Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-2811/2024 09.07.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı ASC, xx.xx.2023-cü il tarixli GTZK2211467B128 nömrəli kredit müqaviləsinə əsasən əsas borc üzrə 5785,2 manat, faiz borcu üzrə 517,12 manat, cəmi 6302,32 manat pul vəsaitinin və 83,02 manat dövlət rüsumunun əvəzinin Cavabdeh iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki hallarına görə, İddiaçı ASC (Bank) ilə Cavabdeh (cavabdeh və ya borcalan) arasında elektron qaydada (mobil tətbiq vasitəsilə) bağlanmış xx.xx.2023-cü il tarixli, GTZK2211467B128 nömrəli kredit müqaviləsinə və kassa məxaric orderinə əsasən Bank borcalana istehlak məqsədi ilə 48 ay müddətinə illik 22,5 faiz dərəcəsi ilə ödəmək şərtilə 6025 manat məbləğində kredit verilmiş, kredit online qaydada rəsmiləşdirilməsinə baxmayaraq filialdan nağd qaydada əldə edilmişdir. Borcalan krediti əldə edən zaman müqavilə ilə müəyyənləşdirilmiş şərtlərlə kredit məbləğini, habelə kreditdən istifadəyə görə hesablanmış faizləri, xidmət haqqını, dəbbə pulunu Banka ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Ödəniş cədvəli əsasında cavabdeh xx.xx.2027-ci il tarixədək hər ay 191,46 manat, sonuncu ay 195,54 manat ödəməyi öz üzərinə götürmüşdür. İddiaçı iddia ərizəsində göstərmişdir ki, kredit müqaviləsinin şərtlərinə əsasən cavabdeh öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş və cavabdehin xx.xx.2024-cü il tarixə Banka 5785,2 manat, faiz borcu üzrə 517,12 manat, cəmi 6302,32 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə ərizələr ünvanlayaraq, mülki işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş göndərilsə də cavabdeh qeydiyyatda olduğu ünvanda yaşamadığından bildirişin verilməsi mümkün olmamışdır. Məhkəmə cavabdehin telefon nömrəsinə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə SMS bildiriş və onların sonuncu yaşayış yeri üzrə yerli icra hakimiyyəti orqanına cavabdehə təqdim etməsi üçün bildiriş göndərmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllsinin (MPM) 147 və 185.5-ci maddələrinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddianın dəlillərini, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işin mübahisəsiz halları ilə müəyyən edilir ki, tərəflər arasında yuxarıda qeyd edilən müqavilə və ödəniş cədvəli barədə müqaviləyə əlavə imzalanmışdır. Tərəflər arasında müqavilənin və ona Əlavə sazişin bağlanmasını təkzib edən əsaslar iş materiallarında mövcud deyil. Həmin müqavilə və əlavəyə görə Bank borcalana yuxarıda qeyd edilən məbləğdə kredit vermiş, borcalan müqavilə ilə müəyyənləşdirilmiş şərtlərlə kredit məbləğini, habelə kreditdən istifadəyə görə hesablanmış faizləri, xidmət haqqını, dəbbə pulunu Banka ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Müqavilənin 1.1.8-ci bəndinə əsasən müqavilə üzrə müştəri tərəfindən ödənilən vəsaitlər ilk olaraq dəbbə pulunun, xidmət haqqının, daha sonra hesablanmış faizlərin, sonda isə əsas borcun ödənilməsinə yönəldilir. Tərəflər arasında bağlanmış sözügedən müqavilənin 2.8-ci və 2.8.1-ci bəndlərinə əsasən Borcalan tərəfindən bu müqavilə üzrə borcların (əsas, faiz və digər borclar) vaxtında ödənilməsi müddətləri pozulduqda kreditor müqavilə üzrə borcların (əsas borc, faiz borcu və dəbbə pulu) vaxtından əvvəl qaytarılmasını tələb edə bilər. Həmin müqavilənin 2.4-cü maddəsinə əsasən, əgər müştərinin banka bir neçə müqavilə üzrə borcu olarsa, hansı öhdəliyə görə borcun tutulması (silinməsi) növbəliliyini bank özü müəyyən edir. İş materiallarında olan, xx.xx.2024-cü il tarixli maliyyə arayışına görə cavabdehin xx.xx.2024-cü il tarixə Banka xx.xx.2023-cü il tarixli GTZK2211467B128 nömrəli kredit müqaviləsi üzrə 5785,2 manat əsas, 517,12 manat faiz olmaqla, cəmi 6302,32 manat borcu yaranmışdır. Bank tərəfindən cavabdehə ünvanlanmış 13-258-16/MH7723 nömrəli, xx.xx.2024cü il tarixli bildirişdən görünür ki, cavabdehə xx.xx.2023-cü il tarixli GTZK2211467B128 nömrəli kredit müqaviləsi üzrə borcun (gecikmənin) olması barədə xəbərdarlıq edilmiş və tam borc məbləğinin ödənilməsi tələb olunmuş, əks təqdirdə barəsində müvafiq tədbirlər görüləcəyi barədə məlumat verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (maddə 739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (maddə 739.2). Əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir (maddə 743). Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmış, iddiaçı öhdəliyini icra etmiş, cavabdeh isə müqavilə üzrə öhdəliyini lazımi qaydada icra etməmiş, əsas və faiz borcunu vaxtında ödəməmiş və öhdəliyini pozmuşdur. Müqaviləyə uyğun olaraq bankın müqaviləyə birtərəfli qaydada xitam vermək, əsas və faiz borcunun vaxtından əvvəl qaytarılmasını tələb etmək hüququ yaranmışdır. Həmçinin, iddiaçının təqdim etdiyi sübutlar borcun düzgün hesablandığını təsdiq edir, hazırki iş üzrə məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumatlı olan cavabdeh isə məhkəməyə iddia tələbini təkzib və borcun düzgün hesablanmadığını təsdiq edəcək heç bir sübut təqdim etməmişdir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, iddiaçı müqavilənin şərtlərinə istinad edərək cavabdehdən sözügedən məbləğdə əsas borcun və ona hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia əsaslı olduğundan, məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 83,02 manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli GTZK2211467B128 nömrəli kredit müqaviləsi üzrə yaranmış 5785,2 manat əsas borc və 517,12 manat faiz borcu olmaqla, cəmi 6302,32 (altı min üç yüz iki manat otuz iki qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 83,02 (səksən üç manat iki qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №e-2(125)-2811/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-2811/2024
09.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver