Məhkəmə qərarları › İş №e-2(125)-2890/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-2890/2025

30.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-2890/2025 30.07.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı ASC, Cavabdeh 300 manat əsas borc, 15 manat faiz, 43,50 manat verilmiş kredit üzrə xidmət haqqı və 181,50 manat cərimə borcu olmaqla, cəmi 540 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edilərək işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması barədə qərardad qəbul edilmişdir. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilmiş hazırki iddia ərizəsi üzrə cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilməklə prosessual hüquq və vəzifələrinin izahı barədə məhkəmə bildirişi göndərilmişdir. İş üzrə zərurət yarandığından, Gəncə Şəhər Məhkəməsinin e-2(125)-2890/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadına əsasən mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı iddia ərizəsində göstərmişdir ki, cavabdehin www.manato.azsaytı vasitəsilə bağladığı xx.xx.2023-cü il tarixli, **********001 nömrəli mikrokredit müqaviləsinə əsasən "xxxx" BOKT MMC-dən borcalanın sorğusu əsasında şəxsi məqsədləri üçün 30 gün müddətinə illik 60.85% ödəmək şərtilə 300 manat məbləğində kredit götürmüşdür. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, **********001 nömrəli mikro kredit müqaviləsinə görə, "xxxx" BOKT MMC tərəfindən cavabdehə verilən mikro kredit məbləği üzrə xidmət haqqının məbləği 43,50 manat təşkil etmişdir. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. "xxxx" BOKT MMC tərəfindən həmin mikro-kredit müqaviləsi üzrə tələb hüququ xx.xx.2024-cü il tarixli, 02/24 nömrəli müqavilə əsasında "xxxx" BOKT MMC-dən İddiaçı ASC-yə güzəşt edilmişdir. Hazırda mübahisənin aid olduğu maddi hüquq münasibətinin tərəfi kimi İddiaçı ASC çıxış edir. Tələb hüququ ötürülən tarixdə borcun məbləği 540 manat təşkil etmişdir. Tələb güzəşt edilən tarixdən sonra cavabdeh tərəfindən heç bir ödəniş edilməmişdir. Hazırda cavabdehin xx.xx.2023cü il tarixli, **********001 saylı müqavilə üzrə əsas və faiz borcu 315 manat təşkil edir. Cavabdehin kreditor qarşısında müqavilə üzrə cərimə borcu 181,50 manat təşkil edir. Cərimə borcu bu qayda ilə hesablanır: 300 AZN*0,85% =2,55 AZN (Gündəlik gələn gecikmə cərimə faizidir). Əlavə olaraq 2,55 AZN*71(Gecikmə günü sayı)=181,50 AZN (1.14-cü bəndində qeyd olunan gecikmə günlərinə görə olan 0.85% məbləği). Hazırda cavabdehin iddiaçı qarşısında xx.xx.2023-cü il tarixli, **********001 nömrəli müqavilə üzrə 300 manat əsas borcu, 15 manat faiz, 43,50 manat verilmiş kredit üzrə xidmət haqqı və 181,50 manat cərimə borcu olmaqla, cəmi 540 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada (pretenziya qaydasında) həll edilməsi cəhdi nəticə verməmişdir. Pretenziya məktubu cavabdehin kredit müqaviləsində qeyd edilmiş elektron poçt ünvanına, həmçinin “WhatsApp” vasitəsilə mobil nömrəsinə təqdim edilmişdir. İddiaçının tələbinin əsaslandırdığı sənədlər tərəflər arasında bağlanmış kredit müqaviləsi və kredit borcuna dair maliyyə arayışıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə etdi, onun məzmununa uyğun izahat verməklə iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh məhkəməyə ərizə təqdim edərək göstərdi ki, iddia tələbini qismən qəbul edir. "xxxx" BOKT MMC tərəfindən xx.xx.2023-cü il tarixdə onun kart hesabına 300 manat pul köçürülüb, əsas pulu qəbul etsə də, cərimə və faizləri qəbul etmir. Həmçinin izahatında bildirdi ki, əslində tanışı razılıq əsasında onun adına onlayn qaydada 300 manat məbləğində pul götürmüşdür. Hazırda işləmir, həmçinin ikinci qrup əlildir. Odur ki, göstərilənlərin nəzərə alınaraq iddia tələbinin qismən təmin edilməsini xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş "xxxx" BOKT MMC (tələbkar) ilə İddiaçı ASC (yeni tələbkar) arasında imzalanmış 25 sentyabr 2024-cü il tarixli, 2509/24 nömrəli tələb hüquqlarının satılması haqqında müqavilənin 1.1-ci bəndinə əsasən bu Müqaviləyə görə Tələbkar, bu Müqavilənin ayrılmaz tərkib hissəsi sayılan Əlavələrdə (siyahı) və ya elektron daşıyıcılarda (disk və s.) qeyd edilən məbləğdə borc qalıqlarına (bundan sonra “borc qalıqları”) dair tələbi üzrə bütün hüquqlarını Yeni tələbkara satır. Bu müqaviləyə xx.xx.2024-cü il tarixli, 04 nömrəli Əlavədən görünür ki, potensial borc məbləği üzrə siyahıda xxxxxxx FİN kodlu, **********001 müqavilə nömrəli borc da göstərilmişdir. İş materiallarına əlavə edilmiş, "xxxx" BOKT MMC ilə cavabdeh arasında bağlanıldığı qeyd edilən xx.xx.2023-cü il tarixli, **********001 nömrəli kredit müqaviləsinin xüsusi şərtlərinə görə "xxxx" BOKT MMC cavabdehin sorğusu əsasında ona 30 gün müddətinə illik 60,85 % ödəmək şərtilə 300 manat məbləğində kredit verilməsini, cavabdeh isə ona verilmiş 300 manat kredit məbləği ilə yanaşı, həmin məbləğdən istifadəyə görə hesablanmış 15 manat faiz, xidmət haqqına görə isə 43,50 manat olmaqla, ümumilikdə 358,50 manat pul məbləğini xx.xx.2024-cü il tarixində qaytarmağı öhdəsinə götürür. İş materiallarına əlavə edilmiş, xx.xx.2025-ci il tarixli maliyyə arayışına görə, "xxxx" BOKT MMC ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, **********001 nömrəli kredit müqaviləsi üzrə cavabdehin borcu 300 manat əsas, 15 manat faiz, 43,5 manat verilmiş kredit üzrə xidmət haqqı və 181,5 manat cərimə olmaqla, 540 manat borc mövcuddur. İş materiallarına əlavə edilmiş, İddiaçı ASC tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, borcluya xx.xx.2023-cü il tarixli, **********001 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə 300 manat əsas, 15 manat faiz, 43,5 manat verilmiş kredit üzrə xidmət haqqı və 181,5 manat cərimə borcu olmaqla, 540 manat borcunun olması, borc məbləğinə əlavə olaraq cərimə hesablandığı barədə xəbərdarlıq edilmiş, həmin borcun 10 (on) gün müddətində ödənilmədiyi halda iddia tələbi ilə məhkəməyə müraciət olunacağı, məhkəməyə müraciət edilən zaman borc ilə yanaşı məhkəmə xərclərinin ondan tələb olunacağı barədə məlumat verilmişdir. İş materiallarına əlavə edilmiş, KapitalBank-a aid xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" BOKT MMC-nin AZ66AİİB400600E**********112 nömrəli hesab nömrəsindən Cavabdeh AZ95UBAZ**********1010AZN001 nömrəli hesab nömrəsinə 300 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Bundan başqa, iddiaçı cavabdehin şəxsiyyət vəsiqəsi ilə çəkilmiş fotosunu məhkəməyə təqdim etmişdir. Məhkəmə əvvəla qeyd edir ki, işin mübahisəsiz halına görə "xxxx" BOKT MMC-nin cavabdehə qarşı tələb hüququ “tələb hüququnun satılması haqqında” 2509/24 nömrəli xx.xx.2024-cü il tarixli müqavilə əsasında İddiaçı ASC-yə keçmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə əsasən tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür. Tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir və belə hallarda ilk sahibin yerini üçüncü şəxs tutur. Bu halda tələbin sahibi ilə borclu arasında bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. Kreditorun şəxsiyyəti ilə qırılmaz bağlı olan tələblərin, o cümlədən alimentlər haqqında və həyata və ya sağlamlığa vurulan zərərin əvəzinin ödənilməsi haqqında tələblərin güzəşt edilməsinə yol verilmir. Sadə yazılı və ya notarial formada bağlanmış əqdə əsaslanan tələbin güzəşti müvafiq yazılı formada həyata keçirilməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı cavabdehlə "xxxx" BOKT MMC arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətinin olduğunu, xx.xx.2023-cü il tarixli müqavilə üzrə cavabdehə 30 gün müddətinə illik 60,85 % ödəmək şərtilə 300 manat məbləğində kredit verdiyini, cavabdehin borcunu xx.xx.2023-cü il tarixdə qaytarmalı olduğunu, lakin cavabdehin öhdəliyini icra etmədiyini qeyd edərək həmin müqavilə üzrə yaranmış öhdəliyini icra etməyi cavabdehdən tələb edir. Məhkəmə həmçinin qeyd edir ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Eyni zamanda, MPM-in 217 və 220-ci maddələrinə əsasən qəbul edilmiş qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalı, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Məcəllənin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. İddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarının dispozisiya şərtləri müəyyən edilmədən və işin müəyyən edilmiş hallarının həmin şərtlərə uyğunluğu ilə bağlı hüquqi dəyərləndirmə aparılmadan mübahisənin mahiyyəti üzrə həlli maddi və prosessual hüquq normalarının tələblərinə uyğun hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göstərilən müddəalarda öhdəliyin yaranması əsasları və ümumi şəkildə dairəsi müəyyən edilmişdir. Adı çəkilən müddəaların məzmunundan göründüyü kimi, öhdəliyin yaranması üçün ilk növbədə onun iştirakçıları (tərəfləri) arasında hüquq münasibətləri yaranmalı və bu münasibətlər qanunla müəyyən edilmiş qeyd edilən əsaslara söykənməlidir. Yaranma formasına görə öhdəliklər müqavilədən əmələ gələn, müqavilədən kənar öhdəliklər (deliktlər) və qanundan əmələ gələn öhdəliklərə (özgə işlərini tapşırıqsız aparma və əsassız varlanma) bölünür. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olundu ki, iddiaçının istinad etdiyi yazılı müqavilə yalnız "xxxx" BOKT MMC tərəfindən imzalanmış, cavabdehin adı qeyd edilsə də müqavilə cavabdeh tərəfindən imzalanmamışdır. Bununla belə, "xxxx" BOKT MMC tərəfindən cavabdehə sözügedən 300 manat pul vəsaitinin ödənilməsi iş üzrə mötəbər sübutla öz təsdiqini tapır. Cavabdeh məhkəməyə təqdim etdiyi ərizəsində sözügedən MMC tərəfindən onun kart hesabına 300 manat köçürüldüyünü qeyd etmiş, əsasən faiz, cərimə borcu və xidmət haqqı puluna etiraz etmişdir. Belə olan halda "xxxx" BOKT MMC ilə cavabdeh arasında şifahi borc müqaviləsinin bağlanıldığı danılmazdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Mülki Məcəllənin 329.1-ci maddəsinə görə əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə görə əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Qanunvericilinin qeyd olunan normalarının tələbindən göründüyü kimi qanunla müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır və borc müqaviləsi predmetinin məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Hazırki halda isə "xxxx" BOKT MMC ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixində 300 manat məbləğində pulun borc verilməsi barədə, iştirakçılarından biri hüquqi şəxs olan həmin şəxslər arasında borc müqaviləsi bağlansa da, həmin müqavilə qanunla müəyyən olunmuş qaydada yazılı formada bağlanmamışdır. Buna görə də "xxxx" BOKT MMC ilə cavabdeh arasında bağlanmış, iştirakçılarından biri hüquqi şəxs olan həmin borc müqaviləsi etibarsızdır, cavabdeh həmin əqd üzrə aldıqlarını iddiaçıya qaytarmalıdır. Belə ki, Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Şərh edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, cavabdehdən 300 manat məbləğində pul vəsaiti alınaraq iddiaçıya qaytarılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddia digər hissədə - 15 manat faiz, 43,50 manat xidmət haqqı və 181,50 manat cərimə tələbi hissədə hər hansı əsasa söykənmədiyindən və bununla da əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə, xərclərlə bağlı məsələni müzakirə edərək qeyd edir ki, MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən əsaslı olduğundan, məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 300 (üç yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar