Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-2906/2025 29.10.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Musayev Ələddin Anar oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdeh Mikail-X3 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Mikail-X4 qarşı «pul tələbi» barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Mikail-X4 qarşı xx.xx.2020-ci il tarixli, 800804-847079/1 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 2.904 manat 42 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 49 manat 04 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X5 iddianı müdafiə edərək, göstərdi ki, İddiaçı ASC ilə borcalan Mikail-zadə Ziyafət Nəbi qızı arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 800804-847079/1 nömrəli kredit müqaviləsinə əsasən borcluya 48 ay müddətinə illik 29 faiz dərəcəsi ilə 4.000 manat məbləğində kredit verilmişdir. Borcalan Mikail-zadə Ziyafət Nəbi qızı xx.xx.2021-ci il tarixində vəfat etmişdir. Bu səbəbdən kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafiki pozulmuşdur. Z.N.Mikail-Zadənin vəfat etdiyi tarixədək vaxtaşırı gecikmə etdiyindən borcalanın vəfat etdiyi tarixə kredit müqaviləsi üzrə 2.904 manat 42 qəpik məbləğində əsas borc məbləğində kredit borcu yaranmışdır. 1 saylı Gəncə regional Asan xidmət mərkəzində notariat ofisi tərəfindən təqdim olunmuş məktub əsasında mərhum Mikail-zadə Ziyafət Nəbi qızının oğlu Cavabdeh xx.xx.2021-ci il tarixli ərizəsinə əsasən vərəsəlik işi açılmışdır. Nümayəndə oğlu vərəsə təyin olunduğu tarixdən bank tərəfindən kredit borcunun ödənilməsinə dair xəbərdar olunmuşdur. Kredit borcunun ödənilməsinə dair xəbərdarlıqlar ünvanlanmış və kredit borcu ödənməmişdir və nəticədə gecikdirilmiş kredit borcu yaranmışdır. Sonda iddiaçının nümayəndəsi X5 iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh Nümayəndə oğlu iddianı qismən qəbul edərək izahatında göstərdi ki, anası Mikail-zadə Ziyafət Nəbi qızı xx.xx.2021-ci il tarixində vəfat etmişdir. Anasının 4.000 manat məbləğində iddiaçıdan kredit götürdüyünü bilsə də həmin kreditini xeyli hissəsini ödəmişdir. Mərhum anası vəfat etdikdən sonra miras qalmış evi 52.000 manata satmışdır. Hazırda işsizdir və himayəsində xəstə qızı vardır. Onun maddi vəziyyəti acınacaqlı olduğundan kredit borcunu bütövlüklə ödəməyə maddi imkanı yoxdur. Sonda Nümayəndə oğlu iddianın qismən təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini və cavabdehi dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli, 800804-847079/1 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı ASC tərəfindən Mikail-zadə Ziyafət Nəbi qızına illik 29 faiz dərəcəsi ilə 48 ay müddətinə 4.000 manat məbləğində şəxsi istehlak məqsədi ilə kredit verilmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli kassa məxaric orderinin surətindən görünür ki, Mikail-zadə Ziyafət Nəbi qızı xx.xx.2020-ci il tarixdə 4.000 manat məbləğində pul vəsaitini İddiaçı ASC-dən qəbul etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Mikail-zadə Ziyafət Nəbi qızının xx.xx.2020-ci il tarixli, 800804-847079/1 nömrəli kredit müqaviləsi üzrə İddiaçı ASC-yə ödənilməmiş əsas borcun əvəzi qismində 2.904 manat 42 qəpik borcu vardır. İşdə olan AZ-İİ seriyalı, 185362 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Mikail-zadə Ziyafət Nəbi qızı xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan 1 saylı Gəncə regional «Asan xidmət» mərkəzində notariat ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 2189 nömrəli məktubun surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə ölmüş Mikail-zadə Ziyafət Nəbi qızının adına qalan miras əmlaka dair oğlu Mikail-X3 xx.xx.2021-ci il tarixli ərizəsinə əsasən 1 saylı Gəncə regional Asan xidmət mərkəzində notariat ofisində vərəsəlik işi açılmışdır və xx.xx.2022-ci il tarixində isə vərəsəyə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli xəbərdarlığın surətindən görünür ki, İddiaçı ASC tərəfindən Mikail-zadə Ziyafət Nəbi qızının qanun üzrə vərəsəsi Mikail-X4 xx.xx.2020-ci il tarixli, 800804-847079/1 nömrəli kredit müqaviləsi üzrə borcu könüllü ödəməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-16-16/2-9-2672/2025 nömrəli ekspert rəyindən görünür ki, xx.xx.2020-ci il tarixli, 800804-847079/1 nömrəli kredit müqaviləsinə əsasən cavabdeh Mikail-zadə Ziyafət Nəbi qızının kredit təyin edildiyi tarixdən etibarən qərardadda ekspert qarşısında qoyulmuş suallarda göstərilən tarixlər nəzərə alınmaqla İddiaçı ASC-yə əsas borcu 2.802 manat 57 qəpik təşkil edir. Beləliklə, işdə olan sənədlərlə Mikail-zadə Ziyafət Nəbi qızının İddiaçı ASC ilə bağladığı kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsi və nəticədə iddiaçıya xx.xx.2020-ci il tarixli, 800804-847079/1 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş borcunun olduğu, Mikail-zadə Ziyafət Nəbi qızının ölümündən sonra həmin şəxsə məxsus əmlakın Nümayəndə oğlu tərəfindən qəbul olunması təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 1146-cı maddəsinə görə miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır; Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir; Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar; Həmin Məcəllənin 1307-ci maddəsinə əsasən mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 iyun 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras qoyanın kreditoru qarşısında məsuliyyət daşımalıdırlar. Vərəsələr əsas öhdəliyi icra etməkdən yayındıqları və ya lazımınca icra etmədikləri təqdirdə, eləcə də miras əmlakın həcmi vərəsələrə əsas öhdəliyi icra etməyə və ya lazımınca icra etməyə imkan vermədikdə, pozulmuş mənafeyinin təmin edilməsi üçün kreditorun zaminə qarşı tələb irəli sürmək hüququ yaranır. Mülki Məcəllənin qeyd olunan normalarından da göründüyü kimi miras aktivini qəbul etmiş vərəsələr mirasqoyanın öhdəlikləri üçün qəbul etdiyi miras payı həcmində birgə borclu kimi məsuliyyət daşıyır. Eyni zamanda mirasqoyanın borclarının miras aktivindən çox olmasını sübuta yetirmək yükü də vərəsələrin üzərinə düşür. Göstərilən qanunvericilik normalarını rəhbər tutaraq məhkəmə qeyd edir ki, mərhum kredit müqaviləsi üzrə yaranmış borcunu onun ölümündən sonra mirasını qəbul etmiş qanun üzrə vərəsəsi Cavabdeh vərəsə kimi ondan miras qalmış əmlakı rəsmi qaydada qəbul etmişdir. Lakin cavabdeh mirasqoyanın öhdəliyini icra etməmişdir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Buna görə də məhkəmə hesab edir ki, xx.xx.2020-ci il tarixli, 800804-847079/1 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 2.802 manat 57 qəpik məbləğində pul vəsaiti cavabdeh Mikail-X2 İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə görə ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə aiddir. Həmin Məcəllənin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri qismində 100 manat məbləğində pul vəsaiti Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulmalıdır. Bundan başqa iddia təmin edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 48 manat 02 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin iddiası qismən təmin edilsin. Mikail-X2 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə xx.xx.2020-ci il tarixli, 800804- 847079/1 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 2.802 (iki min səkkiz yüz iki) manat 57 (əlli yeddi) qəpik və ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 48 (qırx səkkiz) manat 02 (iki) qəpik məbləğində pul vəsaiti tutulsun. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin iddiası qalan hissədə təmin edilməsin. İş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri qismində 100 (bir yüz) manat məbləğində pul vəsaiti Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulsun. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №e-2(125)-2906/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-2906/2025
29.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver