Məhkəmə qərarları › İş №e-2(125)-2989/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-2989/2024

29.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-2989/2024 29.10.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Musayev Ələddin Anar oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «pul tələbi» barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı əsas borcun əvəzi qismində 10.087 manat 10 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 246 manat 19 qəpik, cəmi 10.333 manat 29 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 121 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. xx.xx.2024-cü il tarixdə «Elektron məhkəmə» informasiya sistemi vasitəsi ilə məhkəməyə daxil olmuş ərizəsində iddiaçının nümayəndəsi Nümayəndə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC və Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, RGTK0271383B232 saylı kredit müqaviləsinə əsasən ona 83 ay, illik 20 faiz dərəcəsi ilə 10.435 manat 43 qəpik məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, göstərdi ki, o, İddiaçı ASC ilə aralarında bağlanmış kredit müqaviləsi üzrə borcun böyük hissəsini ödəsə, onun ödənişləri nəzərə alınmamış, ödədiyi vəsait iddia tələbində əsas və faiz borcu qismində ondan yenidən tələb edilmişdir. Buna görə də iddia əsassızdır. Sonda Cavabdeh iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq və cavabdehi dinləyərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, RGTK0271383B232 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı ASC Cavabdeh 83 ay müddətinə, illik 20% əlavə hesablanmaqla, 10.435 manat 43 qəpik məbləğində kredit vermişdir. İşdə olan xx.xx.2023-cü il tarixli kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh İddiaçı ASC-nin xəzinədarlığından 10.435 manat 43 qəpik məbləğində pul vəsaitini qəbul etmişdir. İş materiallarında olan İddiaçı ASC-nin xx.xx.2024-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, RGTK0271383B232 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh əsas borcun əvəzi qismində 10.087 manat 10 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 246 manat 19 qəpik, cəmi 10.333 manat 29 qəpik borcu vardır. İşdə olan xx.xx.2024-cü il tarixli bildirişin surətindən görünür ki, Cavabdeh İddiaçı ASC tərəfindən borcu könüllü ödəməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/4872 nömrəli ekspert rəyindən görünür ki, hesabdan çıxarış məlumatları və İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, RGTK0271383B232 nömrəli kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh xx.xx.2024-cü il tarixində banka olan borcu ödənilməmiş əsas borc qismində 10.035 manat 64 qəpik, faiz borcu qismində isə 334 manat 52 qəpik təşkil edir. Beləliklə, işdə olan sübutlarla Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə bağladığı kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməmişdir. Nəticədə kredit müqaviləsinin şərtlərinə və ekspert rəyinə uyğun olaraq müəyyən olunmuşdur ki, iddiaçının əsas borc qismində 10.035 manat 64 qəpik, xx.xx.2024-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 246 manat 19 qəpik məbləğində borcunun yarandığı təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc alana qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, məhkəmə mülki işin məhkəmə iclasında müəyyən edilmiş və yuxarıda qeyd olunmuş hallarını nəzərə alaraq, hesab edir ki, Cavabdeh xx.xx.2023-cü il tarixli, RGTK0271383B232 nömrəli kredit nömrəli kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə ödənilməmiş əsas borcun əvəzi qismində 10.035 manat 64 qəpik, xx.xx.2024-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 246 manat 19 qəpik, cəmi 10.281 manat 83 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianın qismən təmin edilməsini nəzərə alaraq, hesab edir ki, iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq, ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 120 manat 84 qəpik manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə və iş üzrə ekspertiza tədqiqatının dəyərinin qismində 100 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eksertiza Mərkəzinin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin iddiası qismən təmin edilsin. Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə xx.xx.2023-cü il tarixli, RGTK0271383B232 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 10.035 (on min otuz beş) manat 64 (altmış dörd) qəpik, xx.xx.2024-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 246 (iki yüz qırx altı) manat 19 (on doqquz) qəpik və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin bir hissəsinin əvəzi qismində 120 (bir yüz iyirmi) manat 84 (səksən dörd) qəpik, cəmi 10.402 (on min dörd yüz iki) manat 67 (altmış yeddi) qəpik məbləğində pul vəsaiti tutulsun. Cavabdeh ekspertiza tədqiqatının dəyərinin əvəzi qismində 100 (bir yüz) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə tutulsun. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin iddiası qalan hissədə təmin edilməsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar