Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-3302/2024 20.06.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi X2, İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair кiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus KZS Elektroniks mağazasında əldə etdiyi bir ədəd Lg markalı paltaryuyanın qalıq borcu olan 850 manat məbləğin və 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə bildirişdən və poçt xəbərnaməsindən görünür ki, Cavabdeh iddia ərizəsinin surəti və bildirişi rəsmi qaydada poçt vasitəsi ilə göndərilmişdir. İddia ərizəsindən görünür ki, ünvan 1 ünvanda yerləşən “KZS Elektroniks” adlanan mağazanın fəaliyyəti ilə məşğuldur. Həmin mağazada məişət texnikası avadanlıqlarının pərakəndə satış və daxili kredit vasitəsi ilə müddətli satışını müştərilərə təmin edir. O, müştərilərlə şifahi razılaşmadan sonra, öz aralarında öhdəlik müqaviləsi bağlayaraq müştərinin istismara götürəcəyi texnikanın dəyərinin hissə-hissə ödəmək şərti ilə satır. Cavabdeh xx.xx.2022-ci ildə mağazalarına yaxınlaşaraq bir ədəd Lg markalı paltaryuyanın dəyəri olan 1050 (min əlli) manat məbləği 12 (on iki) ay müddətinə ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh cəmi 200 (iki yüz) manat məbləğ ödəniş etmişdir. Qalan 850 manat məbləğə dair heç bir ödəniş etməmişdir. Cavabdehdən öz borcunu ödəməyi tələb etsə də, müxtəlif bəhanələrlə onu yubatmış və xx.xx.2022-ci ildən bir il müddətinə ödəməyi öhdəsinə götürdüyü borcu tamamlamaqdan imtina etmişdir. Ona görə də hesab edir ki, müqavilə üzrə qalıq borcu olan 850 manat məbləğin alınıb ona verilməsinə dair qətnamə çıxarılmalıdır. Ona görədə hesab edir ki, müqavilə üzrə qalıq borcu olan 850 manat məbləğin alınıb ona verilməsinə dair qətnamə çıxarılmalıdır. İşə əlavə edilmiş xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı2 (“KZS Electronics” mağazası) ilə Cavabdeh arasında bağlanmış müqavilənin şərtlərinə əsasən satıcı (“KZS Electronics” mağazası) Cavabdeh dəyəri 1050 manat olan bir ədəd Lg markalı paltaryuyanı 12 ay müddətinə ödəmək şərtilə satmışdır. Cavabdeh müqavilə üzrə 200 manat ödəniş etmişdir. İşə əlavə edilmiş xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh məktubu aldığı vaxtdan 5 gün ərzində “KZS Electronics” mağazasına olan 850 manat borcu ödəmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İş materiallarından müəyyən olunur ki, hazırki iddianın qaldırılması üçün İddiaçı2 tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, Cavabdeh İddiaçı2 xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən məişət avadanlığını 1050 manata satın almış və cəmi 200 manat ödəniş etmişdir. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 385.1-ci maddəasinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. 386.1-ci maddəasinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəasinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəasinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəasinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4-cü maddəasinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 600.5-ci maddəasinə əsasən, alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. 601.1-ci maddəasinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2-ci maddəasinə əsasən, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Hesab edilir ki, cavabdeh Əhmədov X1 Zaur Qoşqar oğlu ilə bağladığı əşyaların hissə-hissə ödənilməsi nəzərdə tutulan nisyə alqı-satqı müqaviləsi üzrə əmələ gələn öhdəliklərə görə məsuliyyət daşıyır. İrəli sürülən iddianın təmin edilməsi üçün qanuni əsaslar Mülki Məcəllənin yuxarıda qeyd edilən normalarında nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Bu Məcəllənin 284-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Qeyd olunan Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Şərh olunanlara və iş üzrə tərəfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən məişət avadanlığı üçün 850 manat pul vəsaiti alınaraq İddiaçı2 ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə hesab edir ki, iddia tam təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385- 1, 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən məişət avadanlığı üçün 850 (səkkiz yüz əlli) manat pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat məbləğində pul alınaraq İddiaçı2 ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ədil Məmmədov
Məhkəmə qərarları › İş №e-2(125)-3302/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-3302/2024
20.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver