Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-28/2025 10.03.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Musayev Ələddin Anar oğlunun katibliyi ilə, «X3 Azərbaycan» QSC-nin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: «X3 Azərbaycan» QSC Cavabdeh qarşı ödənilməmiş əsas borcun əvəzi qismində 5.156 manat 78 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 331 manat 53 qəpik, cərimə qismində 434 manat 63 qəpik, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borcun əvəzi qismində 3 manat, bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri qismində 4 manat 80 qəpik, cəmi 5.930 manat 74 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 79 manat 30 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının хeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı «X3 Azərbaycan» QSC iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2013-cü ildə «X3 Azərbaycan» QSC və Cavabdeh arasında «Bank hesabı, debet kart, kredit kart və zaminlik haqqında» qarışıq müqavilə bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə, bank tərəfindən borcalan Cavabdeh istehlak yönümlü 5.000 manat məbləğində kredit kartı limiti ayrılmışdır. «X3 Azərbaycan» QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, bоrcalan Cavabdeh kredit müqaviləsinin şərtlərini pоzaraq kreditin əsas məbləğini və оna hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaхtdan mütəmadi оlaraq gecikdirmişdir. Borcalana dəfələrlə bu barədə şifahi və yazılı хəbərdarlıq edilməsinə baхmayaraq, öhdəliyi icra etməmiş və bu günədək bоrcu ödəməmişdir. Cavabdehin kredit müqaviləsinə əsasən «X3 Azərbaycan» QSC-yə ödənilməmiş əsas borcun əvəzi qismində 5.156 manat 78 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 331 manat 53 qəpik, cərimə qismində 434 manat 63 qəpik, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc 3 manat, bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri qismində 4 manat 80 qəpik, cəmi 5.930 manat 74 qəpik məbləğində borcu vardır. Bоrcalan Cavabdeh müqavilə şərtlərinə əsasən ona ayrılmış 5.000 manat limitdən 156 manat 78 qəpik məbləğində limiti aşmışdır (limitdən artıq istifadə etmişdir). Müqavilənin 4.2-ci maddəsinə əsasən istifadə limiti «Bank»ın kart hesabı hesablarına, «Kart əlavə kart sahibi» olduqda tanıdığı, kart və ya kart nömrə və gizli şifrələrindən (PİN kod) istifadə ediləcək xərclər, nağd pul vəsaitin əldə edilməsi (alınması/çıxarılması), faiz, ödəniş, komissiya, bunların vergi (qanunla nəzərdə tutulduğu təqdirdə), fond (qanunla nəzərdə tutulduğu təqdirdə) reallaşdırılması daxil olmaqla aşılmaması lazım olan istifadə limitidir. «Kart sahibi»nin müraciəti və zəruri sənədləri təqdim etməsi və «Bank»ın bu müraciəti uyğun hesab etdiyi təqdirdə ona ayrılmış istifadə limiti artırıla bilər. «Kart əlavə kart sahibi» istifadə limitini aşmamağı (keçməməyini) qəbul edir və öhdəsinə götürür. Kart əlavə kart sahibi kart üzrə müəyyən edilmiş istifadə limitinin hər hansı bir şəkildə aşılması hallarında aşılan məbləğin həmin gündən başlayaraq borc (borc balansı) müəyyən edilən limitə düşənə qədər müəyyən olunan nisbətə (miqdarda) limit aşma faizini və limit aşma komissionunu ödəməyi qəbul bəyan və təsdiq edir. Müqavilənin 4.14-cü maddəsinin qeyd edilən abzaslarına əsasən limit aşma (limitdən artıq istifadə) faizləri-limit aşma (limitdən artıq istifadə) faizi, kart üçün müəyyən edilən limit aşıldığı təqdirdə, həmin gün aşılan (limitdən artıq istifadə edilən) məbləğə limit aşma faizi hesablanmağa başlayır və cəmi borc balansı (borc) təyin edilən (müəyyən edilən) limitə düşənədək faiz hesablanması davam edir. Limit aşma faizi illik 40% təşkil edir. Limit aşma (limitdən artıq istifadə) komisyonu, kart üçün müəyyən edilən limit aşıldığı təqdirdə alınacaq sabit bir komissiya haqqıdır. Limit aşma komisyonu aşılan məbləğin 1,5% + 2 manat 50 qəpik kimi olaraq tətbiq edilir. xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh sonuncu kredit ödənişləri xx.xx.2022-ci il tarixində 300 manat, xx.xx.2022-ci il tarixində 300 manat və xx.xx.2022-ci il tarixində 310 manat məbləğlərində olmuşdur. Sonda iddiaçının nümayəndəsi iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə «Elektron məhkəmə» informasiya sistemi vasitəsi ilə məhkəməyə daxil olmuş ərizəsində iddiaçının nümayəndəsi X1 mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli «Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq» müqavilənin surətindən görünür ki, «X3 Azərbaycan» QSC tərəfindən Cavabdeh istehlak yönümlü 5.000 manat məbləğində kredit kartı limiti ayrılmışdır. İşdə olan xx.xx.2023-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, xx.xx.2023-cü il tarixli «Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq» müqaviləyə əsasən Cavabdeh «X3 Azərbaycan» QSC-yə ödənilməmiş əsas borcun əvəzi qismində 5.156 manat 78 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 331 manat 53 qəpik, cərimə qismində 434 manat 63 qəpik, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc 3 manat, bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri qismində 4 manat 80 qəpik, cəmi 5.930 manat 74 qəpik borcu vardır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli bildirişin surətindən görünür ki, «X3 Azərbaycan» QSC tərəfindən borcu könüllü ödəməsi barədə Cavabdeh xəbərdarlıq edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/7081 nömrəli rəyinin surətindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, hazırki tədqiqatla hesab məlumatları, hesab bildirişləri üzrə hesablamalar aparılması ilə «X3 Azərbaycan» QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli «bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq» müqavilə üzrə Cavabdeh borc qalığını müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Mərkəzi Bankının Bankların fəaliyyətinə nəzarət departamentinin böyük inspektoru Nizami Yusifov tərəfindən verilmiş mütəxəssis rəyinin surətindən görünür ki, «X3 Azərbaycan» QSC-dən təsdiq olunmuş formada təqdim olunan bank hesablarından çıxarışlara və cavabdeh tərəfindən ödənilmiş əsas və faiz borcları nəzərə alınaraq aparılmış yenidən hesablamaya əsasən Cavabdeh tələb olunan 5156 manat 78 qəpik əsas borc, 331 manat 53 qəpik əsas məbləğə hesablanmış faiz borcu və 434 manat 63 qəpik cərimə qeyd olunan mübahisələndirilən kredit müqaviləsinin şərtlərinə uyğun hesablanmışdır. «X3 Azərbaycan» QSC-dən təsdiq olunmuş formada təqdim olunan bank hesablarından çıxarışlara əsasən xx.xx.2013-cü il tarixli bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqavilə üzrə Cavabdeh tərəfindən xx.xx.2014 -xx.xx.2022-ci il tarixləri aralığında 396 halda 63.136 manat 14 qəpik məbləğdə bankın kredit vəsaitlərindən istifadə olunmuş, xx.xx.2014 xx.xx.2022-ci il tarixlərində 171 halda 59.979 manat 36 qəpik məbləğdə əsas borc ödənişləri həyata keçirilmişdir. İddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixli kredit müqaviləsinin bağlanması halı araşdırma nəticəsində aşkar edilməmişdir. Hakim köməkçisi ilə aparılmış əlavə dəqiqləşdirmə nəticəsində Qərardadda xx.xx.2013-cü il tarixli bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqavilənin əvəzində, xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehdən tələb etdiyi əsas kredit borcu və faiz borcunun düzgün hesablanmasının sual kimi qeyd olunması texniki səhv kimi nəzərə alınması, eyni zamanda borcalan tərəfindən kredit kartından son istifadə olunan tarixə və iddianın qaldırdığı xx.xx.2023-cü il tarixə xx.xx.2013-cü il tarixli müqavilə üzrə borcalanın əsas və faiz borclarının məbləğinin nə qədər təşkil etdiyinin dəqiqləşdirilməsi bildirilmişdir. Beləliklə cavabdeh tərəfindən aparılmış bütün əsas və faiz borcu üzrə ödənişlər nəzərə alınmaqla cavabdeh tərəfindən kredit vəsaitindən son istifadə olunan xx.xx.2022-ci il tarixə və iddia müddətinin qaldırıldığı 21,02.2023-cü il tarixə Cavabdeh bank qarşısında olan əsas kredit borcunun məbləği 5.156 manat 78 qəpik və hesablanıb ödənilməmiş faiz borcunun məbləği isə 331 manat 53 qəpik təşkil etmişdir. Bu məbləğ cavabdehlə bank arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə uyğun hesablanmışdır. "xxxx" QSC-dən təqdim olunan sənədlərə əsasən bankın cavabdehdən tələb etdiyi məbləğ bank qanunvericiliyi sahəsində olan qaydaların və cavabdehlə bağlanmış kredit müqaviləsinin şərtlərinə uyğun hesablanmışdır. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli «Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq» müqaviləyə əsasən «X3 Azərbaycan» QSC-yə ödənilməmiş əsas borcun əvəzi qismində 5.156 manat 78 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 331 manat 53 qəpik, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc 3 manat, bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri qismində 4 manat 80 qəpik məbləğində borcunun olduğu təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (dəbbə pulu, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini, habelə kredit müqaviləsi üzrə faiz dərəcəsini nəzərə alaraq, 434 manat 63 qəpik təşkil edən cərimə məbləğinin 10 manat məbləğinə qədər azaldılmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Buna görə də məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixli «Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq» müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 5.156 manat 78 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 331 manat 53 qəpik, cərimə qismində 10 manat, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc 3 manat, bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri qismində 4 manat 80 qəpik məbləğində pul vəsaiti Cavabdeh «X3 Azərbaycan» QSC-nin xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 75 manat 06 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: «X3 Azərbaycan» QSC-nin iddiası qismən təmin edilsin. Cavabdeh «X3 Azərbaycan» QSC-nin xeyrinə xx.xx.2023-cü il tarixli «Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq» müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 5.156 (beş min bir yüz əlli altı) manat 78 (yetmiş səkkiz) qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 331 (üç yüz otuz bir) manat 53 (əlli üç) qəpik, cərimə qismində 10 (on) manat, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc 3 (üç) manat, bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri qismində 4 (dörd) manat 80 (səksən) qəpik və ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 75 (yetmiş beş) manat 06 (altı) qəpik, cəmi 5.581 (beş min beş yüz səksən bir) manat 17 (on yeddi) qəpik məbləğində pul vəsaiti tutulsun. «X3 Azərbaycan» QSC-nin iddiası qalan hissədə təmin edilməsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №e-2(125)-28/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-28/2025
10.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver