Məhkəmə qərarları › İş №e-2(125)-2880/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-2880/2024

23.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-2880/2024 23.07.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi ilə, iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 7087,47 manat əsas borcun və 238,20 manat faiz borcun, iş üzrə ödənilmiş 93,26 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki hallarına görə, İddiaçı ASC (Bank) ilə Cavabdeh1 (borcalan) arasında 13xx-xx-096706 nömrəli, xx.xx.2019-cu il tarixli kredit müqaviləsi müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1-ci bəndinə əsasən Bank “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanına uyğun olaraq restruktrizasiya olunan kredit borcunun qalıq məbləğinin ödənilməsini təmin etmək məqsədilə borcalana 60 ay müddətinə, 12 ay güzəşt müddəti olmaqla, illik 1 faiz ödəmək şərti ilə 7213,27 manat məbləğində kredit verilmiş, borcalan isə bu müqaviləyə əsasən krediti qəbul etməyi, göstərilən müddətdə və qaydada krediti və kreditə hesablanacaq faizləri qaytarmağı öhdəsinə götürmüşdür. Borcalanın həmin öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə Bank ilə Cavabdeh2 (zamin) arasında xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsi imzalanmış, həmin müqaviləyə əsasən zamin borcalanın Bank qarşısında 13-xx-xx-096706 nömrəli, xx.xx.2019-cu il tarixli müqavilə üzrə öhdəliyinin tam həcmdə yerinə yetirilməsi üçün birgə məsuliyyəti öz üzərinə götürmüşdür. İddiaçı iddia ərizəsində göstərmişdir ki, kredit müqaviləsinin şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit, ona hesablanacaq faizləri və müqavilədə nəzərdə tutulmuş cərimələri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirməmiş və cavabdehlərin xx.xx.2023-cü il tarixə Banka 7087,47 manat əsas və 238,20 manat faiz borcu yaranmışdır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə M/11-10932 saylı, xx.xx.2022-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. İddiaçının nümayəndəsi məhkəməyə ərizələr ünvanlayaraq iş yükünün çoxluğu ilə əlaqədar məhkəmə prosesində nümayəndəsinin iştirak edə bilməyəcəyini bildirmiş, göstərilənləri nəzərə alaraq məhkəmə proseslərinin onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə bildirişlər göndərilsə də cavabdehlər qeydiyyatda olduğu ünvanda yaşamadığından bildirişlərin verilməsi mümkün olmamışdır. Məhkəmə cavabdehlərin telefon nömrəsinə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə SMS bildirişlər və onların sonuncu yaşayış yeri üzrə yerli icra hakimiyyəti orqanına cavabdehlərə təqdim etməsi üçün bildirişlər göndərmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllsinin (MPM) 147 və 185.5-ci maddələrinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə borcalan arasında bağlanmış 13-xxxx-096706 nömrəli, xx.xx.2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, bank tərəfindən borcalana 60 ay müddətinə, 12 ay güzəşt müddəti olmaqla illik 1% faiz dərəcəsi ilə 7213,27 manat məbləğində kredit verilmişdir. Kreditin təyinatı Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanına uyğun olaraq kredit müqaviləsi üzrə yaranmış qalıq borcun restrukturuzasiyası olmuşdur. Müqavilənin 5.6-cı və 5.7-ci bəndlərinə görə müqavilə üzrə nəzərdə tutulmuş kredit və ona hesablanmış faiz məbləğləri 1 saylı Əlavədəki cədvələ uyğun olaraq vaxtında ödənilmədikdə, qismən ödənildikdə və tərəflər müddətin uzadılması barədə razılığa gəlmədikdə gecikdirilmiş borc yaranır və gecikdirilmiş borc hesablarına əks etdirilir. Müqavilə üzrə nəzərdə tutulmuş kredit və ona hesablanmış faiz məbləğləri ilə əlaqədar yaranan borc öhdəliyi lazımınca icra edilmədikdə borcalan borcverənə verilmiş kreditin gecikdirilmiş qalıq məbləği üzrə illik 0,02 faiz miqdarında cərimə faizi ödəyir (60 ay ərzində 0,1 faizdən çox olmamaq şərti ilə). Müqavilənin 5.8-ci və 5.9-cu bəndlərinə görə müqavilə üzrə nəzərdə tutulmuş kredit və ona hesablanmış faiz məbləğləri ilə əlaqədar yaranan borc öhdəliyi icra edilmədikdə və ya lazımınca icra edilmədikdə borcalan borcverənə dəymiş zərərin əvəzini ödəməyə borcludur, borcalan müqavilə üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməzsə, həyata keçirilən ödənişlər ilk növbədə müqavilə ilə nəzərdə tutulmuş cərimələrin, sonra faizlərin və ən sonda kreditin əsas məbləğinin ödənilməsinə yönəlir. Müqavilənin 6.1.7-ci bəndinə əsasən bu müqavilənin 5-ci bəndində qeyd olunan hallar baş verdikdə, bank ödəməni kredit məbləğindən istifadəyə görə faiz, dəbbə pulu və zərər də daxil olmaqla borcalanın cari hesabına yönəltməklə müqavilənin vaxtından əvvəl ləğv edilməsini tələb edə bilər. Müqavilənin 6.1.9-cu bəndində nəzərdə tutulmuşdur ki, borcalan bu müqaviləyə əsasən öhdəliyi vaxtında və ya lazımınca icra etmədikdə, borcverən verilmiş krediti və ona hesablanmış faiz məbləğini kredit müqaviləsi bitmədən borcalandan vaxtından əvvəl tələb edə bilər. Eyni zamanda Cavabdeh2 (zamin) kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, 13-xxxx-096706 nömrəli, xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə cəmi 138,02 manat ödəniş aparılmış, həmin kredit müqaviləsi üzrə 05 dekabr 2022-ci il tarixinə Banka borcun məbləği əsas borc üzrə 7087,27 manat, faiz borcu üzrə 238,20 manat olmaqla, cəmi 7325,47 manat təşkil edir. Beləliklə, müqavilə üzrə cavabdehlər tərəfindən ödənişlər qismən aparılmışdır. Bank tərəfindən cavabdehlərə ünvanlanmış xx.xx.2022-ci il tarixli, M/11-10932 nömrəli bildirişdən görünür ki, cavabdehlərə sözügedən kredit müqaviləsi üzrə borcun (gecikmənin) olması barədə xəbərdarlıq edilmiş və borcun 3 (üç) iş günü ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə müvafiq iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə məlumat verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (maddə 739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (maddə 739.2). Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür (maddə 470.1). Borclu zaminliklə təmin edilmiş öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (maddə 472.1). Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Bank ilə borcalan, eləcə də zamin arasında qanunvericiliyə uyğun olaraq kredit və zaminlik müqaviləsi bağlanmışdır. Bank öz öhdəliyini yerinə yetirərək müqavilədə nəzərdə tutulmuş məbləği borcalana vermiş, borcalan və zamin isə kredit və zaminlik müqaviləsi ilə üzərinə götürdükləri öhdəliyi lazimi qaydada icra etməmiş, tam yerinə yetirməmişlər. Tərəflər arasında kredit və zaminlik müqaviləsinin bağlanmasını təkzib edən əsaslar iş materiallarında mövcud deyil. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, borcalan kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmalarına dair üzərinə öhdəlik götürmüşdür. Lakin, borcalan kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Mülki Məcəllənin 447.1-ci maddəsinə görə əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin şərh edilməsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarında göstərilmişdir ki, ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Mülki işin tədqiq edilmiş hallarından göründüyü kimi iddiaçı cavabdehlərə xx.xx.2022-ci il tarixli pretenziya məktubu göndərərək öhdəlik pozulduğu üçün borcun tam ödənilməsini tələb etməklə 13-xx-xx-096706 nömrəli, xx.xx.2019-cu il tarixli kredit müqaviləsindən xx.xx.2022-ci il tarixdə imtina etməklə ona xitam vermişdir. Bununla yanaşı nəzərə alınmalıdır ki, iddiaçının borcalana qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, tərəflər arasındakı müqavilənin ləğv edildiyi xx.xx.2022-ci il tarixdən sonra gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsi tələbi mövcud deyildir. Məhkəmə eyni zamanda digər Cavabdeh2 mülki məsuliyyətini araşdıraraq hesab edir ki, o sözügedən müqavilə üzrə alınmış kreditə görə zamin olduğundan, borcun ödənilməsi üçün birgə məsuliyyət daşıyır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı müqavilə şərtlərinə istinad edərək cavabdehlərdən əsas və faiz borcunun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, iddiaçının təqdim etdiyi sübutlar borcun olduğunu və düzgün hesablandığını təsdiq edir, cavabdehlərə məhkəmə iclası barədə məlumat göndərilsə də, onlar məhkəməyə iddia tələbini təkzib edəcək, borcun düzgün hesablanmadığını təsdiq edəcək heç bir sübut təqdim etməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin, MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi əsaslı olduğundan, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 93,26 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 13-xx-xx-096706 nömrəli, xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə yaranmış 7087,47 manat əsas borc, 238,20 manat faiz borcu olmaqla, cəmi 7325,47 (yeddi min üç yüz iyirmi beş manat qırx yeddi qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 93,26 (doxsan üç manat iyirmi altı qəpik) manat məbləğində pul vəsaiti tutularaq Ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar