Məhkəmə qərarları › İş №e-2(125)-3287/2022

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-3287/2022

30.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-3287/2022 30.12.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi Quliyev Camal Yusifəli oğlu, İddiaçı bank olmayan kredit təkilatı açıq səhmdar cəmiyyətinin Cavabdeh2 və Cavabdeh1 qarşı 24 dekabr 2021-ci il tarixli, 2021/00512-EGN nömrəli istehlak kredit müqaviləsinin ləğv edilməsi, həmin müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 997 manat 77 qəpik, hesablanmış və ödəniməmiş faiz borcunun əvəzi qismində 314 manat 47 qəpik, cərimə qismində 300 manat, cəmi 1.612 manat 24 qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 36 manat 13 qəpik məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: 29 noyabr 2022-ci il tarixdə İddiaçı bank olmayan kredit təkilatı açıq səhmdar cəmiyyəti Cavabdeh2 və Cavabdeh1 qarşı 24 dekabr 2021-ci il tarixli, 2021/00512-EGN nömrəli istehlak kredit müqaviləsinin vaxtında əvvəl ləğv edilməsi, həmin müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 997 manat 77 qəpik, hesablanmış və ödənilməmiş faiz borcunun əvəzi qismində 314 manat 47 qəpik, cərimə qismində 300 manat, cəmi 1.612 manat 24 qəpik və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 36 manat 13 qəpik məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflərin ünvanına göndərilmiş 01 dekabr 2022-ci il tarixli bildirişlə, iddiaçının tələbinə dair əsaslandırılmış etirazları olduğu halda 10 iş gün müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etmək hüquqlarının mövcudluğu cavabdehlərə izah edilmiş, lakin iddia tələbinə cavabdehlər tərəfindən verilmiş etiraz məhkəməyə daxil olmamış və ərizənin əsaslandığı tələbetmə hüququ mübahisələndirilməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 285-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət edir və iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatlarının alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yoxdur, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 24 dekabr 2021-ci il tarixli, 2021/00512-EGN nömrəli istehlak kredit müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 İddiaçı bank olmayan kredit təkilatı açıq səhmdar cəmiyyəti ilə bağladığı müqaviləyə əsasən İddiaçı bank olmayan kredit təkilatı açıq səhmdar cəmiyyətindən illik faiz dərəcəsi 30% olmaqla 18 ay müddətinə 1.350 manat məbləğində kredit vermişdir. İşdə olan 24 dekabr 2021-ci il tarixli, 2021/00512-EGN-Z1/1 nömrəli zaminlik müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 Cavabdeh2 eyni tarixli kredit müqaviləsi üzrə öhdəliklərinin icrasına zaminliyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan 24 dekabr 2021-ci il tarixli ödəniş tapşırığının kserosurətindən görünür ki, İddiaçı bank olmayan kredit təkilatı açıq səhmdar cəmiyyəti tərəfindən Cavabdeh2 «Xalq Bank» açıq səhmdar cəmiyyətinin Gəncə şöbəsində olan hesabına 1.350 manat məbləğində pul köçürülmüşdür. İşdə olan İddiaçı bank olmayan kredit təkilatı açıq səhmdar cəmiyyətinin 15 noyabr 2022-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh2la İddiaçı bank olmayan kredit təkilatı açıq səhmdar cəmiyyəti arasında bağlanmış 24 dekabr 2021-ci il tarixli istehlak kredit müqaviləsinə əsasən Cavabdeh2 borcu əsas borc qismində 997 manat 77 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 314 manat 47 qəpik, cərimə qismində 300 manat, cəmi 1.612 manat 24 qəpik məbləğində təşkil edir. Beləliklə, işdə olan sübutlarla Cavabdeh2 İddiaçı bank olmayan kredit təkilatı açıq səhmdar cəmiyyəti ilə bağladığı istehlak kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsi və nəticədə kredit müqaviləsinin şərtlərinə uyğun olaraq iddiaçıya əsas borc qismində 997 manat 77 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 314 manat 47 qəpik məbləğində borcunun yarandığı təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya həmin Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə görə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3 maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini, habelə istehlak kredit müqaviləsi üzrə faiz dərəcəsini nəzərə alaraq, 300 manat qəpik təşkil edən cərimə məbləğinin 30 manat məbləğinə qədər azaldılmasını məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh R.Z.Mürsəlov 24 dekabr 2021-ci il tarixli, 2021/00512-EGN nömrəli istehlak kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə həmin kredit müqaviləsi ləğv edilməli, ödənilməmiş əsas borc qismində 997 manat 77 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 314 manat 47 qəpik, cərimə qismində 30 manat, cəmi 1.342 manat 24 qəpik məbləğində pul vəsaiti cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən dövlət rüsumunun ödənilməsinə sərf olunmuş vəsaitin əvəzi qismində 36 manat 13 qəpik məbləğində pul vəsaiti cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı bank olmayan kredit təkilatı açıq səhmdar cəmiyyətinin iddiası qismən təmin edilsin. İddiaçı bank olmayan kredit təkilatı açıq səhmdar cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 24 dekabr 2021-ci il tarixli, 2021/00512-EGN saylı istehlak kredit müqaviləsi ləqv edilsin. Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı bank olmayan kredit təkilatı açıq səhmdar cəmiyyətinin xeyrinə 24 dekabr 2021-ci il tarixli, 2021/00512-EGN saylı istehlak kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 997 (doqquz yüz doxsan yeddi) manat 77 (yetmiş yeddi) qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 314 (üç yüz on dörd) manat 47 (qırx yeddi) qəpik, cərimə qismində 30 (otuz) manat və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 36 (otuz altı) manat 13 (on üç) qəpik, cəmi 1.378 (bir min üç yüz yetmiş səkkiz) manat 37 (otuz yeddi) qəpik məbləğində pul vəsaiti tutulsun. İddiaçı bank olmayan kredit təkilatı açıq səhmdar cəmiyyətinin iddiası qalan hissədə rədd edilsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar