Məhkəmə qərarları › İş №e-2(125)-3127/2022

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-3127/2022

26.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-3127/2022 26.12.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi Quliyev Camal Yusifəli oğlu, İddiaçı açıq səhmdar cəmiyyətinin Cavabdeh qarşı 30 oktyabr 2018-ci il tarixli, **********01944184 saylı kredit kartına dair müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 242 manat 73 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 82 manat 48 qəpik, cəmi 325 manat 21 qəpik və ödənilmiş dövlət rüsmunun əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: 17 noyabr 2022-ci il tarixdə İddiaçı açıq səhmdar cəmiyyəti Cavabdeh qarşı 30 oktyabr 2018-ci il tarixli, **********01944184 saylı kredit kartına dair müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 242 manat 73 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 82 manat 48 qəpik, cəmi 325 manat 21 qəpik və ödənilmiş dövlət rüsmunun əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflərin ünvanına göndərilmiş 21 noyabr 2022-ci il tarixli bildirişlə, iddiaçının tələbinə dair əsaslandırılmış etirazları olduğu halda 10 iş gün müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etmək hüquqlarının mövcudluğu cavabdehə izah edilmiş, lakin iddia tələbinə cavabdeh tərəfindən verilmiş etiraz məhkəməyə daxil olmamış və ərizənin əsaslandığı tələbetmə hüququ mübahisələndirilməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 285-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət edir və iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatlarının alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yoxdur, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 30 oktyabr 2018-ci il tarixli, **********01944184 saylı kredit kartına dair müqaviləsinin surətindən görünür ki, İddiaçı açıq səhmdar cəmiyyəti Hüseyn İsmayılova bu müqavilə, habelə Hüseyn İsmayılov və İddiaçı açıq səhmdar cəmiyyəti arasında bağlanan karta dair müqavilə əsasında "Birkart” verir, həmin “Birkart"a bağlı müqaviləsə qeyd edilən bütün istisnalar nəzərə alınmaqla təyinatı şəxsi istehlak olan barpaolunan kredit xətti ayırır, Hüseyn İsmayılov isə kredit xətti üzrə borclarını (xidmət haqqı, əsas və faiz borcu, dəbbə pulu) ödəyir. Bu müqavilədə borclar üzrə müddətlər borcun verildiyi gündən hesablanır. İşdə olan 30 oktyabr 2018-ci il tarixli TT**********116300 nömrəli balansdankənar kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh 30 oktyabr 2018-ci il tarixdə 1 ədəd plastik kartı İddiaçı açıq səhmdar cəmiyyətindən almışdır. İş materiallarında olan İddiaçı açıq səhmdar cəmiyyətinin 30 oktyabr 2018-ci il tarixli kredit müqaviləsi üzrə maliyyə arayışından görünür ki, Hüseyn İsmayılov ilə İddiaçı açıq səhmdar cəmiyyəti arasında bağlanmış 30 oktyabr 2018-ci il tarixli kredit kartına dair müqaviləsinə əsasən Hüseyn İsmayılovun İddiaçı açıq səhmdar cəmiyyətin borcu ödənilməmiş əsas borcun əvəzi qismində 242 manat 73 qəpik, 14 noyabr 2022-ci il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 82 manat 48 qəpik, cəmi 325 manat 21 qəpik təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3 maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarmalıdır. Beləliklə, məhkəmə mülki işin yuxarıda sadalanan hallarını, nəzərə alaraq, hesab edir ki, Cavabdeh 30 oktyabr 2018-ci il tarixli, **********01944184 saylı kredit kartına dair müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə həmin müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 242 manat 73 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 82 manat 48 qəpik, cəmi 325 manat 21 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 284-5, 284-6, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı açıq səhmdar cəmiyyətinin iddiası təmin edilsin. Cavabdeh İddiaçı açıq səhmdar cəmiyyətinin xeyrinə 30 oktyabr 2018-ci il tarixli, **********01944184 saylı kredit kartına dair müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 242 (iki yüz qırx iki) manat 73 (yetmiş üç) qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 82 (səksən iki) manat 48 (qırx səkkiz) qəpik, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat, cəmi 355 (üç yüz əlli beş) manat 21 (iyirmi bir) qəpik məbləğində pul vəsaiti tutulsun. Qətnamədən onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar