Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-3044/2025 31.07.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, İddiaçı2, onun və digər iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin iştirakı ilə, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı “yaşayış sahəsinə istifadə hüququnun tanınması, həmin hüququn həyata keçirilməsinə yaradılan manelərin aradan qaldırılması və evə köçürülmə” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıların Gəncə şəhəri, Füzuli küçəsi, ev 26 ünvanında yerləşən fərdi yaşayış evinin yaşayış sahəsinə istifadə hüquqlarının tanınması, bu evdən istifadəyə cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması, İddiaçı3 və İddiaçı1 həmin evə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki hallarına görə Gəncə şəhəri, Məhəmməd ünvan 1 ünvanında yerləşən 0,0393 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 63,7 kv.m olan fərdi yaşayış evindən ibarət **********04-10301 reyestr nömrəli daşınmaz əmlak Cavabdeh xüsusi mülkiyyətində olmaqla, daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəsi ilə xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. İddia ərizəsində göstərilmişdir ki, cavabdeh, İddiaçı3 keçmiş həyat yoldaşının qardaşı (qaynı), digər iddiaçılar İddiaçı2 və İddiaçı1 isə əmisidir. İddiaçı3 cavabdehin qardaşı X6 ilə 1987-ci ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Onların birgə nikahlarından xx xxxxxx 1988-ci il tarixində İddiaçı2 və xx xxxx 1990-cı il tarixində isə İddiaçı1 doğulmuşdur. İddiaçı3 ailə həyatı quran zaman həmin vaxt evin mülkiyyətçisi olan cavabdehin valideyninin razılığı ilə Gəncə şəhəri, Füzuli küçəsi, ev 26 ünvanında yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. Cehiz əşyalarını da bu evə gətirmişdir. Gəlin köçdüyü gündən uzun illər ərzində sözügedən evdə yaşamış, ümumi təsərrüfat aparmışdır. Elə İddiaçı3 uşaqları olan digər iddiaçılar da bu evdə dünyaya gəlmişlər. Həmin evdə yalnız iddiaçıların ailəsi yaşamışdır. Daha sonra cavabdehin qardaşı həbs olunmuş və evdə İddiaçı3 öz uşaqları ilə birlikdə yaşamağa davam etmişdir. Yəni bu yaxınlara kimi maneəsiz olaraq bu evdə yaşamışlar. İddiaçı2 isə hazırda da bu evdə yaşayır. Buna baxmayaraq, cavabdeh evi vərəsəlik qaydasında öz adına keçirdikdən sonra onları evdən çıxarmaqla hədələyir. Söz-söhbətdən, dava-dalaşdan bezən İddiaçı3 digər İddiaçı1 ilə məcburiyyət qarısında qalıb müvəqqəti evdən kirayəyə çıxsalar da, sonradan cavabdeh onları evə qayıtmağa imkan verməmişdir. Digər İddiaçı2 isə çox çətinliklə də olsa, hazırda öz ailəsi ilə birlikdə bu evdə yaşamağa davam edir. İddiaçıların yaşamağa bu evdən başqa yaşayış yerləri yoxdur. Onların uzun illərdən bəri bu evdə yaşamalarına görə sözügedən evin yaşayış sahəsinə onların istifadə hüquqları vardır. Bu səbəbdən də iddiaçıların uzun illərdən bəri yaşadıqları Gəncə şəhəri, Füzuli küçəsi, ev 26 ünvanında yerləşən fərdi yaşayış evinin yaşayış sahəsinə istifadə hüquqlarının tanınması, bu evdən istifadəyə cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması, İddiaçı3 və İddiaçı1 həmin evə köçürülmələri üçün məhkəməyə müraciət etmək qərarına gəlmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı2 məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və onu da əlavə etdi ki, anası İddiaçı3 X6 ilə 1987-ci ildə rəsmi nikaha daxil olduğu vaxtdan 2019-cu ilədək, yəni atası X6 cəzaçəkmə müəssisəsindən çıxanadək bu ünvanda yaşamışdır. Belə ki, atası cəzaçəkmə müəssisəsindən çıxandan sonra anasını döyürdü. Eyni zamanda digər iddiaçı olan bacısı İddiaçı1 da doğulduğu vaxtdan 2019-cu ilədək anası ilə sözügedən ünvanda yaşamışdır. 2021-ci ildə atası yenidən 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, keçən ilin oktyabr ayında azad olunmuşdur. Bu ilin yanvar ayında Türkiyəyə getmişdir. Anası və bacısı olan digər iddiaçılar 1 il kirayə evdə yaşamışlar. Ev atasının babası olan İsmayılın adına olmuşdur. 2023-cü ildə ev cavabdehin adına rəsmiləşdirilmişdir. 2005-ci ildə faktiki nikaha daxil olmuşdur, bu nikahdan 2006-cı ildə Azər, 2011-ci ildə Nəzər adlı övladları doğulmuşdur. 2008-ci ilə qədər həyat yoldaşı ilə birgə Gəncə şəhəri, Sevinc qəsəbəsində yaşasa da, sonradan həyat yoldaşı ilə mübahisəli ünvana köçmüşdür, hazırda da bu ünvanda yaşayır. Bacısı İddiaçı1 isə 2007-ci ildə faktiki olaraq ailə qurmuş, 2008-ci ilin oktyabr ayında oğlu olmuşdur. Bacısı İddiaçı1 oğlu iki aylıq olanda ayrılmış, həmin vaxtdan 2019-cu ilədək faktiki olaraq ata evində yaşamışdır. 2019-cu ildə atası cəzaçəkmə müəssisəsindən çıxdıqdan sonra anası ilə atasının nikahı pozulmuş, anası bacısı Nəcibə ilə birlikdə başqa yerə köçüb kirayə yaşamışlar, daima onun yaşadığı evə gəlib-getmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı2 və digər iddiaçıların nümayəndəsi və vəkili iddianı müdafiə edərək iddia tələbinin təmin edilməsini xahiş etdi və izahatında bildirdi ki, cavabdeh Gəncə İnzibati Məhkəməsinə müraciət edərək iddiaçıların pasport qeydiyyatından çıxarılması tələbini irəli sürmüşdür, hazırda Gəncə İnzibati Məhkəməsində icraat dayandırılmışdır. İddiaçı2 doğulduğu vaxtdan bugünədək həmin ünvanda yaşayır. Digər İddiaçı3 X6 ilə 1987-ci ildə rəsmi nikaha daxil olduğu vaxtdan 2019-cu ilədək, yəni X6 cəzaçəkmə müəssisəsindən çıxanadək bu ünvanda yaşamışdır. Eyni zamanda digər İddiaçı1 da doğulduğu vaxtdan 2019-cu ilədək anası ilə sözügedən ünvanda yaşamışdır. Cavabdeh özü isə ümumiyyətlə həmin ünvanda yaşamamışdır. İddiaçılar maneəsiz şəkildə sözügedən ünvanda qalmışlar, tez-tez gediş-gəlişləri olmuşdur. Maneəçilik son dövrlərdə başlamışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında bildirdi ki, iddiaçı Zülfiyyə onun qardaşı ilə nikaha daxil olduqdan sonra cehiz əşyalar ilə birlikdə mübahisəli evə köçmüş, 2019-cu ilədək orada yaşamışdır. Digər iddiaçılar sözügedən evdə doğulmuşlar və ərə gedənədək orada yaşamışlar. İddiaçılar İddiaçı1 və İddiaçı3 evdən ayrıldıqdan, yəni 2019-cu ildən sonra əvvəlcə kirayə yaşamış, sonradan özlərinə ev almışlar. Özü 1995-1996-cı illərdə ailə quraraq Gəncə şəhəri, Məhsəti qəsəbəsinə köçmüşdür, hazırda da orada yaşayır. Ev babası İsmayılın adına olmuş, sonradan - 2023-cü ildən isə ev vərəsəlik yolu ilə öz adına keçmişdir. Atası Cabbar 2011-ci ildə ölmüşdür. Ailədə üç övlad olmuşlar – Tahir, Mahir və Rauf. Evi 2023-cü ildə öz adına keçirərkən evdə İddiaçı2 yaşayırdı. Qardaşı Tahir hazırda Türkiyədədir, yenidən ailə qurmuşdur. İddiaçı2 ailə quraraq 18 il mübahisəli ünvanda yaşamamışdır. Sonradan qardaşı X6 məhkum olunduqdan sonra, yəni 2021-ci ildə İddiaçı2 ata evinə qayıtmışdır və hazırda da orada yaşayır. İddia tələbinin İddiaçı2 dair hissədə təmin edilməsinə etiraz etmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, cavabdeh, həmçinin iddiaçılar İddiaçı2 və İddiaçı1 atası X2 xalasıoğludur. Uzun müddət həmin küçədə yerləşən evlərin birində yaşamış, evini bu yaxınlarda satmışdır. Sözügedən ünvanda iddiaçılar yaşamışdır, X6 uzun müddət cəzaçəkmə müəssisəsində olmuşdur. X6 iddiaçılar İddiaçı3 və İddiaçı1 evdən qovmuşdur. Digər İddiaçı2 isə doğulduğu vaxtdan bu evdə yaşamış, ailə qurandan sonra 2-3 il başqa yerdə yaşasa da, yenidən ata evinə qayıtmışdır. Məhkəmə İddiaçı2, onun və digər iddiaçıların nümayəndəsi və vəkilinin və cavabdehin izahatını, şahid ifadəsini dinləyib, iş materiallarına əlavə edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş, Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən X6 və İddiaçı3 arasında olan nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2018-ci il tarixdə akt qeydi aparılmış, bu barədə müvafiq AZ-İ seriyalı, 157917 nömrəli nikahın pozulması haqqında şəhadətnamə verilmişdir. İş materiallarına əlavə edilmiş, Gəncə Şəhər Məhkəməsinin 2(125)-3090/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı2 qarşı cavabdeh tərəfindən törədilən maneənin aradan qaldırılması tələbinə dair iddiasının təmin olunması, Gəncə şəhəri, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində ölçmə işlərinin aparılmasına cavabdeh İddiaçı2 tərəfindən törədilən maneçiliyin aradan qaldırılması qət edilmişdir. İş materiallarına cavabdeh tərəfindən iddia tələbinə etirazının əsası kimi istinad etdiyi halları təsdiq edən sübut qismində mübahisəli ünvana dair və İddiaçı2 həyat yoldaşı ilə olan bəzi fotoşəkillər əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş, ******* nömrəli, xx.xx.2021-ci il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Cavabdeh 27 iyun 2005-ci ildən Gəncə şəhəri, Məhəmməd Füzuli küçəsi, ev 26 ünvanında qeydiyyatdadır. Qeydiyyatda olan digər şəxslər X6 və X5r. İş materiallarına əlavə edilmiş, ******* nömrəli, xx.xx.2024-cü il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Cavabdeh 27 iyun 2005-ci ildən Gəncə şəhəri, Məhəmməd Füzuli küçəsi, ev 26 ünvanında qeydiyyatdadır. Qeydiyyatda olan digər şəxslər X6, X10, X11, İddiaçı2, X7, İddiaçı1, X4, X13, X8, İddiaçı3 və X9r. Məhkəmə ilkin olaraq qeyd edir ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etməkdən ibarətdir. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və MPM-in 88-ci maddəsinə əsasən sübutlara qiymət verməlidir. İşin mübahisəsiz halları tərəflərin həm şifahi, həm də yazılı izahatları əsasında müəyyən oluna bilər. Bu baxımdan məhkəmə iclasında şifahi izahat verən tərəfin işin hallarını məhkəməyə düzgün bildirmək vəzifəsi vardır və o, həmin izahatın hüquqi nəticələrindən irəli gələn riskləri daşıyır. Məhkəmə araşdırması zamanı müəyyən edilən işin mübahisəsiz hallarından aydın olur ki, İddiaçı3 cavabdehin qardaşı X1 arvadı, digər iddiaçılar isə sonuncunun övladlarıdır. İddiaçı3 cavabdehin qardaşı X6 ilə 1987-ci ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuş və mübahisəli evə - Gəncə şəhəri, Məhəmməd ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə həmin vaxt evin qanuni sahibinin razılığı ilə, ailə üzvü kimi gəlin köçmüş, cehiz əşyalarını da həmin evə gətirib yerləşdirmişdir. Gəlin köçdüyü gündən uzun illər ərzində, 2019-cu ilədək sözügedən evdə yaşamış, ümumi təsərrüfat aparmışdır. Onların birgə nikahlarından xx xxxxxx 1988-ci il tarixində İddiaçı2 və xx xxxx 1990-cı il tarixində isə İddiaçı1 doğulmuşdur. İddiaçı1 da qısa müddət ər evində yaşasa da doğulduğu vaxtdan 2019-cu ilədək həmin evdən mütəmadi istifadə etmişdir. Digər İddiaçı2 da qısa müddət ər evində yaşasa da doğulduğu vaxtdan daimi olaraq həmin evdən istifadə etmişdir və hazırda da həmin evdə yaşamaqdadır. İddiaçı3 ilə cavabdehin qardaşı X6 arasındakı nikah pozulmuşdur. İşin bu halları cavabdeh tərəfindən də inkar edilmir. İşin digər mübahisəsiz halına görə xx.xx.2023-cü il tarixdən Cavabdeh xüsusi mülkiyyətində olan mübahisəli ev əvvəllər cavabdehin babasına məxsus olmuş, miras əmlak vərəsəlik qaydasında cavabdehin mülkiyyətinə keçmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MPM-in 88-ci maddəsinə görə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarında göstərilmişdir ki, 2000-ci ilin sentyabrın 1-dən sonra yaşayış evlərindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Məhkəmə, işin müəyyən olunmuş hallarına uyğun olaraq hesab edir ki, İddiaçı3 1987-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmaqla mübahisəli evə köçdüyündən, eləcə də digər iddiaçılar İddiaçı2 xx xxxxxx 1988-ci il tarixində və İddiaçı1 xx xxxx 1990-cı il tarixində orada doğulmaqla yaşadıqlarından onların sözügedən evlə bağlı mülki hüquq münasibətləri həmin vaxtdan əmələ gəlmişdir. Ona görə də hazırki mübahisə 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinə uyğun həll edilməlidir. Azərbaycan Respublikasının xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin (bundan sonra-Mənzil Məcəlləsi) 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər; Mənzil Məcəlləsinin 54-cü maddəsinə görə icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 54-cü maddəsinin birinci hissəsinin Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin İİİ hissəsinə, 43-cü maddəsinə və 71-ci maddəsinin İİ hissəsinə uyğunluğu haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 14 aprel 2000-ci il tarixli qərarında göstərilmişdir ki, mənzil hüquq münasibətləri, o cümlədən yaşayış sahəsinə köçürmək, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin normaları ilə tənzimlənir. Mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş mənzil qanunvericiliyinin normalarından göründüyü kimi icarədarın özünə məxsus yaşayış sahəsinə köçürdüyü ailə üzvləri evin yaşayış sahəsinə onunla bərabər istifadə hüquqları əldə edirlər. Müvafiq hüquq normalarının tələblərinə görə ailə üzvləri dedikdə, icarədarın arvadı (əri), onların uşaqları və valideynləri başa düşülsə də, icarədarla birlikdə yaşayıb, ümumi təsərrüfat aparan digər şəxslər də ailə üzvləri hesab edilə bilərdilər. Məhkəmə bir daha qeyd edir ki, hazırkı iş üzrə İddiaçı3 cavabdehin sözügedən evdə yaşayan qardaşı ilə 1987-ci il tarixdə nikaha daxil olduqdan sonra cehiz əşyaları ilə birlikdə mübahisəli evə köçmüşdür. Digər iddiaçılar İddiaçı2 xx xxxxxx 1988-ci il tarixində və İddiaçı1 xx xxxx 1990-cı il tarixində mübahisəli evdə doğulmaqla uzun müddət orada yaşamışlar. İşin bu halı iş üzrə cavabdehin məhkəmə iclasında verdiyi izahatı ilə də təsdiq edilmişdir. Belə ki, cavabdeh izahatında iddiaçı Zülfiyyənin onun qardaşı ilə nikaha daxil olduqdan sonra cehiz əşyaları ilə birlikdə mübahisəli evə köçdüyünü, 2019-cu ilədək orada yaşadığını, digər iddiaçıların sözügedən evdə doğulduqlarını, sözügedən evin babası İsmayılın adına olduğunu, sonradan - 2023-cü ildən evi vərəsəlik yolu ilə öz adına keçirdiyini, özünün başqa evinin olduğunu, mübahisəli evi 2023-cü ildə öz adına keçirərkən İddiaçı2 orada yaşadığını, hazırda da orada yaşamağa davam etdiyini bildirməklə faktiki olaraq İddiaçı2 mübahisəli evə istifadə hüququnun mövcudluğunu etiraf etmişdir. Belə ki, MPM-in 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Göründüyü kimi, İddiaçı2 mübahisəli evə onun əvvəlki mülkiyyətçisinin və hazırkı mülkiyyətçisinin - cavabdehin razılığı ilə köçərək həmin evdə ailə üzvü kimi birgə təsərrüfat apararaq digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə etmişdir. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı2 sözügedən evdən istifadə hüququ var və bu hüquq tanınmalıdır. Bundan başqa, qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 158.1-ci maddəsinə görə mülkiyyət hüququ ilə yanaşı girov hüququ, əmlakdan istifadə hüququ və servitut əmlak hüququ sayılır. Həmin Məcəllənin 158.3-cü maddəsinə görə əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmasına münasibətdə vicdanlı olsun. Məhkəmə cavabdehin məhkəmə iclasında İddiaçı2 barəsində sərgilədiyi dəyişkən mövqeyini də nəzərə almaqla hesab edir ki, iddia tələbi İddiaçı2 evdən istifadəyə cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması hissədə də əsaslıdır və təmin edilməlidir. Digər hissədə - iddiaçılar İddiaçı3 və İddiaçı1 mübahisəli fərdi yaşayış evinin yaşayış sahəsinə istifadə hüquqlarının tanınması, bu evdən istifadəyə cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması və həmin evə köçürülmələri hissədə məhkəmə hesab edir ki, iddia tələbi təmin oluna bilməz. Belə ki, işin yuxarıda qeyd edilən mübahisəsiz hallarından da göründüyü kimi, İddiaçı3 cavabdehin sözügedən evdə yaşayan qardaşı ilə 1987-ci il tarixdə nikaha daxil olduqdan sonra cehiz əşyaları ilə birlikdə mübahisəli evə köçmüşdür. Digər İddiaçı1 xx xxxx 1990-cı il tarixində mübahisəli evdə doğulmaqla uzun müddət orada yaşamışdır. Göstərilən iddiaçıların hüquq münasibətinin yarandığı zaman qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Cavabdehin mövqeyi də nəzərə alınmaqla, işin yuxarıda qeyd edilən halları ilə müəyyən edilir ki, İddiaçı3 1987-ci il tarixdən, İddiaçı1 isə xx xxxx 1990-cı il tarixindən (ərə getməsi ilə əlaqədar qısa fasilə ilə) ailə üzvü kimi mübahisəli evdə keçmiş mülkiyyətçinin razılığı ilə yaşadıqlarından onların həmin evə istifadə hüquqları yaranmışdır. Lakin Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1-ci hissəsində qeyd edilmişdir ki, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanılır. Eləcə də, həmin Məcəllənin 87-ci maddəsinin 2-ci hissəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. İşin yuxarıda qeyd edilən hallarından da görünür ki, hər iki iddiaçı 2019-cu ildən sonra daimi olaraq mübahisəli evdə yaşamamışlar. İşin bu halı iş üzrə tərəflərin məhkəmə iclasında verdiyi izahatı ilə təsdiq edilmişdir. Belə ki, iddiaçıların nümayəndəsi də izahatında bildirir ki, qeyd edilən iddiaçılar 2019-cu ilədək orada yaşamışlar. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1 hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən, altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələrə məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində 6 ay və daha uzun müddətdə yaşamamağının səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Məhkəmə qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. MPM-in 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. MPM-in 89.1-ci maddəsinə əsasən yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Məcəllənin 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə adları qeyd edilən iddiaçıların mübahisəli evdə yaşamama səbəblərini araşdıraraq hesab edir ki, onların uzun bir müddət ərzində mübahisəli evdə yaşamamaları onların daimi olaraq başqa yaşayış sahəsinə köçmələri ilə bağlı olmuşdur. İş materialları ilə müyyən edilir ki, onlar mübahisəli evdə qeydiyyatda olsalar da, orada yaşamamaqla və könüllü olaraq daimi başqa yaşayış yeri seçməklə, mübahisəli evlə əlaqələrini daimi olaraq kəsmişlər. İddiaçıların uzun bir müddət ərzində mübahisəli evdə yaşamamaları isə hər hansı üzrlü səbəblə əlaqədar deyil. Belə ki, iş materiallarına həmin iddiaçıların 2019-cu ildən sonra mübahisəli evə köçüb yaşamağa cəhd etmələrini, buna hər hansı maneənin olmasını təsdiq edən mötəbər sübut əlavə edilməmişdir. Məhkəmə iclasında dinlənilmiş şahid ifadəsində X2 iddiaçılar İddiaçı3 və İddiaçı1 evdən qovduğunu bildirir. Lakin məhkəmə bu hissədə şahidin ifadəsini inandırıcı saymır və bunu onunla əsaslandırır ki, əvvəla digər İddiaçı2 hazırda da həmin evdə yaşayır, başqa sözlə sözügedən iddiaçılar da həmin iddiaçı kimi mübahisəli evdə yaşaya bilərdilər. Digər tərəfdən İddiaçı2 izahatında bildirir ki, 2005-ci ildə faktiki nikaha daxil olmuşdur, bu nikahdan 2006-cı ildə Azər, 2011-ci ildə Nəzər adlı övladları doğulmuşdur. 2008-ci ilə qədər həyat yoldaşı ilə birgə Gəncə şəhəri, Sevinc qəsəbəsində yaşasa da, sonradan həyat yoldaşı ilə mübahisəli ünvana köçmüşdür, hazırda da bu ünvanda yaşayır. Bacısı İddiaçı1 isə 2007-ci ildə faktiki olaraq ailə qurmuş, 2008-ci ilin oktyabr ayında oğlu olmuşdur. Bacısı İddiaçı1 oğlu iki aylıq olanda ayrılmış, həmin vaxtdan 2019-cu ilədək faktiki olaraq ata evində yaşamışdır. 2019-cu ildə atası cəzaçəkmə müəssisəsindən çıxdıqdan sonra anası ilə atasının nikahı pozulmuş, anası bacısı Nəcibə ilə birlikdə başqa yerə köçüb kirayə yaşamışlar, daima onun yaşadığı evə gəlib-getmişlər. İddiaçıların nümayəndəsi də izahatında maneəçiliyin son dövrlərdə başladığını bildirir. Bütün bunlar onu göstərir ki, digər iddiaçılar Zülfiyyə və İddiaçı1lar İddiaçı2 ailəsi ilə birlikdə mübahisəli evdə yaşamasına mane olmamaq üçün, könüllü olaraq mübahisəli evə qayıtmamışlar. Beləliklə, iddiaçılar İddiaçı3 və İddiaçı1 uzun müddət ərzində mübahisəli evdə yaşamamaqla evlə bağlı bütün əlaqələrini daimi olaraq kəsmələri onların istifadə hüquqlarının qanunla müəyyən edilmiş müddətdən, yəni 6 aydan artıq saxlanılmasına yol vermədiyindən həmin iddiaçılar mübahisəli evə istifadə hüquqlarını itirmişlər. Odur ki, həmin iddiaçılara münasibətdə mövcud olmayan istifadə hüququnun tanınmasına dair iddia və ondan asılı olan digər tələblər - evdən istifadəyə cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması və həmin evə köçürülmələri tələbi əsassızdır. Məhkəmə, həmçinin xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia əsasən əsaslı olduğundan, MPM-in 119.1-ci maddəsinə əsasən, iddiaçıların nümayəndəsi tərəfindən qiymətləndirilməyən iddia tələbinə görə ödənilmiş 100 manat dövlət rüsumu da cavabdehdən İddiaçı2 xeyrinə tutulmalıdır. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. İddiaçı2 Gəncə şəhəri, Məhəmməd ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə istifadə hüququ tanınsın və fərdi yaşayış evindən istifadəyə Cavabdeh tərəfindən yaradılan maneələr aradan qaldırılsın. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə xərcinin əvəzinə görə 100 (bir yüz) manat Cavabdeh tutularaq İddiaçı2 verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №e-2(125)-3044/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-3044/2025
31.07.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver