Məhkəmə qərarları › İş №e-2(125)-312/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-312/2023

26.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-312/2023 26.01.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X8 Şakir oğlunun sədrliyi, X3 iclas katibliyi, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X2 və Cavabdeh iştirakları ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı «kredit borcunun qaytarılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi məhkəməyə müraciət edərək, cəmi borcu 8348,98 (səkkiz min üç yüz qırx səkkiz manat doxsan səkkiz qəpik) AZN-bundan 2611,40 (iki min altı yüz on bir manat qırx qəpik) AZN əsas, 3036,73 (üç min otuz altı manat yetmiş üç qəpik) AZN faiz, 2329,69 (iki min üç yüz iyirmi doqquz manat altmış doqquz qəpik) AZN cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 371,16 (üç yüz yetmiş bir manat on altı qəpik) AZN faiz borcu və iş üzrə ödənilmiş 103,49 (bir yüz üç manat qırx doqquz qəpik) manat dövlət rüsumu Cavabdeh tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 21 sentyabr 2017-ci il tarixli, KM012T09170039 saylı müqaviləyə əsasən bank müştəriyə illik 29 faiz olmaqla, 3000 (üç min) manat məbləğində kredit açmışdır. Kredit müqaviləsinə əsasən Cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. xx.xx.2022-ci il tarixə Cavabdeh kredit üzrə cəmi borcu 8348,98 (səkkiz min üç yüz qırx səkkiz manat doxsan səkkiz qəpik) manat təşkil edir. Bundan 2611,40 (iki min altı yüz on bir manat, qırx qəpik) AZN əsas, 3036,73 (üç min otuz altı manat yetmiş üç qəpik) AZN faiz, 2329,69 (iki min üç yüz iyirmi doqquz manat altmış doqquz qəpik) AZN cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il Plenum qərarına əsasən hesablanmış 371,16 AZN (üç yüz yetmiş bir manat on altı qəpik) faiz borcu təşkil edir. Kredit müqaviləsinin şərtlərinin kobud surətdə pozulması ilə əlaqədar bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və **********093 saylı, xx.xx.2022-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəliləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi, cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının vaxtından əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Məhkəmə iclasında iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X2 iddia tələbinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında göstərdi ki, Dəmirbank” Açıq Səhmdar Cəmiyyətini ilə onun arasında 21 sentyabr 2017-ci il tarixli, KM012T09170039 saylı, bank xidmətləri müqaviləsi bağlanmışdır. Bu müqavilə əsasında 21 sentyabr 2017-ci il tarixli, KM012T09170039 nömrəli 5 saylı Əlavə saziş bağlanmış və həmin əlavə sazişə əsasən ona 24 ay müddətinə illik 29 faiz dərəcəsi ilə 3000 (üç min) manat məbləğində kredit verilmişdir. Maddi vəziyyəti ağır olduğuna görə borcunu ödəyə bilməmişdir. Buna baxmayaraq o, bankın qeyd etdiyi kimi faiz və cərimə borcu ilə razı deyildir. Odur ki, faiz və cərimə borcunun azaldılmasını məhkəmədən xahiş etdi. Məhkəmə işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyərək və məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; 21 sentyabr 2017-ci il tarixli, KM012T09170039 nömrəli kredit müqaviləsindən görünür ki, ləğv prosesində olan İddiaçı ASC tərəfindən borc alan Cavabdeh 24 (iyirmi dörd) ay müddətinə illik 29 (iyirmi doqquz) faiz dərəcəsi ilə 3000 (üç min) manat məbləğində kredit verilmişdir. Ödəniş cədvəlindən görünür ki, Cavabdeh 21 sentyabr 2017-ci il tarixli, KM012T09170039 nömrəli kredit müqaviləsi üzrə 24 ay müddətinə illik 29 faiz dərəcəsi ilə ödəniş cədvəli üzrə hər ay 166,2 sonuncu ay 166,15 manat olmaqla, cəmi 3988,75 manat pulu ləğv prosesində olan İddiaçı ASC-yə ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. 21 sentyabr 2017-ci il tarixli kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh ləğv prosesində olan İddiaçı ASC-nin xəzinadarlığından 3000 (üç min) manat pulu götürmüşdür. xx.xx.2022-ci il tarixli, **********297 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh 18 iyul 2022-ci il tarixə ləğv prosesində olan İddiaçı ASC-yə 2611 manat əsas, 3036 manat faiz, 2329 manat cərimə borcu və illik 5 faiz olmaqla gecikdirilmiş vaxt üçün hesablanan 371 manat faiz borcu olmaqla, cəmi 8348 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 9/8464 nömrəli rəydən görünür ki, 21 sentyabr 2017-ci il, KM012T09170039 nömrəli kredit müqaviləsində qeyd olunan şərtlər və Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən Cavabdeh xx.xx.2019-cu il tarixə, yəni müqavilə müddətinin sonuna, əsas borc üzrə 2611,40 manat, faiz borcu üzrə 1256,81 manat olmaqla cəmi 3868,21 manat müəyyən edilmişdir. 08 iyul 2022-ci il tarixli, **********093 nömrəli bildirişdən görünür ki, ləğv prosesində olan İddiaçı ASC tərəfindən borclu Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və tam icra etməsi bildirilmiş əks halda kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin ödənilməsi tələbi ilə məhkəmə müraciət olunacağı qeyd edilmişdir. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından bəlli olur ki, müqavilənin şərtlərinə əsasən alınan kredit məbləğini ona hesablanmış faizləri ilə birlikdə borc alan tərəfindən dövrü olaraq kreditora qaytarmalı, ödənişlər gecikdirildiyi halda həmin məbləğə cərimə hesablanmalıdır. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Məhkəmədən kənar mübahisənin həll edilməsi mümkün olmadığından iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Kreditor tərəfindən müqavilənin şərtlərinə uyğun əsas borca faiz məbləği hesablamışdır. Bununla da iddiaçının gecikdirilmiş məbləğə görə müqavilənin şərtlərinə uyğun olaraq cərimə (dəbbə pulu) tələb etmək hüququ yaranmışdır. Məhkəmə hesab edir ki, iddiaçının cavabdehə olan tələbi əsas borca münasibətdə əsaslı olduğundan həmin hissədə iddia tələbi təmin olunmalıdır. Lakin iş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının rəyi nəticəsində aydın olmuşdur ki, müqavilə bitən müddətə cavabdehin iddiaçıya 1256,81 manat faiz borcu yaranmışdır. İddiaçı vaxtında məhkəmədə iddia qaldırmaması nəticəsində faiz borcu artmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçıdan iddiada əsas borca hesablanmış 3036,73 manat faiz borcu deyil, yalnız 1256,81 manat faiz borcu tutulmalıdır. Eyni zamanda məhkəmə qeyd edir ki, tərəflərin mübahisəli hüquq münasibətləri üzrə iddia tələbi əsas borcuna münasibətdə qanuni və əsaslı olsa da, iddia tələbi dəbbə puluna münasibətdə qismən təmin edilməlidir. Belə ki, iddiaçı tərəfindən verilmiş iddia ərizəsindən görünür ki, iddiaçı cavabdehdən 2329,69 manat məbləğində cərimə borcunun tutulmasını məhkəmədən xahiş etmişdir. Dəbbə puluna görə cavabdehin məsuliyyətli olub-olmaması məsələsi ilə bağlı qeyd olunmalıdır ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə müvafiq olaraq, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Maddənin məzmunundan göründüyü kimi, dəbbə pulu öhdəliyin icrasının təmini üsulu olmaqla yanaşı, həm də borclunun öz öhdəliyini icra etməməsi və ya lazımınca icra etməməsinə görə tərəflərin müəyyən etdiyi məsuliyyət növüdür. Lakin nəzərə alınmalıdır ki, məsuliyyətin bir növü olaraq dəbbə pulunun ödənilməsini kreditor yalnız borclunun, təqsiri olduğu təqdirdə tələb edə bilər. Mülki Məcəllənin 462.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz. Beləliklə, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsində borclunun təqsiri olduğu halda kreditor dəbbə pulunun ödənilməsi ilə bağlı tələbi bu hərəkətləri törətmiş şəxsə qarşı irəli sürə bilər. İşdən göründüyü kimi, iddiаçı cаvаbdehdən 2329,69 manat cərimə ödənilməsini tələb edir. Məhkəmə hesab edir ki, həmin məbləğ hazırki vəziyyətdə işin hаllаrınа tam uyğun deyildir və tənаsübsüz surətdə yüksəkdir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Аzərbаycаn Respublikаsı Kоnstitusiyа Məhkəməsinin “Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 449-cu mаddəsinin bəzi müddəаlаrının şərh оlunmаsınа dаir 09 iyul 2009-cu il tаrixli Plenum qərаrı”ndа göstərilmişdir ki, “digər tərəfdən, bоrclu şəxsin mülkiyyət mаrаqlаrı qоrunmаlı və оnun həddən аrtıq mаliyyə məsuliyyətinə cəlb оlunmаsının qаrşısı аlınmаlıdır”. Məhkəmə hesab edir ki, cərimənin miqdаrının bu qədər çоx оlmаsı bоrclunun mülkiyyət mаrаqlаrının qоrunmаsı və оnun həddən аrtıq mаliyyə məsuliyyətinə cəlb оlunmаsının qаrşısının аlınmаsı bаxımındаn məqsədəmüvаfiq deyildir. Ona görə də məhkəmə hesаb edir ki, cаvаbdehdən öz öhdəliyini lаzımıncа yerinə yetirməməkdə ifаdə оlunаn ümumi mаrаqlа оnlаrın mülkiyyət hüquqlаrının müdаfiəsi аrаsındа ədаlətli tаrаzlığа nаil оlunmаsı bаxımındаn cərimənin miqdаrının аzаldılаrаq 100 (bir yüz) manat məbləğində müəyyən edilməsi məqsədəuyğun hesab oluna bilər. Məhkəmə hazırki işin hallarına və məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsasən belə qənaətə gəlir ki, iddiaçının cavabdehə qarşı kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 371,16 (üç yüz yetmiş bir manat on altı qəpik) faiz borcuna dair tələbi qismən əsaslıdır və həmin hissədə iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarında qeyd edilmişdir ki, qeyd olunduğu kimi, kreditor dəymiş zərərin (real zərər və əldən çıxmış faydanın) mücərrəd qaydada hesablanması əsasında qaytarılması gecikdirilən borc məbləği üzrə faiz ödənilməsini tələb edə bilər. Konkret ödənilmə məbləğinin hesablanmasına gəldikdə, zərərin miqdarı kreditorun verdiyi məlumatlar əsasında məhkəmə tərəfindən qiymətləndirilməlidir. Məhkəmə baxışı zamanı kreditorun həyata keçirdiyi kredit əməliyyatlarının tərkibini və bu zaman əldə etdiyi, bazara uyğun faiz dərəcələrinin müvafiq orta miqdarını təsvir etməsi kifayətdir. Kreditorun kredit əməliyyatlarını ayrı-ayrı kredit növləri üzrə açıqlaması mümkün olmazsa, o, öz faiz tələbinin ən az faiz gəliri gətirən kredit (kapital) növünün bazara uyğun faiz dərəcəsi həddində olacağı ilə razılaşmalıdır. Yuxarıda təsvir olunan mücərrəd qaydada hesablama metodu belə bir ehtimala əsaslanır ki, kreditor, bank ticarəti dövriyyəsində işlərin adi gedişatına əsasən borc məbləği vaxtında ona qaytarıldığı təqdirdə, bu məbləğdən tez bir zamanda müvafiq faizlərə uyğun şəkildə istifadə edə bilərdi. Bununla belə, sözügedən qayda kreditorun konkret olaraq yeni bir kredit əməliyyatı aparmış olacağını sübuta yetirməsini tələb etmir. Məhkəmə hesab edir ki, cavabdehin öhdəliyin icrasını gecikdirməsinə görə iddiaçıya dəymiş zərərin (əldən çıxmış fayda) qiymətləndirilməsi məhkəmə tərəfindən iddiaçının verdiyi məlumatlar əsasında həyata keçirilir. Məhkəmə baxışı zamanı kreditorun həyata keçirdiyi kredit əməliyyatlarının tərkibini və bu zaman əldə etdiyi, bazara uyğun faiz dərəcələrinin müvafiq orta miqdarını təsvir etməsi kifayətdir. Hazırkı işdən isə görünür ki, iddiaçı bank ticarəti dövriyyəsində işlərin adi gedişatına əsasən borc məbləği vaxtında ona qaytarıldığı təqdirdə, bu məbləğdən tez bir zamanda müvafiq faizlərə uyğun şəkildə istifadə edə biləcəyi ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmiş və iş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının rəyi nəticəsində aydın olmuşdur ki, gecikdirilmiş müddətə cavabdehin iddiaçıya 368,86 manat faiz borcu yaranmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, cavabdehdən iddiada gecikdirilmiş vaxt üçün hesablanmış 371,16 manat faiz borcu deyil, yalnız 368,86 manat faiz borcu tutulmalıdır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 2611,40 (iki min altı yüz on bir manat qırx qəpik) manat əsas, 1256,81 (bir min iki yüz əlli altı manat səksən bir qəpik) manat faiz borcu, 100 (bir yüz) manat cərimə borcu və kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 368,86 (üç yüz altmış səkkiz manat səksən altı qəpik) manat faiz borcu, olmaqla ümumilikdə 4337,07 (dörd min üç yüz otuz yeddi manat yeddi qəpik) manat borc məbləği tutulub iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Bundan başqa, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107 və 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Məhkəmə iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq hesab edir ki, iddiaçı tərəfində iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 103,49 (bir yüz üç manat qırx doqquz qəpik) manat dövlət rüsumunun 52 (əlli iki) manatı cavabdehdən alınıb iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq iş üzrə məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi üçün ödənilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat rüsumunun 50 (əlli) manatı cavabdehə, 50 (əlli) manatı isə iddiaçıya aid edilməlidir. «Avropa İnsan Hüquqları Məhkəməsinin» Delcour Belçikaya qarşı iş üzrə 19 yanvar 1975-ci il tarixli «Piersack Belçikaya qarşı» iş üzrə 01 oktyabr 1982-ci il tarixli, «X7» qarşı iş üzrə 26 oktyabr 2004-cü il tarixli Qərarlarında «hər bir məhkəmə aktından ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqərar edildiyinin aydın görünməli olduğu» xüsusi vurğulanmışdır. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında da Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа İnsаn Hаqlаrı üzrə Avropа Məhkəməsi qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyil, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 2611,40 (iki min altı yüz on bir manat qırx qəpik) manat əsas, 1256,81 (bir min iki yüz əlli altı manat səksən bir qəpik) manat faiz borcu, 100 (bir yüz) manat cərimə borcu və kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 368,86 (üç yüz altmış səkkiz manat səksən altı qəpik) manat faiz borcu, olmaqla ümumilikdə 4337,07 (dörd min üç yüz otuz yeddi manat yeddi qəpik) manat borc məbləği və məhkəmə xərci qismində ödənilmiş dövlət rüsumunun 52 (əlli iki) manatı tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Məhkəmə xərci qismində iş üzrə keçirilmiş mühasibatlıq ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manatın 50 (əlli) manatı Cavabdeh qalan 50 (əlli) manatı isə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-dən tutularaq, X1 Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZO********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34 CTRE********************) köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar