Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-2937/2024 27.06.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X7 Şakir oğlunun sədrliyi, X4 iclas katibliyi, İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)- 3368/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə cavabdehdən 25 aprel 2010-cu il təvəllüdlü X1 üçün hər ay tutulmalı olan 140 manat alimentin miqdarını artıraraq, cavabdehdən ayda sabit pul məbləğində 250 manat aliment tutulmasına və mediasiya xərci kimi ödədiyi 55 manat pulun cavabdehdən alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh ilə ailə qurmuşdur. Birgə nikahdan 25 aprel 2010-cu il təvəllüdlü X3 dünyaya gəlmişdir Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-3368/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, 25 aprel 2010-cu il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən tutulan alimentin miqdarı artırılaraq hər ay 140 manat alimentin tutulması qət edilmişdir. Cavabdehdən 25 aprel 2010-cu il təvəllüdlü X1 üçün hər ay 140 manat məbləğində aliment tutulur. Lakin, hazırda həmin vəsaitlə uşağın saxlanılmasını təmin etmək mümkün deyildir. Keçən bu müddət ərzində həm uşaqların tələbatı, həm də ölkədə yaşayış minimumu artmışdır. Tutulan məbləğ bir uşağın saxlanılması, onun geyim və qidalanmasının tam və keyfiyyətli təmin etmək üçün çox azdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək, əlavə olaraq bildirdi ki, uşağın hər gün tələbatları artır və İddiaçı təkbaşına uşağın ehtiyaclarının ödənilməsini çatdıra bilmir. Həmçinin, 2024-cü il üçün uşaqlara görə müəyyən edilmiş yaşayış minimumuna münasibətdə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-3368/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği çox aşağıdır. Ona görə də aliment məbləğinin artırılmasına zərurət vardır. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəblərinin üzrlü olması barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia ərizəsinə əlavə olunan və məhkəmə iclasında tədqiq edilmiş; Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-3368/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, iddia tələbi qismən edilmiş, 10 aprel 2014-cü il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh atası Cavabdeh tutulan alimentin miqdarı artırılaraq, hər ay 140 (bir yüz qırx) manat miqdarında aliment tutularaq, İddiaçı Zahəddin qızına verilməsi və Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq, dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. “İlkin mediasiya prosesində iştirak edilməməsi” barədə xx.xx.2024-cü il tarixli, MGŞ/1-00651 nömrəli arayışdan görünür ki, bu arayış İddiaçı müraciəti əsasında yeri və vaxtı barədə əvvəlcədən məlumatlandırılan qarşı tərəf Cavabdeh mübahisə üzrə 09 aprel 2024-cü il tarixdə saat 15:30-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməməsinin təsdiq edilməsi üçün verilir. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün ilkin mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 55 manat məbləğində xərci tam ödəmişdir. AZ-İİİ seriyalı, 131372 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X3 25 iyul 2010-cu il tarixdə doğulmuşdur. Atası: Cavabdeh, anası: İddiaçıdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra, hesab edir ki, uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün sabit pul məbləğində müəyyən edilən alimentin miqdarının artırılması barədə iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olundu ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-3368/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə, iddia tələbi qismən edilmiş, 10 aprel 2014-cü il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh atası Cavabdeh tutulan alimentin miqdarı artırılaraq, hər ay 140 (bir yüz qırx) manat miqdarında aliment tutularaq, İddiaçı Zahəddin qızına verilməsi qət edilmişdir. Lakin, həmin vaxtdan uşaq böyüdüyü və onun xərclərinin artdığı üçün qət edilmiş 140 (bir yüz qırx) manat məbləğdə aliment uşağın saxlanması üçün yetərli olmadığından, cavabdeh uşağın saxlanması üçün iddiaçıya əlavə maddi yardım göstərmədiyindən, İddiaçı “alimentin artırılması” tələbinə dair mediasiya şurasına müraciət etmiş, cavabdeh mediasiya sessiyasında iştirak etmədiyindən, tərəflər arasında razılıq əldə olunmamış, o səbəbdən də iddiaçı “aliment artırılması” tələbinə dair iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh isə məhkəmə iclasında iştirak etmədiyindən onun iddiaya münasibətini öyrənmək mümkün olmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyasının 34-cü maddəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunun: 3-cü maddəsinə görə uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq huququ vardır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə görə isə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. 78.2-ci maddəsinin tələbinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinin tələbinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən olunmuşdur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8-2/2016 №-li Qərarının 8.14-cü bəndində məhkəmələrin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanması qeyd edilmişdir. Məhkəmə hesab edir ki, aliment məbləğinin artırılması tələbi iddiaçının müəyyən etdiyi məbləğdə deyil, qismən təmin edilməlidir. Belə ki, iddiaçının cavabdehdən tələb etdiyi alimentdən 4 ildən çox vaxt keçməsi və uşaq böyüdükcə onun tələbatları və saxlanma xərclərinin nisbətən artması, tərəflərin ailə və maddi vəziyyəti nəzərə alınmalıdır. Məhkəmənin qənaəti ondan ibarətdir ki, hazırki iş üzrə alimentin məbləği artırılan zaman əvvəlki qətnamə üzrə təyin olunan alimentin məbləği ilə yeni müəyyən olunacaq alimentin məbləği arasındakı mütənasiblik gözlənilməlidir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbinə görə bilavasitə məhkəmə iclasında tədqiq edilən, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, həmin sübutlar bir-birini tamamlamaqla iddiaçının tələbinin qismən əsaslı olmasına dəlalət edir. Məhkəmə yuxarıda qeyd olunan qanunvericiliyin normalarını, məhkəmə iclası zamanı müəyyən olunmuş halları, uşağın maddi tələbat səviyyəsini, tərəflərin maddi və ailə vəziyyətini, habelə hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu səviyyəsini və uşağı saxlamaq vəzifəsinin hər iki valideynə aid olduğunu nəzərə alaraq, tərəflərin birgə ailə münasibətindən doğulmuş uşağın təminatının mümkün qədər maksimal saxlanması üçün iddia tələbi qismən təmin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, 25 aprel 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-3368/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş, hər ay 140 (bir yüz qırx) manat sabit pul məbləğində tutulan alimentin miqdarı artırılmalı və Cavabdeh hər ay 210 (iki yüz on) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı xeyrinə verilməlidir. İddia tələbi üzrə miqdarı dəyişdirilmiş (artırılmış) alimentin tutulması, qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. İddia tələbi digər hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 115.0.9-cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 (əlli) manat məbləğində mediasiyaya dair xərci ödəmiş, cavabdeh isə mediasiya sessiyasında iştirak etməmişdir. Mediasiyaya çəkilən xərc iddiaçı tərəfindən ödənildiyindən, məhkəmə hesab edir ki, Cavabdeh məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər qismində 35 (otuz beş) manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-3368/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş sabit pul məbləğində alimentin miqdarı artırılsın və 25 aprel 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 210 (iki yüz on) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı verilsin. Artırılmış hissədə alimentin tutulması, hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər (mediasiya xərci) qismində 35 (otuz beş) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №e-2(125)-2937/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-2937/2024
27.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver