Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-3235/2025 30.07.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı ASC, xx.xx.2024-cü il tarixli, RGTK1568815C299 nömrəli kredit müqaviləsinə əsasən əsas borc üzrə 19028,32 manat, faiz borcu üzrə 907,55 manat, cəmi 19935,87 manat pul vəsaitinin və 149,81 manat dövlət rüsumunun əvəzinin Cavabdeh iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki hallarına görə, İddiaçı ASC (Bank) ilə Cavabdeh (cavabdeh və ya borcalan) arasında elektron qaydada bağlanmış xx.xx.2024-cü il tarixli, RGTK1568815C299 nömrəli kredit müqaviləsinə, müvafiq hesabdan çıxarışa və ödəniş qrafikinə əsasən Bank borcalana istehlak məqsədi ilə 83 ay müddətinə illik 17 faiz dərəcəsi ilə ödəmək şərtilə 19028,32 manat məbləğində krediti cavabdehin elektron imzası əsasında ona məxsus hesaba pul vəsaitinin köçürülməsi yolu ilə vermiş, kreditin istifadəsi ilə bağlı müvafiq hesablar açmış, borcalan krediti əldə edən zaman birdəfəlik 188,4 manat xidmət haqqı ödəməyi, müqavilə ilə müəyyənləşdirilmiş şərtlərlə kredit məbləğini, habelə kreditdən istifadəyə görə hesablanmış faizləri, xidmət haqqını, dəbbə pulunu Banka ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Ödəniş cədvəli əsasında cavabdeh xx.xx.2031-ci il tarixi də daxil olmaqla 83 ay ərzində hər ay 391,31 manat, sonuncu ay 403,91 manat ödəməyi öz üzərinə götürmüşdür. İddiaçı iddia ərizəsində göstərmişdir ki, kredit müqavilələrinin şərtlərinə əsasən cavabdeh öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş və cavabdehin xx.xx.2025-ci il tarixə Banka 19028,32 manat, faiz borcu üzrə 907,55 manat, cəmi 19935,87 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizələr ünvanlayaraq, mülki işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat göndərilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü olması barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin telefon nömrələrinə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə SMS bildirişlər göndərmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllsinin (MPM) 185.5-ci maddəsinə əsasən cavabdehin və iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddianın dəlillərini, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işin mübahisəsiz halları ilə müəyyən edilir ki, tərəflər arasında yuxarıda qeyd edilən müqavilə və ödəniş cədvəli barədə müqaviləyə əlavə imzalanmışdır. Tərəflər arasında müqavilənin və ona Əlavə sazişin bağlanmasını təkzib edən əsaslar iş materiallarında mövcud deyil. Həmin müqavilə və əlavəyə görə Bank borcalana yuxarıda qeyd edilən məbləğdə kredit vermiş, borcalan müqavilə ilə müəyyənləşdirilmiş şərtlərlə kredit məbləğini, habelə kreditdən istifadəyə görə hesablanmış faizləri, xidmət haqqını, dəbbə pulunu Banka ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Tərəflər arasında bağlanmış sözügedən müqavilənin 1.1.8-ci bəndinə əsasən müqavilə üzrə müştəri tərəfindən ödənilən vəsaitlər ilk olaraq dəbbə pulunun, xidmət haqqının, daha sonra hesablanmış faizlərin, sonda isə əsas borcun ödənilməsinə yönəldilir. Müqavilənin 2.8-ci və 2.8.1-ci bəndlərinə əsasən Borcalan tərəfindən bu müqavilə üzrə borcların (əsas, faiz və digər borclar) vaxtında ödənilməsi müddətləri pozulduqda kreditor müqavilə üzrə borcların (əsas borc, faiz borcu və dəbbə pulu) vaxtından əvvəl qaytarılmasını tələb edə bilər. Həmin müqavilənin 2.4-cü maddəsinə əsasən, əgər müştərinin banka bir neçə müqavilə üzrə borcu olarsa, hansı öhdəliyə görə borcun tutulması (silinməsi) növbəliliyini bank özü müəyyən edir. İş materiallarında olan, xx.xx.2025-ci il tarixli maliyyə arayışına görə cavabdehin xx.xx.2025-ci il tarixə Banka xx.xx.2024-cü il tarixli RGTK1568815C299 nömrəli kredit müqaviləsi üzrə 19028,32 manat əsas, 907,55 manat faiz olmaqla, cəmi 19935,87 manat borcu yaranmışdır. Bank tərəfindən cavabdehə ünvanlanmış 25-309-16/MH9265 nömrəli, xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, cavabdehə xx.xx.2024-cü il tarixli, RGTK1568815C299 nömrəli kredit müqaviləsi üzrə borcun (gecikmənin) olması barədə xəbərdarlıq edilmiş və 19028,32 manat əsas, 907,55 manat faiz olmaqla, cəmi 19935,87 manat tam borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə barəsində müvafiq tədbirlər görüləcəyi barədə məlumat verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 742.5. Qanunda və ya borc müqaviləsi ilə borcalanın xeyrinə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən aşağıdakı hallarda müəyyən müddətə verilmiş borcun (o cümlədən borcun vaxtından əvvəl tələb edildiyi günədək borcla bağlı borcverənə ödənilməli olan faiz və (və ya) digər ödənişlərin) vaxtından əvvəl qaytarılmasını tələb edə bilər: 742.5.2. borcun hissə-hissə qaytarılmasını və (və ya) faizlərin və (və ya) haqların hissə-hissə ödənilməsini nəzərdə tutan borc müqaviləsi üzrə vaxtı çatmış borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) 90 (doxsan) gün və ya daha çox müddətə gecikdirilməsi, yaxud borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması (90 (doxsan) gündən az olmamaqla). 746.1. İstehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. 746.3. Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə istehlak krediti müqaviləsinə bu Məcəllənin borc müqaviləsi və kredit müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 746.5.2. İstehlak krediti müqaviləsində ödənişlərin gecikdirilməsinə görə faizlər (gecikdirilmə faizləri) nəzərdə tutulduqda, həmin faizlərin məbləği istehlak krediti müqaviləsində nəzərdə tutulan illik faiz dərəcəsinə beş faiz bəndi əlavə edilməklə hesablanan məbləğdən çox ola bilməz. Bu halda əlavə dəbbə pulu (cərimə, penya), komissiya və ya digər formada hər hansı ödəniş tələb edilə bilməz. Gecikdirilmə faizlərinin hesablanması 180 gündən çox davam edə bilməz. Əgər borcverənə dəyən zərər gecikdirilmə faizlərinin məbləğindən çoxdursa, borcverən istehlakçıdan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə cavabdeh arasında qanunvericiliyə uyğun olaraq istehlak krediti müqaviləsi bağlanmışdır. İddiaçı öz öhdəliyini yerinə yetirərək müqavilədə nəzərdə tutulmuş məbləği borcalana vermiş, borcalan isə müqavilə üzrə öhdəliyini lazımi qaydada icra etməmiş, əsas və faiz borcunu vaxtında ödəməmiş və öhdəliyini pozmuşdur. Qanuna və müqaviləyə uyğun olaraq bankın müqaviləyə birtərəfli qaydada xitam vermək və borcun vaxtından əvvəl qaytarılmasını tələb etmək hüququ yaranmışdır. Bank cavabdehə xx.xx.2025-ci il tarixli məktub göndərərək öhdəlik pozulduğu üçün borcun tam ödənilməsi tələb etməklə kredit müqaviləsini xx.xx.2025-ci il tarixdə birtərəfli qaydada ləğv etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə görə əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin şərh edilməsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarında göstərilmişdir ki, ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Mülki işin tədqiq edilmiş hallarından göründüyü kimi Bank borcalanla xx.xx.2024-cü il tarixdə bağlanmış kredit müqaviləsindən xx.xx.2025-ci il tarixdə imtina etməklə ona xitam vermişdir. Bununla yanaşı nəzərə alınmalıdır ki, Bankın borcalana qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, tərəflər arasındakı müqavilənin ləğv edildiyi xx.xx.2025-ci il tarixdən sonra gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsi tələbi mövcud deyildir. Beləliklə, bankın xx.xx.2024-cü il tarixdə bağlanmış kredit müqaviləsindən xx.xx.2025-ci il tarixdə imtina etməklə ona xitam verdiyini və tələbin həddini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı müqavilə şərtlərinə istinad edərək cavabdehdən iddia ərizəsində qeyd etdiyi məbləğdə əsas borcun, ona hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, iddiaçının təqdim etdiyi sübutlar cavabdehin iddiaçı Banka müqavilə üzrə borcu olduğunu və borcun düzgün hesablandığını təsdiq edir, borcalan məhkəməyə iddia tələbini təkzib edəcək, borcun düzgün hesablanmadığını təsdiq edəcək heç bir sübut təqdim etməmişdir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddia təmin edilməli, kredit müqaviləsi birtərəfli qaydada ləğv edildiyi vaxtadək, yəni xx.xx.2025-ci il tarixinədək hesablanmış borc əsas götürülməli və cavabdehdən iddiaçının xeyrinə xx.xx.2024-cü il tarixli RGTK1568815C299 nömrəli kredit müqaviləsi üzrə yaranmış 19028,32 manat əsas borc və 907,55 manat faiz borcu olmaqla, cəmi 19935,87 manat məbləğində pul vəsaiti tutulmalıdır. Həmçinin, MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia əsaslı olduğundan, məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 149,81 manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli, RGTK1568815C299 nömrəli kredit müqaviləsi üzrə yaranmış 19028,32 manat əsas borc və 907,55 manat faiz borcu olmaqla, cəmi 19935,87 (on doqquz min doqquz yüz otuz beş manat səksən yeddi qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 149,81 (bir yüz qırx doqquz manat səksən bir qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №e-2(125)-3235/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-3235/2025
30.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver