Məhkəmə qərarları › İş №e-2(125)-319/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-319/2025

03.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-319/2025 03.02.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X10 Tahir oğlunun sədrliyi, Əlizadə Ümid Maqsud oğlunun katibliyi, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X7 və Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti borcalan mərhum X3 vərəsəsi Cavabdeh qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 vərəsəsi Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 1216,69 manat əsas borc, 252,62 manat cərimə olmaqla, ümumilikdə 1469,31 manat borcun, ödənilmiş 34,70 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh etirazı əsasında iş üzrə əlavə araşdırmanın aparılması məqsədi ilə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(125)-6045/2024 nömrəli qərardadına əsasən mülki işin sadələşdirilmiş icraatdan iddia icraatına keçirilməsi qərara alınmışdır. Məhkəmə iclasında iddiaçı "xxxx" ASC-in nümayəndəsi X9 iddia tələbini müdafiə edərək göstərdi ki, "xxxx" ASC ilə mərhum X5 arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 1-xx.xx.2016-SM146 saylı kredit müqaviləsinə əsasən ona 1600 manat kredit verilmişdir. X1 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən məlum olmuşdur ki, X3 vərəsəsi Cavabdeh mərhum X2 qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın bank qarşısında olan öhdəliyini icra etməmişdir. xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən mərhum X1nın banka ödənilməmiş 1216,69 manat əsas, 252,62 manat cərimə olmaqla, ümumilikdə 1469,31 manat borcu qalmışdır. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyib, iddia müddətinin ötürülməsi ilə bağlı məhkəməyə ərizə təqdim etdiyini bildirərək izahatında göstərdi ki, anası X5 onkoloji xəstə olmuş, müalicəsi üçün bankdan pul götürmüşdür. Əvvəlcə anasının əlilliyi olduğuna görə bank kredit verməmiş, daha sonra yaşa görə pensiya alması ilə bağlı müraciət etmiş kredit vermişdirlər. 2018-ci ildə iki dəfə özü borcdan ödəniş etmişdir. Kredit müqaviləsi sığorta əsasında bağlanmışdır. Buna görə də elə bilmişlər ki, borc sığorta tərəfindən ödənilmişdir. Borcla bağlı bankdan hər hansı xəbərdarlıq olmamışdır. Artıq 7 il keçmiş, müddət ötürülmüşdür. Məhkəmə bildirişini əldə etdikdən sonra borcla bağlı məlumatı olmuşdur. İddia müddəti ötürüldüyünə görə iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- xx.xx.2016-cı il tarixli, 1-xx.xx.2016-SM146 nömrəli kredit müqaviləsindən görünür ki, mərhum X4 iddiaçı tərəfindən 36 ay müddətinə, xx.xx.2019-cu il tarixinədək, illik 22% dərəcəsi ilə 1600 manat məbləğində kredit verilmişdir. xx.xx.2016-cı il tarixli, ********** nömrəli memorial orderin surətindən görünür ki, X4 məxsus hesaba 1600 manat məbləğində pul köçürülmüşdür. Maliyyə arayışından görünür ki, mərhum X5 ilə iddiaçı arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 1-xx.xx.2016-SM146 nömrəli kredit müqaviləsi üzrə 1216,69 manat əsas borc və 292,51 manat faiz borcu hesablanmışdır. AZ-İ 878376 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2017-ci ildə ölmüşdür. Gəncə “ASAN xidmət” mərkəzi notariat ofisində 2V-727 reyestr nömrə ilə təsdiq edilmiş xx.xx.2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, X3 vərəsəsi Cavabdeh miras qoyan X4 məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Gəc zavodu ərazisi, Məhəllə 13, Sahə-314, “Farforist” BYB ünvanında yerləşən 0,04 ha torpaq sahəsindən və həmin torpaq sahəsinin üzərində inşa edilmiş ümumi sahəsi 105,3 kv.m, yaşayış sahəsi 57,5 kv.m, yardımçı sahəsi 47,8 kv.m olan bağ evindən ibarət miras əmlakdan bütövlükdə pay almalıdır. xx.xx.2018-ci il tarixli və xx.xx.2018-ci il tarixli ödəniş qəbzlərindən görunur ki, Cavabdeh müqavailə üzrə ayrı-ayrı vaxtlarda 20 manat olmaqla cəmi 40 manat ödəniş etmişdir. xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, Cavabdeh borcun könüllü ödənilməsi barədə xəbərdarlıq edilmişdir. "xxxx" Sığorta Şirkəti tərəfindən "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2017-ci il tarixli məktubun surətindən görünür ki, "xxxx" Sığorta Şirkətində xx.xx.2016-cı il tarixli, LAP-1xx.xx.2016-SM146-BB09 saylı Həyat Sığortası Şəhadətnaməsi üzrə sığorta olunmuş X3 xx.xx.2017-ci il tarixində “uşaqlıq boynunun CR-i” səbəbindən vəfat etməsi sığorta hadisəsi hesab edilmədiyindən göstərilən hadisə üzrə sığorta ödənişinin verilməsindən imtina edilmişdir. "xxxx" Sığorta Şirkəti ASC tərəfindən Gəncə Şəhər Məhkəməsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Cavabdeh "xxxx" Sığorta Şirkətində sığorta müqaviləsi aşkar edilməmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş ərizəsindən görünür ki, anası xx.xx.2016-cı ildə "xxxx" ASC-dən kredit götürmüş, lakin xx.xx.2017-ci ildə vəfat etmişdir. 3 illik müqavilə əsasında hal hazırda bank iddia müddətini ötürdüyünə görə 2(125)-6045/2024 saylı işə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, məhkəmə iclasında tədqiq olunmuş sübutlara hüquq normaları baxımından qiymət verib belə nəticəyə gəlir ki, iddia müddəti keçdiyindən iddia təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-Mülki Məcəllə) 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. İşin müəyyən olunmuş hallarından görünür ki, kredit müqaviləsi xx.xx.2016-cı il tarixdə bağlanmaqla müqavilə üzrə öhdəliklərin icra müddəti xx.xx.2019-cu il tarixdə bitmişdir. Bununla belə son ödəniş tarixi xx.xx.2018-ci il tarixdə həyata keçirilsə belə iddia müddəti keçmişdir. Hazırki tələb müqavilə münasibətlərindən yaranan tələbdir. Həmin tələbə iddia müddəti şamil edilməklə üç illik iddia müddəti keçdikdən sonra verilmişdir. Cavabdeh məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə vermişdir. Məhkəmə belə nəticəyə gəlir ki, iddia müddətinin keçməsinə görə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra- MPM) 14.2ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar