Məhkəmə qərarları › İş №e-2(125)-325/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-325/2024

01.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-325/2024 01.03.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğunun katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 qarşı «pul tələbi» barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 qarşı xx.xx.2016-cı il tarixli, MB/2425 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 2.960 manat 65 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 3.352 manat 57 qəpik, cərimə qismində 2.063 manat 54 qəpik, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, hesablanmış faiz borcu qismində 622 manat 38 qəpik, cəmi 8.999 manat 14 qəpik və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 109 manat 99 qəpik məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X5 iddianı müdafiə edərək izahatında göstərdi ki, İddiaçı ASC-nin «Gəncə» filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2016cı il tarixli, MB/2425 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh2 36 ay müddətinə, illik 25 faiz dərəcəsi ilə 6.830 manat məbləğində kredit verilmişdir. Cavabdeh2 kredit verilərkən Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 ilə bank arasında zaminlik müqavilələri bağlanmışdır. Zaminlik müqavilələrinin 1.1 və 2.2-ci bəndlərinə əsasən zamin durmuş şəxslər kredit borcunun, borc tutulması üzrə məhkəmə xərclərinin və bununla bağlı digər zərərin əvəzinin ödənilməsinə görə bank qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşımaq barədə öhdəlik götürmüşdür. Kredit müqaviləsinin 1.1, 2.1 və 3.3.4-cü bəndlərinə əsasən Cavabdeh2 kredit müqaviləsi ilə müəyyən edilmiş müddətdə və qaydada kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə bank qarşısında öhdəlik götürsə də, o, bu öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icra edilməməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına və yazılı bildirişlər göndərilməsinə baxmayaraq, cavabdehlər kredit borcun banka ödənilməsi üçün heç bir tədbir görməmişlər.Göründüyü kimi bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Cavabdeh2 xx.xx.2016-cı il tarixli MB/2425 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə banka ödənilməmiş cəmi 8.999 manat 14 qəpik borcu vardır. X1 iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada bildiriş göndərilmiş, lakin həmin bildirişin onlara rəsmən təqdim olunması barədə məlumat olmadığından məhkəmə cavabdehlərin sonuncu yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanını məlumatlandırmaqla MPM-in 147-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Lakin xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş ərizəsində Cavabdeh2 iddianı qəbul etməyərək, bildirdirmişdir ki, iddia müddəti ötürülmüşdür və iddianın təmin edilməməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2016-cı il tarixli, MB/2425 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 36 ay müddətinə illik 25% ödəmək şərtilə 6.830 manat məbləğində kredit verilmişdir. İşdə olan xx.xx.2016-cı il tarixli, ZM/2425.1 nömrəli zaminlik müqaviləsinin surətindən görünür ki, Cavabdeh3 Cavabdeh2 eyni tarixli kredit müqaviləsi üzrə öhdəliklərinin icrasına zaminliyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2016-cı il tarixli, ZM/2425.2 nömrəli zaminlik müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 Cavabdeh2 eyni tarixli kredit müqaviləsi üzrə öhdəliklərinin icrasına zaminliyi öz öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2016-cı il tarixli, ZM/2425.3 nömrəli zaminlik müqaviləsinin surətindən görünür ki, Cavabdeh4 Cavabdeh2 eyni tarixli kredit müqaviləsi üzrə öhdəliklərinin icrasına zaminliyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2016-cı il tarixli kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh2 xx.xx.2016-cı il tarixdə İddiaçı Açıq Səhmdar Cəmiyyətindən 6.830 manat məbləğində pul vəsaitini almışdır. İşdə olan İddiaçı ASC-nin xx.xx.2023-cü il tarixli, **********627 nömrəli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh2 ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2016-cı il tarixli, MB/2425 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh2 borcu əsas borc qismində 2.960 manat 65 qəpik, xx.xx.2023-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 3.352 manat 57 qəpik, cərimə qismində 2.063 manat 54 qəpik, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, hesablanmış faiz borcu qismində 622 manat 38 qəpik cəmi, 8.999 manat 14 qəpik məbləğində təşkil edir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli hesabdan çıxarışın surətindən görünür ki, Cavabdeh2 xx.xx.2016-cı il tarixli müqavilə üzrə xx.xx.2022-ci il tarixində 500 manat, xx.xx.2022-ci il tarixdə 230 manat və xx.xx.2023-cü il tarixdə 200 manat ödəniş etmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli bildirişin surətindən görünür ki, Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 borcu könüllü ödəmələri barədə xəbərdarlıq edilmişdir. Məhkəmə tərəflər arasında olan hazırki mübahisə üzrə iddia müddətinin keçməməsini nəzərə alaraq, hesab edir ki iddia müdətinin tətbiqinə dair Cavabdeh2 tərəfindən verilmiş iddianın təmin olunmaması üçün əsas deyildir. Belə ki, xx.xx.2016-cı il tarixli, MB/2425 nömrəli kredit müqaviləsindən, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(043)-767/2022 nömrəli qərardadından və digər iş materiallarından görünür ki, həmin müqavilə 3 il müddətinə bağlanmışdır və onun icra müddəti xx.xx.2019-cu il tarixdə başa çatır. Ləğv prosesində olan İddiaçı ASC ilk dəfə kredit müqaviləsinin müddətinin bitməsinə 2 gün qalmış, xx.xx.2022-ci il tarixdə hazırki iddia tələbi ilə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə müraciət etmiş, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həmin iddia ərizəsi üzrə mülki iş həmin məhkəmənin icraatında olmuş, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(043)-767/2022 nömrəli qərardadı ilə həmin iddia baxılmamış saxlanılmışdır. Buna görə iddia ərizəsinin məhkəmənin icraatında olduğu xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək müddətdə iddia müddətinin axımı kəsilmiş və xx.xx.2022-ci il tarixdən sonra isə iddia müddətinin axımı ümumi qaydada davam etmişdir. Cavabdeh2 borcundan xx.xx.2022-ci il tarixdə 500 manat, xx.xx.2022-ci il tarixdə 230 manat və xx.xx.2023-cü il tarixdə 200 manat ödəniş etmişdir. Göründüyü kimi Cavabdeh2 iddia müddəti bitmədən xx.xx.2022-ci il tarixdə ödəniş etməklə, borcun etirafına dair hərəkət etmiş və bununla da iddia müddəti xx.xx.2022-ci il tarixdə yenidən başlanmışdır. Ləğv prosesində olan İddiaçı ASC isə iddia ərizəsi ilə növbəti dəfə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Beləliklə, də xx.xx.2016-cı il tarixli, MB/2425 nömrəli kredit müqaviləsinin icra müddətinin borcun etiraf edilməsinə dair hərəkətin edildiyi xx.xx.2022-ci il tarixdən iddia ərizəsi ilə məhkəməyə müraiət edildiyi xx.xx.2023-cü il tarixədək 3 il müddət keçməmiş və iddia müddəti ötürülməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 380.1 və 380.2-ci maddələrinə görə müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Həmin Məcəllənin 381.1-ci maddəsinə görə əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanılmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. «C.Əzimovun şikayəti üzrə» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 noyabr 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, müddətin kəsilməsi tərəflərin iradəvi xarakterli hərəkəti ilə bağlı olur. Göründüyü kimi, mülki qanunvericilik iddia müddətinin axımının kəsilməsinin iki əsasını nəzərdə tutur: müəyyənləşdirilmiş qaydada iddia irəli sürülməsi; borclunun borcu etiraf etməsini göstərən hərəkətlər etməsi. Borclu şəxsin borcu etiraf etməsini göstərən və təsdiqləyən hərəkətləri müxtəlif formada ifadə oluna bilər. Borcun etiraf olunması hallarına: borcun qismən ödənilməsi; əsas borc üzrə faizin köçürülməsi; kreditora borcun etirafını nəzərdə tutan məktub, teleqram göndərilməsi; öhdəliyin icrası üçün möhlət istənməsi və digər mühüm hallar aid edilə bilər. Bundan başqa Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə görə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini, habelə kredit müqaviləsi üzrə faiz dərəcəsini nəzərə alaraq, 2.063 manat 54 qəpik təşkil edən cərimə məbləğinin 10 manat məbləğinə qədər azaldılmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının Konustitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Beləliklə, işdə olan sübutlarla Cavabdeh2 İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə bağladığı kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsi və nəticədə kredit müqaviləsinin şərtlərinə uyğun olaraq iddiaçıya əsas borc qismində 2.960 manat 65 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 3.352 manat 57 qəpik məbləğində borcunun yarandığı təsdiq olunur. Lakin İddiaçı Açıq Səhmdar Cəmiyyəti zaminə qarşı qanunla müəyyən edilmiş müddət ərzində iddia qaldırmaq hüququna malik olduğu halda, yəni müqavilə müddətinin başa çatdığı xx.xx.2019-cu il tarixdən ən geci bir il ərzində iddia irəli sürməli olduğu halda, bu hüququndan istifadə etməmiş və bu müddətdə zaminə qarşı heç bir tələb irəli sürülməmişdir. Bilavasitə qanundan irəli gəldiyi üçün qanunla müəyyən edilmiş müddət ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə, zaminliyə xitam verilir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Mülki Məcəllənin 477.0.4-cü maddəsi iddia müddəti deyildir, buna görə də, onun tətbiqi üçün tərəfin ərizəsi verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur. Buna görə də məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda göstərilən normaları və müqavilə şərtləri baxımından hazırki mübahisə üzrə cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 aid hissədə iddia rədd olunmalı, Cavabdeh2 xx.xx.2016-cı il tarixli, MB/2425 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə ödənilməmiş əsas borcun əvəzi qismində 2.960 manat 65 qəpik, xx.xx.2019-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 3.352 manat 57 qəpik, cərimə qismində 10 manat, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən 5 faiz dərəcəsi ilə xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixədək hesablanmış faiz borcu qismində 622 manat 38 qəpik, cəmi 6.945 manat 60 qəpik məbləğində pul vəsaiti Cavabdeh2 iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 89 manat 45 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin iddiası qismən təmin edilsin. Cavabdeh2 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 16 fevral 2016-cı il tarixli, MB/2425 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 2.960 (iki min doqquz yüz altmış) manat 65 (altmış beş) qəpik, 16 fevral 2019-cu il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 3.352 (üç min üç yüz əlli iki) manat 57 (əlli yeddi) qəpik, cərimə qismində 10 (on) manat, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən 5 faiz dərəcəsi ilə xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixədək hesablanmış faiz borcu qismində 622 (altı yüz iyirmi iki) manat 38 (otuz səkkiz) qəpik və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin bir hissəsinin əvəzi qismində 89 (səksən doqquz) manat 45 (qırx beş) qəpik, cəmi 7.035 (yeddi min otuz beş) manat 05 (beş) qəpik məbləğində pul vəsaiti tutulsun. Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin iddiası qalan hissədə təmin edilməsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar