Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-2796/2025 23.05.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi X5, İddiaçı «AtaSığorta” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya qaydasında pulun tutulması” tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizəsi üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin inzibati binasında, məhkəmə iclasından kənar baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı «AtaSığorta” Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “subroqasiya qaydasında pulun tutulması” tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizəsi ilə məhkəməyə müraciət edərək 4110,00 (dörd min yüz on) manat sığorta ödənişi məbləğinin və 61,10 (altmış bir manat on qəpik) manat dövlət rüsumunun, cəmi 4171,10 (dörd min yüz yetmiş bir manat on qəpik) manat məbləğində pul vəsaitinin cavabdeh X1 tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə X4 arasında xx.xx.2022ci il tarixində PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “VAZ 2121” markalı 20DD030 dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh xx.xx.2022-ci il tarixdə “VAZ 2121” markalı 20DD030 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Gəncə şəhəri ərazisində yol-nəqliyyat hadisəsi törətmiş və “Nissan Rogue” markalı 66BM050 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən 4110,00 (dörd min yüz on) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Yol-nəqliyyat hadisəsi ilə bağlı Gəncə şəhər DYPŞ-nin ünvanına X6 Qərar daxil olmuş, həmin Qərara əsasən Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci və 327.1-ci maddələri ilə təqsirli bilinmiş və Cavabdeh idarə etmək hüququ olmadığı qeyd olunmuşdur. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Məhkəmə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş: 16 fevral 2023-cü il tarixli, 103OPX********** nömrəli ödəniş tapşırığdan görünür ki, «AtaSığorta” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 4110 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İnzibati tənbeh vermə haqqında 26 dekabr 2022-ci il tarixli, ******* nömrəli qərardan görünür ki, Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə saat 10-16 radələrində VAZ 2121 minik markalı, **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1 və 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar törədilmiş və Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1 və 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətdiyinə görə barəsində 40 manat məbləğində cərimə tətbiq edilməsi qərara alınmışdır. X6 26 dekabr 2022-ci il tarixli, ******* nömrəli protokoldan görünür ki, Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə saat 10-16 radələrində VAZ 2121 minik markalı, **-DD- *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1 və 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar törədilmişdir. «AtaSığorta” ASC tərəfindən Cavabdeh ünvanlanmış 13 mart 2025-ci il tarixli, AS- 25/507 nömrəli bildirişdən görünür ki, Cavabdeh «AtaSığorta” ASC tərəfindən zərərin aradan qaldırılması üçün ödənilmiş 4110 manat sığorta ödənişini ödəməsi bildirilmiş, əks halda məhkəməyə müraciət olunaraq məhkəmə xərclərinin də ondan tutulacağı qeyd edilmişdir. 14 fevral 2023-cü il tarixli. 23-00083/2/AA-3197/22 nömrəli sığorta aktından görünür ki, VAZ 2121 minik markalı, **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobil «AtaSığorta” ASC tərəfindən sığortalanmışdır. xx.xx.2022-ci il tarixdə VAZ 2121 minik markalı, **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən törədilmiş yol nəqliyyat hadisəsi nəticəsində 4110 manat sığorta ödənişi həyata keçirilmişdir. xx.xx.2022-ci il tarixli, PAA********** nömrəli Avtonəqliyyat sahibinin mülki məsuliyyətinin icbari sığorta şəhadətnaməsindən görünür ki, VAZ 2121 minik markalı, **- DD-*** dövlət qeydiyyat nişanlı avtomobil «AtaSığorta” ASC tərəfindən sığortalanmışdır. X2 məhkəməyə Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanası vasitəsilə göndərdiyi ərizəsindən görünür ki, o **-DD-*** markalı avtomaşını sahibinin iştirakı ilə idarə etmiş və sığorta hadisəsi baş verən zaman X3 onun yanında olduğu müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş gün müddətində iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə təqdim etməmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun: 36.3-cü maddəsinə əsasən (Yol hərəkəti iştirakçılarının əsas vəzifələri və hüquqları) yol hərəkəti iştirakçıları üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. 37-ci maddəsinə (yol hərəkəti iştirakçılarının əsas vəzifələri və hüquqları) əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidir. İcbari Sığortalar haqqında Azərbaycan Respublikası Qanunun: 25.1.2-ci maddəsinə əsasən bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. 25.2-ci maddəsində qeyd olunur ki, “bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır”. 63.1-ci maddəsinə görə qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan 3-cü şəxsə qarşı malik olduğu hüquqlarından və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığortaçı ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər üçün yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.3-cü maddəsinə əsasən yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqress) hüququ vardır. Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, xx.xx.2022-ci il tarixində Gəncə şəhərində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi «AtaSığorta” ASC-də avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış “VAZ 2121” minik markalı, **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobil yol hərəkəti qaydalarını pozmuş və nəticədə “Nissan Rogue” markalı **- BM-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Bununla bağlı Gəncə şəhər DYPŞ tərəfindən tərtib edilmiş “İnzibati tənbeh vermə” haqqında 26 dekabr 2022-ci il tarixli, ******* nömrəli qərar qəbul olunmuşdur. Həmin qərara əsasən Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə saat 10-16 radələrində “VAZ 2121” minik markalı, **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1 və 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar törədildiyindən Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1 və 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətdiyinə görə 40 manat məbləğində cərimə olunmuşdur. Zərərin aradan qaldırılması üçün «AtaSığorta” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 16 fevral 2023-cü il tarixli, 103OPX********** nömrəli ödəniş tapşırığına əsasən 4110 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Bununla da iddiaçının Cavabdeh həmin məbləğdə pulu geriyə tələb etmək (subroqasiya) hüququ yaranmışdır. Bu səbəbdən iddia tələbi əsaslı olmaqla təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Məhkəmə qeyd edir ki, X2 məhkəməyə Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanası vasitəsilə göndərdiyi ərizədə **-DD-*** markalı avtomaşını sahibinin iştirakı ilə idarə etdiyini və sığorta hadisəsi baş verən zaman X3 onun yanında olduğu qeyd etsə də, bu barədə məhkəməyə mötəbər sübutları təqdim edə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilməli, sığorta ödənişinin əvəzi olaraq 4110 (dörd min yüz on) manat pul Cavabdeh alınaraq iddiaçı «AtaSığorta” ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 115.0.9-cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin edildiyindən və iddiaçının xahişi nəzərə alınmaqla, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 61.10 (altmış bir manat on qəpik) manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh sığorta ödənişinin əvəzi olaraq 4110 (dörd min yüz on) manat və məhkəmə xərci qismində 61.10 (altmış bir manat on qəpik) manat dövlət rüsumu olmaqla, ümumilikdə 4171.10 (dörd min yüz yetmiş bir manat on qəpik) manat pul tutularaq iddiaçı «AtaSığorta” Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №e-2(125)-2796/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-2796/2025
23.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver