Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-3142/2024 22.07.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X4 Şakir oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə, Gəncə Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianı təmin edib Cavabdeh onun xeyrinə 8000 (səkkiz min) ABŞ dolları olan əsas borc məbləği, Azərbaycan Respublikası Milli Bankı tərəfindən müəyyənləşdirilmiş bank uçotunun dərəcəsinə uyğun olaraq illik 5 faiz olmaqla 12000 (on iki min) ABŞ dollarının Azərbaycan manatı ekvivalenti məbləğində, ümumi 20000 (iyirmi min) ABŞ dollarının Azərbaycan manatı ekvivalenti məbləğində və tərəflərindən ödənilmiş 165 (bir yüz altmış beş) manat dövlət rüsumunun cavabdehdən tutularaq, onun xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, qardaşı Cavabdeh etibarından sui-istifadə edərək Almaniya Federativ Respublikasında onun vəsaiti hesabına avtonəqliyyat vasitəsini gətirib, Azərbaycanda satıb əldə edilmiş gəlirin ona verilməsi məqsədi ilə ondan oğluna evin alınması üçün yığdığı 8000 (səkkiz min) ABŞ dolları məbləğində pul vəsaiti almışdır. Lakin, həmin vaxtdan xeyli müddətin keçməsinə baxmayaraq, cavabdeh ondan aldığı pul məbləğini qaytarmamışdır. Bu azmış kimi Cavabdeh ona dəfələrlə ona aid olan pul vəsaitinin qaytarılması üçün müraciət etsə də, o, müxtəlif bəhanələr uyduraraq, pulu qaytarmamış və Azərbaycanın hüdudlarından kənarına çıxmışdır. Hal-hazırda Fransadadır. Yazdıqlarından göründüyü kimi ona aid olan 8000 (səkkiz min) ABŞ dolları 30 ildən çoxdur ki, qanunsuz olaraq cavabdehdədir. Həmin vaxt sözügedən məbləğlə ev almaq mümkün idisə, o, vaxtdan inflyasiya gedmiş və hal-hazırda həmin pul vəsaitinə ev almaq mümkün deyildir. Bu isə tərəfindən cavabdehin qanunsuz hərəkətləri ucbatından kifayət qədər ziyana düşdüyü anlamına gəlir. Oğlu cavabdehin ucbatından illərdir kirayələrdə yaşamaq məcburiyyətində qalmışdır. Həmin faktların danılmaz sübutu aralarında olan çoxsaylı “Whatsapp” yazışmalarıdır. Həmçinin hesab edir ki, cavabdehdən faiz borcu və ödənilmiş dövlət rüsumunun məbləği də tutulmalıdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək, əlavə olaraq bildirdi ki, 1998-ci ildə özünə ev almaq üçün pul yığmış, lakin həmin dövrdə evlərin qiyməti baha olduğu üçün pulunu hələlik saxlaması üçün atasına vermək qərarına gəlmişdir. Bu məqsədlə həmin ili atasının evinə gəlmişdir. Orada cavabdeh olan qardaşı Cavabdeh onu qarşılayaraq, ona borc pul verməsini istəmiş və pulu dövriyyə etdikdən sonra ona qaytaracağını demişdir. O da Cavabdeh Almaniyadan avtomobil gətirib satdıqdan sonra onun pulunu qaytaracağına hətta ona əlavə pul da verəcəyinə əmin olduqdan sonra 8000 (səkkiz min) ABŞ dolları məbləğində pulu cavabdehə vermişdir. Pulu cavabdehə 1998-ci ildə verilməklə yanaşı həmin pul verilən zaman Cavabdeh arvadı da orada olmuşdur. Cavabdeh onun pulu ilə maşın alveri etsə də onun pulunu həmin ildə qaytaracağına söz verməsinə baxmayaraq qaytarmamışdır. Pulun cavabdehə verilməsindən 26 il vaxt keçsə də cavabdeh həmin pulu ona qaytarmır. Buna baxmayaraq son iki ildir ki pulun qaytarılması ilə bağlı polisə müraciət etmişdir. Həmçinin cavabdehi sonuncu dəfə 2016-cı ilin yanvar ayında görmüş, həmin vaxtda cavabdehdən pulunu tələb etsə də, cavabdeh pulu qaytarmamışdır. Odur ki iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil izahatında bildirdi ki, ilk dəfə TV kanallarının birində İddiaçı köməklik göstərməsi üçün ona təklif gəlmişdir. Cavabdeh ilə özü şəxsən əlaqə saxlamış və cavabdehə iddiaçıya olan borcundan 300-500 ABŞ dolları göndərməsini bildirmiş, cavabdeh problem olmadığını və göndərəciyini demişdir. Lakin, cavabdeh pulu iddiaçıya göndərməmişdir. Bundan sonra cavabdehin oğlu ilə əlaqə saxlamış, bu zaman da cavabdeh iddiaçıya 5000 ABŞ dolları göndərəcəyini demişdir. Buna baxmayaraq, cavabdeh iddiaçıdan aldığı 8000 ABŞ dolları məbləğində puldan iddiaçıya hər hansı məbləğdə pul yollamamış, ümumiyyətlə borcunu qaytarmamışdır. Daha sonra cavabdeh telefonlara cavab verməmişdir. Cavabdeh İddiaçı 1998-ci ildə aldığı 8000 (səkkiz min) ABŞ dolları məbləğində pulu və faizləri qaytarmalıdır. Odur ki iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsaslanmaqla işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, məhkəmə tərəfindən bildiriş cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına göndərilmiş və həmin orqan tərəfindən məhkəmə bildirişinin üzərində müvafiq qeydlər olunmaqla bildirişin kötüyü məhkəməyə qaytarılmışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş sübutlar; Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinin 22 sentyabr 2023-cü il tarixli, 3-13-5-1/2-H-15570/11/23 nömrəli məktubunda Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov küçəsi, dalan 1, bina 112, mənzil 1-də yaşayan İddiaçı müraciəti CPM-nin 207-ci (törədilmiş və ya hazırlanan cinayətlər haqqında məlumatlara baxılması qaydası) maddəsinə əsasən qeydiyyata alınaraq araşdırma aparılıb müvafiq prosessual qərar qəbul edilməsi üçün Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci polis şöbəsinə göndərilməklə şikayətinə baxılmasının nəticəsinə dair polis şöbəsi tərəfindən ona əlavə məlumat veriləcəyi bildirilmişdir. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 07 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işi başlanmasının rədd edilməsi qərara alınmışdır. Gəncə Şəhər Məhkəməsinin 6(125)-3/2024 nömrəli, 11 yanvar 2024-cü il tarixli qərarından görünür ki, şikayət təmin edilməmiş, Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci polis şöbəsinin TB-nin təhqiqatçısı, polis leytenantı X2 “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarının qanuni hesab edilməsi qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 6(104)-7/2024 nömrəli, 19 fevral 2024-cü il tarixli qərarından görünür ki, şikayət təmin edilməmiş, Gəncə Şəhər Məhkəməsinin 6(125)-3/2024 nömrəli, 11 yanvar 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəmə, iddiaçı və onun nümayəndəsini dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh İddiaçı qardaşıdır. İddiaçı 1998-ci ildə özünə ev almaq üçün yığdığı 8000 (səkkiz min) ABŞ dolları məbləğində pul vəsaitini atasına saxlaması üçün vermək məqsədi ilə ata evinə gəlmiş, bu zaman Cavabdeh 8000 (səkkiz min) ABŞ dollarını ona borc verməsini istəmiş və dövriyyə etdikdən sonra qaytaracağını bildirmişdir. İddiaçı Cavabdeh ondan aldığı 8000 (səkkiz min) ABŞ dolları məbləğində pulu qaytarmadığını əsas gətirərək hal-hazırda məhkəmədə “pul” tələbinə dair iddia qaldırmışdır. Məhkəmə iclasında iddiaçı və onun nümayəndəsi iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh tərəf isə məhkəmə iclasında iştirak etmədiyindən onun iddiaya münasibətini öyrənmək mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə hazırki iş üzrə tətbiq edilməli maddi hüquq normasını müəyyən edərək aşağıdakıları qeyd edir. Belə ki, İddiaçı cavabdeh olan qardaşı Cavabdeh 1998-ci ildə borc kimi 8000 (səkkiz min) ABŞ dolları pul verdiyini əsas gətirərək pul tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, iddia tələbinin həmin hissəsinə dair həmin dövr üçün qüvvədə olan, yəni xx.xx.2000-ci il tarixədək qüvvədə olan Mülki Məcəlləsinin normaları tətbiq olunmalıdır. Belə ki, xx.xx.2000-ci il tarixədək qüvvədə olan Mülki Məcəllənin: 266-cı maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borc verən) digər tərəfin (borc alanın) mülkiyyətinə və ya əməli surətdə idarə etməsinə pul və ya cinsi əlamətləri ilə müəyyən edilən şeyi verir borc alan isə müqavilədə göstərilən müddət ərzində müqavilədə müddət gpstərilmədikdə isə borc verənin tələbi üzrə (Bu Məcəllənin 163-cü maddəsi) aldığı eyni pul məbləğinin və ya şeyin miqdarına keyfiyyətinə və cinsinə bərabər olan şeyi qaytarmaq öhdəliyini öz üzərinə götürür. Tərəflərin borc öhdəliyi alqı-satqıdan əmlakın kirayə verilməsindən və ya digər əsaslardan irəli gəldikdə bu fəslin qaydaları tətbiq edilir. Borc müqaviləsində müqavilənin predmeti ilə yanaşı onun pulla qiyməti də göstərilməlidir. Borc müqaviləsi pulun və ya şeylərin təhvil verildiyi vaxt bağlanmış hesab edilir. 269-cu maddəsinə əsasən borc alan pulun və ya şeyin borc verəndən həqiqətdə onun tərəfindən alınmadığını və ya müqavilədə göstərilən miqdardan az alındığını sübut etməklə borc müqaviləsinə dair mübahisə etməyə haqlıdır. Müqavilə yazılı hallarda bağlanmalı olduğu halda cinayət qaydasında cəzalandırılmalı olan əməllər istisna edilməklə bu maddənin birinci hissəsində göstərilən əsaslar üzrə borc müqaviləsinə dair şahid ifadərinə əsasən mübahisə qaldırmağa yol verilmir. 73-cü maddəsinə əsasən, hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün ümumi müddət (iddia müddəti) üç il, dövlət təşkilatlarının kolxozların isə kooperativ və sair ictimai təşkilatların bir-birinə olan iddiaları üzrə isə bir müəyyən olunur. 75-ci maddəsinə əsasən tərəflərin razılığı ilə iddia müddətinin və onun hesablanması qaydasının dəyişdirilməsinə yol verilmir. 76-cı maddəsinə əsasən iddia müddətinin keçməsindən asılı olmayaraq, pozulmuş hüququn müdafiə edilməsinə dair tələb baxılmaq üçün məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi tərəfindən qəbul edilir. 77-ci maddəsinə əsasən iddia müddəti tərəflərin bildirməsindən asılı olmayaraq, məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi tərəfindən tətbiq olunur. 78-ci maddəsinə əsasən iddia müddətinin axımı iddia hüququ əmələ gələn gündən başlanır; iddia hüququ, şəxsin öz hüququnu pozulmasını bildiyi və ya bilməli olduğu gündən əmələ gəlir. Bu qaydadan istisnalar, habelə iddia müddətinin dayandırılması və iddia müddətində fasilə, SSR İttifaqı qanunvericiliyi və bu Məcəllə ilə müəyyən olunur. 79-cu maddəsinə əsasən öhdəlikdə şəxslərin dəyişməsi, iddia müddətinin dəyişməsinə səbəb olmur. 80-ci maddəsinə əsasən iddia müddətinin axımı aşağıdakı hallarda dayandırılır: 1) İddia qaldırmağa fövqəladə və həmin şəraitdə qarşısı alına bilməyən hadisə (qarşısı alına bilməyən qüvvə) mane olduqda; 2) SSRİ Nazirlər Soveti və ya Azərbaycan SSRİ Nazirlər Soveti tərəfindən öhdəliklərin icrası üçün möhlət müəyyən edildikdə; 3) İddiaçı və ya cavabdeh hərbi vəziyyətə keçirilmiş SSRİ Silahlı Qüvvələrinin tərkibində olduqda. Bu maddədə göstərilən vəziyyət iddia müddətinin axırıncı altı ay ərzində baş verdikdə və ya mövcud olmaqda davam etdikdə iddia müddətinin axımı dayandırılır; iddia müddəti altı aydan az olduqda isə - iddia müddəti ərzində dayandırılır. Müddətin dayandırılması üçün əsas olan öhdəliyin xitam edildiyi gündən, müddətin axımı davam edir və müddətin qalan hissəsi altı aya qədər uzadılır, iddia müddəti altı aydan az olduqda isə, iddia müddəti həmin müddətə çatdırılır. 81-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada iddianın qaldırılması ilə iddia müddətinin axımı kəsilir. Qaldırılmış, lakin baxılmamış iddia, iddia müddətinin axımını kəsmir. Tərəflərdən biri və ya hər ikisi vətəndaş olan mübahisələr üzrə iddia müddətinin axımı, borclu şəxsin borcunu etiraf etməsini təsdiq edən hərəkətləri ilə də kəsilir. Fasilədən sonra iddia müddətinin axımı yenidən başlanır; fasiləyə qədər keçmiş vaxt yeni müddətə hesablanmır. Cinayət işində qaldırılmış iddiaya məhkəmə tərəfindən baxılmayıbsa, iddianın qaldırılmasına qədər olan iddia müddətinin axımı, iddianı baxılmamış saxlayan hökm qanuni qüvvəyə mindiyi gündən davam edir. 82-ci maddəsinə əsasən, iddia qaldırılana qədər iddia müddətinin keçməsi iddianı rədd etmək üçün əsasdır. Məhkəmə arbitraj və ya münsiflər məhkəməsi iddia müddətinin keçməsinin səbəbini üzrlü hesab etdikdə, pozulmuş hüquq müdafiə edilməlidir. 83-cü maddəsinə əsasən iddia müddətinin dayandırılması, kəsilməsi və bərpa edilməsi haqqındakı qaydalar, qanunda sair hal müəyyən edilməyibsə, qısaldılmış iddia müddətlərinə də aid edilir. 84-cü maddəsinə əsasən, borclu öz vəzifəsini iddia müddəti keçdikdən sonra icra etmişsə, icra etdiyi zaman iddia müddətinin keçməsini bilməmiş olsa da, icra etdiyini geri tələb etməyə haqlı deyildir. Dövlət təşkilatları arasında və onlarla kooperativ (kolxozlardan başqa) və sair ictimai təşkilatlar arasındakı münasibətlərdə iddia müddəti keçdikdən sonra vəzifəsinin icra olunması nəticələri SSR İttifaqı qanunvericiliyi ilə müəyyən edilir. 85-ci maddəsinə əsasən, aşağıdakı hallarda iddia müddəti aid edilmir: Qanunla nəzərdə tutulmuş hallardan başqa, şəxsi qeyri-əmlak hüquqlarının pozulmasından əmələ gələn tələblərə; Kolxozların və kooperativ və sair ictimai təşkilatların və ya vətəndaşların qanunsuz olaraq yiyələndikləri dövlət əmlakının qaytarılması haqqında dövlət təşkilatlarının tələblərinə; Dövlət əmək əmanət kassalarına və SSRİ Dövlət Bankına qoyulmuş əmanətlərin verilməsi haqqında əmanətçilərin tələblərinə; SSR İttifaqı qanunvericiliyi ilə müəyyən edilmiş digər tələblərə 86-cı maddəsinə əsasən, başlıca tələb üzrə iddia müddətinin keçməsi ilə, əlavə tələblər (dəbbə pulu, zaminlik və s) üzrə də iddia müddəti keçmiş hesab olunur. Məhkəmə ilk növbədə iddia tələbinin uğurluluğu baxımdan qeyd edir ki, İddiaçı 1998-ci il tarixdə cavabdeh olan qardaşı Cavabdeh 8000 (səkkiz min) ABŞ dolları məbləğində pulu borc kimi verdiyini iddia etsə də, sübutetmə vəzifəsinin bölgüsü baxımından iddiaçı tərəfindən cavabdehə pulun verildiyini və verilən pulların məbləğini sübut etmək yükü qanunla iddiaçının üzərinə düşür. Lakin, iddiaçı həmin pulların məbləğini, cavabdehə verilməsinə dair sübutları iddia ərizəsinə əlavə etməmiş, məhkəmə baxışı zamanı iddianı təsdiq edə biləcək sübutları təqdim etməsi məhkəmə tərəfindən təklif olunmasına baxmayaraq, iddiaçı bu sübutları məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə həmçinin təqdim edilmiş CD diskdə olan səs yazıları ilə bağlı qeyd edir ki, həmin səslərin, danışıqların kimə məxsus olmasını müəyyən etmək mümkün olmamaqla yanaşı cavabdehin 1998-ci ildə iddiaçıdan tələb etdiyi borc məbləğini alması və həmin borcu etiraf etməsi sübuta yetirilmədiyindən məhkəmə hesab edir ki, CD diskdə olan səs yazıları mötəbər sübut kimi qəbul edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki hüquqda iddia müddətləri institutu mülki dövriyyənin iştirakçılarını intizamlandırmaq, onlara məxsus olan hüquqların həyata keçirilməsi və vəzifələrin yerinə yetirilməsi üçün onların fəallığını təşviq etmək məqsədinə yönəlmişdir. İddia müddətləri əhəmiyyətli dərəcədə mülki hüquq münasibətləri iştirakçılarının vəzifələrinin yerinə yetirilməsi üzərində ciddi qarşılıqlı nəzarətə əməl edilməsi zərurəti yaradır. İddia müddətləri institutunun tətbiq edilməsi zərurəti, həmçinin belə bir mühüm halla əsaslandırılır ki, mülki mübahisələrə məhkəmə tərəfindən baxılması hər zaman iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi ilə əlaqədardır. Qeyri-müəyyən uzun müddətin keçməsi həqiqətə nail olmağı çətinləşdirir, bəzən isə hətta bu imkanı istisna edir. Belə ki, sübutlar itirilə bilər və ya onların mötəbərliyi kifayət qədər şübhəli hala gələ bilər, bunlar da öz növbəsində məhkəmə orqanlarının işin bütün faktiki hallarının aydınlaşdırılmasına və düzgün qərar çıxarılmasına yönəlmiş fəaliyyətini ciddi surətdə çətinləşdirə bilər. Konkret şəxsə məxsus maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi isə hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür. 2000-ci il sentyabrın 01-dək qüvvədə olmuş MM-in 73cü maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün ümumi müddət (iddia müddəti) üç il müəyyən edilir. Göstərilən müddətlərin keçməsi isə ümumi qaydaya əsasən hüququ pozmuş şəxsə münasibətdə məcburiyyət tədbirlərinin tətbiqindən imtina edilməsinə səbəb olacaqdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “H.Həşimov və qeyrilərinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 10 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyun 2005-ci il tarixli Qərarı). Bundan başqa yuxarıda göstərilən normalarına əsasən məhkəmə qeyd edir ki, İddiaçı Cavabdeh qarşı hazırki tələblə xx.xx.2024-cü il tarixdə (26 il müddət keçdikdən sonra) məhkəmədə iddia qaldırmışdır. Belə olduğu halda məhkəmə xx.xx.2000-ci il tarixədək qüvvədə olan Mülki Məcəllənin tələbləri baxımından qeyd edir ki, İddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət edərkən də, qanunla müəyyən edilmiş üç illik iddia müddətini ötürmüşdür. Bu səbəbdən iddia tələbi iddia müddətinin keçməsi əsası ilə də rədd edilməlidir. Məhkəmə həmçinin, prosessual qənaət prinsipinə əsaslanaraq qeyd edir ki, iddia tələbi 8000 (səkkiz min) ABŞ dolları məbləğində pulun verilməsi hissəsində rədd edildiyindən Azərbaycan Respublikası Milli Bankı tərəfindən müəyyənləşdirilmiş bank uçotunun dərəcəsinə uyğun olaraq illik 5 faiz olmaqla 12000 (on iki min) ABŞ dollarının Azərbaycan manatı ekvivalenti məbləğində hissəsində də əsassız olduğundan rədd edilməlidir. Başqa sözlə, iddia tələbinin əsas hissəsi olan 8000 (səkkiz min) ABŞ dolları hissə sübuta yetirilmədiyindən və iddia müddətinin keçməsi əsası ilə rədd edildiyindən iddia tələbinin sonrakı hissəsini mübahisələndirməyə dair artıq iddiaçıların subyektiv hüququ aradan qalxmış olur. Beləliklə, məhkəmə qeyd edir ki, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası, iddia müddətinin keçməsi əsası ilə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia tələbi rədd edildiyindən iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş dövlət rüsumu da iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası, iddia müddətinin keçməsi əsası ilə rədd edilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №e-2(125)-3142/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-3142/2024
22.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver