Məhkəmə qərarları › İş №e-2(125)-3099/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-3099/2025

21.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-3099/2025 21.07.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X14 Şakir oğlunun sədrliyi, X3 iclas katibliyi, İddiaçının nümayəndəsi X4 və Cavabdeh iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması» tələbinə dair iddiası üzrə mülki işə, Gəncə Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi: İddiaçı ASC Cavabdeh qarşı «ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması» tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh 06 aprel 2023-cü il tarixli, 800804-44700/7 nömrəli kredit müqaviləsi üzrə 12,058.82 (on iki min əlli səkkiz manat səksən iki qəpik) manat borcun və 126.17 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandığı hallar: İddiaçı ASC ilə borcalan Rzayev Vidadi İsa oğlu arasında bağlanmış 06 aprel 2023 il tariхli, 800804-44700/7 nömrəli kredit müqaviləsinə əsasən borcluya 48 ay müddətinə, illik 18.5 faiz dərəcəsi ilə 12000 (on iki min) manat məbləğində kredit vеrilmişdir. Borcalan xx.xx.2023-cü il tarixində vəfat etmişdir. Bu səbəbdən kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafiki pozulmuşdur. Vəfat etdiyi tarixədək ödənişlər vaxtı-vaxtında aparılıb, vəfat etdiyi tarixə kredit müqaviləsi üzrə 12,058.82 (on iki min əlli səkkiz manat, səksən iki qəpik) manat məbləğində bоrcu mövcud olmuşdur. Vəfat etdiyi tarixdən cari günədək faiz borcu dayandırılıb və hesablanmır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında deyildiyi kimi borclunun ölümündən sonra faizlərin hesablanmasının davam etməsi və ya dayandırılması, yəni güzəştlərin tətbiqi məsələsi bankdaxili qaydalara uyğun olaraq müəyyənləşdirilə bilər. Lakin o da nəzərə alınmalıdır ki, mülki hüququn mühüm prinsiplərindən biri də vicdanlılıq prinsipidir. Gəncə şəhəri 1 saylı notariat ofisi tərəfindən təqdim olunmuş arayışdan göründüyü kimi mərhumun adına qalan miras əmlaka dair Cavabdeh adına xx.xx.2023-cü il tarixdə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. AR Konstitusiya Məhkəməsi Plenumunun Qərarında deyildiyi kimi, Konstitusiya Məhkəməsinin Plenumu borclunun ölümü halında mirası qəbul etmiş vərəsələrin miras qoyanın öhdəlikləri üzrə borcluya çevrildiyini nəzərə alaraq hesab edir ki, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras qoyanın kreditoru qarşısında məsuliyyət daşımalıdırlar. xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən göründüyü kimi Gəncə RQİ və TBŞ tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, AD815479 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi XTA210740A2965798, mühərrikin nömrəsi ******* və buraxılış ili 2010-cu il olan VAZ 21074 MİNİK markalı, **-HH-*** dövlət nişanlı nəqliyyat vasitəsi miras olaraq Cavabdeh verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1309-cu maddəsinə əsasən, vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. Belə ki, Cavabdeh bank tərəfindən kredit borcunun ödənilməsinə dair xəbərdar olunmuşdur. Kredit borcunun ödənilməsinə dair xx.xx.2024-cü il tarixli xəbərdarlıq ünvanlanmış və xx.xx.2024-cü il tarixində qızı Aytac tərəfindən qəbul olunmasına baxmayaraq kredit borcu ödənməmişdir və nəticədə gecikdirilmiş kredit borcu yaranmışdır. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçının nümayəndəsi X8 iddianı müdafiə edib iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, X9 İsa oğlundan qalmış mirası arvadı - Cavabdeh qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın İddiaçı ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəfindən cavabdehə müraciət edilsə də cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Eyni zamanda cavabdeh miras əmlakın siyahısını notariat kontoruna təqdim etməmişdir. Odur ki, iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərdi ki, İddiaçı ASC ilə mərhum əri Rzayev Vidadi İsa oğlu arasında bağlanmış 06 aprel 2023-cü il tarixli, 800804-44700/7 nömrəli kredit müqaviləsinə əsasən ona 48 ay müddətinə, illik 18.5 faiz dərəcəsi ilə 12000 (on iki min) manat məbləğində kredit vеrilmişdir. Əri Vidadi krediti götürərək öz dostu Asəf Vəliyevə vermişdir. Bundan sonra əri Vidadi vəfat etmiş, Asəf isə həbs edilmişdir. Ona görə də banka olan borc ödənilməmişdir. X12 vəfatından sonra VAZ- 21074 markalı, **-HH-*** dövlət qeydiyyat nişanlı avtomaşın miras qalmışdır. Həmin avtomaşını onlar birgə nikah dövründə əldə etmişlər. Bundan sonra o, mirasın qəbulu barədə notariat kontoruna ərizə vermiş və yalnız həmin əmlakın miras qaldığını notariusa bildirmişdir. Başqa heç bir siyahı notariusa təqdim etməmişdir. Qanun üzrə vərəsəlik şəhadətnaməsi aldıqdan sonra miras əmlak olan VAZ-21074 markalı, **-HH-*** dövlət qeydiyyat nişanlı avtomaşın satmışdır. Odur ki, həmin əmlak birgə nikah dövründə əldə olunduğuna görə satış pulunun yarısı yəni 3500 manatı ondan tutularaq banka ödənilməlidir. Odur ki, iddia tələbinin qismən təmin edilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sübutlar; - 06 aprel 2023-cü il tarixli, 800804-44700/7 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı ASC tərəfindən Rzayev Vidadi İsa oğluna 48 ay müddətinə, illik 18.5 faiz dərəcəsi ilə 12000 (on iki min) manat məbləğində kredit vеrilməsi razılaşdırılmışdır. - 06 aprel 2023-cü il tarixli kassa məxaric orderinin surətindən görünür ki, Rzayev Vidadi İsa oğlu tərəfindən həmin gün 12000 (on iki min) manat pul İddiaçı ASC-nin kassasından götürülmüşdür. - AZ-İİ seriyalı, 356720 nömrəli, 08 iyun 2023-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Rzayev Vidadi İsa oğlu xx.xx.2023-cü il tarixdə ölmüşdür. - xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Rzayev Vidadi İsa oğlunun həmin tarixə Banka ödənilməmiş nağd kredit üzrə 11,667.88 manat əsas borc və 390.94 manat faiz borcu olmaqla cəmi 12,058.85 (on iki min əlli səkkiz manat səksən beş qəpik) borcu mövcuddur. - xx.xx.2024-cü il tarixli maliyyə arayışınından görünür ki, Rzayev Vidadi İsa oğlunun Banka ödənilməmiş kart limiti üzrə 298.39 manat əsas borcu, vəfat etdiyi tarixə 18.35 manat faiz borcu qalmışdır. - AZ-İ seriyalı, 072745 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Rzayev Vidadi İsa oğlu ilə X1 arasında 03 dekabr 2003-cü il tarixdə Gəncə şəhəri Nizami rayon VVADQ şöbəsində 401 nömrəli nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə Rzayev, arvada Rzayeva soyadı verilmişdir. - Gəncə şəhəri 1 saylı Notariat Ofisinin xx.xx.2024-cü il tarixli, 172 nömrəli məktubundan görünür ki, X9 İsa oğlunun adından Cavabdeh adına Gəncə şəhəri 1 saylı notariat ofisində xx.xx.2023-cü il tarixdə 2V-181 saylı reyestrlə təsdiq edilmiş vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. - Gəncə şəhəri 1 saylı Notariat Ofisinin xüsusi notariusu X2 tərəfindən verilmiş 05 dekabr 2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş Rzayev Vidadi İsa oğlunun vərəsəsi kimi arvadı Cavabdeh VAZ 21074 markalı, **-HH-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarət miras əmlakdan tam hissədə pay almışdır. - Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin surətindən görünür ki, VAZ 21074 markalı, **-HH-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi 06 dekabr 2023-cü il tarixdə Cavabdeh tərəfindən X6 7000 (yeddi min) manata satılmışdır. - xx.xx.2024-cü il tarixli bildirişlərin surətindən görünür ki, İddiaçı ASC tərəfindən X9 İsa oğlunun kredit borcunun könüllü ödənilməsi barədə Cavabdeh xəbərdarlıq edilmişdir. Məhkəmə iclasında müəyyən oluna hallar: İddiaçı ASC ilə borcalan Rzayev Vidadi İsa oğlu arasında bağlanmış 06 aprel 2023cü il tarixli, 800804-44700/7 nömrəli kredit müqaviləsinə əsasən sonuncuya 48 ay müddətinə, illik 18.5 faiz dərəcəsi ilə 12000 (on iki min) manat məbləğində kredit vеrilmişdir. Lakin borcalan Rzayev Vidadi İsa oğlu 03 iyun 2023-cü il tarixində vəfat etmişdir. Bu səbəbdən kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafiki pozulmuşdur. Vəfat etdiyi tarixədək Rzayev Vidadi İsa oğlu tərəfindən ödənişlər vaxtı-vaxtında aparılmış, vəfat etdiyi tarixə kredit müqaviləsi üzrə 12,058.82 (on iki min əlli səkkiz manat, səksən iki qəpik) manat məbləğində borc qalmışdır. Vəfat etdiyi tarixdən cari günədək kredit müqaviləsi üzrə faiz borcu dayandırılmışdır. Gəncə şəhəri 1 saylı Notariat Ofisinin xüsusi notariusu X2 tərəfindən verilmiş 05 dekabr 2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən xx.xx.2023-cü il tarixdə vəfat etmiş Rzayev Vidadi İsa oğlunun vərəsəsi kimi arvadı Cavabdeh VAZ 21074 markalı, **-HH-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarət miras əmlakdan tam hissədə pay almışdır. Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinə əsasən VAZ 21074 markalı, **-HH-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi 06 dekabr 2023-cü il tarixdə Cavabdeh tərəfindən X6 7000 (yeddi min) manata satılmışdır. xx.xx.2024-cü il tarixli bildirişə əsasən İddiaçı ASC tərəfindən X9 İsa oğlunun kredit borcunun könüllü ödənilməsi barədə Cavabdeh xəbərdarlıq edilmişdir. Mübahisəyə dair tətbiq olunan hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 741.1-ci maddəsinə görə bu Məcəllədə ayrı-qayda nəzərdə tutulmayıbsa, borcalanın əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi və ya borcalanın borcverənə hər hansı yalnış məlumat verməsi səbəbindən borcun vaxtında qaytarılmayacağı açıq-aşkar bəlli olduqda, yaxud borcalan borcun verilməsi üçün borc müqaviləsində nəzərdə tutulmuş öhdəliyini icra etmədikdə, o cümlədən təminat təqdim etmədikdə, borcverən borc vermək öhdəliyini tam və ya qismən icra etməkdən birtərəfli qaydada imtina edə bilər. 742.1-ci maddəsinə görə borcalan borcu (həmçinin faizləri və (və ya haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesan olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1146-cı maddəsinə görə miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır; Həmin Məcəllənin 1255-ci maddəsinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır; Həmin Məcəllənin 1151.1-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir; Həmin Məcəllənin 1306.1-ci maddəsinə görə vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1307-ci maddəsinə görə mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 iyun 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras qoyanın kreditoru qarşısında məsuliyyət daşımalıdırlar. Vərəsələr əsas öhdəliyi icra etməkdən yayındıqları və ya lazımınca icra etmədikləri təqdirdə, eləcə də miras əmlakın həcmi vərəsələrə əsas öhdəliyi icra etməyə və ya lazımınca icra etməyə imkan vermədikdə, pozulmuş mənafeyinin təmin edilməsi üçün kreditorun zaminə qarşı tələb irəli sürmək hüququ yaranır. Məhkəmənin gəldiyi nəticə: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini və Cavabdeh dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin yuxarıda qeyd olunan normalarından da göründüyü kimi miras aktivini qəbul etmiş vərəsələr mirasqoyanın öhdəlikləri üçün qəbul etdiyi miras payı həcmində birgə borclu kimi məsuliyyət daşıyır. Eyni zamanda mirasqoyanın borclarının miras aktivindən çox olmasını sübuta yetirmək yükü də vərəsələrin üzərinə düşür. Göstərilən qanunvericilik normalarını rəhbər tutaraq məhkəmə qeyd edir ki, X9 İsa oğlu kredit müqavilələri üzrə yaranmış borcunu onun ölümündən sonra mirasını qəbul etmiş qanun üzrə vərəsəsi Cavabdeh vərəsə kimi ondan miras qalmış əmlakı rəsmi qaydada qəbul etmişdir. Lakin cavabdeh miras qoyanın öhdəliyini icra etməmişdir. Həmçinin cavabdeh məhkəməyə miras qoyanın ölümündən sonra ondan miras qalmış daşınmaz və daşınar əşyalarının siyahısı barədə heç bir sübut təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olmaqla təmin olunmalıdır. Beləliklə, məhkəmə mülki işin yuxarıda sadalanan hallarını, nəzərə alaraq, hesab edir ki, X9 İsa oğlunun vərəsəsi (arvadı) - Cavabdeh 06 aprel 2023-cü il tarixli, 800804- 44700/7 nömrəli kredit müqaviləsi üzrə 12,058.82 (on iki min əlli səkkiz manat səksən iki qəpik) manat borc tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 126.17 (bir yüz iyirmi altı manat on yeddi qəpik) manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. X9 İsa oğlunun vərəsəsi (arvadı) - Cavabdeh 06 aprel 2023-cü il tarixli, 800804- 44700/7 nömrəli kredit müqaviləsi üzrə 12,058.82 (on iki min əlli səkkiz manat səksən iki qəpik) manat borc və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 126.17 (bir yüz iyirmi altı manat on yeddi qəpik) manat dövlət rüsumu tutulub İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar