Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-324/2024 11.06.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, iddiaçı Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı "pul" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 1296,14 manat əsas borc, 708,03 manat faiz, 2697 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 189,90 manat faiz borcu və iş üzrə ödənilmiş 68,92 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki hallarına görə, "xxxx" ASC (Bank) ilə Cavabdeh (borcalan və ya cavabdeh) arasında bağlanmış ********* nömrəli, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən Bank borcalana şəxsi istehlak məqsədi ilə 24 ay müddətinə, illik 31 faiz dərəcəsi ilə 3820 ABŞ dolları məbləğində kredit vermişdir. Həmçinin, Bank ilə cavabdeh arasında ********* nömrəli, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin restrukturizasiya edilməsinə dair bağlanmış xx.xx.2017-ci il tarixli 1 nömrəli əlavə sazişə və müvafiq ödəniş cədvəlinə əsasən borcalanın Bank qarşısında xx.xx.2015ci il tarixli kredit müqaviləsi üzrə qalıq qalan 2442,66 manat əsas borcu, 901,07 manat faiz borcu və 423,07 manat cərimə borcu olmaqla, cəmi 2690,57 ABŞ dolları, yəni 3766,8 manat borcunun illik faiz dərəcəsi 17 % olmaqla, 42 ay müddətinə ödənilməsi razılaşdırılmışdır. Borcalan müqavilə ilə müəyyənləşdirilmiş şərtlərlə kredit məbləğini, habelə kreditdən istifadəyə görə hesablanmış faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələri banka ödəməyi, öhdəsinə götürmüşdür. Kredit müqaviləsinə əlavə olunan ödəniş qrafiki əsasında cavabdeh xx.xx.2020-ci il tarixi də daxil olmaqla 42 ay müddətinə hər ay 77,57 manat, sonuncu ay isə 77,32 manat ödəməyi öz üzərinə götürmüşdür. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********819 saylı xx.xx.2023-cü il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2023-cü il tarixə Cavabdeh kredit üzrə cəmi borcu 4891,07 manat təşkil edir. Bundan 1296,14 manat əsas, 708,03 manat faiz, 2697 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 189,90 manat faiz borcu təşkil edir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edilərək işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması barədə qərardad qəbul edilmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə məhkəməyə etiraz ərizəsi ünvanlayaraq bildirmişdir ki, iddiaçı tərəfindən tələb edilən, 708,03 ( yeddi yüz səkkiz manat, üç qəpik) manat faiz, 2697 (iki min altı yüz doxsan yeddi) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 189,90 (yüz səksən doqquz manat, doxsan qəpik) manat faiz borcu ağlabatan məbləğ deyil və həmin məbləğləri mübahisələndirir. Belə ki, Restrukturuzasiya edilmiş kredit üzrə Əlavə Saziş imzalandığı tarixdən etibarən yaranmış borc üzrə illik 17 faiz ödənilməsi barədə razılaşması vardır. Lakin hazırda faiz məbləği iddiaçı tərəfindən çox şişirdirilmiş və cavabdehdən əsas borcun 50 faizindən çox faiz tələb olunur. Bundan başqa, 2697 (iki min altı yüz doxsan yeddi) manat məbləğində hesablanmış cərimə şişirdilmiş məbləğdir. Onsuzda ABŞ dolları ilə verilən kreditə görə çox cərimə olunmuşdur, bu azmış kimi ondan əsas borcun 200 faizindən çox cərimə tələb olunur. Hesab edir ki, cərimə (dəbbə) məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Azərbaycan Resoublikası Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Bundan başqa, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 189,90 manat faiz borcu tələb etməkdə iddiaçı haqlı deyil. Qeyd etdiklərinə əsasən, hesab edir ki, faiz, cərimə və əlavə cərimə tələbi ilə məhkəməmühasibatlıq ekspertizası təyin edilməlidir. Göstərilənlərə əsasən, iddiaçının ona qarşı 708,03 manat faiz, 2697 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 189,90 manat faiz borcu tələbinə dair kiçik iddia ərizənin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Gəncə Şəhər Məhkəməsinin e-2(125)-6953/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə mülki iş sadələşdirilmiş icraatdan iddia icraatına keçirilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, ********* nömrəli, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehə 3820 ABŞ dolları məbləğində borc verilmişdir, sonradan onun borcu restrukturizasiya olunmuş, lakin borc yenə də ödənilməmişdir. Daha sonra bu borc üzrə iddiaçıya "xxxx" MMC vasitəsilə 1580,40 manat məbləğində kompensasiya ödənilmişdir. Həmçinin, problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərman qəbul edildikdən sonra Bank tərəfindən müvafiq tədbirlər görülmüş, lakin borcalan sözügedən kredit müqaviləsinin restrukturizasiya olunması üçün müraciət etməmiş, yeni müqavilə bağlanmamışdır. Ona görə də hazırda cavabdehin banka iddia ərizəsində göstərilən məbləğdə borcu vardır. Nümayəndə həmçinin, ekspertin rəyində göstərilənləri məhkəmənin mülahizəsinə buraxdığını bildirərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirdi ki, ekspert rəyi ilə tanış olmuşdur, rəyə etirazı yoxdur, bankla sözügedən kredit müqaviləsini bağlamışdır, dollar valyutası ilə kredit götürsə də, sonradan krediti milli valyutaya dəyişmişdir. Ona poçt vasitəsilə 1580,40 manat məbləğində kompensasiya ödənilmişdir. Borcunun olduğundan xəbəri olmayıb, bankdan ona heç bir məlumat verilməyib, bankla maraqlananda xəbəri olmuşdur. Borcunu ödəməyə gücü çatmır, kompensasiyanı xərcləmişdir, elə bilmişdir ki, artıq puldur, ona qaytarılıbdır. Əvvəllər işləsə də, hazırda işləmir, başqa banka da borcu vardır, 2019-cu ildən bəri pensiyaya çıxmışdır. Ona görə də cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işin mübahisəsiz halları ilə müəyyən edilir ki, tərəflər arasında yuxarıda qeyd edilən kredit müqaviləsinin restrukturizasiya edilməsinə dair xx.xx.2017-ci il tarixli 1 nömrəli əlavə saziş, ödəniş cədvəli barədə müqaviləyə əlavə imzalanmışdır. Tərəflər arasında müqavilənin və ona Əlavə sazişin bağlanmasını təkzib edən əsaslar iş materiallarında mövcud deyil. Həmin müqaviləyə, müvafiq ödəniş cədvəlinə görə cavabdeh xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə borcalanın qalıq qalan 2690,57 ABŞ dolları, yəni 3766,8 manat əsas borcunun 42 ay müddətinə illik faiz dərəcəsi 17 % dərəcəsi ilə ödəmək şərtilə Banka qaytarmaq öhdəliyini öz üzərinə götürmüşdür. İş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, xx.xx.2017-ci il tarixli kredit sazişi üzrə xx.xx.2023-cü il tarixə Cavabdeh Banka olan borcu əsas məbləğ üzrə 1296,14 manat, faiz məbləği üzrə 708,03 manat, cərimə üzrə 2697 manat, kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 189,90 manat olmaqla, cəmi 4891,07 manat təşkil edir. Cavabdehin ünvanına xx.xx.2023-cü il tarixli bildiriş göndərilərək ona xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə borcun (gecikmənin) olması, bununla əlaqədar ona faiz borcu və cərimə hesablandığı barədə xəbərdarlıq edilmiş və borcun 3 (üç) gün ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının 9/989 nömrəli, 08 may 2024-cü il tarixli rəyi ilə, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, cavabdehin banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, xx.xx.2015-ci il tarixli, ******* saylı kredit müqaviləsinin və xx.xx.2017-ci il tarixli 1 nömrəli əlavə sazişin şərtləri nəzərə alınmaqla, cavabdehin xx.xx.2020-ci il tarixə (sualda göstərilən tarix) banka olan əsas və faiz borcu 1642,88 manat məbləğində, o cümlədən əsas borc üzrə 1294,46 manat, faiz borcu üzrə 348,42 manat müəyyən edilmişdir. Rəyin qeyd hissəsində göstərilmişdir ki, iş materiallarında olan cavabdehin Problemli Kreditlərin Kompensasiyası məlumatında cavabdeh ilə İddiaçı ASC-də olan krediti üzrə hesablanmış kompensasiya məbləği cavabdehin hesabdan çıxarış məlumatlarında öz əksini tapmır, yəni hesablanmış kompensasiya məbləği xx.xx.2015-ci il tarixli, ******* saylı kredit müqaviləsi üzrə ödəniş edilməmişdir. Lakin mülki iş materiallarına əlavə edilmiş problemli kreditlərin kompensasiyası üzrə Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının internet portalından çıxarışlardan görünür ki, cavabdehə ləğv prosesində olan "xxxx" ASC-yə və "xxxx" KB ASC-yə olan borcuna görə kompensasiya köçürülmüşdür (ödəniş kartının əldə olunacağı kredit təşkilatları (poçt rabitəsinin milli operatoru) "xxxx" MMC və "xxxx" KB ASC olmaqla, kompensasiyanın məbləği müvafiq olaraq 1580,40 manat və 243,26 manat). «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanı: Banklara tövsiyə edilsin ki, həmin Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər (6.1-ci bənd). Fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görməli, borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görmək barədə banklara imperativ tələblər müəyyən edilsin (6.2 və 6.3-cü bəndlər). Faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi başa düşülür (8.9-cu bənd). Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (739-cu maddə). Bankın nümayəndəsi problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərman qəbul edildikdən sonra Bank tərəfindən müvafiq tədbirlər görüldüyünü, borclunun sözügedən kredit müqaviləsinin restrukturizasiya olunması üçün müraciət etmədiyini, yeni müqavilə bağlanmadığını qeyd etmişdir. Lakin iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu borcalana belə bir təklif göndərməsini və borcalanın həmin təklifin qəbulundan imtina etməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin qeyd edilən Fərmanı ilə kredit borcunu ödəməkdə vətəndaşlara dövlət tərəfindən dəstək göstərilməsi nəzərdə tutulur. Borcalanın kredit borcunun restrukturizasiya edilməməsinin məhz onun təqsiri ucbatından baş verməsi barədə mülki işin materiallarında hər hansı sübut yoxdur. Digər tərəfdən, məhkəmə məhz bu halı nəzərə alaraq borcalandan qalıq əsas borcun tutulması barədə qənaətə gəlir. Əks halda, yəni Fərmanla müəyyən edilmiş müddət ərzində problemli kreditin restrukturizasiyası ümumiyyətlə hazırkı işin məhkəmədə baxılması imkanını aradan qaldırmış olardı. Fərmanla Azərbaycan Respublikasının Mərkəzi Bankına həmin Fərmanın təsir dairəsinə düşən kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası (kredit borclarının ödənilməsi məqsədilə fiziki şəxslərə güzəştli kreditlərin verilməsi) məqsədilə banklara 682 000 000 manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsi tövsiyə edilmişdir. Eyni zamanda, Fərmanın 6.3-cü bəndi ilə banklara və bank olmayan kredit təşkilatlarına tövsiyə edilmişdir ki, vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər (6.1); vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını (məhkəmələrdə olan iddialardan imtina edilməsini) təmin edən tədbirlər görsünlər (6.2). İşə baxılarkən mübahisəli kredit müqaviləsinin Fərmanın təsiri altına düşdüyü müəyyən edilmiş, bu barədə mübahisə olmamışdır. İddiaçı dövlətin problemli kredit müqavilələri üzrə banklara maliyyə dəstəyi göstərilməsi barədə Fərmanda nəzərdə tutulan təklifi qəbul etdiyi üçün Fərmanda irəli sürülən tövsiyələrin icrası, o cümlədən, vaxtı keçmiş kredit borcu üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi də həmin Bank üçün məcburi olmuşdur. Həmçinin, «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019cu il tarixli Fərmanından görünür ki, həmin Fərmanın başlıca məqsədi dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etməkdir. Beləliklə, ekspertin rəyi də nəzərə alınmaqla işdə olan sübutlarla borcalanın bankla bağladığı kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməməsi və nəticədə kredit müqaviləsinin şərtlərinə uyğun olaraq, borcalanın banka yalnız əsas borc qismində 1294,46 manat borcu yarandığı təsdiq olunur. Məhkəmə hesab edir ki, «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının icrası məqsədi ilə iddia tələbi problemli kreditlərin kompensasiyası üzrə Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının internet portalından çıxarışda qeyd olunan və hazırki iş üzrə ekspert rəyi ilə məbləği dəqiq müəyyən edilən əsas borc tələb edilən həddə borcalandan bankın xeyrinə tutulmalıdır. Məhkəmə hesab edir ki, borcalandan əlavə olaraq 708,03 manat faiz, 2697 manat cərimə və gecikdirilmiş vaxt üçün 189,90 manat məbləğində borcun tələb edilməsi Fərmana ziddir. Belə ki, məhkəmə bir daha qeyd etməyi zəruri hesab edir ki, sözügedən Fərman vətəndaşlara dəstək və onların maliyyə yükünün azaldılması məqsədi ilə qəbul olunmuşdur, bu dəstəyin reallaşdırılması üçün dövlət tərəfindən banklara kifayət qədər şərait yaradılmış və banklar vətəndaşlarla olan kredit münasibətlərində daha güclü və məlumatlı tərəf olmaqla, üzərilərinə düşən vəzifələri daha ədalətli və humanist şəkildə icra etməlidirlər. Fərmanın müddəalarının tətbiq edilməsi nəticəsində vətəndaşın əsas borcu azaldıldığı və qalıq borcu 1294,46 manat olması müəyyən edildiyi halda, Bank tərəfindən həmin borca dair yenidən faiz və cərimə hesablanaraq, borcludan 708,03 manat faiz, 2697 manat cərimə və gecikdirilmiş vaxt üçün 189,90 manat tələb edilməsi ağlabatan deyildir. Həmçinin, MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, məhkəməyə ərizə verilərkən ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 32,94 manat məbləğində pul vəsaiti Cavabdeh bankın xeyrinə tutulmalı, eyni zamanda 200 manat ekspertiza xərci cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 1294,46 (bir min iki yüz doxsan dörd manat qırx altı) manat məbləğində əsas borc və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 32,94 (otuz iki manat doxsan dörd qəpik) manat pul vəsaiti tutularaq LPO İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Keçirilmiş ekspertizanın xərci olan 200 (iki yüz) manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Büdcə təsnifat kodu: 142595; Büdcə səviyyəsinin kodu: 3; Adı: X1; Kodu: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZ********************; SWİFT BİK: CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN: **********; Hesab: AZ34CTRE********************) hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №e-2(125)-324/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-324/2024
11.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver