Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-2832/2025 30.07.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi ilə, iddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı BOKT İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət edərək, 500 manat əsas, 25 manat faiz, 72,5 manat komissiya və 302,5 manat cərimə olmaqla, cəmi 900 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edilərək işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması barədə qərardad qəbul edilmişdir. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilmiş hazırki iddia ərizəsi üzrə cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilməklə prosessual hüquq və vəzifələrinin izahı barədə məhkəmə bildirişi göndərilmişdir. İş üzrə zərurət yarandığından, Gəncə Şəhər Məhkəməsinin e-2(125)-2832/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadına əsasən mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı iddia ərizəsində göstərmişdir ki, iddiaçı mülki dövriyyədə bir qayda olaraq istehlak məqsədli mikrokreditlərin verilməsini həyata keçirir. Kreditin verilməsi “Manato.az” internet səhifəsi vasitəsilə “online” qaydada (müştərinin nömrəsinə göndərilən OTP kodunu daxil etməklə) verilir. Müqaviləyə əsasən cavabdeh ona verilmiş həmin mikro kredit məbləği ilə yanaşı, müqavilənin xüsusi şərtlərində qeyd edilən pul məbləğlərini (kreditdən istifadəyə görə haqq və xidmət haqqı) də qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etsə də, cavabdeh öhdəliyini vaxtında icra etməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Belə ki, cavabdehin əsas məbləğ üzrə 500 manat, faiz borcu üzrə 25 manat, xidmət haqqına (komissiyaya) görə isə 72,5 manat borcu yaranmışdır. Borcun ödənilməsi ilə əlaqədar olaraq cavabdehə dəfələrlə şifahi və yazılı qaydada xəbərdar edilsə də, o, borcunu ödəməmişdir. Cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən iddiaçı tərəfindən ona 302,5 manat məbləğində cərimə hesablanmışdır. Beləliklə, cavabdehin müqavilə üzrə maliyyə arayışı tərtib edilən tarixə olan ümumi borcu 900 manat təşkil edir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdeh məhkəməyə ərizə təqdim edərək göstərmişdir ki, iddia tələbini qismən qəbul edir. Ona onlayn qaydada ona aid "xxxx" kartı vasitəsilə 450 manat məbləğində pul köçmüşdür, digər faiz, cərimə, komissiya pulu ilə bağlı olan hissədə iddia tələbini qəbul etmir, bu hissədə iddiaçı ilə hər hansı razılaşması olmamışdır. Həmçinin bildirmişdir ki, əslində dostu razılıq əsasında onun adına onlayn qaydada 450 manat məbləğində pul götürmüşdür. Yalnız əsas borcu qaytarmaq istəyir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat göndərilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü olması barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin telefon nömrəsinə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə SMS bildiriş göndərmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllsinin (MPM) 185.5-ci maddəsinə əsasən cavabdehin və iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş, İddiaçı BOKT MMC ilə cavabdeh arasında bağlanıldığı qeyd edilən xx.xx.2024-cü il tarixli, **********003 nömrəli kredit müqaviləsinin xüsusi şərtlərinə görə iddiaçı cavabdehin sorğusu əsasında ona 30 gün müddətinə illik 60,85 % ödəmək şərtilə 500 manat məbləğində kredit verilməsini, cavabdeh isə ona verilmiş 500 manat kredit məbləği ilə yanaşı, həmin məbləğdən istifadəyə görə hesablanmış 25 manat faiz, xidmət haqqına görə isə 72,50 manat olmaqla, ümumilikdə 597,50 manat pul məbləğini xx.xx.2024-cü il tarixində qaytarmağı öhdəsinə götürür. İş materiallarına əlavə edilmiş, 05 mart 2025-ci il tarixli maliyyə arayışına görə, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, **********003 nömrəli kredit müqaviləsi üzrə maliyyə arayışı tərtib edilən tarixə 500 manat əsas, 25 manat faiz, 72,50 manat komissiya və 302,5 manat cərimə olmaqla, 900 manat borc mövcuddur. xx.xx.2025-ci il tarixdə iddiaçı tərəfindən cavabdehin ünvanına bildiriş göndərilərək ona sözügedən kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi üçün Banka xx.xx.2025-ci il tarixə 500 manat əsas, 25 manat faiz, 72,50 manat komissiya və 302,5 manat cərimə borcunun (gecikmənin) olması, borc məbləğinə əlavə olaraq cərimə hesablandığı barədə xəbərdarlıq edilmiş və bütün borc məbləğinin tam olaraq 3 gün ərzində ödənilməsi təklif olunmuş, xəbərdarlığı aldığı tarixdən 3 gün ərzində göstərilən borcu iddiaçıya ödəmədiyi halda aidiyyəti üzrə məhkəməyə müraciət olunaraq həmin borcun və məhkəmə xərclərinin ondan tələb ediləcəyi bildirilmişdir. İş materiallarına əlavə edilmiş, "xxxx" ASC-yə aid olan və cavabdehin istifadəsində olması mübahisələndirilməyən xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh hesabına 500 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Bundan başqa, iddiaçı cavabdehin şəxsiyyət vəsiqəsi ilə çəkilmiş fotolarını məhkəməyə təqdim etmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı cavabdehlə aralarında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətinin olduğunu, xx.xx.2024-cü il tarixli müqavilə üzrə cavabdehə 30 gün müddətinə illik 60,85 % ödəmək şərtilə 500 manat məbləğində kredit verdiyini, cavabdehin borcunu xx.xx.2024-cü il tarixdə qaytarmalı olduğunu, lakin cavabdehin öhdəliyini icra etmədiyini qeyd edərək həmin müqavilə üzrə yaranmış öhdəliyini icra etməyi cavabdehdən tələb edir. Məhkəmə ilk öncə qeyd edir ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Eyni zamanda, MPM-in 217 və 220-ci maddələrinə əsasən qəbul edilmiş qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalı, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Məcəllənin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. İddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarının dispozisiya şərtləri müəyyən edilmədən və işin müəyyən edilmiş hallarının həmin şərtlərə uyğunluğu ilə bağlı hüquqi dəyərləndirmə aparılmadan mübahisənin mahiyyəti üzrə həlli maddi və prosessual hüquq normalarının tələblərinə uyğun hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göstərilən müddəalarda öhdəliyin yaranması əsasları və ümumi şəkildə dairəsi müəyyən edilmişdir. Adı çəkilən müddəaların məzmunundan göründüyü kimi, öhdəliyin yaranması üçün ilk növbədə onun iştirakçıları (tərəfləri) arasında hüquq münasibətləri yaranmalı və bu münasibətlər qanunla müəyyən edilmiş qeyd edilən əsaslara söykənməlidir. Yaranma formasına görə öhdəliklər müqavilədən əmələ gələn, müqavilədən kənar öhdəliklər (deliktlər) və qanundan əmələ gələn öhdəliklərə (özgə işlərini tapşırıqsız aparma və əsassız varlanma) bölünür. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olundu ki, iddiaçının istinad etdiyi yazılı müqavilə yalnız iddiaçı tərəfindən imzalanmış, cavabdehin adı qeyd edilsə də müqavilə cavabdeh tərəfindən imzalanmamışdır. Bununla belə, iddiaçı tərəfindən cavabdehə sözügedən 500 manat pul vəsaitinin ödənilməsi iş üzrə mötəbər sübutla öz təsdiqini tapır. Cavabdeh etirazında həmin məbləğin 450 manat olduğunu qeyd etsə də, kartına 500 manat köçürüldüyünü mübahisələndirməmiş, əsasən faiz, cərimə borcu və komissiya puluna etiraz etmişdir. Belə olan halda tərəflər arasında şifahi borc müqaviləsinin bağlanıldığı danılmazdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Mülki Məcəllənin 329.1-ci maddəsinə görə əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə görə əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Qanunvericilinin qeyd olunan normalarının tələbindən göründüyü kimi qanunla müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır və borc müqaviləsi predmetinin məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Hazırki halda isə tərəflər arasında xx.xx.2024-cü il tarixində 500 manat məbləğində pulun borc verilməsi barədə, iştirakçılarından biri hüquqi şəxs olan tərəflər arasında borc müqaviləsi bağlansa da, həmin müqavilə qanunla müəyyən olunmuş qaydada yazılı formada bağlanmamışdır. Buna görə də tərəflər arasında bağlanmış, iştirakçılarından biri hüquqi şəxs olan həmin borc müqaviləsi etibarsızdır, cavabdeh həmin əqd üzrə aldıqlarını iddiaçıya qaytarmalıdır. Belə ki, Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə xüsusən vurğulayır ki, cavabdeh etirazında iddiaçıdan 500 manat məbləğində pul aldığını inkar etmir. Şərh edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, cavabdehdən 500 manat məbləğində pul vəsaiti alınaraq iddiaçıya qaytarılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddia digər hissədə - 25 manat faiz, 72,50 manat komissiya və 302,5 manat cərimə tələbi hissədə hər hansı əsasa söykənmədiyindən və bununla da əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə, xərclərlə bağlı məsələni müzakirə edərək qeyd edir ki, MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən əsaslı olduğundan, məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 500 (beş yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat pul vəsaiti tutularaq İddiaçı BOKT MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №e-2(125)-2832/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-2832/2025
30.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver