Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-307/2023 06.01.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili X1, Cavabdeh1 iştirakı ilə, İddiaçı açıq səhmdar cəmiyyətinin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «müqavilənin ləğv edilməsi və pul tələbi» barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı açıq səhmdar cəmiyyəti Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı 16 avqust 2019-cu il tarixli 005CASA192280007 saylı güzəştli kredit müqaviləsinin ləğv edilməsi, ödənilməmiş əsas borcun əvəzi qismində 7.882 manat 35 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 4 manat 93 qəpik, cərimə qismində 21 qəpik, cəmi 7.887 manat 49 qəpik məbləğində, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi Ş.N.Abbasov məhkəmədə iddianı müdafiə edərək, göstərdi ki, İddiaçı açıq səhmdar cəmiyyəti ilə bağlanmış 16 avqust 2019-cu il tarixli, 005CASA192280007 saylı kredit xətti müqaviləsinə əsasən Cavabdeh1 5 il müddətinə illik 1 faiz dərəcəsi ilə 1 il güzəşt müddəti olmaqla 13.603 manat məbləğində kredit verilmişdir. Kredit üzrə öhdəliklərin icrasının təmini kimi iddiaçı Bankla digər cavabdehlər Cavabdeh3 ilə 0058FİZAM47984402 saylı 16 avqust 2019-cu il tarixli və Cavabdeh2 ilə 005FİZAM4798302 saylı 16 avqust 2019-cu il tarixli zaminlik müqavilələri bağlanmış, həmin şəxslər kredit müqavilələri üzrə zaminliyi öz üzərlərinə götürmüşlər. Cavabdeh1 onunla bağlanmış güzəştli kredit müqaviləsinin şərtlərinə əməl etmədiyindən Cavabdeh1 özünə, eləcə də zaminləri Cavabdeh3 və Cavabdeh2 dəfələrlə şifahi və yazılı müraciət edilməsinə baxmayaraq, cavabdehlər tərəfindən kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, kredit müqaviləsindən irəli gələn öhdəliklər lazımi qaydada icra edilməmişdir. Güzəştli kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısındatam icra etməyən Cavabdeh1 09 iyun 2022-ci il tarixdə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməmiş əsas borc qismində 7.882 manat 35 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 4 manat 93 qəpik, cərimə qismində 21 qəpik, cəmi 7.887 manat 49 qəpik məbləğində borcu qalmaqdadır. Sonda Ş.N.Abbasov iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh1 məhkəmədə iddianı etiraf edərək, izahatında bildirdi ki, o, əvvəllər İddiaçı açıq səhmdar cəmiyyəti ilə bağlanmış 16 avqust 2019-cu il tarixli, 005CASA192280007 saylı kredit xətti müqaviləsi üzrə öhdəliklərini tam icra etsə də, sonradan maddi imkanı pisləşmiş və qeyd olunan səbəbdən iddiaçı Bank qarşısında öhdəliklərini tam icra edə bilməmişdir. Lakin hazırda o, iddiaçı Bankla aralarında olan razılaşmaya uyğun olaraq öz öhdəliklərini icra etməkdə davam edir. Sonda Cavabdeh1 iddianı etiraf edib, bu barədə ərizəsini məhkəməyə təqdim edərək, iddianın etiraf edilməsinin hüquqi nəticələrinin ona məlum olduğunu bildirdi. Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə məhkəməyə məlumat vermədən məhkəməyə gəlməmişlər. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini və Cavabdeh1 dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 16 avqust 2019-cu il tarixli 005CASA192280007 saylı güzəştli kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı açıq səhmdar cəmiyyəti tərəfindən Cavabdeh1 5 il müddətinə illik 1% borc faizləri ödəmək şərti ilə 13.603 manat 98 qəpik məbləğində kredit verilmişdir. İşdə olan 16 avqust 2019-cu il tarixli 0058FİZAM47984402 saylı və 005FİZAM4798302 saylı zaminlik müqavilələrinin surətlərindən görünür ki, Cavabdeh2 və Cavabdeh3 16 avqust 2019-cu il tarixli 005CASA192280007 saylı güzəştli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasına birgə məsuliyyət formasında zaminliyi öz öhdələrinə götürmüşlər. İşdə olan İddiaçı açıq səhmdar cəmiyyətinin Cavabdeh1 kredit borcunun, faizlərin və penyanın hesablanması haqqında 09 iyun 2022-ci il tarixli maliyyə arayışından görünür ki, 16 avqust 2019-cu il tarixli 005CASA192280007 saylı güzəştli kredit müqaviləsi üzrə Cavabdeh1 borcu əsas borc qismində 7.882 manat 35 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 4 manat 93 qəpik, cərimə qismində 21 qəpik, cəmi 7.887 manat 49 qəpik təşkil edit. İş materiallarında olan İddiaçı açıq səhmdar cəmiyyəti tərəfindən cavabdehlərə ünvanlanmış bildirişin kserosurətindən görünür ki, İddiaçı açıq səhmdar cəmiyyəti 16 avqust 2019-cu il tarixli 005CASA192280007 saylı güzəştli kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını 3 gün ərzində yerinə yetirməyi, əks təqdirdə kredit müqaviləsinin vaxtından əvvəl ləğv olunmasını cavabdehlərdən tələb etmişdir. Beləliklə, işdə olan sübutlarla Cavabdeh1 İddiaçı açıq səhmdar cəmiyyəti ilə bağladığı kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsi və nəticədə cavabdehlərin kredit və zaminlik müqaviləsinin şərtlərinə uyğun olaraq iddiaçıya ödənilməmiş əsas borc qismində əsas borc qismində 7.882 manat 35 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 4 manat 93 qəpik, cərimə qismində 21 qəpik, cəmi 7.887 manat 49 qəpik məbləğində borcunun yarandığı təsdiq olunur. Azərbaycan Respublikası MPM-nin 52.2-ci maddəsinə görə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-nin 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə, qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə hesab edir ki, Cavabdeh1 iddianı etiraf etməsi, qanunauyğun olmaqla, hər hansı bir şəxsin hüquqlarını, qanunla qorunan mənafeyini pozmur və buna görə Cavabdeh1 iddianı etirafı qəbul olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya həmin Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə görə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1 maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı açıq səhmdar cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 16 avqust 2019-cu il tarixli 005CASA192280007 saylı kredit müqaviləsi ləğv edilməli, həmin müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 7.882 manat 35 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 4 manat 93 qəpik, cərimə qismində 21 qəpik, cəmi 7.887 manat 49 qəpik məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pul vəsaiti cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Cavabdeh1 tərəfindən iddianın etiraf olunması təsdiq edilsin. İddiaçı açıq səhmdar cəmiyyətinin iddiası təmin edilsin. İddiaçı açıq səhmdar cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 16 avqust 2019cu il tarixli 005CASA192280007 saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı açıq səhmdar cəmiyyətinin xeyrinə ödənilməmiş əsas borcun əvəzi qismində 7.882 (yeddi min səkkiz yüz səksən iki) manat 35 (otuz beş) qəpik, 09 iyun 2022-ci il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 4 (dörd) manat 93 (doxsan üç) qəpik, cərimə qismində 21 (iyirmi bir) qəpik, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100 (bir yüz) manat, cəmi 7.987 (yeddi min doqquz yüz səksən yeddi) manat 49 (qırx doqquz) qəpik məbləğində pul vəsaiti tutulsun. Qətnamədən onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №e-2(125)-307/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-307/2023
06.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver