görünür ki, “Kreditor”la “Borc alan” arasında bağlanmış 24 iyul 2013-cü il tarixli, KMFŞ 1xx/xx/4135/13 saylı Kredit müqaviləsinə əsasən 5000 (beş min) AZN məbləğində 24 (iyirmi dörd) ay müddətinə verilən kreditin ona hesablanmış faizlərin və kredit müqaviləsindən irəli gələn digər ödənişlərin qaytarılmasının təminatı kimi “Zamin” “Borc alan”ın öhdəliklərinin yerinə yetirilməsinə görə “Kreditor” qarşısında cavabdehlik daşımağı öhdəsinə götürür. “Borc alan” kredit müqaviləsinə əsasən üzərinə düşən öhdəliyi tamamilə və ya hissə-hissə icra etmədikdə, o cümlədən lazımınca icra etmədikdə “Zamin” “Borc alan” ilə birlikdə Kreditor qarşısında kredit məbləğinin, hesablanacaq faizlərin, dəbbə pulunun və icranın gecikdirilməsi ilə vurulmuş zərərin ödənilməsi üçün birgə məsuliyyət daşıyırlar. 22 sentyabr 2023-cü il tarixli, **********949 nömrəli maliyyə arayışının surətindən görünür ki, QSC Bank Standard KB ilə Cavabdeh2 arasında bağlanmış 24 iyul 2013-cü il tarixli, KMFŞ 1xx/xx/4135/13 saylı kredit müqaviləsi üzrə 12 sentyabr 2023-cü il tarixinə yaranmış tələb: 1555,14 (bir min beş yüz əlli beş manat on dörd qəpik) manat, müqavilə müddəti üçün hesablanmış və tələb olunan faizlər 0 manat, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış və tələb olunan cərimə 385,41 (üç yüz səksən beş manat qırx bir qəpik) manat, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 653,84 (altı yüz əlli üç manat səksən dörd qəpik) manat olmaqla, müqavilənin tələbləri əsasında yaranmış ümumi borc 2594,39 (iki min beş yüz doxsan dörd manat otuz doqquz qəpik) manatdır. Gəncə Şəhər Məhkəməsinin e-2(125)-6615/2023 nömrəli, 28 noyabr 2023-cü il tarixli qərardadından görünür ki, Cavabdeh2 tərəfindən verilmiş vəsatətin təmin edilməsi, iddiaçı X4 Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "xxxx" tələbinə dair mülki iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməsi və məhkəmə-mühasibatlıq Ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ekspertlərinə həvalə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 yanvar 2024-cü il tarixli, 9/9850 nömrəli məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh2 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və xx.xx.2013-cü il tarixli, 1xx/xx/4135/13 kredit müqaviləsi şərtləri əsas götürülməklə Cavabdeh2 xx.xx.2023-cü il tarixədək (sualda göstərilən tarixi) olan dövrün faiz borcu (müqavilə müddətinin bitdiyi tarixdən) illik 5 faiz hesablanmaqla, banka olan borcu 2706,06 manat məbləğində müəyyən olunur, o cümlədən xx.xx.2023-cü il tarixə əsas borc üzrə 1818,08 manat, faiz borcu üzrə 0,00 manat, faiz borcu üzrə (5 faizlə) 887,98 manatdır. Hazırki ekspertiza tədqiqatı zamanı tərəflər arasında imzalanmış xx.xx.2013-cü il tarixli, 1xx/xx/4135/13 kredit müqaviləsinin 6.2-ci bəndində cərimə nəzərdə tutulsa da, bank tərəfindən təqdim edilən sənədlərdə cərimə borcunun hesablanması ilə əlaqədar məlumat (cərimə hesabı üzrə çıxarış) olmadığı üçün Cavabdeh2 cərimə borcu hesablanmamışdır. Aparılmış tədqiqatın dəyəri 100 (bir yüz) manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankı ilə Cavabdeh2 arasında bağlanmış 24 iyul 2013-cü il tarixli, KMFŞ 1xx/xx/4135/13 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh2 illik 26 (iyirmi altı) faiz ödənilməsi şərti ilə 24 (iyirmi dörd) ay müdddətinə 5000 (beş min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankı, Cavabdeh2 və Cavabdeh1 arasında 24 iyul 2013-cü il tarixli, KMFŞ 1xx/xx/4135/13 nömrəli zaminlik müqaviləsi bağlanmış və müqaviləyə əsasən Cavabdeh1 zamin kimi kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsinə görə Cavabdeh2 ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. İddiaçı tərəfindən müqavilə üzrə öz öhdəliyini icra etmiş, Cavabdeh2 isə kredit müqaviləsindən irəli gələn öhdəliklərini lazımi qaydada icra etməmişdir. Beləliklə də Cavabdeh2 müqavilənin bu şərtini pozaraq ödənişini dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Buna görə də, məhkəmə müqavilənin şərtinə uyğun olaraq əsas borcun Cavabdeh2 iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir. Məhkəmə, iddianın gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu hissəsini də araşdıraraq qeyd edir ki, iddia həmin hissədə də əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə tərəfindən müəyyən edilmiş işin faktiki hallarından görünür ki, cavabdeh iddiaçıdan borc kimi aldığı məbləği qaytarmalı olmasına dair öhdəliyinin icrasını gecikdirmişdir. Öhdəliyin icrasının gecikdirilməsi tərəflər arasında işin mübahisələndirilməyən halıdır. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı gecikdirilmiş vaxt üçün ödənilməmiş pul məbləğinin illik beş faizi məbləğində faiz ödənilməsini tələb etməkdə haqlıdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi faiz borcunun tələb edilməsi hissəsində təmin edilməlidir. Məhkəmə eyni zamanda iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehlərin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehlərin üzərində əsas və faiz borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onların vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 385,41 (üç yüz səksən beş manat qırx bir qəpik) manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, dəbbə pulu azaldılaraq 5 (beş) manat məbləğində müəyyən edilməlidir. Bundan başqa məhkəmə iddia tələbinin digər Cavabdeh1 qarşı olan hissəsini də araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, bank zaminə qarşı qanunla müəyyən edilmiş müddət ərzində iddia qaldırmaq hüququna malik olduğu halda, yəni müqavilə müddətinin başa çatdığı xx.xx.2015-ci il tarixdən ən geci bir il ərzində iddia irəli sürməli olduğu halda, bu hüququndan istifadə etməmiş və bu müddətdə zaminə qarşı heç bir tələb irəli sürülməmişdir. Bilavasitə qanundan irəli gəldiyi, eləcə də bankın zaminlə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddət ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə, zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir. Həmçinin, nəzərə almaq lazımdır ki, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Mülki Məcəllənin 477.0.4-cü maddəsi iddia müddəti deyildir, buna görə də, onun tətbiqi üçün tərəfin ərizəsi verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda göstərilən normaları və müqavilə şərtləri baxımından hazırki mübahisə üzrə Cavabdeh1 aid hissədə iddia rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə həmçinin, qeyd edir ki, Cavabdeh2 vəsatəti əsasında məhkəməmühasibatlıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 24 yanvar 2024-cü il tarixli, 9/9850 nömrəli rəy verilmişdir. Lakin, sözügedən rəydə borc məbləğləri (əsas borc, gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu) iddiaçının iddia tələbində tələb etdiyi məbləğlərdən çox olduğundan, məhkəmə iddia tələbindən kənara çıxmamaqla, ekspert rəyində göstərilən məbləğləri nəzərə almır və iddiaçının xahişi etdiyi həddə, yəni tələbi üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh2 1555,14 (bir min beş yüz əlli beş manat on dörd qəpik) manat məbləğində əsas borc, 5 (beş) manat məbləğində cərimə borcu, 653,84 (altı yüz əlli üç manat səksən dörd qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu olmaqla cəmi 2213,98 (iki min iki yüz on üç manat doxsan səkkiz qəpik) manat borc məbləği tutulub iddiaçı X4 Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankına ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 45,95 (qırx beş manat doxsan beş qəpik) manat dövlət rüsumunun 42,14 (qırx iki manat on dörd qəpik) manatı Cavabdeh2 iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin, məhkəmə qeyd edir ki, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası Cavabdeh2 vəsatətinə əsasən təyin olunduğu üçün məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi üçün ödənilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat Cavabdeh2 tutularaq, AZ41NABZO********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34 CTRE********************) köçürülməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosüssual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh2 1555,14 (bir min beş yüz əlli beş manat on dörd qəpik) manat əsas borc, 5 (beş) manat cərimə borcu və gecikdirilmiş vaxt üçün hesablanmış 653,84 (altı yüz əlli üç manat səksən dörd qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 2213,98 (iki min iki yüz on üç manat doxsan səkkiz qəpik) manat və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş dövlət rüsumunun 42,14 (qırx iki manat on dörd qəpik) manatı tutularaq iddiaçı X4 Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankına ödənilsin. İddia tələbi digər Cavabdeh1 münasibətdə rədd edilsin. Məhkəmə xərci qismində iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat Cavabdeh2 tutularaq, X1 Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZO********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34 CTRE********************) köçürülsün. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar