Məhkəmə qərarları › İş №e-2(125)-2883/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-2883/2025

12.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-2883/2025 12.06.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi ilə, İddiaçı X1-Bank Kredit Təşkilatının cavadehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında məhkəmənin binasında baxaraq, məhkəmə müəyyənetdi: Mülki işin mübahisəsiz halları bundan ibarətdir ki, İddiaçı MMM QBKT ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, **********0113 saylı kredit müqaviləsinə əsasən, İddiaçı MMM QBKT borcalana illik 1 % dərəcəsi ilə, 60 ay müddətinə 1030,72 manat kredit, habelə **********0126 saylı xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən illik 1% faiz dərəcəsi 5 il müddətinə 346.92 manat kredit vermiş, borcalan krediti və ona hesablanacaq faizləri ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMM QBKT ilə aralarında bağlanmış xx.xx.2019-cu il tarixli **********0***-******* saylı və **********0***-******* saylı zaminlik müqavilələrinə əsasən, Cavabdeh2 kredit müqavilələri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsinə görə kreditor qarşısında zamin qismində öz üzərinə məsuliyyət götürmüşdür. İddiaçı cavadehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Mustafayev Cavabdeh2 müştərək qaydada **********0113 saylı kredit müqaviləsi üzrə 932.74 manat əsas, 6.95 faiz borcu olmaqla cəmi 939.69 manat borc; **********0126 saylı kredit müqaviləsi üzrə 311.70 manat əsas borc olmaqla cəmi 311.70 manat və ödənilmiş 32.52 manat məbləğində dövlət rüsumunun İddiaçı MMM QBKT-nın xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, borclana kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq iclasın onun iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmasını xahiş etmiş, cavabdehlər iclasa gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə tərəfindən işin tədqiq edilmiş halları əsasında müəyyən edilmişdir ki, aralarında bağlanmış müqavilələrə əsasən, QBKT kreditləri versə də, borcalan müqavilə öhdəliyini lazimi qaydada icra etməmiş, beləliklə QBKT qarşısında yuxarıda göstərilən məbləğdə icra edilməmiş kredit borcları yaranmışdır. Belə olan halda, QBKT-nin kredit müqaviləsi üzrə kredit borclarının borcalandan və müqavilə öhdəliklərinin lazımınca yerinə yetirilməsinə görə kreditor qarşısında üzərinə məsuliyyət götürmüş zamindən müştərək qaydada tutulmasını xahiş etməkdə haqlıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, hazırkı iş üzrə kredit müqaviləsinə əsasən hesablanmış kredit borcları cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilməlidir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan ödənilmiş dövlət rüsumunun əvəzi qismində 32,52 manat pul cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. xx.xx.2019-cu il tarixli, **********0113 saylı kredit müqaviləsi üzrə 932.74 manat əsas, 6.95 faiz borcu olmaqla cəmi 939 (doqquz yüz otuz doqquz) manat 69 (altmış doqquz) qəpik borc; xx.xx.2019-cu il tarixli, **********0126 saylı kredit müqaviləsi üzrə 311 (üç yüz on bir) manat 70 (yetmiş) qəpik borc və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 32 (otuz iki) manat 52 (əlli iki) qəpik pul müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq İddiaçı X1-Bank Kredit Təşkilatına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar