Məhkəmə qərarları › İş №e-2(125)-3343/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-3343/2024

04.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-3343/2024 04.09.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçı ASC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" ASC, xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh (cavabdeh) iddiaçının xeyrinə əsas borc üzrə 1523,33 manat, faiz borcu üzrə 0,01 manat olmaqla, cəmi 1523,34 manat pul vəsaitinin, dövlət rüsumuna görə ödənilmiş 35,24 manat və xidmət haqqına görə 0,40 manat pul vəsaitinin tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki hallarına görə, iddiaçı "xxxx" ASC (Bank) ilə Hüseynov Sücayət Müzəffər qızı (borcalan) arasında bağlanmış BPM**********95 nömrəli, xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə, hesabdan çıxarışa və kassa məxaric orderinə əsasən Bank borcalana 30 ay müddətinə illik 22 faiz dərəcəsi ilə ödəmək şərtilə 2020 manat məbləğində kredit vermişdir. Ödəniş cədvəli əsasında borcalan xx.xx.2024-cü il tarixinədək hər ay 88,14 manat, sonuncu ay isə 87,98 manat ödəməli idi. X1 Müzəffər qızı 15 aprel 2022-ci il tarixdə “sol mədəcik çatmamazlığı” xəstəliyi səbəbindən ölmüşdür. İddiaçı iddia ərizəsində göstərmişdir ki, kredit müqaviləsinin şərtlərinə əsasən borcalan müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməli idi. Lakin borcalan xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Müəyyən edilmişdir ki, mərhumun adına vərəsəlik işi açılmış və cavabdeh borcalandan qalmış mirası qəbul etmişdir. Bankın “Gəncə” filialı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən, borcalanın banka ödənilməmiş 1523,33 manat əsas, 0,01 manat faiz borcu qalmışdır. Cavabdeh mərhum borcalandan qalmış mirası qəbul etməsinə baxmayaraq, ona çatan miras payı həcmində miras qoyanın bank qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə etmiş, onun məzmununa uyğun izahat verməklə iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə bildirişlər göndərilsə də cavabdeh qeydiyyatda olduğu ünvanda yaşamadığından bildirişlərin verilməsi mümkün olmamışdır. Məhkəmə cavabdehin telefon nömrəsinə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə SMS bildirişlər və onun sonuncu yaşayış yeri üzrə yerli icra hakimiyyəti orqanına cavabdehə təqdim etməsi üçün bildiriş göndərmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 147 və 185.5-ci maddələrinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli, BPM**********95 nömrəli tam kart çərçivə müqaviləsindən görünür ki, "xxxx" ASC borcalanın adına ikitərəfli ödəniş kartını (ön tərəfi kredit kartı, arxa tərəfi debet və ya əmək haqqı kartı, bundan sonra «Tam kart» adlanacaq) buraxmağı, borcalanın adına bank hesablarını açmağı, borcalan Tam kartın qüvvədə olduğu müddətdə istifadə imkanı təqdim edilməklə 30000 manat məbləğinədək, kreditdən istifadəyə görə illik 24 faizədək ödəmək şərti ilə kredit limitini ayırmağı, borcalan isə Tam kart eləcə də Hesablar vasitəsi ilə aparılmış əməliyyatlara, o cümlədən Tam kartdan istifadəyə görə bank xidmətlərinin haqlarını ödəməyi, Bank tərəfindən ayrılmış kreditdən 2.3-cü bənddə göstərilmiş təyinatı üzrə istifadə etməyi, bu Müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada Krediti qaytarmağı və ona hesablanmış faizləri Banka ödəməyi öz öhdəsinə götürür. İş materiallarında olan maliyyə arayışından görünür ki, borcalanın xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcu – 1523,33 manat, faiz borcu 0,01 manat olmaqla, cəmi borcu 1523,34 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Gəncə Regional “ASAN Xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş, “Qanun üzrə vərəsəlik hüququ haqqında” xx.xx.2022-ci il tarixli şəhadətnamədən görünür ki, xx.xx.2022-ci il tarixdə ölmüş Hüseynov Sücayət Müzəffər qızının vərəsəsi oğlu – Cavabdeh miras əmlakdan tam hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak miras qoyana məxsus Gəncə şəhəri, Avtozavod yolu ünvanında yerləşən ümumi sahəsi 143,2 kv.m olan bağ evindən və həmin bağ evinin yerləşdiyi mülkiyyətində olan 0,045 ha torpaq sahəsindən ibarətdir. Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2022-ci il tarixli qeydiyyat nömrəsi **********AH33104 olan arayışa əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək Gəncə şəhəri, Avtozavod yolu ünvanında yerləşən bağ evi və bağ evinin yerləşdiyi torpaq sahəsi yüklüdür. Bank tərəfindən xx.xx.2023-cü il tarixdə cavabdehin ünvanına 672/2023 nömrəli bildiriş göndərilərək ona sözügedən kredit müqaviləsi üzrə Banka borcun (gecikmənin) olması barədə xəbərdarlıq edilmiş və borcun 3 gün müddətində tam ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə məlumat verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (maddə 739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (maddə 739.2). Miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır (maddə 1146). Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır (maddə 1255). Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar (maddə 1306.1). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, bankla borcalan arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmış, iddiaçı öhdəliyini icra etmiş, borcalan tərəfindən isə müqavilə üzrə öhdəlik icra edilməmişdir. Müqaviləyə uyğun olaraq bankın müqaviləyə birtərəfli qaydada xitam vermək və borcun vaxtından əvvəl qaytarılmasını tələb etmək hüququ yaranmışdır. Göstərilən qanunvericilik normalarını və Konstitusiya Məhkəməsi Plenumunun qərarındakı mövqeyini rəhbər tutaraq məhkəmə qeyd edir ki, cavabdeh mərhum anası Hüseynov Sücayət Müzəffər qızının ölümündən sonra ondan qalmış miras əmlakı miras qoyanın qanun üzrə vərəsəsi kimi qəbul etdiyindən, həmin əmlakın dəyərinin də hazırda iddiaçının tələb etdiyi məbləğdən (1523,34 manatdan) yüksək olmaması mübahisələndirilmədiyindən, iddiaçı, mərhum Hüseynov Sücayət Müzəffər qızının kredit müqaviləsi üzrə yaranmış borcunu onun ölümündən sonra mirasını qəbul etmiş qanun üzrə vərəsəsi – oğlu Cavabdeh tələb etməkdə haqlıdır. Həmçinin, iddiaçının təqdim etdiyi sübutlar borcun düzgün hesablandığını təsdiq edir, cavabdeh tərəfindən isə məhkəməyə iddia tələbini təkzib və borcun düzgün hesablanmadığını təsdiq edəcək heç bir sübut təqdim edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, 1523,33 manat əsas, 0,01 manat faiz borcu olmaqla, ümumilikdə 1523,34 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Həmçinin, MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 35,24 manat dövlət rüsumunun əvəzi və iddiaçının bank xidmət haqqını ödəməsi nəticəsində çəkdiyi 0,40 manat əlavə xərcin əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh BPM**********95 nömrəli, xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 1523,33 manat əsas borc və 0,01 manat faiz borcu olmaqla, cəmi 1523,34 (bir min beş yüz iyirmi üç manat, otuz dörd qəpik) manat, ödənilmiş dövlət rüsumunun və bank xidmət haqqının əvəzi kimi 35,64 (otuz beş manat, altmış dörd qəpik) manat pul vəsaiti tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar