Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-3265/2025 14.01.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1, iddiaçının nümayəndəsi (vəkili) Vəkil1, cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh1nə və Cavabdeh2 qarşı «pul» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1nə və Cavabdeh2 qarşı 35.472 manat 90 qəpik məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 izahatında iddianı müdafiə edərək, göstərdi ki, İddiaçı xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 ünvanında yerləşən torpaq sahəsində fərdi yaşayış evi tikdirmək üçün xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Cavabdeh1 MMC-dən 115 m3 «M300» markalı beton alaraq tikintidə istifadə etmişdir. Həmin evin betonu töküldükdən 6 ay sonra zirzəminin rigerlərində və evin dam örtüyündə çatlar əmələ gəlmişdir. Bu barədə İddiaçı tərəfindən Cavabdeh1 MMC-nin direktoru Cavabdeh2 məlumat verilmiş və fərdi yaşayış evinə Cavabdeh2 iştirakı ilə baxış keçirilmişdir. Baş vermiş həmin qüsurun aradan qaldırılması üçün əlavə dayaq konstruksiyalar qurulmuş və xx.xx.2021-ci il tarixdə Cavabdeh1 MMCdən 27 m3 «M300» markalı beton ödənişsiz alınaraq, istifadə olunmuşdur. Həmin vaxtdan təxminən 9-10 ay müddət keçdikdən sonra ilk mərhələdə istifadə olunmuş betonun keyfiyyətsizliyi səbəbindən ovularaq tökülməsi müşahidə olunmuşdur. İddiaçı məcburiyyət qarşısında qalaraq, yük daşıyıcı dirəyin tamamilə çöməməsi üçün fərdi yaşayış evinə əlavə yük daşıyıcı konstruksiyalar birləşdirmiş və bu barədə öncədən Cavabdeh1 MMCnin rəhbəri Cavabdeh2 məlumat vermişdir. Cavabdeh1 MMC-nin rəhbərliyi əlavə konstruksiyaların lazım olan betonu ödənişsiz verməyə dair öhdəlik götürmüşdür. İddiaçı tərəfindən tikintidə aparılmış əlavə bərkitmə konstruksiyalara 35.142 manat 90 qəpik məbləğində vəsait xərclənmişdir. Bərkitmə konstruksiyaların beton tökmə mərhələsi çatdıqda Cavabdeh1 MMC-nin rəhbərliyi Cavabdeh2 müxtəlif bəhanələr gətirərək beton verilməsini gecikdirmişdir. Lakin İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdən təxminən 1 ay əvvəl Cavabdeh1 MMC-nin rəhbəri Cavabdeh2 maddi imkanı olmadığı üçün beton verilməsindən imtina etmişdir. Bununla da Cavabdeh1 MMC-nin istehlakçıya keyfiyyətsiz beton satması səbəbindən iddiaçı R.A.Abbasovaya maddi zərər dəymişdir. Qeyd olunan səbəbdən R.A.Abbasova hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonda iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 digər nümayəndə (vəkil) Vəkil1 izahatını müdafiə edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 MMC-nin nümayəndəsi (vəkili) Nümayəndə2 iddianın təmin olunmamasını məhkəmədən xahiş edərək, göstərdi ki, Cavabdeh1 MMC və İddiaçı arasındakı mübahisə həmin şəxslər arasındakı alqı-satqı müqaviləsinin predmeti olan beton məhsulunun qüsurlu olması ilə əlaqədardır. Cavabdeh1 MMC tərəfindən R.A.Atayavaya satılmış beton məhsulu qüsurlu olmamış və mövcud standartlara cavab vermişdir. Tikintidə istifadə olunmuş beton məhsulunun yararalı olub-olmadığını, habelə ümumi tikilidəki qüsurların məhz istifadə edilmiş betonla əlaqələndirilməsi yalnız betonun laboratiya şəraitində öyrənilməsindən sonra mümkündür və məhz laboratoriya nəticələrinə uyğun müvafiq nəticəyə gəlmək mümkündür. Hazırki halda belə bir laboratoriya nəticəsi olmadan tikinti-texniki eksperti tərəfindən vizual müşahidə aparılmaqla, tikintidəki qüsurların beton məmulatı ilə əlaqədar olmasına dair rəy verilmişdir. Həmçinin iddiaçı qeyd olunan qüsurların beton məmulatı ilə əlaqədar olmasını təsdiq edən başqa sübutlar təqdim edə bilmir. Qeyd olunanlardan göründüyü kimi İddiaçı öz iddia tələbinin əsaslılığını sübuta yetirə bilmir. Lakin İddiaçı öz iddia tələbinin əsaslılığını sübuta yetirsə belə əşyanın qüsuları ilə bağlı qanunla müəyyənləşdirilmiş 2 il iddia müddətini ötürmüşdür. Sonda cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə2 iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin nümayəndələriini (vəkillərini) və şahidləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, İddiaçı onun bibisi qızıdır və ünvan 2 ünvanında yaşayır. R.A.Atauyeva Göygöl Rayon İcra Hakimiyyətinin arxa hissəsində yerləşən torpaq sahəsində 2 mərtəbəli fərdi yaşayış evi tikdirmişdir. Təxminən 4 il bundan əvvəl o, Elşən adlı usta ilə tikintiyə getmiş, həmin vaxt Musa adlı şəxs gəlmiş və Elşən Musaya betonun keyfiyyətsiz olduğunu demişdir. Bu zaman Musa narahatçılığa əsas olmadığını, əgər beton yaxşı deyildirsə, sökməsini və bunun əvəzində yeni beton verəcəyini bildirmişdir. Bundan sonra o, tikinti olan əraziyə getməmişdir. Lakin o, 2024-cü ilin yay aylarında R.A.Atakişiyevanın oğlu Nümayəndə1 ilə birlikdə Cavabdeh1 MMC-yə getmiş və Cavabdeh1 MMC-nin əməkdaşı Musa Nümayəndə1 hara istəsə, şikayət edə biləcəyini demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, o, fərdi yaşayış evlərinin dam örtüklərinin qurulması və təmiri ilə məşğul olur. R.A.Atakişiyevanın hazırda yaşadığı mənzildə başqa bir iş görərkən, taxta pilləkan lazım olmuş və bununla əlaqədar yeni tikilmiş fərdi yaşayış evin getmişlər. Bu zaman o, yeni tikilinin beton işlərində qüsur olduğunu görüb, bu barədə R.A.Atakişevanın oğlu Nicata demişdir. Qeyd olunan hadisə 2021-ci ildə olmuşdur. Təxminən 2 il 06 ay və ya 3 il bundan Musa adlı şəxs gəlmiş, tikintiyə yerində baxmış və qəzalı vəziyyət olduğunu görüb, yenidən beton tökməyi təklif etmişdir. Lakin Musa adlı şəxs beton konstruksiyanın tökülməsindən sonra beton verməkdən imtina etmişdir. Dəmir konstruksiya isə 2025-ci ilin mart ayında tamamlanmışdır. Sonuncu dəfə o, 2023-cü ilin yay fəslində Musa adlı şəxsi görmüş, həmin şəxs beton məhsulu ilə əlaqədar tikilinin qüsurlu vəziyyətdə olduğunu qəbul etmişdir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin 183 nömrəli reyestr kitabının 12 nömrəli vərəqindən çıxarışdan görünür ki, ünvan 4 ünvanında yerləşən 0,06 hektar torpaq sahəsinə İddiaçı mülkiyyət hüququ xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın reyestrində ********** nömrəsi ilə qeydə alınmışdır. İşdə olan xx.xx.2020-ci il tarixli ******* nömrəli; xx.xx.2020-ci il tarixli ******* nömrəli; xx.xx.2020-ci il tarixli ******* nömrəli; xx.xx.2020-ci il tarixli ******* nömrəli; xx.xx.2020-ci il tarixli ******* nömrəli; xx.xx.2020-ci il tarixli ******* nömrəli; xx.xx.2020-ci il tarixli ******* nömrəli; xx.xx.2020-ci il tarixli ******* nömrəli; xx.xx.2020-ci il tarixli ******* nömrəli; xx.xx.2020-ci il tarixli ******* nömrəli; xx.xx.2020-ci il tarixli ******* nömrəli; xx.xx.2020-ci il tarixli ******* nömrəli; xx.xx.2020-ci il tarixli ******* nömrəli; xx.xx.2020-ci il tarixli ******* nömrəli və xx.xx.2020-ci il tarixli ******* nömrəli qaimə fakturaların surətindən görünür ki, «M300» ağır beton növü məhsullarının alqı-satqısına dair xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək qaimə fakturalar tərtib edilmişdir. İş materiallarında olan məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2025-ci il tarixli 10/4773 nömrəli rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən 0,06 hektar torpaq sahəsində inşa olunmuş fərdi yaşayış evinin inşa olunmasına dair müvafiq icra hakimiyyəti orqanlarından icazə sənədləri olmadığından Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 nömrəli qərarı ilə təsdiq edilmiş «Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları»nın 4.1 və 4.2-ci bəndlərində uyğun inşa olunmadığından tikinti norma və qaydalarına uyğun olmadığı müəyyən edilmişdir. ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsində inşa olunmuş fərdi yaşayış evinin birinci və ikinci mərtəbə arası beton arakəsmənin bir hissəsinin çökmüş və bəzi hissələrdə beton materialının ovulub töküldüyü müəyyən edilmişdir. ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsində inşa olunmuş fərdi yaşayış evinin birinci və ikinci mərtəbə arası beton arakəsmənin bir hissəsinin çökdüyü və bəzi hissələrdə beton materialının ovulub töküldüyünü nəzərə alaraq, fərdi yaşayış evinin tikintisində istifadə olunmuş beton materialının keyfiyyətsiz olduğu müəyyən edilmişdir. ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsində tikinti işlərinin aparıldığı zaman yaşayış evinin zirzəmi mərtəbəsinin daxilində əlavə dayaq konstruksiyaların (əlavə möhkəmləndirmə işləri aparılmışdır) quraşdırıldığı müəyyən edilmişdir. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, İddiaçı və Cavabdeh1 MMC arasında xx.xx.2020-ci il tarixə beton alqı-satqısı ilə əlaqədar müqavilə bağlanmış və tərəflər arasındakı müqaviləyə uyğun olaraq, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək müxtəlif miqdarda «M300» ağır beton məhsulu Cavabdeh1 MMC tərəfindən İddiaçı satılmışdır. Lakin həmin beton məhsulu qüsurlu olduğundan xx.xx.2021-ci il tarixdə Cavabdeh1 MMC tərəfindən İddiaçı əlavə «M300» ağır beton məhsulu ödənişsiz qaydada verilmişdir. Lakin satılmış beton məhsulu ilə əlaqədar zərərin aradan qaldırılması üçün tikintidə əlavə bərkitmə işləri aparılmış, bununla əlaqədar İddiaçı tərəfindən 35.472 manat 90 qəpik məbləğində vəsait sərf olunmuşdur. İddiaçı Cavabdeh1nə və Cavabdeh2 qarşı 35.472 manat 90 qəpik məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 581.1 və 581.2-ci maddələrinə görə satıcı alıcıya keyfiyyəti alqısatqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. Alqı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. Həmin Məcəllənin 587.1.3-cü maddəsinə görə əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, əşyanı qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsini tələb etsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1 və 76.2-ci maddələrinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən, bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatlatı ilə müəyyən edilir. Həmin Məcəllənin 89.1-ci maddəsinə görə yazılı sübutlar – iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Mülki işin məhkəmə iclasında tədqiq edilmiş hallarından görünür ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn münasibətlər olmuş, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Cavabdeh1 MMC tərəfindən İddiaçı qüsurlu beton məhsulu satılmış, həmin qüsurun aradan qaldırılması üçün xx.xx.2021-ci il tarixdə İddiaçı əlavə ödənişsiz beton məhsulu verilmişdir. Lakin İddiaçı satılmış həmin beton məhsulunun qüsurlarının aradan qaldırılması üçün 35.472 manat 90 qəpik məbləğində vəsait sərf etmiş, Cavabdeh1nə və Cavabdeh2 qarşı 35.472 manat 90 qəpik məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, İddiaçı hazırki iddia tələbi əsaslıdır. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 589.1 və 589.2-ci maddələrinə görə əgər alqı-satqı müqaviləsi ilə ayrı qayda müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri bu şərtlə irəli sürə bilər ki, həmin qüsurlar bu maddədə müəyyənləşdirilmiş müddətdə aşkar edilsin. Əgər əşya üçün qarantiya və ya yararlılıq müəddəti müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin əşyanın alıcıya verildiyi gündən iki il ərzində və ya alqı-satqı müqaviləsi ilə nəzərdə tutulmuş daha uzun müddətdə irəli sürə bilər. Daşınmalı və ya poçtla göndərilməli əşyanın qüsurlarının aşkar edilməsi müddəti əşyanın təyinat yerinə çatdırıldığı gündən hesalanır. Həmin Məcəllənin 582.1-ci maddəsinə görə satıcının alıcıya verməli olduğu əşya alıcıya verildiyi məqamda bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə uyğun gəlməlidir, bu şərtlə ki, alqı-satqı müqaviləsində əşyanın həmin tələblərə uyğunluğunu müəyyənləşdirməyin ayrı məqamı nəzərdə tutulmasın. Verilən əşya bu cür əşyaların adətən istifadə edildiyi məqsədlər üçün ağlabatan müddət ərzində yararlı olmalıdır. Həmin Məcəllənin 583.4-cü maddəsinə görə satıcının qarantiya müddəti ərzində qüsurları aşkar edilmiş əşyanın (komplektləşdirici məmulatın) əvəzinə verdiyi əşya (komplektləşdirici məmulat) üçün, əgər alqı-satqı müqaviləsində ayrı müddət nəzərdə tutulmayıbsa, əvəz edilmiş əşya (komplektləşdirici məmulat) ilə eyni qarantiya müddəti müəyyənləşdirilir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə zəmanət müddəti — müvafiq normativ sənədlərdə nəzərdə tutulmuş zəmanət öhdəliklərinin qüvvədə olduğu müddətdir. Həmin Qanunun 6-cı maddəsinin 1-ci hissəsinə görə istehsalçı (icraçı) malın (işin, xidmətin), həmçinin komplektləşdirici məmulatların qanunvericilikdə nəzərdə tutulan zəmanət müddəti ərzində, bu müddətlərin olmadığı hallarda isə müqavilə ilə müəyyənləşdirilmiş qaydada normal işini (tətbiqini və istifadəsini) təmin edir. Həmin Qanunun 6-ci maddəsinin 2-ci hissəsinə görə zəmanət müddətləri əgər alqısatqı müqaviləsində ayrı müddət nəzərdə tutulmayıbsa, malın istehlakçıya verildiyi məqamdan, yararlılıq müddətləri isə hazırlandığı gündən hesablanır. Həmin Qanunun 6-cı maddəsinin 3-cü hissəsinə görə istehlakçı satıcı (istehsalçı, icraçı) qarşısında zəmanət müddəti müəyyən edilməmiş mallarda aşkar olunmuş qüsurlar barədə, əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş müddətdən gec olmamaq şərti ilə öz tələblərini irəli sürmək hüququna malikdir. «B.Mürsəlovun şikayəti üzrə» Azərbaycan Respublikası Kontitusiya Məhkəməsinin Plenumunun 2020-ci il 12 mart tarixli Qərarında göstərilmişdir ki, iddia müddəti tələb hüququ üçün xarakterikdir, lakin ondan bəzi istisnaları mövcuddur. Məsələn, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə, əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Kəsici müddət isə əqdi mübahisələndirmək hüququna və iddialara aiddir; iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Bu hal Mülki Məcəllənin 375.2 və 383-cü maddələrində öz əksini tapmışdır. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir; iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır; iddia müddəti dayandırıla (Mülki Məcəllənin 379-cu maddəsi), kəsilə (Mülki Məcəllənin 380-ci maddəsi) və müəyyən hallarda bərpa edilə (Mülki Məcəllənin 382-ci maddəsi) bilər. Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz. «Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2 və 673.3-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Kontitusiya Məhkəməsinin Plenumunun xx.xx.2024-cü il tarixli Qərarında göstərilmişdir ki, kəsici müddət isə mülki hüququn həyata keçirilməsi üçün müəyyən edilmiş zaman kəsiyi olmaqla, hüququn pozulubpozulmamasından asılı olmayaraq bu müddətin bitməsi hüquqa xitam verilməsi ilə nəticələnir. Qanunvericiliyin qeyd olunan normalarının tələbindən göründüyü kimi alqı-satqı müqaviləsi üzrə satılmış malda zamənat müddətləri (qarantiya və yararlılıq müddətləri) qanunla və tərəflər arasındakı razılaşdırılmış müddətlərlə məhdudlaşdırılır. Həmin müddətin qarantiya və ya yararlılıq müddəti kimi təsbit edilib-edilməməsindən asılı olmayaraq, istər qanunla, istərsə də tərəflər arasındakı razılaşma ilə müəyyən olunmuş müddət ərzində satılmış malda qüsur aşkar edildiyi halda qüsurun aşkar edildiyi andan, belə müddətlər qanunla və ya tərəflər arasındakı razılaşma ilə müəyyən olunmadığı halda isə Mülki Məcəllənin 589.2-ci maddəsinin tələbi baxımından əşyanın alıcıya verildiyi gündən alıcı satıcıya qarşı iki il ərzində tələb irəli sürmək hüququna malikdir və həmin müddət kəsici müddətdir. Həmçinin qeyd olunan xüsusat, yəni Mülki Məcəllənin 589.2-ci maddəsində təsbit edilmiş müddətin kəsici müddət olmasına dair hüquqi mövqe isə Azərbaycan Respublikası Ali Məhkəməsinin «Kəsici müddətlərlə bağlı qanunvericiliyin tətbiqi təcrübəsinə dair metodik vəsait»-ində də (https://supremecourt.gov.az/storage/pages/2079/kesici-muddetler-metoditk-vesait.pdf) ifadə olunmuşdur. Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz. Həmçinin kəsici müddətin bitməsi hüququn aradan qalxması, yaxud həmin hüquqa xitam verilməsi ilə nəticələnir. Hazırki halda istər iddia ərizəsi, istərsə də iddiaçının nümayəndələrinin məhkəmə iclaslarında verdikləri izahatlarla İddiaçı malın qüsurlu olmasından ən gec halda xx.xx.2021-ci il tarixdə xəbərdar olduğu, bundan 3 il 09 ay 15 gün sonra xx.xx.2025-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi müəyyən edilmişdir. Halbuki, İddiaçı hazırki iddia tələbindən irəli gələn hüquqları xx.xx.2023-cü il tarixdə aradan qalxmış və bununla da İddiaçı qeyd olunan tələbə subyektiv hüququnu itirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Beləliklə, məhkəmə mülki işin məhkəmə iclasında müəyyən edilmiş və yuxarıda qeyd olunmuş hallarını nəzərə alaraq, hesab edir ki, İddiaçı Cavabdeh1nə və Cavabdeh2 qarşı «pul» tələbinə dair iddiası təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh1nə və Cavabdeh2 qarşı «pul» tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №e-2(125)-3265/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-3265/2025
14.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver