Məhkəmə qərarları › İş №e-2(125)-3257/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-3257/2025

18.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-3257/2025 18.06.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 5339,05 manat əsas, 669,9 manat faiz və 255,29 manat cərimə olmaqla, cəmi 6264,24 manat borcun və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 85 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki hallarına görə İddiaçı ASC (Bank) ilə Cavabdeh (borcalan və ya cavabdeh) arasında xx.xx.2022-ci il tarixli, CP/04371/89/29 nömrəli Kredit Sazişi bağlanmışdır. Həmin saziş İddiaçı ASC-nin Müştərilərinə Kreditləşmə və Xidmət Şərtləri ilə birlikdə müqavilə məfhumunu əmələ gətirir. Həmin müqaviləyə, hesabdan çıxarışa və kassa məxaric orderinə əsasən Bank istehlak məqsədləri ilə cavabdehə illik 19,5 % olmaqla 48 ay müddətinə, 7700 manat məbləğində nağd pul krediti vermişdir. Ödəniş cədvəlinə əsasən kredit müqaviləsi üzrə xx.xx.2026-cı il tarixinədək hər ay 232,27 manat, sonuncu ay 236,94 manat ödənilməli idi. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit müqaviləsinə əsasən kredit alan pul öhdəliklərinin icrasını gecikdirdikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə etdi, onun məzmununa uyğun izahat verməklə iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Həmçinin izahatında bildirdi ki, cavabdeh sonuncu dəfə xx.xx.2024-cü il tarixdə ödəniş etmişdir. Cavabdehin “Elektron Məhkəmə” İnformasiya sistemində yaradılmış elektron kabinetinə məhkəmə bildirişi və prosessual hüquq və vəzifələr barədə qanundan çıxarış yerləşdirilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmiş, bu barədə müvafiq “Elektron Məhkəmə” İnformasiya sistemindən çıxarış işə əlavə edilmişdir. Həmçinin, məhkəmə cavabdehin telefon nömrəsinə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə SMS bildiriş göndərmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllsinin (MPM) 185.5-ci maddəsinə əsasən həmin cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işin mübahisəsiz halları ilə müəyyən edilir ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən tərəflərin öhdəlikləri “Müştərilərinə kreditləşmə və xidmət şərtləri (mikrokreditləşmə üzrə)” ilə tənzimlənir. Həmin şərtlərin 7.1.1-ci bəndinə əsasən müştəri ödənişlərini Müqavilədə (həmçinin onun əlavələrində) göstərilən qaydada vaxtında və lazımınca icra etmədikdə, müştərinin əmlak vəziyyəti, Müqavilə üzrə pul öhdəliklərinin icra edilməsi üçün təhlükə yaradan dərəcədə pisləşdikdə və s. hallarda Bank kreditin qalıq məbləğinin, hesablanmış faizlərin, cərimə, komisyon haqlarının və digər xərclərin vaxtından əvvəl qaytarılmasını tələb edə, habelə kartın mülkiyyətçisi kimi müvafiq tədbirlər görə və bank praktikası ilə müəyyən olunmuş digər sanksiyalar tətbiq edə bilər. Müqavilə üzrə ödənişlər cavabdeh tərəfindən qismən aparılmışdır. İş materiallarına əlavə edilmiş, xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehin Banka olan borcu əsas məbləğ üzrə 5339,05 manat, faiz məbləği üzrə 669,9 manat və cərimə üzrə 255,29 manat təşkil edir. xx.xx.2025-ci il tarixdə Bank tərəfindən cavabdehin ünvanına bildiriş göndərilərək ona xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə borcun (gecikmənin) olması, bununla əlaqədar onlara faiz borcu və cərimə hesablandığı, eləcə də müqavilənin birtərəfli qaydada ləğv edildiyi barədə xəbərdarlıq edilmiş və borcun dərhal ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi, borcdan əlavə məhkəmə və icra xərclərinin də tutulacağı bildirilmişdir. “X1” MMC-nin sürətli poçt daşınması xidməti tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli aktdan görünür ki, iddiaçı tərəfindən xx.xx.2025-ci il tarixində (041311 nömrəli qaimə) cavabdehə məktub göndərilmişdir. Kuryer ünvana getmiş, lakin şəxs imtina etdiyi üçün məktub geri qaytarılmışdır. Sözügedən xəbərdarlığın cavabdehə göndərilməsini, lakin onun məktubu qəbul etməkdən imtina etməsini təsdiq edən poçt göndərişinin surəti iş materiallarına əlavə edilmişdir. Hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (maddə 739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (maddə 739.2). Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir (maddə 462.1). Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə cavabdeh arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmışdır. İddiaçı öz öhdəliyini yerinə yetirərək müqavilədə nəzərdə tutulmuş məbləği borcalana vermiş, borcalan isə müqavilə üzrə öhdəliyini lazımi qaydada icra etməmiş, əsas və faiz borcunu vaxtında ödəməmiş və öhdəliyini pozmuşdur. Müqaviləyə uyğun olaraq bankın müqaviləyə birtərəfli qaydada xitam vermək və borcun vaxtından əvvəl qaytarılmasını tələb etmək hüququ yaranmışdır. Cavabdeh əsas və faiz borcunu vaxtında ödəməmiş, bununla da iddiaçının gecikdirilmiş məbləğə görə müqavilənin şərtlərinə uyğun olaraq dəbbə pulu tələb etmək hüququ da yaranmışdır. Bank cavabdehə xx.xx.2025-ci il tarixli pretenziya məktubu göndərərək öhdəlik pozulduğu üçün borcun tam ödənilməsi tələb etməklə kredit müqaviləsini xx.xx.2025-ci il tarixdən birtərəfli qaydada ləğv etmişdir. Mülki Məcəllənin 447.1-ci maddəsinə görə əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin şərh edilməsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarında göstərilmişdir ki, ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Mülki işin tədqiq edilmiş hallarından göründüyü kimi Bank cavabdehə xx.xx.2025-ci il tarixli pretenziya məktubu göndərərək öhdəlik pozulduğu üçün borcun tam ödənilməsi tələb etməklə xx.xx.2022-ci il tarixli, CP/04371/89/29 nömrəli kredit müqaviləsindən xx.xx.2025-ci il tarixdə imtina etməklə ona xitam vermişdir. Bununla yanaşı nəzərə alınmalıdır ki, Bankın borcalana qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7ci maddəsinə uyğun olaraq, tərəflər arasındakı müqavilənin ləğv edildiyi xx.xx.2025-ci il tarixdən sonra gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsi tələbi mövcud deyildir. Beləliklə, bankın xx.xx.2022-ci il tarixdə bağlanmış CP/04371/89/29 nömrəli kredit müqaviləsindən xx.xx.2025-ci il tarixdə imtina etməklə ona xitam verdiyini və tələbin həddini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı müqavilə şərtlərinə istinad edərək cavabdehdən iddia ərizəsində qeyd etdiyi məbləğdə əsas borcun, ona hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddiaçının təqdim etdiyi sübutlar cavabdehin banka qeyd edilən məbləğdə borcunun olduğunu və düzgün hesablandığını təsdiq edir, borcalan məhkəməyə iddia tələbini təkzib edəcək, borcun düzgün hesablanmadığını təsdiq edəcək heç bir sübut təqdim etməmişdir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini, habelə kredit müqaviləsi üzrə faiz dərəcəsini nəzərə alaraq, cavabdehdən iddiaçının xeyrinə 255,29 manat məbləğində cərimə tutulmasını məqsədəmüvafiq hesab edir. Həmçinin, MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin olunduğundan, məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 82,65 manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh CP/04371/89/29 nömrəli kredit müqaviləsi üzrə yaranmış 5339,05 manat əsas borc, 669,9 manat faiz borcu və 255,29 manat cərimə olmaqla, cəmi 6264,24 (altı min iki yüz altmış dörd manat iyirmi dörd qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 82,65 (səksən iki manat altmış beş qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar