Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-2881/2025 17.06.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X3 Tahir oğlunun sədrliyi, Əlizadə Ümid Maqsud oğlunun katibliyi, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2021-ci il tarixli, 800804-214269/1 saylı kredit müqaviləsi üzrə 3147,96 manat məbləğində əsas borc və 51,47 manat məbləğində dövlət rüsumunun tutularaq "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" ASC-in nümayəndəsi X2 iddianı müdafiə edərək izahatında göstərdi ki, İddiaçı ASC ilə mərhum borcalan İsmayılov İslam Allahverdi oğlu arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 800804-214269/1 nömrəli kredit müqaviləsinə əsasən borcluya 24 ay müddətinə, illik 19,5% dərəcəsi ilə 3700 manat məbləğində kredit verilmişdir. Borcalan xx.xx.2021-ci il tarixində vəfat etmişdir. Bu səbəbdən kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafiki pozulmuşdur. Borcalanın vəfat etdiyi tarixə kredit müqaviləsi üzrə 3147,96 manat məbləğində kredit borcu yaranmışdır. Vəfat etdiyi tarixdən cari günədək faiz borcu dayandırılmış və hesablanmamışdır. 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzi notariat ofisi tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən göründüyü kimi, qanun üzrə vərəsə mərhumun həyat yoldaşı Cavabdeh təyin olunmuşdur. Cavabdeh vərəsə təyin olunduğu tarixdən bank tərəfindən kredit borcunun ödənilməsinə dair xəbərdar olunmuşdur. Kredit borcunun ödənilməsinə dair xx.xx.2023-cü il tarixdə xəbərdarlıq ünvanlanmış və xx.xx.2023-cü ildə qəbul olunmasına baxmayaraq kredit borcu ödənilməmişdir. Beləliklə, kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilmədiyinə görə yaranmış borc cavabdehdən tutulmalıdır. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək izahatında göstərdi ki, mərhum yoldaşı İslam İsmayılov bankdan kredit götürmüşdür. Ona borcun ödənilməsinə dair bank tərəfindən bildiriş göndərildikdən sonra banka gedərək borcu ödəyəcəyini bildirmişdir. Mərhum yoldaşından ev miras qalmışdır, borcunu ödəyəcəkdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- xx.xx.2021-ci il tarixli, 800804-214269/1nömrəli kredit müqaviləsinin surətindən görünür ki, iddiaçı tərəfindən İsmayılov İslam Allahverdi oğluna 24 ay müddətinə, illik 19,5% faiz ödəmək şərtilə 3700 manat məbləğində kredit verilmişdir. xx.xx.2021-ci il tarixli, 800804-214269/1 nömrəli kredit müqaviləsinə əlavə olunmuş ödəniş cədvəlinin surətindən görünür ki, borcalan İsmayılov İslam Allahverdi oğlu kredit borcunu xx.xx.2023-cü il tarixə qədər ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2021-ci il tarixli kassa məxaric orderindən görünür ki, İsmayılov İslam Allahverdi oğlu "xxxx" ASC-dən 3700 manat pulu qəbul etmişdir. AZ-İİ 224412 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, İsmayılov İslam Allahverdi oğlu xx.xx.2021-ci il tarixdə ölmüşdür. 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 2077 nömrəli məktubun surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə ölmüş İsmayılov İslam Allahverdi oğlunun adına qalan miras əmlaka dair arvadı Cavabdeh xx.xx.2021-ci il tarixli ərizəsinə əsasən vərəsəlik işi açılmış və xx.xx.2022-ci il tarixdə vərəsəyə qanun üzrə vərəsəlik hüququ haqında şəhadətnamə verilmişdir. xx.xx.2025-ci il tarixli, 001/007/2236/2025 saylı maliyyə arayışının surətindən görünür ki, xx.xx.2021-ci il tarixli, 800804-214269/1 nömrəli kredit müqaviləsi üzrə 3147,96 manat borc qalmışdır. xx.xx.2023-cü il tarixli xəbərdarlığın surətindən görünür ki, iddiaçı tərəfindən borcun ödənilməsi ilə bağlı Cavabdeh xəbərdarlıq edilmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, məhkəmə iclasında tədqiq olunmuş sübutlara hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 1273-ci maddəsinə əsasən mirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir. MM-in 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. MM-in 1306-cı maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin olunmalı, Cavabdeh xx.xx.2021-ci il tarixli, 800804-214269/1 nömrəli kredit müqaviləsi üzrə 3147,96 manat borc tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən ödənilmiş 51,47 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli, 800804-214269/1 nömrəli kredit müqaviləsi üzrə 3147,96 (üç min yüz qırx yeddi manat 96 qəpik) manat və iddia ərizəsi verilməsi üçün ödənilmiş 51,47 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №e-2(125)-2881/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-2881/2025
17.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver