Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-310/2025 15.01.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X4 Tahir oğlunun sədrliyi, Əlizadə Ümid Maqsud oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 10000 manat pul və iddia ərizəsi üçün ödənilmiş 120 manat dövlət rüsumunun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə verərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh uzun müddətdir ki, tanıyır. Onunla aralarında yaranmış münasibətə əsasən o, ehtiyacı olduğu üçün 07 noyabr 2023-cü il tarixdə qaytaracağını bildirərək 10.000 manat borca pul istəmişdir. O da 10.000 manat pulu ona vermişdir. Öz xətti və imzası ilə qəbz də yazmışdır. Lakin cavabdeh pulu qaytaracağını bildirsə də, həmin vaxtdan müəyyən müddət keçməsinə baxmayaraq borcunu qaytarmaqdan imtina etmişdir. Dəfələrlə cavabdehə pulun qaytarılması barədə müraciət etməsinə baxmayaraq o, hər dəfə müxtəlif bəhanələr gətirərək onu aldatmış, göstərilən məbləğdə pulu ona verməkdən boyun qaçırmışdır. Halbuki, cavabdehin həmin məbləğdə pulu ona qaytarmaq üçün kifayət qədər əmlakı və vəsaiti vardır. Buna görə də məcbur olub məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, iddiaçıdan 10000 manat borc götürməmişdir. Ayrı-ayrı vaxtlarda 2000 manat bir dəfə, 15- 20 gün sonra 500 manat və sonra da 400 manat olmaqla, cəmi 2900 manat borc almışdır. Qəbz yazarkən ona görə 10000 manat borc aldığını qeyd etmişdir ki, iddiaçı şərt kəsmişdir ki, qəbzə 10000 manat yazmasa pulu verməyəcəkdir. Ona təcili pul lazım olduğu üçün məcbur olub borcun məbləğini 10000 manat qeyd etmişdir. İddiaçı onu sıxışdırdığı üçün 2024-cü ilin may ayında özünə qəsdlə bağlı 2-ci Polis Şöbəsində araşdırma aparılmışdır. İddiaçıya olan borcun bir qismini ödəmişdir. Hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- Borca dair qəbzdən görünür ki, Cavabdeh X1 xx.xx.2023-cü ildə 10000 manat borc olaraq pul aldığını və dekabr ayına qaytaracağını imzası ilə təsdiq etmişdir. Cavabdeh tərəfindən verilmiş ödəniş qəbzlərindən görünür ki, Roza Sarıyevaya məxsus kart hesabına xx.xx.2023-cü il tarixdə 750 manat, xx.xx.2024-cü il tarixdə 505 manat və xx.xx.2024-cü il tarixdə 160 manat məbləğində pul köçürülmüşdür. Gəncə Şəhər Baş Polis İdarəsi 2-ci Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair Cavabdeh 2-ci Polis Şöbəsinə müraciəti daxil olmamış və bu barədə araşdırılma aparılmamışdır. Cavabdeh tərəfindən təqdim olunmuş səs yazısını əks etdirən DVD diskə qulaq asılmış, cavabdehin iddiaçı ilə danışıqları zamanı cavabdeh iddiaçıya 750 manat və 2500 manat borcunu verib 3200 ödəməklə bağlayacağını bildirmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları, işdə olan sübutları obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdıraraq həmin sübutlara hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. İşin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında borc pulun verilməsi ilə bağlı razılaşma olmuş, cavabdeh iddiaçıdan 10000 manat məbləğində borc alması barədə qəbzə imza etmişdir. Cavabdeh iddiaçıdan 2900 manat borc aldığını, qəbz yazarkən iddiaçının şərt kəsərək qəbzə 10000 manat yazdığı təqdirdə ona borc verəcəyini, iddiaçı ilə telefon danışıqları zamanı iddiaçıya olan borcunu danışıqlarda səsləndirdiyini göstərərək iddia tələbini mübahisələndirmişdir. Məhkəmə cavabdehin göstərdiyi dəlilləri işin hallarına uyğun olmayan hesab edərək qeyd edir ki, cavabdehin 2900 manat borc aldığı təqdirdə iddiaçının təkidi ilə 10000 manat borc alması barədə qəbzə imza etməsi ağlabatan deyildir. Belə ki, cavabdeh hər hansı kənar təsir olmadan öz sərbəst iradə ifadəsi ilə qəbzi imzalamış və iddiaçıdan asılı olmamışdır. Digər tərəfdən telefon danışıqları zamanı cavabdeh iddiaçıdan aldığı borcun məbləğini deyil, iddiaçıya ödəyəcəyi məbləği qeyd etmişdir. Bu isə mötəbər sübut kimi qiymətləndirilə bilməz. Bununla belə məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, cavabdeh 10000 manat borcdan 1415 manat ödəniş etmiş, hazırda mövcud olan 8585 manat borcunu iddiaçıya qaytarmamışdır. Məhkəmə hesab edir ki, tərəflər arasında 10000 manat borc pulun verilməsinə dair müqavilə qanunvericiliyin müəyyən etdiyi formada, yəni yazılı formada bağlanmadığından onlar arasında bağlanmış razılaşma etibarsızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Tərəflər arasında borc müqaviləsinə dair şifahi razılaşma üzrə iddiaçı tərəfindən 10000 manat pulun cavabdehə verilməsi və cavabdeh tərəfindən həmin məbləğin 1415 manatı qaytarılsa da, 8585 manatının qaytarılmaması iş materiallarında olan sübutlarla öz təsdiqini tapır. Bu halda cavabdeh hüquqi əsas olmadan, yəni etibarlı müqavilə əsası olmadan iddiaçının əmlakı hesabına varlanmış hesab olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-MM) 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. MM-in 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. MM-in 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 77.1ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, İddia qismən təmin edilməli, Cavabdeh 8585 (səkkiz min beş yüz səksən beş) manat pul alınaraq İddiaçı verilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 105,85 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 8585 (səkkiz min beş yüz səksən beş) manat pul və 105,85 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №e-2(125)-310/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-310/2025
15.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver